Xəzər həm də ekoloji
inkişaf və ekoloji
sabitlik zonasına çevrilir
Azərbaycan son illər
bu istiqamətdə mühüm
addımlar atıb
“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” Xəzəryanı dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Bu konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin hüquqi rejimini müəyyən etdiyi üçün onun imzalanması mühüm tarixi hadisədir.
Beləliklə, 1992-ci ildən bəri Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa çatdı. Bu sənəd üzərində hələ 1996-cı ildən iş aparılıb. 2003-cü ilin mayında isə Astanada Azərbaycan, Rusiya, Qazaxıstan arasında “Xəzərin dibinin orta xətti üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb. Tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıblar.
Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin Xarici İşlər nazirlikləri rəhbərlərinin ötən ilin dekabrında Moskvada keçirilən müşavirəsində razılaşdırılıb. Bu il martın sonunda isə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumu sözügedən konvensiyanın razılaşdırılması yolunda mühüm əhəmiyyət daşıyıb.
Azərbaycan konvensiyanın hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib, digər Xəzəryanı ölkələrlə yanaşı onun imzalanmasına töhfəsini verib. Yeri gəlmişkən, hələ 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısı da ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm dəstək olub. Ümumiyyətlə, Azərbaycan bütün Xəzəryanı ölkələrlə sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir.
Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatla çıxış etmişlər. Prezident İlham Əliyev bəyanatında demişdir: “Konvensiya imzalanana qədər də bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz kimi, Xəzər təhlükəsizlik, sabitlik dənizi və Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır. Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız konvensiya ilə müəyyən olunur. Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır”.
Azərbaycan 70 ilə yaxındır Xəzərdə neftçıxarma ilə məşğul olur. Gələn il əfsanəvi Neft Daşlarının 70 illik yubileyi keçiriləcək. Dəniz yataqlarının istismarının ilk dövrlərində dənizin ekologiyasına müəyyən qədər ziyan dəysə də, bu gün həmin halla ciddi mübarizə aparılır. İndi Azərbaycan Xəzərin bir çox neft-qaz yataqlarında karbohidrogenlər hasil edir və onların sayı getdikcə artır. Bununla belə, bütün səylər neft-qaz əməliyyatları zamanı dənizin çirklənməsinin qarşısının alınması kimi vacib məsələyə yönəldilib. Başqa sözlə, Azərbaycan Xəzərin ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilməsində də böyük rol oynayır. Belə ki, Xəzərin ekologiyasının qorunması, onun bioresurslarının mühafizəsi və artırılması daim gündəmdədir. Son illər Azərbaycanda dənizin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Çirklənmənin qarşısını almaq üçün mövcud sutəmizləyici qurğular modernləşdirilir və ya yeniləri ilə əvəz olunur. Bu istiqamətdə irimiqyaslı layihələrin həyata keçirilməsi öz nəticələrini verir. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra gerçəkləşdirdiyi neft-qaz layihələrində ən yüksək beynəlxalq ekoloji standartlara riayət edib.
SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft-qaz əməliyyatları zamanı ISO Beynəlxalq Standartlaşma Təşkilatının tələblərinə uyğun idarəetmə sistemi qurması və sertifikatlaşdırması buna əyani misaldır. Bu istiqamətdə görülmüş işləri Dünya Bankı Ekspert Şurası iki dəfə “Ali mükafat”a layiq görüb. Artıq bir neçə ildir ölkədə neft-qaz əməliyyatları aparan bütün şirkətlər üçün ən müasir avadanlıqlarla təchiz edilmiş Tullantıların İdarə Edilməsi Mərkəzi yaradılıb.
Daha önəmli fakt isə odur ki, neft hasilatı zamanı səmt qazının emissiya göstəricilərinin aşağı olmasına görə Azərbaycan Avropa İttifaqına neft ixrac edən 10 ölkə sırasında birinci yerdə dayanır.
Azərbaycanın reallaşdırdığı infrastruktur layihələri bu gün Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə də imkan verir. Ölkəmizin Qazaxıstana və Türkmənistana tranzit xidmətləri təqdim edən Şərq-Qərb, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranziti reallaşdıran Şimal-Cənub dəhlizləri dövlətlər və xalqlar arasında dostluğu və əməkdaşlığı möhkəmləndirən layihələrdir. Başqa sözlə, nəqliyyat sektoruna yönəldilən böyükhəcmli investisiyalar Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirib. Odur ki, Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu sahədə imkanlar ildən-ilə genişlənir. 2017-ci ilin payızında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Asiya ilə Avropanın polad magistrallarını birləşdirir. Təkcə bu ilin birinci yarısında həmin marşrutla 1400-ə qədər konteyner daşınıb. İlin sonunadək onların sayı 4 minə yaxınlaşacaq, qarşıdakı illərdə isə yükdaşımanın dəfələrlə çoxalması gözlənilir.
Azərbaycanın ərazisində “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin reallaşması üçün bütün işlər yekunlaşıb və bu da ölkəmizin həmin layihəyə verdiyi önəmin təsdiqidir. Keçən il Şimal-Cənub marşrutu ilə Azərbaycanın ərazisindən 1700 ton yük daşınıb. Bu ilin 7 ayında isə yükdaşımanın həcminin 100 dəfədən çox artması şərhə ehtiyacı olmayan faktdır.
Bütün bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirməklə yanaşı, xalqları bir-birinə yaxınlaşdıran, ölkələrin inkişafı üçün yeni imkanlar açan mühüm işlərdir. Aktau şəhərində imzalanmış konvensiya da məhz iqtisadi inkişafa, maddi rifaha, möhkəm dostluq və mehriban qonşuluğa xidmət edir.
Flora SADIQLI
Azərbaycan.- 2018.- 15 avqust.- S.1-2.