Viləş çayının sahilində park salınır

 

 

 

 

Mənbəyini Talış silsiləsinin Quludağ zirvəsindən götürən, ərazinin ən uzun çayı olan Viləş dağların, yarğanların arası ilə gah gur, gah da sakit axaraq neçə-neçə el-obanı, yaşayış yerlərini arxada qoyub Masallı rayonunda Xəzərə qovuşur. Bu yerlərin əhalisi üçün Viləş həmişə həyat çeşməsi, bolluq rəmzi olmuşdur. Adamlar onun suyunu içməklə yanaşı, öz təsərrüfatlarını, bağ-bağatlarını sulamış, gün-güzəranlarını qurmuşlar.

Masallı şəhərini ikiyə bölüb keçən bu çayın hər iki sahili diqqətdən kənarda qaldığından uzun müddət mal-qara üçün örüş olmuşdur. Bu isə şəhərin görkəminə xələl gətirirdi. Rayon mərkəzindəki körpünün üstündən keçib Qəriblər qəsəbəsində yerləşən məşhur İstisu müalicə ocağına, buradakı digər istirahət mərkəzlərinə, habelə məşhur Yardımlı şəlaləsinə gedən hər kəsdə bu mənzərə təəssüf hissi yaradırdı.

Rafil Hüseynov bir neçə il bundan əvvəl Masallı rayonuna rəhbər təyin olunanda Viləşin sahilindəki xoşagəlməz mənzərə onun da gözündən yayınmadı. O, şəhərin ümumi görüntüsünə qüsur yaradan bu yerdə park-bulvar salmağın mümkün olub-olmadığını düşündü, dönə-dönə götür-qoy etdi. Bununla əlaqədar müvafiq təşkilatlara öz fikrini bildirdi, məsələnin həlli ilə bağlı lazımi kömək göstərilməsi üçün çalışdı.

Çox çəkmədi ki, layihə hazırlandı, çayın hər iki sahilində ölçü-biçi işləri aparılıb tikinti işlərinə başlanıldı. Artıq hər iki sahildə dəmir-beton məmulatından uzunluğu 750 metr olan bənd qaldırılmış, kənar tərəflərinə müvafiq hasar çəkilmiş, ornamentli plitələrlə gəzinti yeri salınmış, çox sayda müxtəlif bəzək ağacları, gül kolları əkilmişdir.

Park-bulvarda şəhər əhalisinin asudə vaxtının səmərəli keçməsi üçün ticarət, ictimai-iaşə obyektləri fəaliyyət göstərəcəkdir. Uşaqlar üçün yaradılacaq əyləncə mərkəzləri hər cür avadanlıqla təchiz ediləcək. İşıqlandırma sistemi axşam saatlarında Viləş sularında bərq vuraraq park-bulvara xüsusi gözəllik verəcəkdir. Burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün guşə yaradılması da unudulmamışdır. Hazırda tikintidə davam edir.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2018.- 16 avqust.- S.4.