Yüz illik tariximizin
təbliği
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından ötən
bir əsrlik dövr xalqımızın
mədəni həyatındakı
intibahla da yadda qalıb. Ötən
yüz il
ərzində mədəni
dəyərlərimizin qorunub
saxlanması və yeni nəsillərə çatdırılması dövlət
siyasətinin tərkib
hissələrindən birinə
çevrilib.
Dövlət müstəqilliyinin bərpasından
sonra Azərbaycan xalqı özünün mədəni dəyərlərinə
yenidən sahib çıxdı. Ötən əsrin
90-cı illərində mənəvi
sərvətlərimizin də
başı üzərini
qara buludlar alanda ulu öndər
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə
bu təhlükə də aradan qaldırıldı. Durğunluq öz
yerini canlanma ilə əvəzlədi.
Mədəni dəyərlərimizin təbliği və təşviqində mühüm
layihələr həyata
keçirildi.
Son illər isə daha çox diqqəti çəkən
mədəniyyət layihələrindən
biri də “Bölgələrdən-bölgələrə”
devizi ilə keçirilən “Ölkəmizi
tanıyaq və tanıdaq” tədbirləridir
ki, bunlar da silsilə xarakter daşıyır.
İsti yay aylarında tədbirlərə respublikamızın
cənub bölgəsindən
başlanması heç
də təsadüfi deyil. Bu regionun xalq yaradıcılığının
bir qolu olan folklorumuzun zənginliyi ilə seçilməsi daim diqqət çəkib.
Masallı şəhərindəki
Heydər Əliyev Parkında “100 illik tariximiz” devizi altında “Bölgələrdən-bölgələrə”
adlı yaradıcılıq
festivalına start verildi.
Layihənin əsas məqsədi
zəngin dövlətçilik
ənənələrinə malik Azərbaycan xalqının mədəni
irsinin təbliği, regionların bu sahədəki potensialının
nümayişidir.
Festival çərçivəsində
respublikanın ayrı-ayrı
şəhər və
rayonlarını təmsil
edən sənətkarların
əl işlərinin
satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil
olundu. Tədbirin yay mövsümündə
keçirilməsi həm
ölkəmizə gələn
qonaqlara, həm də yerli sakinlərə
regionların rəngarəng
mədəni həyatı
ilə əyani şəkildə tanış olmaq imkanı yaradır.
Masallıda keçirilən tədbirdə
Mədəniyyət Nazirliyinin
15 regional mədəniyyət idarəsinin hər birinin festival çadırları
quruldu. Bölgələrdəki mədəni irsi
əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər,
suvenirlər və digər əl işləri nümayiş
etdirildi. Həmçinin hər bir regional idarə üzrə folklor qruplarının, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin
çıxışları oldu.
Tədbirdə qeyd edildi ki, 100 il
əvvəl Azərbaycan
Şərqdə ilk demokratik
dövlət quraraq, tarix yazdı. Biz bu gün də
tarix yazırıq! Ölkəmiz gündən-günə inkişaf edir. Azərbaycanın hər bir bölgəsi həm iqtisadi, həm sosial, həm də mədəniyyət
sahəsində inkişafı
ilə diqqəti cəlb edir. Bütün sahələrdə yeniliklər,
müasirləşmə müşahidə
edilir.
Ötən illərdə həyata keçirilən “Bölgələrdən
paytaxta” layihəsi çərçivəsində şəhər və rayonların mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda,
ayrı-ayrı regionlar
arasında bu qəbildən mədəni
mübadilə, qarşılıqlı
konsert və sərgilər keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi şərəfinə
gerçəkləşən festival isə ilk dəfə regionları əhatə etməklə, şəhər
və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq
irsi və incəsənəti ilə
tanış olmaq imkanı, bölgələr arasında
mədəni mübadilənin
gücləndirilməsinə, yeni təşəbbüslərə
zəmin yaradacaq.
“Bölgələrdən-bölgələrə”
yaradıcılıq festivalı
cəbhə rayonlarında
da davam edib.
Füzuli rayonunun Horadiz şəhərində və
Ağdamın Quzanlı
qəsəbəsində keçirilən
tədbirlər böyük
maraq doğurub. Festival daha sonra Lənkəranda
(26 iyun), Salyanda (30 iyun) və Sabirabadda
(1 iyul) keçirilib.
Festivalın estafeti iyulun 7-də cəbhə bölgələrindən
olan Füzuli rayonunun Horadiz şəhərində qəbul
edildi. Şəhərdəki Muğam mərkəzində
təşkil olunan tədbirdə Horadiz sakinləri, eləcə də kənd və qəsəbələrdən
gəlmiş füzulililər,
rayonun qonaqları belə tədbirlərin təşkilinin mühüm
əhəmiyyət daşıdığını
bildirdilər.
Yaradıcılıq festivalında hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət
kollektivləri konsert proqramı ilə çıxış etdilər. Təqdim olunan
rəngarəng musiqi nömrələri, rəqslər,
səsləndirilən şeirlər
tamaşaçılar tərəfindən
alqışlarla qarşılandı.
Füzuli sakinləri, müxtəlif
şəhər və
rayonlardan gəlmiş
iştirakçılar - sənətkarlar,
rəngarəng əl
işlərini nümayiş
etdirən ustalar festivalın təşkilindən
razılıqlarını ifadə
edib, bölgələrdə
bu cür tədbirlərin keçirilməsinə
görə təşkilatçılara
minnətdarlıqlarını ifadə etdilər. Bu da onu göstərir ki, bölgələr arasında
mədəni mübadilə
genişlənir.
Festivalın növbəti ünvanı
xalqımızın mədəniyyət
və incəsənətinin
beşiyi, xüsusən
musiqi, o cümlədən
muğam dünyası
kimi tanınan, təəssüf ki,
1993-cü ilin iyul ayından Ermənistanın
işğalçı ordusu
tərəfindən bütünlüklə
maddi-mədəniyyət abidələri
məhv edilmiş Ağdam rayonu oldu. Quzanlı qəsəbəsindəki
Heydər Əliyev adına parkda
keçirilən tədbirdə
rayonun işğal olunmamış kənd və qəsəbələrindən
gələn sakinlər,
mədəniyyət işçiləri,
ictimaiyyət nümayəndələri,
həmçinin respublikamızın
digər bölgələrindən
olan qonaqlar əsl mədəniyyət
bayramının şahidlərinə
çevrildilər.
Parkda Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı,
Şəki, Kürdəmir,
Ağstafa, Şəmkir,
Bərdə, Ağcabədi,
Ağdaş, Sabirabad,
Lənkəran, Masallı
və Biləsuvar
regional mədəniyyət idarələrinin festival çadırları
quruldu, şəhər
və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri,
rəsmlər, suvenirlər
və digər əl işlərinin sərgisi keçirildi.
Təqdim olunan konsert proqramı rəngarəngliyi
ilə yadda qaldı. Hər bir regional idarə
üzrə folklor qruplarının, incəsənət
və bədii özfəaliyyət kollektivlərinin
ifasında təqdim edilən musiqi nömrələri, rəqslər
hər kəsdə xoş ovqat yaratdı. O da arzu edildi ki,
belə mədəniyyət
tədbirləri ərazilərimiz
işğaldan azad edildikdən sonra Şuşada, Laçında,
Kəlbəcərdə də
keçirilsin.
Ağdam
rayon sakini Xətai Abdullayev festivaldan razılığını belə
ifadə etdi: “Azərbaycanın müxtəlif
bölgələrinin təmsil
olunduğu sərgiyə
çox maraqla baxdım, bir daha xalqımızın mədəni irsinin zənginliyinin şahidi oldum. Təqdim olunan musiqi nömrələri isə
zövqümüzü oxşadı.
Cəbhə bölgəsində belə bir tədbirin
keçirilməsi hər
bir rayon sakini tərəfindən böyük
razılıqla qarşılandı”.
“Bölgələrdən-bölgələrə”nin növbəti ünvanı Göyçay rayonu idi. 76 yaşlı ağsaqqal Rasim Hüseynov dedi ki: “Həm sərgi, həm də konsert olduqca maraqlı və rəngarəngdir. Sərgidə gördüklərim xəyalımı uzaq keçmişə apardı. Doğrudan da, xalqımız zəhmətkeş, əməksevər və yaradıcı xalqdır. Oxunan xalq mahnıları mənə gənclik illərimi xatırlatdı. Şirvan, Qazax, Tovuz aşıqlarının ifalarını dinlədik. Hər birinin özünəməxsus ifa tərzi, gözəlliyi var. Təşkilatçılara dərin minnətdarlığımı bildirirəm”.
Rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Bəsti Sultanova lənkəranlı qızlardan ibarət rəqs qrupunun çıxışını böyük maraqla izlədiyini söylədi.
Mingəçevir şəhərində iyulun 15-də festival keçiriləndə şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından, “energetiklər şəhəri”nin mədəni potensialından söz açdı.
Azərbaycan Xalq Cümhuriyyətinin100 illiyi şərəfinə keçirilən festival beləcə, ölkəmizin bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi ilə tanış olmağa, bölgələr arasında mübadilənin gücləndirilməsinə zəmin yaradır. Bütün bunlar Azərbaycan dövlətinin mədəniyyət siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir ki, Heydər Əliyev Fondu ilə Mədəniyyət Nazirliyinin birgə layihələri çərçivəsində reallaşdırılır.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.- 2018.- 9 avqust.- S.5.