Milli-mənəvi dəyərləri qorumaq hər bir vətəndaşın borcudur

 

 

 

 

Cəmiyyətdə sağlam mühitin əsas göstəricisi mənəviyyatdır ki, onun formalaşması üçün bəlkə də minilliklər lazım olur. Adət-ənənələr, əxlaqi dəyərlər, ictimai şüurda özünə yer tapmış dini ayin və mərasimlər hər bir millətin kamillik səviyyəsinin təcəssümü olmaqla yanaşı, həm də bəşər sivilizasiyasına nümunəvi töhfədir. Əslində onlar milli kimliyin ifadəsidir. Çünki ilk növbədə xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsi hesab olunurlar. Mənəvi dəyərlərin qorunub saxlanması buna görə hər bir xalqın borcudur.

Əsrlərin sınağından çıxmış xalqımız öz müqəddəs dəyərlərini, adət-ənənələrini qorumaqla bərabər, onlara ümumbəşəri, tolerant münasibət də bəsləyir. Ona görə müasirliyə və yeniliyə can atır. Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, mənəvi və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı yürütdüyü siyasət bu mənada hazırkı dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısının fikrincə, qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı mütərəqqi dəyişikliklərə yol açır. Lakin bu prosesin tarixi-mədəni irsə müəyyən təhlükəli meyilləri də özünü qabarıq şəkildə göstərir. Bu zaman xalqların mədəni dəyərləri ən azı assimilyasiyaya uğrayır. Çünki qloballaşma prosesi dövlətlər və ölkələr arasında sərhədləri nisbi anlayışa çevirir, milli məkanı müxtəlif, yad təsirlərə məruz qoyur.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 13-də verdiyi bəyanat bu mənada öz aktuallığını bu günqoruyub saxlayır. Çünki bu, yuxarıda söylədiyimiz proseslərdən doğan narahatlıqlarla bağlıdır. Bəyanatda deyildiyi kimi, mənəviyyata əsaslanmayan maddi quruculuq xalqa heç vaxt uğur gətirə bilməz. Burada araşdırılan əxlaq məsələsi, gənc nəslin yad təsirlərdən müdafiəsi, dini məsələlərə münasibət, kütləvi informasiya vasitələrində milli dəyərlərə hörmət hissinin qorunması, sosial ədalət və digər vacib mövzular müasir dünyamızda hər gün üzləşdiyimiz böyük problemlərdir. Ulu öndər Heydər Əliyevin dövlətçilik irsinin ən mühüm tərəfi də buna görə xalqın mənəvi gücünü səfərbər etmək idi.

Ümummilli lider Heydər Əliyevin adıçəkilən bəyanatında açıq şəkildə ifadə edilir ki, mənəviyyat hər bir dövrdə daxili nizamın əsas özəyidir. Doğrudur, tarixdə keçid dövrləri daim cəmiyyətin mənəvi dayaqlarında, sosial bazalarında, fərdlərin davranışında, dəyərlərə münasibətdə aşınmalarla müşayiət olunub. Ona görə də onların qarşısını almaq üçün ayıq-sayıqlıq göstərilməli, müxtəlif qabaqlayıcı tədbirlər vaxtında görülməlidir.

Ulu öndər milli-mənəvi dəyərləri sevən və yaşadan, milli hislərlə tərbiyələndirilən bir nəslin yetişməsini istəyirdi. Ona görə valideyn-övlad, müəllim-tələbə, böyük-kiçik, öyrədən-öyrənən qarşılıqlı münasibətlərini Azərbaycan xalqının mənəvi-psixoloji, əxlaqi-etik dəyərlərinin inkişaf mənbəyi kimi daim diqqət mərkəzində saxlanmasını tövsiyə edirdi. Ümummilli lider mənəviyyatla bağlı bütün nitqlərində cəmiyyət üçün faydalı insan böyütmək amilinə xüsusi diqqət yetirməyin vacibliyini bildirirdi: “Bizim mənəvi sahədə böyük ənənələrimiz, sağlam milli mentalitetimiz var. İnsan tərbiyəsi sistemini təkmilləşdirərkən ilk növbədə bu bazaya əsaslanmalı, bəşəriyyəti tərəqqiyə aparan yolla getməliyik”.

Gələcək uğurlarımıza yeganə təminat sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə daha dərindən aşılamaqdır. Bütün bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Prezident İlham Əliyevin yürütdüyü siyasətdə xalqın milli-mənəvi, mədəni və elmi intellektual potensialının gücləndirilməsi ön plandadır. Ölkə rəhbəri elmi, habelə yaradıcılıq sahələrində irəliləyişi, mədəniyyət məsələlərinə dövlət himayəsini iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır. Bu, dünyanın ümumi həyatının rəhnidir və hər bir millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməsində həlledici amildir.

Hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində inamla davam etdirən ulu öndər Azərbaycanın görkəmli şair və yazıçılarının, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində mənəvi dəyərlərimiz qorunmuş, milli adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüzillərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün lazım olan bütün zəruri tədbirlər görülmüşdür.

Ulu öndər milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə qovuşdurulmasına bütövlükdə qlobal məsələ kimi yanaşmışdı. Heydər Əliyev dühasının vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı qlobal təhdidlər önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın milli genofondunu qorumuşdur.

Milli ideologiyamızın əsas tərkib hissələrindən biri də azərbaycançılıqdır. Ulu öndərin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurəyə çervrilməkdədir. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər xalqımızın milli mövcudluğunun və dövlətçiliyinin qarantı kimi qorunur. Ona görə də hər bir vətəndaş bu torpağa, vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duyur.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə qazandığı nailiyyətlərlə yanaşı, həm də regionda və bütövlükdə Avropa məkanında fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan kimi də tanınır. Dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın vətəni üçün milli sahiblik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Ona görə deyə bilərik ki, ümummilli liderin irəli sürdüyü azərbaycançılıq ideologiyası bu gündini tolerantlığın ən başlıca təminatçısı kimi çıxış edir.

Müasir dünyada qloballaşma prosesinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasını günümüzün aktual məsələlərindən birinə çevirib. Məhz bunun nəticəsi olaraq son 15 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına xüsusi diqqət ayrılıb. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs inanc yerlərinin təmiri, bərpası ilə bağlı sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənlərə bir daha sübutdur.

Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların ehtiyaclarına həssaslıqla yanaşması, mərasimlərdə iştirak etmələri xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün, tolerantlıq və həmrəyliyin fövqündə mühüm stimul rolu oynayır. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir. Yüzlərlə islamqeyri-dini icmalar öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın nümunəsidir.

Azərbaycanın Şərqlə Qərb mədəniyyətləri arasında tutduğu mövqe, bu iki qütbün zəngin mədəni irsinə sahibliyi mədəniyyət diplomatiyasında ölkəmizin önəmini son dərəcə artırır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu digər sahələrdəki nailiyyətləri ilə yanaşı, mənəviyyat məsələlərində də özünün mükəmməl örnəyini yaratmışdır.

Ölkəmiz sivilizasiyalararası dialoq təşəbbüslərinin mərkəzinə çevrilib. Son illər Bakıda keçirilən beynəlxalq forumlar müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına imkan verir. Fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. IV İslam Həmrəyliyi Oyunları respublikamızın bütün sahələrdə əldə etdiyi nailiyyətlərin və mövcud iqtisadi-siyasi potensialın təbliği baxımından əhəmiyyətli olmaqla yanaşı, ümumilikdə unikal təbliğat platforması kimi də diqqəti cəlb etmişdir.

Müasir Azərbaycan cəmiyyətində formalaşmış yüksək tolerantlıq modeli müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Respublikamızın eyni zamanda islam dininin yayılmasında və müsəlman intibahının bərqərar olmasında da özünəməxsus yeri var. Ölkəmizdə “Multikulturalizm ilinin davamı kimi 2017-ci ilinİslam həmrəyliyi ilielan edilməsi də məhz həmin çoxəsrlik zəngin tarixi təcrübənin dinimizdəki rəmzi ifadəsidir. Azərbaycanın İslam sivilizasiyasının əsas mərkəzlərindən birinə çevrilməsi tarixi təkamül prosesinin məntiqi yekunu kimi izah edilir. Əsrlərin sərt sınaqlarından uğurla çıxan xalqımız tarixinin ən keşməkeşli, çətin anlarında belə insanlığın yüksəlişinə, mənəviyyatın təntənəsinə xidmət edən dini dəyərlərdən dönməyib, onları daim uca tutub. Hətta 70 il müxtəlif xalqları öz bayrağı altında saxlayan sovetlər öz ideologiyasına uyğun ateizm təbliğatı apararaq insanlarımızı tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, buna nail ola bilmədi.

Bu və digər dini dəyərlərə qəlbən inanan Azərbaycan vətəndaşı həm də kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb. İslam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışıb.

Dövlət başçısının milli-mənəvi dəyərlərə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Onun bu sahədəki xidmətləri xalqın milli dəyərlərinə - mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi dəyərləndirilir. Görülən işlər sadəcə qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən miras qalan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

Dövlət başçısı nitqlərində xüsusi vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri də məhz azərbaycançılıqdır. Ümummilli lider Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Bütün bunlar eyni zamanda mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.

Azərbaycan Prezidentinin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən fərman və sərəncamları, dövlət proqramları imzalaması gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin tərkib hissələrinin mühüm məqamlarıdır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 15 avqust.- S.5.