Azərbaycan Tacikistan üçün
mühüm tərəfdaşdır
İki ölkə arasında
çoxşaxəli münasibət yeni məzmunla zənginləşdirilir
Son 15 ildə təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirən müstəqil Azərbaycan dünyanın əksər dövləti, eləcə də mötəbər təşkilatlarla əlaqələrini daha da inkişaf etdirir.
Prezident İlham Əliyevin
yürütdüyü tam müstəqil siyasət Azərbaycanı
dünya birliyinə etibarlı tərəfdaş kimi
tanıdıb və ölkəmizin beynəlxalq münasibətlər
sistemində yeri daha da möhkəmlənib. Bütün bunlar isə
diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli
yüksəldib. Azərbaycan Prezidentinin həm xarici səfərləri,
həm də ölkəmizə təşrif buyuran dövlət
və hökumət başçıları ilə
keçirdiyi görüşlər, imzalanan strateji tərəfdaşlıq
sazişləri respublikamızın ayrı-ayrı dövlətlərlə
ikitərəfli və çoxtərəfli əlaqələrinin
daha da genişlənməsinə təkan verir.
26 illik
diplomatik münasibətlər
Son illərdə Azərbaycanla əlaqələri
sürətlə inkişaf edən ölkələrdən
biri də Tacikistandır. İki ölkə arasında
diplomatik münasibətlər 29 may 1992-ci ildə
yaradılıb. Ötən il bu münasibətlərin
25 illiyi qeyd edilib. Ölkəmizin
Tacikistandakı səfirliyi 2007-ci ildə açılıb.
Bir il sonra - 2008-ci ildə Tacikistanın Azərbaycanda
səfirliyi fəaliyyətə başlayıb. 2018-ci
ilin avqust ayının 10-dək iki ölkə arasında 45 sənəd
imzalanıb. İqtisadi münasibətlərə
gəlincə isə, deyə bilərik ki, iki ölkə ticarət,
investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər
sahələrdə uğurla əməkdaşlıq edir.
2018-ci ilin birinci yarısında Azərbaycanla
Tacikistan arasında ticarət dövriyyəsində əhəmiyyətli
artım müşahidə olunub.
Hazırda Azərbaycan Respublikası və Tacikistan
Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq
məsələləri üzrə birgə hökumətlərarası
komissiya və Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr
üzrə işçi qrupu fəaliyyət göstərir.
Beləliklə, iki ölkə arasında münasibətlər
yüksələn xətlə inkişaf edir. Elə avqustun
9-da Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri
bunu bir daha təsdiqləyir.
Qarşılıqlı
maraq doğuran yeni əməkdaşlıq
Ölkəmizə səfərə gələn Tacikistan
Prezidenti Azərbaycanda mühüm görüşlər
keçirdi və iki ölkə arasında yeni mühüm
sazişlər imzalandı. Prezidentlərin təkbətək
və geniş tərkibli görüşlərində iki
ölkənin əməkdaşlığı barədə
müzakirələr aparıldı.
Prezident İlham Əliyev bu səfərin iki ölkə
arasında dostluq, qardaşlıq münasibətlərinin
inkişafına yeni impuls verəcəyini bildirərək
Tacikistan və Azərbaycanın iştirak etdiyi beynəlxalq təşkilatlarda
ənənəvi olaraq bir-birini dəstəklədiklərini
və bu dəstəyin iki ölkə üçün
çox əhəmiyyətli olduğunu vurğuladı. Prezident Emoməli
Rəhmon isə iki ölkə arasındakı münasibətlərin
getdikcə inkişaf etdiyini söyləyərək bildirdi ki,
Tacikistan hökuməti qarşılıqlı maraq doğuran
əməkdaşlığın bütün istiqamətləri
üzrə məhsuldar fəaliyyətin genişlənməsində
və dərinləşməsində maraqlıdır. Bu səfər zamanı əldə edilən
razılaşmalar çoxşaxəli tərəfdaşlığı
yeni məzmunla zənginləşdirəcək, daha yüksək
və keyfiyyətli səviyyəyə çıxaracaq.
Tacikistan
Prezidenti, eyni zamanda, müstəqil Azərbaycanın son 15 ildə
qazandığı uğurlardan da söz açdı. Qeyd etdi ki, müstəqillik illərində
sosial-iqtisadi inkişafında böyük uğurlar əldə
edən Azərbaycanın beynəlxalq arenada mövqeləri
ardıcıl surətdə möhkəmlənir. Ölkənin uğurunun parlaq nümunəsi onun
paytaxtının simasının ildən-ilə dəyişməsidir.
Prezident Emoməli Rəhmon vurğuladı ki, Azərbaycan
Qafqaz regionunda Tacikistan üçün mühüm tərəfdaşdır. İki ölkə
arasında imzalanacaq yeni sənədlər isə
qarşılıqlı faydalı əməkdaşlığın
möhkəmlənməsinə xidmət edəcək.
Sazişlərin
sayı 56-ya çatdı
Avqustun 10-da geniş tərkibdə görüş
başa çatandan sonra dövlət
başçılarının iştirakı ilə sənədlərin
imzalanması mərasimi oldu. Tərəflər 11
yeni sənəd imzaladılar və bununla da iki ölkə
arasında imzalanmış sənədlərin sayı 56-ya
çatdı.
Prezident İlham Əliyevlə tacikistanlı həmkarı
Emoməli Rəhmon prezidentlərin birgə bəyanatını
imzaladılar.
Sonra “Azərbaycanda İxracin və İnvestisiyaların Təşviqi
Fondu (AZPROMO) ilə Tacikistan Respublikasının
İnvestisiyalar və Dövlət Əmlakının İdarəedilməsi
üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq
haqqında Memorandum”, “Azərbaycan Sənaye Korporasiyası” ilə
“Tacik Alüminium Kompaniyası” (TALKO) Dövlət Unitar Müəssisəsi
arasında Anlaşma Memorandumu”, “Azərbaycan Televiziya və
Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə
Tacikistan Respublikası Hökuməti yanında Televiziya və
Radio Komitəsi arasında əməkdaşlıq haqqında
Memorandum”, “SOCAR və TALKO şirkətləri arasında neft
koksunun təchizatı haqqında Anlaşma Memorandumu”
imzalandı.
Bundan
başqa, “Azərbaycan Respublikasının Dövlət Sərhəd
Xidməti ilə Tacikistan Respublikasının Milli Təhlükəsizlik
Dövlət Komitəsi arasında Tacikistan
Respublikasının Milli Təhlükəsizlik Dövlət
Komitəsinin sərhəd qoşunlarının hərbi
qulluqçularının Azərbaycan Respublikasının
Dövlət Sərhəd Xidmətinin Akademiyasında təlimi
haqqında Saziş”, “Azərbaycan Respublikası hökuməti
ilə Tacikistan Respublikası hökuməti arasında
baytarlıq sahəsində əməkdaşlıq haqqında
Saziş”,”Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi
arasında illik təhsil kvotalarının
qarşılıqlı ayrılmasına dair Protokol”, “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan
Respublikasının İqtisadi İnkişaf və Ticarət
Nazirliyi arasında əməkdaşlıq haqqında
Saziş”, “Azərbaycan Respublikası hökuməti ilə
Tacikistan Respublikası hökuməti arasında sənaye və
yeni texnologiyalar sahəsində əməkdaşlıq
haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş
Prokurorluğu ilə Tacikistan Respublikasının Baş
Prokurorluğu arasında əməkdaşlıq haqqında
Saziş” imzalandı.
Həmçinin “Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi ilə Tacikistan Respublikasının
Xarici İşlər Nazirliyi arasında 2019-2020-ci illər
üzrə Əməkdaşlıq Proqramı” da təsdiq
edildi.
Fundamental
vacib siyasi sənəd
Sənədlərin imzalanması mərasimindən sonra
dövlət başçıları mətbuata bəyanatla
çıxış etdilər. Öncə Prezident
İlham Əliyev bəyan etdi ki, əldə edilən bu nəticələr
iki ölkə arasında qarşılıqlı sosial-iqtisadi
fəaliyyətdə mütləq özünü göstərəcək
və xalqları daha da yaxınlaşdıracaq. İmzalanan yeni sənədlər münasibətlər
üçün mühüm hüquqi baza yaradıb və bu
sənədlər nəticəyə hədəflənib.
Əldə edilən razılaşmaların
uğurlu icrası əmtəə dövriyyəsinin xeyli
artmasına və bir çox istiqamətlər üzrə
işlərin fəallaşmasına gətirib
çıxaracaq.
Dövlət başçılarının
imzaladıqları Birgə Bəyanat iki ölkə
arasında qarşılıqlı fəaliyyətin
bütün sahələrini əhatə edən olduqca
fundamental vacib siyasi sənəddir. Bu sənəd Azərbaycanla
Tacikistan arasında siyasi münasibətlərin yüksək
səviyyəsini qeyd edir. Bu sənəddə
iqtisadi əməkdaşlıq, nəqliyyat, humanitar əməkdaşlıq,
təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində
mühüm məsələlərin əsas prioritetləri əksini
tapıb. Sənəddə ölkələrimizi
narahat edən vacib məsələlər də əks olunub.
Azərbaycan Tacikistanın BMT-də irəli
sürdüyü və gələcək on illiyin - 2018-2028-ci
illərin “Su - dayanıqlı inkişaf üçün”
tezisi ilə bağlı onilliyin olmasına dair təşəbbüsünü
fəal dəstəkləyir. Bu da çox
mühüm təşəbbüsdür.
İmzanalanan
bəyanatın mətnində həmçinin yazılıb
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi və sərhədlərinin
toxunulmazlığı çərçivəsində BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinə,
ATƏT-in qərarlarına uyğun şəkildə həll
olunmalıdır.
İqtisadi
əlaqələrə təkan verəcək ciddi
razılaşmalar əldə edildi
İki ölkə arasında aparılan
danışıqlar zamanı ticarət, iqtisadiyyat, nəqliyyat
sahələrində qarşılıqlı fəaliyyət məsələləri
geniş müzakirə edilib, bu istiqamətdə iki ölkənin
sənayesinin güclü artımına təkan verəcək
ciddi razılaşmalar əldə olundu.
Prezident
İlham Əliyev qeyd etdi ki, aparılan danışıqlar
zamanı bir daha kooperasiya ilə əlaqədar məsələlərin
həllinin mümkünlüyü aydınlaşıb: “Bu həm
alüminium təchizatı sahəsində əməkdaşlıq
məsələsinə, həm neft koksunun təchizatı ilə
bağlı bu gün imzalanan memoranduma, həm də bir
çox digər məsələlərə aiddir. Bu, sadəcə,
ticari-iqtisadi razılaşmalar deyil, bu, iqtisadi sahədə
uzun illər üçün münasibətlərin inamlı
inkişafını müəyyən edəcək layihələrdir
və yüzlərlə yeni iş yeri yaratmağa imkan verəcək”.
Dövlət başçısı tranzit
imkanlarından da söz açdı və qeyd etdi ki,
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi,
eləcə də böyük Ələt ticarət
limanının tikintisi bu dəhlizin yüklərin ixracı
üçün istifadəsinə tamamilə yeni imkanlar
açır.
Dövlət başçıları humanitar əməkdaşlıq,
təhsil, mədəniyyət sahələrində, kənd təsərrüfatı
ilə bağlı məsələləri də müzakirə
etdilər. Qarşılıqlı fəaliyyət məsələlərinin
işlənib hazırlanması üçün xüsusi
nümayəndə heyətlərinin göndərilməsi barədə
razılıq da əldə olundu.
Bütün
istiqamətlər üzrə sıx əlaqə
üçün real imkanlar var
Tacikistan Prezidenti Emoməli Rəhmon isə bəyan etdi
ki, Azərbaycan Tacikistanın xarici siyasət strategiyasında
mühüm yerlərdən birini tutur və bu ölkə Azərbaycanla
əməkdaşlığın gələcəkdə də
inkişafında və möhkəmlənməsində
maraqlıdır.
“Bu gün bizim siyasi dialoqumuz çərçivəsində həm ikitərəfli, həm də regional və beynəlxalq xarakterli məsələlərin geniş spektoru üzrə konstruktiv və maraq doğuran fikir mübadiləsi aparıldı. İlham Heydər oğlu ilə mən belə bir fikrə gəldik ki, bütün istiqamətlər üzrə sıx əməkdaşlıq üçün mövcud imkanlardan daha da geniş istifadə olunması vacibdir”- deyən Tacikistan Prezidenti vurğuladı ki, yeni razılaşmalar sənaye, energetika, nəqliyyat, aqrar sektor və turizm kimi iqtisadiyyatın baza sektorlarında uzunmüddətli əməkdaşlıq formalarının inkişafına təkan verəcək. Danışıqların nəticələrinə görə, imzalanan sənədlər zamanın tələbidir və əməkdaşlığın əsas sahələrini əhatə edir.
Bütün məsələlər üzrə iki dövlətin mövqeyinin üst-üstə düşdüyünü söyləyən Prezident Emoməli Rəhmon vurğuladı ki, bu da həmin istiqamətdə əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yaxşı təməldir: “Biz Cənubi Qafqazda cərəyan edən proseslər üzrə fikir mübadiləsi də apardıq. Biz mövcud ziddiyyətlərin və münaqişələrin hamılıqla tanınan beynəlxalq normalar və meyarlar çərçivəsində sülh yolu ilə həlli prinsipinə qəti sadiqliyimizi ifadə edirik. Bizim əqidəmizə görə, siyasi-diplomatik dialoq Dağlıq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur”.
Əminliklə söyləyə bilərik ki, dövlət başçıları arasında aparılan danışıqların nəticələri hər iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. Bunlar son on ildə ilbəil yeni praktik məzmunla zənginləşən uğurlu qarşılıqlı fəaliyyət üçün əlavə şərait və zəmin yaradır.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri də xalqların rifahı naminə dövlətlərarası münasibətlərin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsidir. Elə bu səfər də çoxşaxəli tərəfdaşlığın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək. Yəni münasibətlər yeni inkişaf mərhələsinə yüksələcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.- 15 avqust.- S.1-2.