Xəzər vacib nəqliyyat arteriyasına çevrilir

 

 

 

 

Tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işlənilərək Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək

 

Avqustun 12-də Xəzəryanı ölkələrin siyasi həyatında mühüm bir tarixi hadisə yaşandı. Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair tarixi konvensiya imzalandı.

Belə ki, uzun illər aparılan danışıqların və müzakirələrin uğurlu nəticəsi olaraq zirvə toplantısının yekununda beş ölkənin dövlət başçıları - İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq etdilər.

Günün müzakirə mövzusuna çevrilən bu məsələ ilə bağlı siyasətçilər, ekspertlər birmanalı fikirlər səsləndirirlər. Qeyd edilir ki, Xəzər dənizinin hüquqi statusunu təsbit edən yeni beynəlxalq konvensiya ümumilikdə 24 maddədən ibarətdir. Sənəddə ərazi suları, dəniz sərhədləri, dənizin dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi yer alır.

Razılaşmaya əsasən, Xəzərdə yalnız sahil ölkələrinin hərbi dəniz donanmaları ola bilər. Sammit çərçivəsində mütəşəkkil cinayətkarlıq, terrorizmlə mübarizə və sərhəd qurumlarının qarşılıqlı fəaliyyətinə dair üç əlavə protokol da imzalandı. 22 il davam edən müzakirələr tarixi sənədin - Xəzərin statusunu müəyyənləşdirən konvensiyanın imzalanması ilə başa çatdı.

 

Xəzər iqtisadi tərəfdaşlıq bölgəsinə çevrilir

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanmasını böyük tarixi hadisə adlandırır. Onun fikrincə, 5 dövlət dünyanın diqqət çəkən zəngin su hövzəsinin hüquqi statusunu müəyyənləşdirdi: “Kənar qüvvələrin bu məsələdə öz maraqlarını yürütməyə çalışmasına baxmayaraq, tərəflər razılığa gəldilər ki, burada digər ölkələrin hərbi bazası yerləşə və müdafiə ehtiyacından artıq güc çoxaldıla bilməz. Razılaşmaya əsasən hər bir ölkənin sahilinə yaxın hissədə milli sərhədləri müəyyənləşdirilməklə yanaşı, Xəzər dənizi ümumi su gəmilərinin hərəkəti üçün açıq elan edildi”.

A.Mirzəzadə bildirdi ki, 5 dövlətin gəmilərinin dünya okeanına çıxışı barəsində razılığa gəlinməsinin özüböyük hadisədir: “Həmçinin tərəflərin dənizin dibi, təbii ehtiyatların bölüşdürülməsi ilə bağlı məsələlərdə ikitərəfli razılaşmalar əldə etməsi bəndinin salınması mübahisəli məsələlərdən qaçmağa, diqqətin fikir ayrılığına deyil, əldə edilmiş razılığa yönəldilməsinə səbəb olur. Bu, regionu sülh və əməkdaşlıq bölgəsinə çevirir. Bir qrup ölkənin öz region məsələlərini danışıqlar yolu ilə həll etməyin mümkünlüyünü göstərir. Bu, dünyanın digər bölgələri üçün çox yaxşı nümunədir”.

Xəzər dənizinin iqtisadi əməkdaşlıq bölgəsinə çevrilməsi barəsində razılığa gəlinməsinin böyük hadisə olduğunu vurğulayan deputat söyləyib ki, Xəzəryanı ölkələr buradan həm iqtisadi, həm də siyasi dividendlər əldə edə biləcəklər.

A.Mirzəzadənin fikrincə, Azərbaycanın açıq dənizdə neft istehsal etməsi digər dövlətlər üçün yaxşı nümunədir və ölkəmiz öz təcrübəsini bölüşməyə hazırdır: “Son sammit bir daha göstərdi ki, istənilən məsələni danışıqlar yolu ilə həll etmək mümkündür. Konvensiyanın imzalanması Azərbaycanın bu məsələdə beynəlxalq hüquq normalarına riayət etməsi nümunəsini göstərməklə yanaşı, ölkəmizin məsələnin həllinə maraq göstərməsi və dəstək verməsi nəticəsində mümkün oldu.

Prezident İlham Əliyevin Azərbaycanın bütün resurslarını məsələnin həllinə yönəltməsi, danışıqlarda fəal iştirakı, böyük idarəçilik təcrübəsi sonda bu konvensiyanın imzalanmasına və 5 dövlətin böyük problemdən qurtulmasına səbəb oldu”.

 

Xəzəryanı ölkələr dostluq və əməkdaşlıq yolunu seçdi

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə düşünür ki, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması 5 sahil ölkəsi üçün dönüş nöqtəsidir: “Bu proses uzun illər idi ki, davam edirdi. Burada maraqlı məqamlar oldu. Eləcə də müəyyən məsələlərdə razılığa gəlməyən bəzi dövlətlər oldu. Nəhayət ki, 5 dövlət Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərdə ümumi razılığa gələ bildilər. Burada razılaşdırılmış məsələlər heç bir dövlətin milli, strateji, təhlükəsizlik, iqtisadis. məsələlərinə xələl gətirmir. Təbii ki, bu çox böyük uğurdur. Sammitin son yekun nəticəsi elə uğurlu alındı ki, bu, həqiqətən də Xəzəryanı dövlətlər arasında olan bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etməsinə səbəb olacaq”.

Deputatın sözlərinə görə, bu müqavilələr həm iqtisadi, siyasi, hərbi sahədə, həm də ekologiya sahəsində xeyirli olacaq. Azərbaycanın ortaya qoyduğu şərtlərin əksəriyyəti bu sammit çərçivəsində imzalanan sənəddə öz əksini tapdı. Bu, eyni zamanda regional əməkdaşlıq və regional təhlükəsizliyin əsas şərtlərindən birinə çevrildi: “Prezident İlham Əliyev çıxışı zamanı Cənubi Qafqazda təhlükəsizliyə və Ermənistanın işğalçılıq siyasətinə, bütün beynəlxalq qanunları pozmasına, BMT-nin məlum qətnamələrinə əməl etməməsinə və s. toxundu. Cənab İlham Əliyev Xəzəryanı dövlətlərin rəhbərlərinin nəzərinə çatdırdı ki, əgər biz bütün məsələlərdə əməkdaşlıq ediriksə, bu məsələlərdə ədalətli mövqe ortaya qoyulmalıdır. Cənab Prezident çıxışında Xəzəryanı dövlətlərin ərazi bütövlüyü məsələsinə də toxundubildirdi ki, “Ermənistan tərəfindən bizim ərazi bütövlüyümüz pozulub. Əgər biz əməkdaşıqsa, tərəfdaşıqsa, bütün məsələlərdə bir-birimizə kömək durmalıyıq”. Mən bu nəticələri alqışlayıram və uğur arzulayıram”.

 

Yeni saziş neftqaz ehtiyatlarının nəqlini xeyli asanlaşdıracaq

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili isə konvensiyanın şərtlərinə aydınlıq gətirib.

1996-cı ildən danışıqlara başlayan 5 Xəzəryanı ölkənin dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin hüquqi statusu haqda ümumi çərçivələri razılaşdırdıqlarını deyən deputat hesab edir ki, dövlət başçıları tərəfindən imzalanan saziş regionda neftqaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək: “SSRİ dağılandan sonra Xəzər 5 ölkəyə aid olmağa başladı. İran Xəzərin bölünməsini “gölprinsipi üzrə - yəni hər bir ölkəyə bərabər pay verilməsi qaydasını təklif edirdi. Digər 4 ölkə isə “dəniz” prinsipi üzrə - orta xətt prinsipi ilə müəyyən məsafədə hər bir ölkənin sektorlarının müəyyən olunması, dənizin ortasının isə ümumi istifadəyə verilməsini təklif edirdi”.

Deputatın sözlərinə görə, ötən müddət ərzində Azərbaycan, Qazaxıstan və Rusiya, həmçinin Qazaxıstan və Türkmənistan öz aralarında dənizin şimal hissəsinin orta xətt prinsipi ilə bölünməsini razılaşdırdılar. 22 il ərzində bu məsələ ilə bağlı 5 sammit keçirilmişdir. Nəhayət ki, Qazaxıstanda keçirilən sonuncu sammitdə Xəzərin dibinin dəniz, suyunun isə göl kimi bölünməsi razılaşdırıldı: “1982-ci ildə qəbul edilmiş BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyasının prinsipləri dənizin dibinin bölünməsini əhatə edir. Bu konvensiyanı bütövlükdə Xəzər dənizinə aid etmək mümkün deyil. Belə ki, konvensiyadakı “dəniz” anlayışına Xəzər uyğun gəlmir. Eyni zamanda Xəzərin suyunun və təkinin tərkibi və forması onu göl adlandırmağa da imkan vermir. Məhz bu xüsusiyyətlər Xəzər haqqında ayrıca sazişin olmasını labüd edirdi. İmzalanan konvensiya ümumi prinsipləri müəyyən edir. Onun əsas ideyası - Xəzərin statusu 5 ölkə arasında mübahisə mövzusu deyildir, dəniz-gölün bölünməsinin ümumi prinsipləri müəyyən olunub və indən sonra qonşu tərəflər arasında olan konfliktlər ikitərəfli qaydada həll edilməlidir, beştərəfli yox”.

Deputatın sözlərinə görə, Xəzər dənizində yalnız 5 sahilyanı ölkənin silahlı qüvvələrinin mövcud ola bilməsini özündə əks etdirən konvensiya eyni zamanda bu ölkələrin heç birinin ərazisindən digər ölkəyə qarşı istifadə olunmamasına da təminat verir. İndiyə qədər Xəzərin statusunun tənzimlənməməsi Türkmənistanla Azərbaycan arasında sualtı Transxəzər boru kəmərinin reallaşmasına da mane olurdu. Konvensiyaya görə, bu layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcəklər, ekoloji standartlar nəzərə alınmaqla belə layihələr qonşu ölkələr arasında reallaşa bilər: “Doğrudur, konvensiyaya əlavə edilən ekoloji razılığın alınması qaydalarında 5 ölkənin hamısının belə layihələr üçün razılığı tələb olunur. Bu razılıq layihələrin həyata keçməsini ləngidə bilsə də, mane ola bilməyəcək. Qeyd etmək istərdim ki, Transxəzər kəməri Azərbaycan və Türkmənistana Avropa bazarlarına ildə 100 mlrd. kubmetr qazın ixracına imkan verə bilər”.

Deputatın fikrincə, ümumilikdə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən konvensiya bütün məsələləri həll etməsə də, ümumi yanaşma baxımından çöx önəmlidir və Azərbaycanın illər boyunca irəli sürdüyü mövqe ilə üst-üstə düşür. Bakı-Tbilisi-Qars dəmir yolunun dəniz davamı olan Xəzər dənizində tranzit nəqliyyat imkanlarının artması Azərbaycanın əlavə iqtisadi maraqlarının təmin olunması anlamına gəlir.

 

R.BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.- 15 avqust.- S.3.