İpək yolu üzərində
kommersiya körpüsü
Ələtdə Azad İqtisadi Zonanın yaradılması ilə
Azərbaycanın tranzit potensialı və
ticarət əlaqələri daha da genişlənəcək
“Bu limanın istismara veriləcəyi gün Azərbaycan tarixinə yazılacaqdır. Biz və gələcək nəsillər bu gözəl işlərin nəticələrini görəcəyik. Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir, bizim bölgədəki mövqelərimiz daha da möhkəmlənəcək, regional əməkdaşlıq daha da sürətlə gedəcək və biz yeni qələbəni əldə edəcəyik”.
Düz 8 il öncə, 2010-cu il noyabrın 3-də Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təməlqoyma mərasimində bu fikirləri səsləndirərkən məhz bu günləri düşünürdü və dövlət başçısının böyük uzaqgörənliklə söylədiyi fikirlər indi günümüzün reallığıdır. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan may ayının 14-də açılışı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının timsalında növbəti möhtəşəm tarixə, yeni nailiyyətə imza atmış oldu.
Xəzərdən səmərəli, təhlükəsiz bərə keçidini təmin edəcək liman
Bu, bir reallıqdır ki, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək.
Bu kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirir. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınları yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəqlini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaradır. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanın daha geniş tranzit və daşıma imkanlarını təmin edəcək.
Azərbaycan strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkandır
Tarixin bütün dövrlərində öz ərazisi ilə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən Azərbaycan qlobal dünyada strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri kimi qəbul olunur. Ölkəmizin tranzit potensialının genişləndirilməsi və tam reallaşdırılması hazırda iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur.
Prezident İlham Əliyevin Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi praqmatik siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına çevirməkdədir.
Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Bakıda və ölkənin regionlarında beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. Ən əsası, bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir.
Liman və iqtisadi zona üçün Ələtin seçilməsi təsadüfi deyil
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının açılış mərasimində kompleksin ümumi əhəmiyyətindən danışan dövlət başçısı həm də layihələnmə zamanı Ələt qəsəbəsinin seçilməsinin səbəblərinə də aydınlıq gətirdi.
Həqiqətən də, Ələtin seçilməsi təsadüfi deyil. Çünki mövcud Bakı Dəniz Limanı artıq müasir inkişaf etmiş Azərbaycanın tələbatına uyğun deyildi. Eyni zamanda həm şəhərin mərkəzində yerləşir, həm də artan yükləri qəbul etmək imkanları çox məhduddur. Ələt isə coğrafi baxımdan çox əlverişli bir yerdir və həm Qərb, həm Cənub istiqamətinə buradan açılan yollar, o cümlədən avtomobil, dəmir yolları əlbəttə ki, bu yerin seçilməsində əsas rol oynayıb.
Prezident bildirdi ki, digər əsas mühüm məsələ gələcəkdə Ələt Azad İqtisadi Zonasının yaradılması ilə bağlıdır: “Əlbəttə ki, Ələt qəsəbəsinin də inkişafı böyük dərəcədə burada yaradılan logistika və nəqliyyat infrastrukturu ilə bağlı olacaq. Əlavə etsək ki, biz yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasının yaradılmasına başlayacağıq, deməyə tam əsas var ki, Bakı şəhərinin bu ərazisi gələcəkdə çox sürətlə inkişaf edəcək, çoxsaylı iş yerləri yaradılacaq. Beləliklə, Ələt ölkəmizin iqtisadi nəqliyyat potensialının inkişafında əlbəttə ki, önəmli yer tutacaqdır”.
Layihə Milli Məclisdə təsdiqlənib
Dövlət başçısı tezliklə Ələtdə Azad İqtisadi Zonanın yaradılacağını söylədi və may ayının 18-də Milli Məclisdə “Ələt Azad İqtisadi Zonası” haqqında qanun layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.
Ümumilikdə, 5 fəsil, 31 maddədən ibarət olan bu sənəd Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Qanun layihəsində adı çəkilən zonaların yaradılması, idarə edilməsi və inkişafı, hüquqları və vəzifələri, eləcə də qanunvericiliyi öz əksini tapıb.
Onu da xatırladaq ki, iki il öncə, 2016-cı ilin mart ayının 17-də Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın əsas məqsədi iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılmasıdır.
Azad iqtisadi zonalar - mahiyyəti və məqsədi
Bəs, görəsən, azad iqtisadi zonaların mahiyyəti nədən ibarətdir və hansı məqsədlər üçün yaradılır?
Bir çox dövlətlər üçün bazar münasibətlərinin inkişafından ötrü zəruri olan əsas amil xarici investisiyaların cəlb edilməsidir. Beynəlxalq iqtisadi münasibətlərdə tədricən öz yerini tapmış ümumi qaydaya əsasən, xarici investorlar ölkə ərazisinə yalnız kapital deyil, həmçinin nəticə etibarilə ölkənin iqtisadi artımına xidmət edən təcrübə və biliklər də gətirirlər. Dünya sivilizasiyasının inkişafının müasir reallıqları müxtəlif regionlar, bloklar və ölkə qrupları arasında ziddiyyətlərin dərinləşdiyini göstərir. Müxtəlif dövlətlər arasında xarici kapitalın cəlb edilməsi uğrunda rəqabət getdikcə daha da artır. Bu, investorların cəlb edilməsi üçün istifadə edilən müxtəlif üsul və mexanizmlərin rolunu artırır. Son 25 ildə isə bu üsul və mexanizmlərdən özünü ən çox doğruldanı azad iqtisadi zonaların yaradılmasıdır.
Xüsusiləşmiş coğrafi ərazi
Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında 18 may 1973-cü il tarixli Kioto Konvensiyasının sənədlərinə əsasən, azad zona (və ya “zona franko”) ölkənin ərazisinin elə hissəsini bildirir ki, burada mallar milli gömrük sərhədlərindən kənarda hesab edilir və buna görə də adi gömrük nəzarəti, rüsum və vergilərə cəlb edilmir. Beləliklə, azad iqtisadi zonaları malların dövlətin gömrük ərazisindən kənarda hesab edildiyi özünəməxsus keyfiyyətli xarici ticarət anklavı kimi səciyyələndirən Kioto Konvensiyasının imzalanmasından sonra azad iqtisadi zonalar bir çox dövlətlərdə geniş vüsət almağa başlayıb.
Azad iqtisadi zonalar mahiyyət etibarilə milli iqtisadi məkanın, ölkənin digər ərazilərində tətbiq edilməyən xüsusi güzəştlər və stimullar sisteminin istifadə edildiyi hissəsini bildirir. Bir qayda olaraq, azad iqtisadi zona - bu və ya digər dərəcədə xüsusiləşmiş coğrafi ərazidir.
XX əsrin ikinci yarısından etibarən azad iqtisadi zonalar beynəlxalq iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişlər. Dünya təsərrüfat əlaqələri üçün azad iqtisadi zonalar əsasən beynəlxalq əmtəə dövriyyəsinin fəallaşdırılması, investisiyaların səfərbər edilməsi, iqtisadi inteqrasiya proseslərinin dərinləşdirilməsi hesabına iqtisadi artımın sürətləndirilməsi faktoru və eyni zamanda, inteqrasiya proseslərinin təşkilati formalarından biri kimi çıxış edir.
Bu mövzu son illər siyasətçilərin, iqtisadçıların, alimlərin, sahibkarların diqqətini getdikcə daha çox özünə cəlb etməkdədir, belə ki, azad iqtisadi zonalar dünya təsərrüfat təcrübəsinə ciddi nüfuz edərək və müxtəlif dövlətlərdə uğurla fəaliyyət göstərirlər.
Azad İqtisadi Zona yaradan ölkələrin məqsədləri müxtəlif ola bilər. Bəzi ölkələr azad iqtisadi zonalardan iqtisadi inteqrasiya mexanizmi kimi, digərləri isə xarici texnologiyaların cəlb edilməsi vasitəsi kimi istifadə edirlər.
Azərbaycanda isə yeni yaradılacaq iqtisadi zona daha çox nəqliyyat, logistika zonasının formalaşmasına xidmət edəcək. Təbii ki, burada əsas hədəf kimi investisiyaların cəlb olunması da nəzərdə tutulur. Digər tərəfdən, belə bir iqtisadi zonanın yaradılmasının üstünlüyü ondan ibarətdir ki, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və ölkə ərazisinə daha çox yükdaşımalara nail olacaq.
Yeni iqtisadi zona dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasını şərtləndirməklə yanaşı, məşğulluğun inkişafına yüksək təsir göstərəcək. Çünki yeni investisiyaların cəlb olunması yeni iş yerlərinin açılması deməkdir.
Azərbaycan Çinlə birgə “sənaye şəhərciyi” yaradır
Göründüyü kimi, Azərbaycanın Avropa və Asiyanı birləşdirmək baxımından böyük imkanları var və dövlət bunu çox gözəl şəkildə həyata keçirir. Artıq Ələt qəsəbəsində “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Sazişə əsasən, Ələt qəsəbəsində 1000 hektar ərazidə ümumi dəyəri ilkin olaraq 2 milyard manat olacaq şəhərcik yaradılacaq. Tərəflər Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də mövcud xammal və təbii resurslardan səmərəli istifadə etməklə qeyri-neft sektorunun davamlı inkişafı, logistika mərkəzlərinin və xidmət sahələrinin yaradılması, “Made in Azerbaijan” brendi ilə rəqabətqabiliyyətli ixracyönümlü məhsulların potensialının artırılması, eyni zamanda, potensial Çin şirkətlərinin Azərbaycan bazarlarına inteqrasiya olunması və gələcəkdə “sənaye şəhərciyində” istehsal ediləcək məhsulların xarici ölkələrin bazarlarına ixracı əsas hədəflərdir. Nəzərdə tutulan layihənin icra müddəti 4 illik dövrü əhatə edir. Birinci il ərzində ərazidə texniki-layihələndirilmə işlərinin aparılması və infrastrukturun salınması, ikinci ildə tikinti işlərinin aparılması və bir neçə sektor üzrə istehsal sahələrinin istifadəyə verilməsi, növbəti illərdə isə layihə üzrə nəzərdə tutulmuş bütün istehsal və xidmət sahələrinin tikintisinin tam başa çatdırılması və istifadəyə verilməsi nəzərdə tutulub.
Ölkənin strateji dəyəri getdikcə artacaq
Bütün bunlar onu deməyə əsas verir ki, bu layihə həm də Azərbaycanın strateji dəyərini daha da artıracaq. Çünki dünyanın 2 ən böyük nəqliyyat layihəsinin Azərbaycandan keçərək reallaşması regionun bütünlükdə strateji dəyərini artırmaqdadır. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizi hər iki istiqamətdə iqtisadi əlaqələrin daha da artırılmasına xidmət etməklə yanaşı, ölkəmizin əlavə dəyər yaratması imkanlarını da artıracaq.
Ələt qəsəbəsində Azad İqtisadi Zonanın yaranması, Bakının beynəlxalq qovşağa çevrilməsi ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərəcək və bir çox sənaye sahəsinin inkişafında mühüm rol oynayacaq.
Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının açılış mərasimində bütün bunları dəyərləndirərkən bildirmişdir ki, layihələrin həyata keçirilməsi təkcə Azərbaycana iqtisadi mənfəət gətirməyəcək, ölkəmiz nəqliyyat potensialından çox böyük səmərə ilə istifadə edərək, öz iqtisadi vəziyyətini daha da yaxşılaşdıracaq: “Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək”.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”
Azərbaycan.- 2018.- 12 avqust.- S.1;3.