Xəzərin hüquqi
konvensiyasının qəbulu Azərbaycanın xarici siyasətinin uğurudur
Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı bütün iştirakçı ölkələr, o cümlədən də Azərbaycan üçün mühüm uğurlarla yadda qaldı. Burada Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması Xəzəryanı ölkələrin möhtəşəm nailiyyəti kimi tarixə həkk olundu. Xatırlatmaq yerinə düşərdi ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildən konkret sənəd üzərində iş gedir. Bu fonda Aktau sammitinin baş tutması və konvensiyanın imzalanması uzun diplomatik işin nəticəsidir və bu, Azərbaycan da daxil olmaqla bütün sahilyanı ölkələr üçün müsbət nəticələr vəd edir.
Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir: “Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Konvensiya imzalanana qədər də bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz kimi Xəzər təhlükəsizlik, sabitlik dənizi və Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır. Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız konvensiya ilə müəyyən olunur. Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır”.
Siyasi təhlilçilər də vurğulayırlar ki, əgər Azərbaycanın İran, Rusiya, Qazaxıstan, Türkmənistanla ikitərəfli münasibətləri belə yüksək səviyyədə olmasaydı, haqqında bəhs edilən konvensiyanın imzalanması mümkünsüz olardı.
Yəni, bu sənəd ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətdə ikitərəfli münasibətlər formatına prioritet istiqamət kimi yanaşmasının məntiqi nəticəsi kimi dəyərləndirilə bilər. Bununla yanaşı, o da xüsusi qeyd olunmalıdır ki, Xəzərin hüquqi statusu üzrə Konvensiyanın imzalanması Xəzəryanı dövlətlərin qarşılıqlı etimad səviyyəsini artırır və birgə layihələrin həyata keçirilməsi üçün stimul verir.
Hesab edilir ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionun investisiya cəlbediciliyini artıracaq, iqtisadi aktivliyə yardım edəcək, humanitar sferada, təhsil, mədəniyyət və ölkəmizin regionları arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlığı təşviq edəcək. Bu mənada ki, Xəzər “beşliyi” arasında dialoqun özü çox müsbət addımdır.
Daha bir vacib nüans budur ki, imzalanmış konvensiya Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, nəqliyyat, ekologiya və bütövlükdə regionda sülh və təhlükəsizlik məsələlərini özündə ehtiva edir. Başqa sözlə deyilsə, bu tarixi razılaşma Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Prezident İlham Əliyevin də dediyi kimi, imzalanmış konvensiya sahilyanı dövlətlər qarşısında yeni perspektivlər açır: “Biz əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir. Bütün Azərbaycan xalqı adından gələcəkdə ölkələrimizin hamısının uğurlu inkişafında böyük rol oynayacaq bu mühüm sənədi, nəhayət, imzaladığımız üçün böyük məmnunluğumu ifadə etmək istərdim”.
Həqiqqətən də konvensiya sahilyanı ölkələr üçün yeni perspektivlər açır. Məsələn, ABŞ-ın “Energy İnformation Administration” təşkilatının təqribi hesablamalarına görə, Xəzərin neft və qazla zəngin təkində 6.5 milyard ton təsdiq edilmiş və ehtimal olunan neft və neft ekvivalentində qaz ehtiyatları mövcuddur. Proqnozlaşdırılan ehtiyatlar isə bundan 1.5 dəfə çoxdur. İndiki qiymətlərlə bu ehtiyatların dəyəri 8 trilyon dollardır. İndiyə qədər hər bir Xəzəryanı ölkə istənilən formada bölgüdə mübahisə yaratmayacaq yataqlarda problemsiz fəaliyyətlərini həyata keçiriblər. Ancaq sərhəd bölgələrdə perspektiv yataqlar ciddi mübahisələrə səbəb olub və hətta bəzi hallarda münaqişə təhlükələri yaradıb. Lakin konvensiyanın imzalanması ilə vəziyyət dəyişir.
Digər tərəfdən, konvensiya Transxəzər boru kəmərinin reallaşmasını da artıq mümkün hala gətirir. İndiyə qədər tənzimlənməyən Xəzərin statusu Türkmənistan-Azərbaycan arasında sualtı Transxəzər boru kəmərinin reallaşmasına da mane olurdu. Konvensiyaya görə, artıq bu layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcəklər, ekoloji standartlar nəzərə alınmaqla belə layihələr qonşu ölkələr arasında reallaşa bilər.
Doğrudur, konvensiyaya əlavə edilən ekoloji razılığın alınması qaydaları bütün 5 ölkənin belə layihələr üçün razılığı tələb olunur. Bu razılığın əldə edilməsi isə yeni əməkdaşlıq şəraitində problemsiz hal sayılır. Bakı-Tbilisi-Qars dəmir yolunun dəniz davamı olan Xəzər dənizində tranzit nəqliyyat imkanlarının artması Azərbaycanın əlavə iqtisadi maraqlarının təmin olunması anlamına gəlir.
Bütün bunlar Azərbaycanın mövqeyini daha da gücləndirəcək. Bu, bir daha onu göstərdi ki, cənab İlham Əliyevin siyasi iradəsi, onun apardığı mehriban qonşuluq siyasəti praktiki nəticələrini verir. Azərbaycan getdikcə daha böyük uğurlara imza atır.
Elçin CƏFƏROV
Azərbaycan.- 2018.- 16 avqust.- S.1-2.