Memarlıq incisi - Təzəpir
Adət-ənənələrinə, dini inanclarına ehtiram və sədaqət Azərbaycan xalqının ən böyük dəyərlərindəndir. Tarixin ayrı-ayrı dövrlərində çətin sınaqlarla, ağır imtahanlarla qarşılaşanda xalqımız hər zaman öz milli-mənəvi düşüncələrinə, dini etiqadına sadiqliyini, yüksək mənəviyyata malik olduğunu sübut edir.
Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanda yaşayan bütün xalqlara öz dini ayinlərini icra etmək üçün şərait yaradıldı. Ümummilli lider Heydər Əliyev bu istiqamətdə böyük əhəmiyyətə malik tədbirlər həyata keçirdi. Bu yolu 2003-cü ildən bəri Prezident İlham Əliyev əzmlə, yüksək həssaslıqla davam etdirir.
Bu gün respublikamızda yaşayan bütün xalqlar və etnik qruplar bir ailənin üzvləri kimi mehribandırlar. Ölkəmizdə dini ayinlərin icrasına hər cür şərait yaradılır, dini bayramlar dövlət səviyyəsində qeyd olunur. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam həmrəyliyi ili” elan edilməsi də bunun bariz nümunəsidir.
Ölkə rəhbərinin təşəbbüsü ilə son illər Azərbaycanda bir çox yeni məscidlər tikilib və ya bərpa olunub. Bibiheybət məscid-ziyarətgah kompleksi, İçərişəhər Cümə məscidi, Həzrət Məhəmməd məscidi, Əjdər bəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarca digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib. Cənubi Qafqazın ən böyük və müasir məscidi - Heydər məscidi tikilib. Dini tolerantlığın məkanı kimi tanınan Azərbaycanda ilk dəfə Heydər məscidində vəhdət namazı qılınıb.
Eyni zamanda, ölkənin müxtəlif regionlarında Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində bir çox ibadət evləri bərpa olunub.
Sovet dövründə Azərbaycanda 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2250-yə çatıb. Ölkəmizdə 306 məscid dövlət tərəfindən dini abidə kimi qorunur. Yaşı bir əsri ötən, nadir gözəlliyi ilə yalnız Azərbaycanda deyil, bütün Şərqdə seçilən Təzəpir məscidi belə abidələrimizdəndir. Bu müqəddəs ocaq təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab edilir. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin də yerləşdiyi bu möhtəşəm tikilinin tarixçəsi olduqca maraqlı və diqqətçəkəndir.
Xalqın inanc yeri
Tədqiqatçılar tarixi XIV-XV əsrlərə gedib çıxan ziyarətgahın dərin süxur qatları altında mövcud olan türbəsinin dövrünün görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olduğunu təsdiq edirlər. İndi Təzəpir məscidinin yerləşdiyi ərazi ötən əsrin ortalarınadək “Xəlfədam” adı ilə tanınırdı. Zamanın amansız yelləri Əbu Seyid Abdullanın türbəsinin də üzərindən əsərək onu dağıntılara məruz qoydu. Ancaq türbənin yerlə-yeksan olmasına, izlərinin tamamilə itməsinə pirin kəramətinə böyük inam bəsləyən əhali imkan vermədi.
Müxtəlif vaxtlarda Bakı əsilzadələri tərəfindən ziyarətgahda təmir işləri aparıldı. Sonuncu Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy 1817-ci ildə məscidi əsaslı bərpa etdirdi. XX əsrin əvvəllərində isə ibadətgahın əsl tikintisinə başlanıldı.
Aradan 90 ilə
yaxın vaxt keçdi. Bakının möminlərindən sayılan, məşhur xeyriyyəçi qadın
Nabat xanım Aşurbəyli birmərtəbəli
məscid binasının
yerində yeni ibadətgahın tikintisinə
səy göstərdi.
Nabat xanım belə bir məscid tikdirməyi əhd etmişdi. O, bunun üçün əvvəlcə
dövlətdən icazə
aldı. Əhdinə vəfalı, dini
əqidəsinə sadiq
xanım binanın inşası üçün
sonuncu zinət əşyasınadək satdı.
Deyilənə görə, o vaxtlar
Bakı milyonçularından
çoxu tikinti üçün maddi köməyini təklif etsə də, Nabat xanım razılıq verməmişdi.
Bildirmişdi ki, “Bakıda
məscid tikmək üçün yer çoxdur, gedin tikin, mən bunu öz hesabıma
başa vuracağam”.
Məscid tikintisinə xüsusi diqqətlə yanaşan Nabat xanım Peterburqda təhsil almış ilk azərbaycanlı
memar, sonralar Bakı şəhərinin
ilk baş memarı olan Zivər bəy Əhmədbəyovla
görüşdü. Razılığa gəldilər. Nabat xanım Zivər bəyə xeyli vəsait verdi,
onu məşhur məscidlərin memarlığını
öyrənmək üçün
İstanbula və ərəb ölkələrinə
ezam etdirdi. Zivər bəy Əhmədbəyov
səyahətdə ikən
Təzəpir məscidinin
layihəsini hazırladı.
Bakıya dönərkən Nabat xanımı Şərq üslubunda gözəl, ikimərtəbəli
minarəsi olan məscidin layihəsi ilə fərəhləndirdi.
Amma Bakı qubernator idarəsi minarənin yalnız bir mərtəbəsinin tikilməsinə izin verdi. Çünki ikimərtəbəli olsaydı,
hündürlüyü ilə
yaxınlıqda tikilmiş
“Aleksanr Nevski” pravoslav kilsəsini kölgədə qoyardı.
Məscidin tikintisinə 1905-ci ilin 23 iyulunda Nabat xanım Aşurbəylinin
vəsaiti ilə Zivər bəy Əhmədbəyovun layihəsi
əsasında başlanıldı. Həmin gün
Məbəs bayramı
olduğu üçün
mərasim təşkil
olundu, qurbanlar kəsildi. Nabat xanım hörmət
əlaməti kimi məscidin bünövrəsinin
ilk daşını qoymaq
üçün o illərdə
məşhur xeyriyyəçi
olsa da, keçmişini, bənnalıq
etdiyi vaxtları unutmayan Hacı Zeynalabdin Tağıyevi dəvət etdi. Elə doqquz ildən sonra məscidin baş günbəzinə
sonuncu daşı da o qoydu.
1912-ci il dekabrın
7-də 117 yaşında dünyasını
dəyişən Nabat
xanımı böyük
ehtiramla, sevgi ilə tikintisi başa çatmamış
məscidin girişində
dəfn etdilər. Oğlu Hacı Abbasqulu anasının vəsiyyətinə
əməl edərək
onun vəsaiti hesabına işləri tamamladı.
Tarixin şahidi...
Məscidin tikintisi 1914-cü ildə başa çatdı. Bu memarlıq
abidəsi Bakıda ağ daşla
inşa olunmuş ilk dini bina idi.
Qısa minarə ilə tikilsə də, Təzəpir məscidi Bakıda həm ən möhtəşəm
məscid, həm də şəhərə
xüsusi yaraşıq
verən gözəl memarlıq abidəsi oldu. Ziyarətgahın yalnız görünüşü
yenilənmədi, adı
da təzələndi.
Türbə üzərində yeni məscid tikildiyi üçün əhali onu Təzəpir məscidi adlandırmağa başladı.
Mərkəzdən bir qədər aralı olsa da, coğrafi mövqeyi, təpə üzərində yerləşməsi
Təzəpirin şəhərin
başqa nöqtələrindən
aydın görünməsinə
imkan verirdi.
Abidə memarlıq həllinə görə, tək Bakının şəhərsalma
strukturunda deyil, həm də Abşeronun dini tikililəri arasında xüsusi yerlərdən birini tutur. Digər yerli
memarların yaradıcılığından
fərqli olaraq, Təzəpir məscidinin
layihəsi Avropa təhsili görmüş,
istedadlı, yüksək
təfəkkürlü peşəkar
memara məxsusdur.
Buna görə də bu abidə
dini tikililər arasında özünəməxsusluğu
ilə seçilir.
Ziyarətgah çox dini və siyasi hadisələrin şahidinə
çevrildi. 1918-ci il
Mart qırğınları zamanı çarəsiz insanlar erməni daşnaklarının və
bolşeviklərin hücumlarından
qorunmaq üçün
bura gəlirdilər. Elə həmin vaxtlarda Nəriman Nərimanov Təzəpir məscidində
əhaliyə müraciət
etdi. 1918-ci ilin sentyabrında Bakını düşmən
qüvvələrindən azad
edən Nuru Paşa da Təzəpir
məscidinin minbərindən
çıxış etdi.
SSRİ vaxtlarında dini
məkanlar bağlanır,
binalarında müəssisələr
yaradırdılar. 1934-cü ildə Təzəpir məscidinin də fəaliyyəti dayandırıldı.
Buranı sovet hakimiyyəti
çay fabrikinə, yay kinoteatrına, mağaza anbarına çevirsə də, xalq böyük inam bəslədiyi digər ziyarətgahlar kimi, Təzəpiri də unutmadı. Zaqafqaziya Müsəlmanları Ruhani
İdarəsi bərpa
olunduqdan sonra məscid fəaliyyətini
davam etdirdi.
Prezident İlham Əliyevin göstərişi əsasında,
2005-ci ildə məscidin
bərpası və ərazilərin rekonstruksiyası
layihəsi hazırlandı. Aparılan əsaslı
təmir-bərpa işlərindən
sonra abidə daha da gözəlləşərək
əsl memarlıq incisinə çevrildi.
2009-cu il 6 iyulda, yenidənqurma və tikinti işlərindən sonra ölkə rəhbərinin
iştirakı ilə
təntənəli açılış
mərasimi keçirildi.
Dini tolerantlıq, multikultural ənənələrə sədaqət
Təəssüf ki, bu gün bütün dünyada sülhü, əmin-amanlığı, ədaləti
təbliğ edən islam dinini
müsəlmanlar barədə
yanlış təsəvvürlər
formalaşdırmağa çalışanlar,
onu gözdən salmaq üçün hər vasitəyə əl atanlar var. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Əfsuslar olsun ki, bəzi
hallarda islam dini haqqında qəsdən yalan məlumatlar yayılır,
islamofobiya siyasəti aparılır. Bu gün dünyada dinlərarası dialoqdan çox danışılır
və buna böyük ehtiyac vardır. Ancaq bəzi hallarda
dini ayrı-seçkilik
meyilləri də görünür. Biz islam dininə qarşı aparılan kampaniyanı və əsassız ittihamları
rədd edirik. İslam dini dostluq dinidir.
İslam
dövlətləri arasında
çox geniş mənada əməkdaşlığa
və dostluğa ehtiyac var”.
Bu gün ölkəmiz
dini dəyərlərə
ehtiram nümunəsi göstərir. Dünyaya islam həmrəyliyi
mesajı verən Azərbaycan dindaşlığın,
qardaşlığın ən
böyük örnəyi
sayılır. Ölkədə hökm sürən sülh, sabitlik, dini dəyərlərə
ehtiram bir daha sübut edir ki, Azərbaycan
dini tolerantlıq, multikultural ənənələrinə
daim sadiqdir.
Prezident
İlham Əliyevin
2018-ci il avqustun 7-də imzaladığı
“Təzəpir məscidi
kompleksində təmir-bərpa
və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”
sərəncamı da
dövlət başçısının
dini, mənəvi dəyərlərə ehtiramının
daha bir nümunəsidir.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2018.- 12 avqust.- S.5.