Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
2018-ci ilin dekabr ayında Azərbaycanın görkəmli opera müğənnisi, xalq artisti Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illiyi tamam olur.
Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaratmış, uzun illər ərzində aparıcı partiyalardakı yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazmışdır. Gənc opera solistlərinin hazırlanmasında onun təqdirəlayiq xidmətləri vardır. Yüksək səhnə mədəniyyətinə malik sənətkar muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi musiqisevərlərin qəlbində dərin izlər buraxmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan opera sənətinin inkişafına dəyərli töhfələr vermiş görkəmli müğənni Gülxar Həsənovanın 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xalq artisti Gülxar Həsənovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 avqust
2018-ci il
Azərbaycan.- 2018.- 16 avqust.- S.1.