Hər iki ölkə
iştirak etdikləri beynəlxalq təşkilatlarda ənənəvi
olaraq bir-birini dəstəkləyir
"Hörmətli
cənab Prezident, hörmətli qonaqlar.
Emoməli Şərifoviçi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizi yenidən görməyə çox şadam. Bizim bu gün ikitərəfli münasibətlərin gündəliyini ətraflı müzakirə etmək imkanımız oldu, regional əməkdaşlıq məsələlərinə toxunduq. Bu gün nümayəndə heyətlərinin iştirakı ilə işimizi davam etdirəcəyik.
Biz Sizi Azərbaycanda görməyimizə çox şadıq. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verəcək. Biz beynəlxalq arenada çox fəal qarşılıqlı fəaliyyət göstəririk. Tacikistan və Azərbaycan iştirak etdiyimiz beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəkləyir və bu dəstək ölkələrimiz üçün çox əhəmiyyətlidir.
Biz bu gün qarşılıqlı iqtisadi fəaliyyəti də müzakirə edəcəyik. Artıq nümayəndə heyətlərinin üzvləri fəal iş aparıblar. Sizin səfəriniz ərəfəsində səfərlə bağlı materialları hazırlamaq və iqtisadi layihələr, o cümlədən nəqliyyat, ölkələrimizin sənayesinin inkişafına dair layihələr üzrə vacib qərarlar qəbul etmək üçün ölkələrimizin rəsmi təmsilçilərinin bir neçə görüşü keçirilib. Biz bu haqda artıq danışmışıq və daha geniş tərkibdə bu məsələləri müzakirə edəcəyik.
Əlbəttə ki, münasibətlərimizin vacib hissəsini humanitar sahədə əməkdaşlıq təşkil edir. Burada biz xalqlarımız arasında ənənəvi əlaqələrə istinad edirik. Bu əlaqələr bugünkü münasibətlər üçün yaxşı təməldir. Düşünürəm ki, qarşıdakı illərdə biz, həmçinin xalqlarımızın daim sıx təmasda olması məqsədilə ölkələrimizdə mütəmadi mədəni tədbirlər keçirmək üçün iş aparmalıyıq.
Münasibətlərimizin gündəliyi çox genişdir. Biz mütəmadi görüşürük, səfərlər, beynəlxalq xarakterli tədbirlər çərçivəsində vacib məsələləri müzakirə edirik. Şadıq ki, bu gün dostluq münasibətləri uğurla inkişaf edir. Mən bir daha Sizi səmimi qəlbdən salamlayıram və Azərbaycanda vaxtınızı yaxşı keçirməyi arzulayıram".
Tacikistan
prezidenti Emoməli Rəhmonun nitqi:
"Çox sağ
olun hörmətli İlham Heydər oğlu və əziz azərbaycanlı dostlar. Biz bugünkü
görüşümüzə çox şadıq.
İlk növbədə,
dost Azərbaycana rəsmi
səfərə dəvətə,
səmimi qəbula və göstərilən
qonaqpərvərliyə görə
minnətdarlığımızı bildirmək istərdim.
Tacikistan Respublikası xalqlarımız
arasında tarixi-mədəni
birliyə və çoxəsrlik ənənələrə
əsaslanan dostluq əlaqələrini yüksək
dəyərləndirir. Qeyd etməyə
şadam ki, bu gün Tacikistan-Azərbaycan
münasibətləri getdikcə
inkişaf edir. Biz qarşılıqlı maraq doğuran əməkdaşlığımızın bütün istiqamətləri
üzrə məhsuldar
fəaliyyətimizin genişləndirilməsində
və dərinləşdirilməsində
maraqlıyıq. Əminəm ki, bu gün
əldə edəcəyimiz
razılaşmalar çoxşaxəli
tərəfdaşlığımızı
yeni məzmunla zənginləşdirəcək, daha yüksək və keyfiyyətli səviyyəyə çıxaracaq.
Hörmətli İlham Heydər oğlu, müstəqillik illərində öz sosial-iqtisadi inkişafında
böyük uğurlar
əldə edən Azərbaycanın beynəlxalq
arenada mövqeləri
ardıcıl surətdə
möhkəmlənir. Ölkənin uğurunun parlaq nümunəsi onun paytaxtının simasının
ildən-ilə dəyişməsidir.
Mən görüş zamanı bu barədə danışdım. Bakı bu
gün haqlı olaraq dünyanın ən gözəl və müasir şəhərlərindən biri
sayılır.
Bütün bu nailiyyətlər
Sizin cəmiyyət
tərəfindən daha
çox və hərtərəfli dəstəklənən
uğurlu dövlət
siyasətinizlə əlaqədardır.
Səmimi qəlbdən Sizə
uğurlar və Azərbaycan xalqının
rifahı naminə nailiyyətlər arzulayıram.
Azərbaycan Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır. Məmnuniyyətlə Tacikistan-Azərbaycan münasibətlərinin
uğurla genişləndirilməsi
meylini qeyd etmək istərdim. Dostluq və əməkdaşlıq
barədə müqaviləyə
əsaslanaraq ötən
illər ərzində
biz münasibətlərimizin sanballı müqavilə-hüquq
bazasını formalaşdırmışıq.
Bu baza bu
gün demək olar ki, əməkdaşlığın
bütün sahələrini
əhatə edir.
Bu gün ölkələrimiz
arasında qarşılıqlı
faydalı əməkdaşlığın
möhkəmlənməsinə yönələn ikitərəfli
sənədlərin yeni
paketi imzalanacaq".
Azərbaycan.- 2018.- 11 avqust.- S.2.