Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıllıda olub

 

 

 

 

İsmayıllı rayonu son zamanlar sosial-iqtisadi inkişafı, tarixiliyi, multikultural dəyərləri, turizm imkanları ilə diplomatik nümayəndəliklərin diqqətini daha çox çəkir. Tez-tez beynəlxalq təşkilatların, xarici ölkələrdə fəaliyyət göstərən maliyyə, təhsil və mədəniyyət qurumlarının nümayəndələri bu məkana səfərlər edirlər.

Bu günlərdə isə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Gyu İsmayıllıya ilk səfərini edib.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səfirlə görüşüb. O, İsmayıllı barədə qonağa zəngin məlumat verib. Qeyd edib ki, rayonun iqtisadiyyatı, kənd təsərrüfatı, sənayesi, təhsili, mədəniyyəti dinamik inkişaf edir, yeni istehsalat sahələri yaradılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli diqqəti və qayğısı sayəsində İsmayıllı indi ölkənin aparıcı bölgələrindən birinə çevrilib.

Mirdaməd Sadıqov İsmayıllının milli, etnik tərkibindən, multikultural dəyərləri, coğrafiyası, qədim tarixi  və təbii imkanları haqqında qonağa ətraflı məlumat verib. Bildirib ki, İsmayıllı rayonu Yaponiya, Fransa, Belarus, İsrail, Latviya, Çexiya və Özbəkistanla dostluq əlaqələri yaradıb. Bu da ümumi inkişafa müsbət təsir edir. Koreya Respublikasının da sadalanan ölkələrin siyahısına daxil olması  ümumi fəaliyyət üçün əhəmiyyətli olacaqdır.

Kim Çanq-Gyu Azərbaycanın ayrı-ayrı rayonlarına gedib, mütərəqqi təcrübələri öyrənməkdən məmnundur: “Biz mədəniyyətimiz, təhsilimiz, iqtisadiyyatımız və kənd  təsərrüfatımızda mövcud olan təcrübənin qazanma yolları və metodlarını paylaşmalıyıq. Qobustandan Balakənə qədər olan turizm marşrutu Azərbaycanın ən böyük dəyəridir. Beynəlxalq miqyasda həmin dəyərlərdən daha səmərəli istifadə olunmalıdır”.

Koreyalı diplomat ölkəsindən Azərbaycana gələn turistlərin 100-150 faiz artmasını dediyi fikrin təsdiqi kimi vurğuladı. Koreyalı diplomatlar görüşdən sonra Heydər Əliyev Mərkəzində, tarix-diyarşünaslıq muzeyində olublar. Bunun ardınca İvanovkaya, Hacıhətəmlidəki “İsmayıllı Şərab-2” sənaye-turizm kompleksi və şərab zavoduna, Lahıc qəsəbəsinə gediblər. Molokan süfrəsində nahar edən qonaqlar hərarətli qarşılanmadan razı qalıblar.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2018.- 11 avqust.- S.6.