Gənclər gələcəyin
qarantıdır
Bugünkü gənclər - müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir... Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar.
İlham ƏLİYEV
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Vaxtilə ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Yəni, onlar cəmiyyətin fəal üzvləri kimi ölkə həyatının bütün sahələrində səylə çalışır, Azərbaycanın çiçəklənməsi yolunda əsl vətəndaşlıq mövqeyindən çıxış edirlər.
Bir vaxtlar istedadlı Azərbaycan gənci öz potensialını üzə çıxarmaq üçün şəraitin olmamasından haqlı olaraq gileylənirdisə, indi vəziyyət tam başqadır. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılıb. Hazırda gənclərimiz mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər.
300-dən artıq gənclər təşkilatı
Dövlətin məqsədyönlü siyasətinin nəticəsidir ki, ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Onlar gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Gənclər təşkilatları da dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, vətəndaş cəmiyyətinin qurulmasında gənclərin iştirakını şərtləndirən əsas amillərdən biridir. Gənclər bu təşkilatlarda birləşərək öz imkan və bacarıqlarını konkret istiqamətlər üzrə səfərbər etməklə həm özünü axtarıb tapır, həm bir fərd kimi inkişaf edir, həm də vətəndaş cəmiyyətinin fəal iştirakçısı olurlar. Məhz bu səbəbdən gənclər təşkilatları ilə işin təşkili və buna dövlətin diqqət göstərməsi gələcək nəslin hərtərəfli inkişafını köklü şəkildə təmin edir. Hazırda Azərbaycanda 300-dən artıq gənclər təşkilatı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu da dövlət gənclər siyasətinin həyata keçirilməsində olduqca böyük rola malikdir. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə yaradılan bu fond Azərbaycanın gələcəyi, həmçinin bu gələcəyin qarantı olan gənclər üçün açılmış tarixi bir hadisədir. Fəaliyyət göstərdiyi 5 il ərzində fondun gördüyü işlərə nəzər salanda, doğrudan da, uğurlu və dinamik bir inkişafın gerçəkləşdiyinin şahidi oluruq.
Dövlət proqramları gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir
Dövlət başçısının imzaladığı sərəncamla təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın qəbul olunması bu gün yetişən gənclərin inkişafına dəstək verməklə yanaşı, onların qarşısına mühüm vəzifələr qoyub. Dövlət proqramı əvvəlki illərdə həyata keçirilən gənclər siyasətinin uğurlarına hesablanıb. Məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialını üzə çıxarmaqdır. Bununla yanaşı, gənc nəslin sağlamlığını qorumaq, təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək də prioritetdir. Prezident İlham Əliyev tərəfindən qəbul olunan yeni proqram, dövlət başçısının gənclərlə görüşü onun Azərbaycanda gənclərin inkişafına verdiyi yüksək önəmin nəticəsidir.
Prezident İlham Əliyev gənclər haqqında danışarkən deyib: “Gənclər əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq”.
Hazırda gənclər evlərinin sayı 37-yə çatıb
Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılıb.
Artıq Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şirvan, Qazax, eləcə də Bakının Binəqədi, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayonlarında gənclər evləri inşa olunaraq gənclərin istifadəsinə verilib. Şəki, Bərdə, Quba və Şamaxı rayonlarında gənclər evlərinin tikintisi davam edir və ilin sonunadək onlar da hazır olacaq. Hazırda gənclər evlərinin sayı 37-yə çatıb.
Əsas məqsəd gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi, həmçinin müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında onların fəaliyyətinə yardım göstərilməsidir.
Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir
Prezident İlham Əliyev gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Əminliklə deyə bilərik ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir. Dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayği ildən-ilə artırılmaqdadır. Yüksək intellekti və bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunmasi deyilənləri bir daha təsdiqləyir.
Beləliklə, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gənclərimizin dövlət başçısının ətrafında sıx birləşməsi isə bir daha bəyan edir ki, ölkəmiz daha böyük qələbə və uğurlara imza atacaq.
Səbinə
MƏMMƏDOVA
Azərbaycan.- 2018.- 12 avqust.- S.4.