Fərqli taleli oxşar
adamlar...
Onların taleləri bənzərsiz görünə bilər. Birinin
Şuşada başlanan ömür yolu 1948-ci ildə,
altmış üç yaşında Bakıda bitdi. Dəfnində dövlət rəsmilərindən
tutmuş sadə insanlara qədər böyük kütlə
iştirak etdi. Sevənləri onu göz
yaşları içərisində son mənzilə yola
saldılar. Digəri ömrünün
bahar ovqatlı çağında, 1938-ci ilin 6 yanvarında
sovet hökumətinin repressiya siyasətinin güdazına
getdi. İyirmi doqquz yaşında Xəzər
dənizinin Nargin adasına aparılaraq güllələndi.
Bir qəbir yerini də ona çox gördülər.
Anım mərasimlərində sevənləri hələ
də məzarının üstünə düzəcəkləri
gülləri rəmzi məzarına - Xəzər dənizinə
səpirlər.
İki qəlbdə
bir arzu...
Nə ömür payları, nə də son aqibətləri
bir-birinə bənzəyən millətin bu iki
övladının arzularında, xəyallarında, sevgilərində
eyni məqsəd, eyni məram qərar tuturdu. Üzeyir
Hacıbəyli də, Mikayıl Müşfiq də vətənin
azadlığına, müstəqilliyinə aşiq idilər.
Ancaq Üzeyir bəy bu gənc soydaşından
daha bəxtəvər idi ki, Azərbaycanın müstəqilliyini
görmüşdü. 1918-ci ilin 28
mayında elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində
onun da xidmətləri olmuşdu.
Azərbaycanın müstəqilliyinə son qoyaraq
hakimiyyətə gələn bolşeviklər bütün
millətsevərlərin, vətənsevərlərin
düşməni idi. Bunu sovet hökuməti sonuna qədər
unutmadı. Üzeyir Hacıbəyli, Mikayıl
Müşfiq və daha neçə-neçə millətin
öncülləri buna görə əzab-əziyyətlərə,
faciələrə məruz qaldılar. Onların
xatirələrinə sonsuz sevgi, ehtiram isə bəzən
gizli, bəzən aşkar daim yaşadı. Bu duyğular incəsənətin bütün sahələrində
yaradılan ölməz əsərlərdə təcəssümünü
tapdı. Heykəltəraşlarımız
da bu fədakar millətdaşlarımızı - Üzeyir
Hacıbəylini və Mikayıl Müşfiqi abidələşdirdilər.
İstedadlıların
himayədarı - Üzeyir Hacıbəyli...
Adı vətəni bir boy da ucaldan Üzeyir Hacıbəyli
sağlığında əməlləri ilə
könüllərdə öz abidəsini
ucaltmışdı. İctimai xadim, pedaqoq, publisist, dramaturq, bəstəkar
Üzeyir bəy fəaliyyətinin bütün istiqamətlərində
mükəmməl şəxsiyyəti, əzəmətli
işləri ilə müasirlərini heyrətləndirirdi.
Zaman keçdi, nəsillər bir-birini əvəz
etdi. Üzeyir bəy şəxsiyyətinə,
yaradıcılığına heyrət isə bitmədi.
Onun surəti incəsənət əsərlərində
əks etdirildi. Üzeyir Hacıbəylinin həyat və
yaradıcılığı bədii və sənədli
filmlərdə, poeziya nümunələrində, rəsm əsərlərində
təcəssümünü tapdı. Respublikamızda
neçə-neçə elm, təhsil, mədəniyyət
ocağına onun adı verildi. Millətin bu təəssübkeş,
cəfakeş övladına ehtiramın bir nümunəsi də
Azərbaycanın paytaxtında heykəlinin ucaldılması
oldu...
Dahi Üzeyir bəyin monumental abidəsinin
hazırlanması heykəltəraş Tokay Məmmədova və
memar Q.Muxtarova həvalə olundu. Heykəltəraş
1957-ci ildə dahi bəstəkarın fərdi xarakeri,
özünəməxsus cizgiləri dəqiqliklə əksini
tapan portretini yaratmaqla abidənin icrasına başladı.
Tuncdan hazırlanmış portretdə müəllif
qəhrəmanının daxili aləminin, mürəkkəb
dünyasının qüvvətli ifadəsini verə bildi.
Bu da heykəltəraşa əsərin psixoloji həllini
müvəffəqiyyətlə əks etdirmək imkanı verdi.
Üzeyir Hacıbəylinin abidəsini yaratmağın
qarşısına qoyduğu tələblərin
böyüklüyünü və məsuliyyətini dərk
edən Tokay Məmmədov gərgin
axtarışlarını davam etdirdi. Onun yaratdığı
“Üzeyir Hacıbəyov” abidəsi heykəltəraşın
istedadının, zəhmətinin və Üzeyir bəyə
sevgisinin birliyindən yoğruldu. Sovet hakimiyyətinin
qılıncının ən kəsərli vaxtlarında da “bəy”
deyə müraciət olunan bu millətin sevgili
övladının ağayanalığı, şəxsiyyətinin
bütövlüyü, xalqına sədaqəti, eyni zamanda
ona olan xalq sevgisi daş əsərdə təcəssümünü
tapdı.
Abidələşən
Üzeyir Hacıbəyli kreslosunda əyləşib,
yaradıcılıq düşüncələri, millətinin
sabahından ümidli və narahat korifey yenə
qayğılı görünür...
Üzeyir Hacıbəylinin heykəlinin fiquru Azərbaycan
SSR Bədii Fondunun əritmə emalatxanasında tuncdan
tökülərək hazırlandı, tünd qəhvəyi
çalarları olan çəhrayı rəngli qranit
postament - özül üzərində qoyuldu. Postamentin
frontonunda qranitdə çapıldı, kiril əlifbasının
hərfləri ilə Azərbaycan dilində “Üzeyir
Hacıbəyov. 1885-1948” yazıldı.
Abidənin postamentlə hündürlüyü
6 metr, oturmuş fiqurun hündürlüyü isə 2 metr 90
santimetrdir.
Heykəlin
qoyulması üçün yer də çox böyük həssaslıqla
seçildi...
Üzeyir Hacıbəyli ölməz əsərləri
ilə Azərbaycan musiqisinin şöhrətini dünyaya
yayan dahi bəstəkar deyil. O, XX əsrin birinci yarısında
Azərbaycan musiqi sənətinin yolunu cızan, onu tərəqqiyə
çatdıracaq keçidləri müəyyənləşdirən
ustaddır. Ötən əsrdə, belə demək
mümkünsə, musiqi sənətimizin qədərini
Üzeyir bəy yazdı. “Leyli və Məcnun”,
“Koroğlu” operaları, “Ər-arvad”, “O olmasın, bu olsun”,
“Arşın mal alan” musiqili komediyaları, instrumental
müşayiətli xor, orkestr əsərləri,
kamera-instrumental əsərləri, xoreoqrafik miniatürləri,
romansları, mahnıları ilə Azərbaycan musiqi xəzinəsini
zənginləşdirən Üzeyir Hacıbəyli
istedadlıların himayədarı oluğu üçün
də böyük nüfuz, dərin sevgi qazandı. Yetirmələri sonralar öz əsərləri ilə
nə qədər şöhrətlənsələr də, ən
yüksək mükafatlarla təltif olunsalar da, “Üzeyir bəyin
tələbəsi” adını ən böyük
qürurları, fəxri adları, titulları kimi
daşıdılar.
Üzeyir Hacıbəylinin nəhəng kölgəsi bu
günədək də uzun illər
çalışdığı Azərbaycan musiqi sənətinin,
bu sənətin məbədi olan Bakı Musiqi
Akademiyasının üzərindədir. Bu mənada,
dahi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi
məqsədilə yaradılan monumental abidənin yerləşdirilməsi
üçün yer seçimi olduqca uğurlu və diqqətəlayiqdir.
Şəmsi
Bədəlbəyli küçəsi, 98 ünvanında,
Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının əsas girişinin - ön
qapısının qarşısındakı meydançada
qoyulan monumental abidənin təntənəli
açılışı 1960-cı il aprelin 30-da
keçirildi. Dövrün qaydalarına
uyğun olaraq heykəlin açılış mərasimində
səlahiyyətli dövlət nümayəndələrindən
biri - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
katibi N.Hacıyev iştirak etdi. Tədbiri
giriş sözü ilə Azərbaycan SSR-in mədəniyyət
naiziri A.Bayramov açdı. Sonra söz Azərbaycan
Bəstəkarlar İttifaqının sədri, SSRİ xalq
artisti Qara Qarayevə verildi. Mərasimdə SSRİ xalq
artistləri Bülbül və Niyazi, respublikanın xalq
yazıçısı Süleyman Rəhimov, “Leninneft”in 8-ci mədəninin
rəisi, Sosialist Əməyi Qəhrəmanı Musa Bayramov,
professor K.Səfərəliyeva çıxış etdilər,
şair Əliağa Kürçaylı bəstəkara ithaf
etdiyi şeiri oxudu.
Heykəlin memar Q.Muxtarov tərəfindən hazırlanan
postamenti də uğurlu oldu. Memar abidənin
ucaldıldığı meydançaya küçədən
girişdə və akademiyaya tərəf
çıxışda iki geniş daş pilləkən
yaratdı. Bu da əsərə müxtəlif istiqamətlərdən
tamaşa etmək imkanı verdi. Abidənin yerləşdiyi meydança, ona birləşən
ərazi burada tədbirlər keçirməyə, konsertlərdə
orkestr meydançası kimi istifadə etməyə şərait
yaradır.
...Əlli
səkkiz ildir Azərbaycanın ali musiqi məktəbinin
qarşısında öz kreslosunda “əyləşən”
Üzeyir Hacıbəylinin monumental abidəsi Azərbaycan
xalqının dahi övladının xatirəsinə
ehtiramın təcəssümüdür. Heykəltəraş
Tokay Məmmədovun qranit postament üzərində tuncdan
yaratdığı monumental heykəl əsər kimi də Azərbaycan
heykəltəraşlığının ən uğurlu
nümunələrindəndir.
“Üzeyir Hacıbəyov” paytaxta yaraşıq verən
abidələrimizdən biridir. Bakı Musiqi
Akademiyasının binasının altısütunlu
eyvanının fonunda bu abidə olduqca təsirli, gözəl
mənzərə yaradır.
“Altmış
yaşlı” Mikayıl Müşfiq...
Nə qədər
qəribə də olsa, sovet hökuməti ictimai-siyasi
düşüncəsinə, əqidəsinə görə
zindanlara atdığı, “xalq düşməni” adı ilə
sürgünlərdə əzablara məruz qoyduğu, kimilərini
15 dəqiqə davam edən məhkəmələrinin
hökmü ilə güllələdiyi şəxsiyyətlərin
əksəriyyətinə 1956-cı ildə bəraət
verdi. Sonralar onların bəzilərinə hətta
heykəl də qoydu. Mikayıl Müşfiqi də gənc
yaşında həyatdan qoparan sovet hakimiyyəti 1968-ci ildə
60 illiyini qeyd etməyə hazırlaşırdı...
Şairin heykəli üzərində işə də
heykəltəraş Münəvvər Rzayeva və memar Şəfiqə
Rzayeva həmin vaxtlarda, şairin altmış illik yubileyi ərəfəsində
başladılar. O günləri sonralar Münəvvər Rzayeva belə
xatırlayırdı: “Qarşımda Müşfiqin şəxsiyyətini
psixoloji olaraq heykəldə açmaq kimi məsuliyyətli
bir vəzifə dururdu. Müşfiqi şəxsən
tanımaq qismətim olmadığından yalnız fotosənədlər
və onu şəxsən tanımış insanların xatirələri
mənə kömək etdi. Bu işdə
mənə Müşfiqin xanımı Dilbər Axundzadə,
həmçinin onu yaxından tanımış Rəsul Rza,
Əkrəm Cəfər və başqaları kömək
etdilər”.
Abidənin açılış mərasimi 1970-ci ilin 9 iyununda
keçirildi.
Tədbirdə xalq yazıçısı Mirzə
İbrahimov, Mikayıl Müşfiq irsinin tədqiqatçısı
Gülhüseyn Hüseynoğlu çıxış etdilər.
Xalq şairləri Rəsul Rza və Süleyman
Rüstəm, şairlər Hikmət Ziya, Məmməd
İbrahim və Ələkbər Ziyatay Müşfiqə həsr
etdikləri şeirləri oxudular.
Bakı şəhərinin Yasamal rayonunda,
İnşaatçılar prospekti və Nəriman Nərimanov
küçələrinin kəsişməsində yerləşən
heykəlin hündürlüyü 1.5 metr, postamentlə birikdə
hündürlüyü isə 3.2 metrdir. Əvvəlcə
abidə daha sadə postamentə malik idi. Sonradan yenidənqurma
işləri zamanı abidənin postamenti dəyişdirildi, bədii
və memarlıq baxımından daha maraqlı olan pilləli
və stella-pyedestal formalı postament yaradıldı. Postament
güzgü kimi cilalanmış çəhrayı qranitlə
üzləndi. Horizontal postamentin hündürlüyü 60 sm-dir.
Müasir pyedestalın hündürlüyü 1.53 metr, eni 1.02
metrdir. Pyedestal üzərində qızılı hərflərlə
şairin adı yazıldı.
Heykəltəraş
bədii vasitələrdən istifadə edərək
böyük inandırıcılıqla Müşfiqin daxili
dünyasını göstərməyə müvəffəq
ola bildi. Şairin
lirikasında xüsusi emosionallıq, romantizm var. Abidəsində
bu, dolğun ifadəsini tapdı. Ömrü
təlatümlər içərisində keçən
şairin dərin fikirlər içərisində olması
heykəltəraşın təsvirində də əksini
tapıb. Onun düşüncəli
siması, intizarlı baxışları, sanki kitabı sinəsinə
sıxan əli tamaşaçılara güclü təsir
bağışlayır.
Mikayıl Müşfiq 1935-ci ildə, repressiya
tufanının soyuq nəfəsi getdikcə
yaxınlaşdığı zamanda yazdığı “Həyat
sevgisi” adlı şeirində qəlbinin nigaran
duyğularını dilə gətirirdi. Bu dünyadan nakam getmiş
gənc şair elə bil daşlaşmış
baxışları ilə yenə də
dalğın-dalğın yazdıqlarını
pıçıldayır:
Ah, mən
gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə
çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2018.- 15 avqust.- S.5.