Su təminatının
yaxşılaşdırılması mühüm
əhəmiyyət kəsb edir
Bu, eyni zamanda, aqrar sektorda məhsul istehsalını
stimullaşdırır
Son dövrlər aqrar sektorda aparılan islahatlar, onun maliyyə və texniki təminatının yüksəldilməsi sayəsində məhsuldarlıq ildən-ilə artır. Elə məhsullar var ki, onların istehsal həcmi dəfələrlə artıb. Pambıq, fındıq, barama, xurma, tütün və digər məhsulları buna misal göstərmək olar. Bu məhsullar ölkənin daxili tələbatını ödəməklə yanaşı, ixracatda da kənd təsərrüfatı məhsullarının çəkisini artırır.
Məhsul istehsalını stimullaşdıran əsas amillərdən biri su ilə təminatdır. Məlumdur ki, Azərbaycanda su ehtiyatları məhduddur. Buna görə də suvarma suyundan çox istifadə etmək üçün onun ehtiyat mənbələrini yaratmalı, eyni zamanda, sudan qənaətlə istifadə etməyə diqqət yetirməliyik.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əkin sahələrinin suvarılmasının əhəmiyyətini vurğulayaraq demişdir: “Suvarma ilə bağlı qarşımıza qoyduğumuz rəqəm, hesab edirəm ki, təmin olunacaq, 100 min hektar yeni torpaqlara su veriləcək və 300 subartezian quyusunun qazılması nəzərdə tutulub. Burada artıq deyildi ki, onlardan 175-i istifadəyə verilib... Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini, nəhayət ki, tətbiq etməliyik”.
Görülən işlər nəticəsində iqtisadiyyat və sosial sahədə infrastrukturun inkişafı yüksək səviyyəyə çatıb. Bu, meliorasiya və su təsərrüfatı sahəsinə də aiddir. Belə ki, ötən dövr ərzində həmin sahəyə əsaslı kapital qoyuluşunun həyata keçirilməsi nəticəsində onun maddi-texniki bazası yaxşılaşıb, minlərlə kilometr suvarma kanalları və kollektor-drenaj şəbəkələri bərpa edilib, yenidən qurulub. Bunlarla yanaşı, əhalinin içməli və suvarma suyu ilə təmin edilməsi üçün son 15 ildə 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi və ixracda kənd təsərrüfatı məhsullarının çəkisinin artırılması üçün aqrar sektorda yeni əkin sahələri dövriyyəyə daxil edilir. Həmin ərazilərin su təminatını yaratmaq üçün geniş meliorativ tədbirlər görülür. Onlardan biri ölkəmizin su təhlükəsizliyinin təminatında mühüm rol oynayan Taxtakörpü və Şəmkirçay kimi iri su anbarlarının tikilməsidir. Ölkədə bir neçə orta və kiçik həcmli su anbarı da istismara verilib.
Qeyd edildiyi kimi, Azərbaycanın su ehtiyatları ərazisinə görə məhduddur. Bunun üçün də ölkənin su təhlükəsizliyi strateji əhəmiyyət kəsb edir. Su çatışmazlığını aradan qaldırmaq üçün həyata keçirilən irimiqyaslı layihələr ölkədə su təhlükəsizliyi təminatının qarantıdır. Bu da öz növbəsində ölkəmizin ərzaq təhlükəsizliyinə zəmanət verən başlıca amildir. Taxtakörpü və Şəmkirçay kimi iri su anbarlarında bugünə kimi 3 milyard kubmetrə yaxın toplanan su müxtəlif məqsədlər üçün istifadəçilərin ixtiyarına verilib.
Taxtakörpü su anbarı zonasında Xızı, Siyəzən və Şabran rayonlarında suvarma suyu ilə təmin edilən 22 min hektar yeni suvarılacaq torpaqlar aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilib. Bu il Şabran rayonunda 12 min hektar torpaq sahəsində meliorativ işlər başa çatdırılır. “Şabran Aqroparkı”na məxsus 1738 hektar torpaq sahəsinin su təminatı yaxşılaşır. Xızı rayonunda 436 hektar sahədə salınan zeytun və badam bağlarının suvarma suyu ilə təmin edilməsi problemi aradan qalxır.
Şəmkirçay su anbarının tikintisi ölkəmizin qərb bölgəsində əkin sahələrinin suvarma və əhalinin içməli su təminatında mühüm rol oynayır. Həmin su anbarı istifadəyə verildikdən sonra min hektarlarla əkin sahəsi su ilə təmin edilib. Goranboy və Samux rayonları ərazisində yaradılan aqroparklara məxsus torpaq sahələrinə suvarma suyunun verilməsi üçün boru kəmərlərinin və su hovuzunun tikintisi də başa çatdırılıb.
Məlumdur ki, Kür çayı Azərbaycanın əsas içməli və suvarma su mənbəyidir. Son dövrlər əhalini təmiz içməli su ilə təmin etmək üçün çay boyu sutəmizləyici qurğular quraşdırılıb. Bunun da sayəsində həmin bölgədə yaşayan əhalinin içməli suya olan tələbatı ödənilir. Eyni zamanda, həmin regionda yerləşən əkin sahələrinin suvarma suyu ilə təminatının çox hissəsi bu çayın üzərinə düşür. Sabirabad rayonunda 16851 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması və yeni suvarılacaq torpaq sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə “H” kanalının və nasos stansiyasının tikintisi tamamlanıb. Biləsuvar rayonundakı 1600 hektar yeni torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi layihəsi uğurla icra edilərək başa çatdırılıb. Həmçinin Neftçalada magistral kanalın son 11 kilomterlik hissəsinin tikintisi başa çatdırılıb, onun hidromexaniki avadanlıqlarla təmin edilməsi işləri davam etdirilir.
Araz çayı Kürdən sonra Azərbaycanın ərazisi ilə axan ikinci böyük çaydır. Bu çayın suyundan Naxçıvan və ölkənin cənub hissəsində daha çox istifadə olunur. Araz çayının suyundan həm içməli, həm də suvarma suyu kimi istifadə edilir. Ötən il Araz çayının 54 kilometr uzunluqda yeni qolunu torpaq məcrada inşa etməklə Saatlı, Biləsuvar və İmişli rayonlarında 40 min hektar yeni suvarılacaq torpaq sahələri üçün su mənbələri yaradılıb. Bununla yanaşı, cari ildə həmin kanalı beton üzlüyə almaqla bu rayonlarda əlavə 13 min hektar torpaqdan səmərəli istifadə etmək mümkün olacaq.
Ölkəmizin paytaxtının yerləşdiyi yarımada əvvəllər sənayenin üstünlük təşkil etdiyi ərazi sayılırdı. İndi Abşeron yarımadası həmçinin kənd təsərrüfatı məhsullarının istehsal edildiyi mühüm əraziyə çevrilir. Bu məqsədlə yarımadada zeytun, badam və digər kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üçün Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilir. Bununla yanaşı, Xəzər və Pirallahı rayonlarının ərazisində yaradılan aqroparklara məxsus 4 min hektar sahənin birinci mərhələdə 750 hektarı suvarma suyu ilə təmin edilib, 1226 hektar sahənin su təminatı üçün nasos stansiyalarının, boru kəmərlərinin və su hovuzlarının tikintisi davam etdirilir.
Şimal bölgəsində isə fındıq və qoz bağlarının əkin sahələri genişləndirilir. Yeni bağların salınması nəticəsində bu məhsulların istehsalı bir neçə dəfə artıb. Qeyd edək ki, fındıq və qoz ölkəyə valyuta gətirən əsas məhsullardandır. Bu məqsədlə Şəki və Oğuz rayonları ərazisində yaradılan aqroparklarda qoz-fındıq bağları salınacaq 12 min hektar torpaq sahələrinin suvarma suyu ilə təmin olunması işləri davam etdirilir.
Aqrar sektorda məhsul istehsalında su təminatı mühüm yer tutur. Əbəs yerə deməyiblər ki, su həyatdır. Susuz insanın yaşaması, inkişaf mümkün deyil. Su ehtiyatı məhdud olan ölkələr bu sahəyə xüsusi önəm verməlidirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən meliorativ tədbirlər də bu məqsədə xidmət edir. Qeyd edildiyi kimi, ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün iri, orta və xırda tutumlu su anbarları yaradılır. Bunun sayəsində əhalinin içməli, əkin sahələrinin suvarma suyuna tələbatı ildən-ilə daha dolğun ödənilir. Bu, ölkəmizin ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, ixrac imkanlarını da genişləndirir.
Rüstəm KAMAL
Azərbaycan.- 2018.- 16 avqust.- S.3.