İşləyənə iş
var, qurub-yaradana meydan
Ölkə əhalisinin məşğulluq probleminin həlli Azərbaycan dövlətinin ən çox önəm verdiyi məsələlərdən biri olaraq qalır. Hər il minlərlə iş yeri açılır, insanlar iqtisadiyyatın bütün sahələrində, istər dövlət, istərsə də özəl sektorda işlə təmin olunurlar. Lakin əhalinin ildən-ilə artması, bəzi iş yerlərinin hər hansı səbəblərdənsə bağlanması məşğulluq məsələsinin daim gündəmdə olmasını tələb edir.
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələ barədə yenə də ətraflı bəhs edilmişdir. Prezident İlham Əliyev iclasdakı nitqində demişdir: “Əlbəttə ki, ağır vəziyyətdə yaşayan, hələ də işsiz olan vətəndaşlar üçün biz geniş şərait yaratmalıyıq. Azərbaycanda iş yerlərinin yaradılması prosesi daim aparılmalıdır... 58 min yeni daimi iş yeri açılmışdır. Ancaq eyni zamanda, 20 mindən çox iş yeri bağlanmışdır. Əgər bu rəqəmlərə baxsaq, görərik ki, yenə də dinamika müsbətdir. Ancaq bağlanmış iş yerlərinin təhlili aparılmalıdır. Hansı səbəblərə görə bu iş yerləri bağlanıb və o iş yerlərini itirən vətəndaşlar hansı işlərlə təmin olunub və olunubmu, yoxsa yox?”
Göründüyü kimi, əhalinin işlə təminatı sahəsində baş verən proseslər daim dövlətin diqqət mərkəzindədir. Bu məsələ nəzarətdə saxlanılır və onun uğurlu həlli üçün mütəmadi şəkildə addımlar atılır.
Əhalinin məşğulluq məsələsi daim gündəmdədir
Dövlət Statistika Komitəsinin məlumatına görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş Üçüncü dövlət proqramının icrasına başlandığı 1 yanvar 2014-cü ildən bu ilin əvvəlinədək ölkədə 530,4 mini daimi olmaqla 721,2 min yeni iş yeri açılıb. Keçən il isə ümumilikdə 281,4 min yeni iş yeri açılıb ki, bunların da 179,3 mini daimidir.
Yeni iş yerləri ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edir. Yeni yaradılan müəssisələrdə, xidmət sahəsində çoxsaylı iş yerləri açılır. Əhalinin böyük bir hissəsi özünü- məşğulluq problemini sahibkarların, hüquqi və fiziki şəxslərin yaratdıqları iş yerlərində həll edir.
İnşaat sektorundakı canlanma da iş yerlərinin yaradılması deməkdir. Məsələn, hazırda Bakıda onlarca hündürmərtəbəli ev tikilir və burada minlərlə yeni iş yerləri yaradılır. Eləcə də köhnə binaların sökülməsi və yerində təzələrinin tikilməsi ilə çoxlu iş yerləri açılır.
Paytaxtda, ölkənin digər iri şəhərlərində və bölgələrində açılan yeni sənaye parklarında və məhəllələrində, ayrı-ayrı sahələri əhatə edən müəssisələrdə yüzlərlə insan özünə iş yeri tapır.
Aqrar sektorda bir sıra unudulmuş, tənəzzülə uğramış sahələrin dirçəldilməsi, onlara keçmiş şöhrətinin qaytarılması isə kənd sakinlərinə çoxsaylı yeni iş yerləri bəxş edib. Pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq və digər sahələrdə indi böyük sayda insanlar çalışır.
Qeyd edək ki, hər il ölkədə daimi iş yerləri ilə bərabər, çoxlu sayda mövsümi iş yerləri də açılır. Bunların çoxu kənd təsərrüfatı, turizm, tikinti və digər sahələrin payına düşür. Mövsümi iş yerlərinin açılması da az əhəmiyyətli məsələ deyil. Çünki bu işlərdə çalışan vətəndaşlar bəzən bir neçə ayda xeyli gəlir əldə edir, ilin digər aylarında isə başqa bir işlə məşğul olmaq imkanı qazanırlar. Məsələn, yayda turistlərin çox gəldiyi bölgələrin sakinləri bu dövrdə yaşayış yerlərindəki istirahət mərkəzlərində mövsümi işlərdə çalışırlar. Kişilər təsərrüfat, təchizat məsələləri ilə, qadınlar mətbəx, səliqə-sahman, təmizlik işləri ilə məşğul olurlar. Qax və Xaçmaz rayonlarında istirahət edərkən bu bölgələrin sakinlərinin özlərindən eşitmişik ki, onlar turizm mövsümündə adi bir idarədə il ərzində alacaqları maaş qədər qazanc əldə edirlər.
Deməli, əgər kimsə əlini əlinin üstünə qoyub oturursa və dolanışıqdan şikayətlidirsə, şair demişkən: “...günah onun özündədir”.
Yetər ki, işləmək istəyəsən...
İstər kənddə, istərsə də şəhərdə işləmək istəyi olan kəs heç vaxt işsiz qalmaz. Və elə bir insan yoxdur ki, onun hansısa sahədə qabiliyyəti, bacarığı olmasın, əlindən bir iş gəlməsin.
Təxminən 10 il
əvvəl Bakının “Şamaxı yolu”
deyilən ərazisindən keçən marşrut
avtobuslarında bir qız görünməyə
başladı. O vaxt 10-12 yaşı
olardı. Bu balaca,
arıq qız yalvarıcı səslə sərnişinlərdən
pul istəyirdi. Deyirdi ki, sizə qurban olum, kömək edin, anam ağır
xəstədir...
Bu qızcığaz həmin
avtobuslarda böyüdü. Hər gün diləndi, amma vəziyyət dəyişmədi - anası
“xəstə” olaraq qaldı...
Təxminən bir il
əvvəl həmin qız avtobuslarda tamamilə başqa bir qiyafədə göründü. Bu yaxınlarda isə avtobusa qucağında qundaqla mindi. Bu dəfə körpəsi
“xəstə” olduğu
üçün pul istəyirdi.
Əvvəlki illərdə bir neçə dəfə qadın sərnişinlər
bu gənc qıza düz yol göstərməyə
çalışdılar. Dedilər
ki, sənə uyğun o qədər iş yeri, iş
var ki, get işlə, zəhmətlə
dolan. Qız isə qətiyyətlə
“heç yerdə iş yoxdur” deyib tutduğu yoldan çəkinmədi...
(Nə yaxşı ki, indi Bakının
küçələrində adını dilənçi
qoyub tüfeyli həyat sürənlər
çox azdır,
15-20 il bundan
əvvəlkinə nisbətən
demək olar ki, tək-təkdir).
Paytaxt sakini Təranə xanım belələrinin dediklərinin
öz yanlış hərəkətlərini pərdələmək
üçün bəhanə
olduğunu söyləyir. Təranənin özü şəhərdəki
idarələrin birində
xadimə işləyir.
İşindən utanmır, əksinə,
çalışdığı kollektivdən qürur duyur. İş yoldaşları da
ona əməksevər,
əli-əməli təmiz
olduğu üçün
hörmət bəsləyirlər.
Təranənin həm də yaxşı əl qabiliyyəti var. Yaz aylarında şəhər
ətrafındakı ata-babadan
qalan bağlarından
üzüm yarpaqlarını
dərib qışa tədarük edir. Onun hazırladığı
bu məhsulun daimi alıcıları
var.
Nənəsindən isə Təranəyə toxumaq bacarığı ərməğan qalıb. Yun saplardan
əlcək, şərf,
pulover, qadın və uşaq papaqları toxuyur. O,
bu qabiliyyətindən
də bəhrələnir.
Ailəni dolandırmaqda həyat
yoldaşına yaxından
kömək edir.
Hazırda onların hər
iki övladı Bakının nüfuzlu universitetlərində təhsil
alır. Ailənin dolanışıqla
bağlı heç bir çətinliyi yoxdur.
Gədəbəyin ucqar kəndində yaşayan Gülnisə xanım da bu
əqidəli bir insandır. Bakıya gələndə, yaxud toyda-nişanda onu şəhərli qadınlardan seçmək
olmur. Qarderobunda dəbdə olan
paltarlardan bahalı şubayadək hər cür geyimi var. Gülnisəni tanımayanlar
onun məşhur bir firmanın işçisi, yüksək
maaşlı vəzifə
sahibi, yaxud imkanlı kişinin həyat yoldaşı olduğunu güman edirlər. Əslində isə Gülnisə
zəhmətkeş bir
qadındır, dünyasını
dəyişmiş həyat
yoldaşı da torpağa, əməyə
bağlı insan olub. Hələ gənc yaşlarından
Gülnisənin bir əli böyütdüyü
dörd övladının
saçını tumarlayanda,
o biri əli geniş həyətyanı
sahəsindəki ağaclara,
bitkilərə, güllərə
sığal çəkib.
Gülnisənin bağ-bostanında bitən
meyvə-tərəvəz növlərini
sadalamaqla qurtarmaz. Ən çox
da kələm, çuğundur, yerkökü,
cürbəcür göyərti
yetişdirir. Dağların havası və suyu ilə ərsəyə
gələn bağının
alma-armud barının
nə dadından, nə də ətrindən doymaq olur. Təsərrüfatçı
xanımın həmin
meyvə və tərəvəzləri bu
payızdan o payıza
zirzəmidə təzə-tər
saxlamaq, eləcə də onlardan mürəbbə, kompot, tutma hazırlamaq “sirləri” - səriştəsi
var. Övladları ilə
əl-ələ verib
çalışan Gülnisə
xanım böyük ailəsinin bu təamlara olan tələbatını ödəyir,
məhsulun qalan hissəsini satışa verir, üstəlik, rayon mərkəzində və
paytaxtda yaşayan qohum-əqrəbasına da
pay göndərir.
Bu kəndli xanım yalnız orta təhsil almış olsa da, ucqar dağların qoynunda mütaliəsindən də qalmır. Artıq internetdən istifadə etməyi də öyrənib. İş tapmadığını bəhanə gətirib tənbəllik edən adamları görəndə isə nədənsə gülür (bu, təbii ki, gülüşün kinayəli forması, yaxud acı gülüşdür). Qohumlarından biri bir dəfə Gülnisəyə istehza ilə deyib: “Nə xəbərdir, bu qədər işləyirsən, nökər deyilsən ki?!..”
Gülnisə həm də obrazlı danışır. Cavab verib ki, nökər kimi işləyir və bəy kimi yaşayıram...
Dövlətimiz özünüməşğulluğu genişləndirmək barədə tədbirləri sürətləndirməyə qərar verəndə məhz bu cür vətəndaşların istəyini, qabiliyyətini nəzərə alır və potensiallarından istifadə edərək həm onların dolanışıqlarını yaxşılaşdırmaq, həm də iqtisadiyyatın inkişafına dəstək olacaq bir vacib tədbirə imza atır.
Özünüməşğulluq işlə təminatın yollarından biridir
Özünüməşğulluğun geniş vüsət almasının əhalinin işlə təminatı məsələsinin həllinə böyük köməyi olacaq. Artıq bu sahədə ilk addımlar atılıb. Doğrudur, dövlət həmişə çətin vəziyyətdə yaşayan vətəndaşlara qayğı və diqqət göstərir. Ünvanlı sosial yardım proqramlarının icra edilməsi buna əyani misaldır. Lakin dövlət həm də maddi çətinliyi olan hər bir ailənin öz ehtiyaclarını ödəmək üçün imkanlarının yaranmasına çalışır. Odur ki, dövlət orqanları, yerli icra orqanları və özəl qurumların bu istiqamətdə layihələr həyata keçirmələri qarşıya məqsəd kimi qoyulub. Prezident İlham Əliyev hələ keçən ilin aprel ayında - Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Biz tədricən özünüməşğulluq sisteminə keçməliyik. Bu, vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcəsi olacaq. Sadəcə, biz onlara kömək etməliyik. Kənd yerlərində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər”.
Qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında özünüməşğulluğun inkişafı üçün geniş imkanlar var. Bütün istiqamətlərdə aqrar sahənin qarşısında yeni üfüqlər açılıb. Həqiqətən də kənd yerlərində bir çox insanlar ailələri ilə birlikdə heyvandarlıqla, arıçılıqla, bağçılıqla, tərəvəzçiliklə məşğul olurlar. Dövlətin onlara maddi dəstək göstərməsi çox yerinə düşür. Başqa sözlə, özünüməşğulluğa diqqətin artırılması bu insanlara öz fəaliyyətlərini genişləndirmək üçün münasib şərait yaradır.
Prezident İlham Əliyev dolanışığını özünüməşğulluqla təmin edən insanlara ilk mərhələdə dövlətin kömək göstərəcəyini bəyan etmişdir. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı yenidən bu məsələyə qayıdaraq demişdir: “Bizim özünüməşğulluq proqramına böyük ümidimiz var. Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişindən çəkindirəcək. Özünüməşğulluq proqramını icra etmək üçün indi kifayət qədər vəsait var. Hesab edirəm ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər”.
Qeyd edək ki, bu il iyulun 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 108 min 900 nəfər olub. Onlardan 4 milyon 856 min 500 nəfərini məşğul əhali təşkil edib. Məşğulluq xidməti orqanları tərəfindən rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,6 min nəfər olub. Bu insanların bir çoxu özünüməşğulluq proqramından bəhrələnə bilər və söz yox ki, bəhrələnəcəklər.
Flora
SADIQLI
Azərbaycan.- 2018.- 16 avqust.- S.1;3.