Könül nəğmələri...
Qədim, gözəl Dərbənd şəhərində yüz il qabaq - 1918-ci ilin iyununda dünyaya gəldi. Yurda sevgini, təbiətin gözəlliklərinə məftunluğu Hacı Xanməmmədova bu şəhər öyrətdi. Bir də ömür yoluna uşaqlıq illərindən musiqimizin ecazkar sədaları qoşuldu və onu heç zaman tərk etmədi...
Ailələrində musiqiçi yox idi. Ancaq hər kəs musiqini çox sevirdi. Atası Dadaş vurğunu olduğu Azərbaycan xalq və aşıq mahnılarını, muğamlarını sazda ifa etməkdən zövq alırdı. Anası Abuheyət xanım isə yaxşı qarmon çalır və məlahətli səsi ilə sevdiyi Azərbaycan xalq mahnılarını oxuyurdu. Kiçik yaşlarından eşitdiyi bu musiqilər Hacı Xanməmmədovu valeh edirdi.
Məktəb illərində musiqi sənətinə sevgisi artdı. Hacı Xanmməmədov məktəbli ikən dərnəyə yazıldı. Barmaqları tarın simləri ilə “dil tapdıqca” ruhunu oxşayan, onu heyran edən musiqiləri daha məharətlə “dilləndirirdi”.
Sovet hakimiyyətinin repressiya qasırğası hələ qabaqdaydı. Ancaq hakimiyyətin gözünə düşmən kimi görünənlərin dincliyi, rahatlığı yox idi. Onun atasını, əmilərini də 1932-1933-cü illərdə həbs etdilər, bir müddət sonra isə Sibirə sürgünə yolladılar. O illərdə tar Hacı Xanməmmədovun həmdəmi, ümidini, sevincini, xəyallarını bölüşdüyü sirdaşı oldu.
Qonşuluqda çox savadlı, xeyirxah, mehriban bir qadın yaşayırdı. Onlara tez-tez gəlirdi. Bir gün Hacıya məsləhət verdi: “Bakıya get. Konservatoriyada Üzeyir bəy var. Çox yaxşı, xeyirxah adamdır. Ona müraciət elə. Sənə kömək eləyər”.
1933-cu ildə məktəbi bitirən Hacı Xanməmmədov anasından qatara bilet pulu aldı və Bakıya yola düşdü...
Soraqlaşıb konservatoriyanın binasını tapdı. Üzeyir bəyi xəbər aldı. İkinci mərtəbəni göstərdilər. Həyəcanla pilləkənləri qalxdı. Bəstəkarın iş otağının qapısını döydü. Qapını Üzeyir bəy özü açdı. Gəlişinin səbəbini soruşdu. Cavabı çoxdan hazır idi: “Mən tar çalıram, bura, konservatoriyaya daxil olmaq istəyirəm” - dedi. Sonra Üzeyir bəyin göstərdiyi yerdə əyləşdi. Tarda musiqilər ifa etməyə başladı. Üzeyir bəy razı qaldı. Soruşdu: “Harda qalırsan?”. Yavaşca dilləndi: “Üzeyir bəy, mən elə vağzaldan birbaşa bura, Sizi görməyə gəlmişəm...” Üzeyir Hacıbəyli konservatoriyanın yataqxana müdirini çağırıb ona yer verməsini tapşırdı.
Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsinə daxil oldu və Səid Rüstəmovun tar sinfində təhsil almağa başladı. O həm də dahi bəstəkar Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin, görkəmli tarzən, muğam dəsgahlarının peşəkar ifaçısı Mirzə Mənsurdan muğamın əsaslarını öyrəndi.
1930-cu illər Azərbaycan musiqi mədəniyyətinin çətinliklərlə də olsa, inkişaf etdiyi, zənginləşdiyi dövr idi. Üzeyir bəyin təəssübkeşliyi, qayğısı, tələbkarlığı və bütün SSRİ (Sovet Sosialist Respublikalar İttifaqı) miqyasında böyük hörmət, nüfuz sahibi olması musiqi sənətimizi yeni zirvələrə aparırdı. Həm xalq müsiqisinə söykənən, həm də dünya musiqisinin ən gözəl ənənələrini, yeniliklərini əks etdirən əsərlər yaranır, istedadlı bəstəkarlar yetişirdi... Hacı Xanməmmədov Bakıya belə bir zamanda gəldi. Bəxti gətirdi ki, çoxları kimi bu kasıb tələbənin himayədarı da Üzeyir bəy özü oldu. Peşəkar musiqiçi kimi yetişməsində Üzeyir Hacıbəyli böyük rol oynadı. Ömrünün sonunadək də ondan diqqətini, qayğısını əsirgəmədi. Hacı Xanməmmədov da öz böyük müəllimini, ustadını həmişə minnətdarlıqla yada saldı. Dahi bəstəkarla qarşılaşmasını həyatının uğuru, ən böyük xoşbəxtliyi hesab etdi.
1934-cü ildə Üzeyir Hacıbəyli rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosu nəzdindəki xalq çalğı alətləri orkestrinə Hacı Xanməmmədovu solist kimi qəbul etdi. 1937-cı ildə Üzeyir bəyin şah əsəri - “Koroğlu” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyuldu. Əsərin müəllifinin simfonik orkestrdə tar partiyasının ifası üçün dəvət etdiyi yeddi tarzəndən biri Hacı Xanməmmədov oldu.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirakçılar arasında o da var idi. Hacı həmin teatrla 1941-ci ildə İranda qastrolda oldu.
1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində “Xalq musiqisinin əsasları” şöbəsini açan Üzeyir Hacıbəyli ora Hacı Xanməmmədovu da cəlb etdi. Artıq Hacı yalnız tarzən kimi yox, həm də bəstəkar kimi tanınırdı. İlk mahnılarında xalq musiqisindən, muğam çalarlarından məharətlə istifadə edirdi. 1944-cu ildə Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə gənc bəstəkar kimi iştirak etdi. O, şair Zeynal Cabbarzadənin sözlərinə bəstələdiyi “Gözəl pəri” adlı mahnısını təqdim etdi. Mahnı ongünlükdə müvəffəqiyyət qazandı və tez bir zamanda məşhurlaşdı.
...Çətin vaxtlar idi. Böyük Vətən müharibəsi davam edirdi. Ölkənin hər yerində müharibənin gətirdiyi hicran havası, qəm-qüssə, ağrı-acı, yoxsulluq var idi. O ağır illərdə hər kəs öz işi ilə, əməyi ilə qələbə naminə çalışırdı. Şairlər, yazıçılar, bəstəkarlar da vətənpərvərliyi, qəhrəmanlığı təbliğ edən əsərlər yaradırdılar. Hacı Xanməmmədov da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərməklə yanaşı, döyüşçülərimizin rəşadətini vəsf edən mahnı və marşlar yazdı.
Təhsil illərində Hacı Xanməmmədov xor musiqisinə də maraq göstərdi. O, xor üçün əsərlər yazmağa başladı. Yaratdığı xor kollektivlərinin repertuarına Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, öz əsərlərini də daxil etdi.
Bəstəkarlıq peşəsinə daha dərindən yiyələnmək üçün 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə daxil oldu. Konservatoriyada o, əvvəl görkəmli pedaqoq Boris Zeydmanın, sonra isə Qara Qarayevin sinfində təhsil aldı.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijorluq fəaliyyəti onda tamaşalara maraq oyatdı. Hacı Xanməmmədov sonrakı illərdə - 1960-cı illərdə musiqi komediya janrında iki əsər yazdı. 1965-ci ildə “Bir dəqiqə” (librettosu Məhərrəm Əlizadənin), 1971-ci ildə isə “Bütün ərlər yaxşıdır” (librettosu Aleksandr Xaldeyevin) musiqili komediyaları Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnələşdirildi. “Bir dəqiqə” tamaşası 1965-ci ildə teatrın Moskvada qastrol səfəri zamanı Kremlin Qurultaylar Sarayında da göstərildi. Hər iki əsər müəllifinə uğur gətirdi.
Qara Qarayevin sinfində oxuduğu vaxtlarda o, simli kvartet, simfonik orkestr üçün “Üvertura”, “Neftçilər haqqında süita”, “Sülh uğrunda” kantatasını bəstələdi. Müəlliminin məsləhəti ilə diplom işi kimi yazdığı tar ilə simfonik orkestr üçün “Konsert” də Hacı Xanməmmədovun yaradıcılığında xüsusi yer tutdu. Həmin əsər - I nömrəli Konsert dövlət imtahan komissiyası tərəfindən bəyənildi. “Konsert” ilk dəfə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səsləndirildi. Qara Qarayev öz yetirməsinin bu əsəri haqqında tərifli sözlər söylədi: “Bu əsərin mühüm əhəmiyyəti ondadır ki, Şərqin ən populyar aləti olan tar ilk dəfə böyük simfonik orkestrin müşayiətilə əsas aparıcı kimi çıxış edir. Tara mənsub olan mürəkkəb partiyada qədim Azərbaycan xalq çalğı alətinin orijinal ifa xüsusiyyətləri, tembri və bütün imkanları qabarıq şəkildə özünü büruzə verir”.
Hacı Xanməmmədov 1952-ci ildə konservatoriyanın bəstəkarlıq şöbəsini əla qiymətlərlə bitirdi. Bundan sonra o, bəstəkar kimi daha da şöhrətləndi, haqqında xoş sözlər söylənildi. Özünə qarşı tələbkar olan gəncin bu müvəffəqiyyəti onu yaradıcılığa ruhlandırırdı. Müxtəlif illərdə tar və simfonik orkestr üçün 4 konsert də yazdı. Konsertlərində vətənimizin gözəlliyini, insanların arzu və istəklərini, ümidlərini nikbin ahənglə əks etdirirdi. Hacı Xanməmmədovun konsertlərinin uğurla təqdim olunmasında, tamaşaçıların rəğbətini qazanmasında tanınmış tarzənlər Əhsən Dadaşov, Hacı Məmmədov, Ramiz Quliyev və başqalarının böyük rolu oldu.
1959-1961-cı illərdə Hacı Xanməmmədov Televiziya və Radio Yayımının Dövlət Komitəsində dirijor kimi çalışdı. Həmin illərdə xalq çalğı alətləri orkestri üçün bir sıra əsərlər bəstələdi. “Azərbaycan eskizləri”, “Kolxoz”, “Bayram” süitaları, “Sinfoniyyetta” və digər əsərləri bəstəkara yeni uğurlar gətirdi.
Aşıq Ələsgər, Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Məmməd İsmayıl, Balaş Azəroğlu, Aşıq Alı, Q.İsabəyli, Ş.Manafov, Ş.Qurbanov, H.Abbas, M.Əsgərli və başqa şairlərin sözlərinə bəstələdiyi bir-birindən gözəl mahnıları Hacı Xanməmmədovu istedadlı bəstəkar kimi tanıtdı. Onun 150-dən çox mahnısı sevilən müğənnilərimizin repertuarından düşmədi. Xüsusilə, “Yaşa könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”, “Gözünə qurban”, “Güllü”, “Ceyran”, “Getmə, amandır”, “Oxu, sevgilim” və digər lirik mahnıları bəstəkara əbədi sevgi qazandırdı.
Hacı Xanməmmədov istedadlı bəstəkar, dirijor olduğu kimi, təcrübəli pedaqoq idi. O, 40 ildən çox Bakı Musiqi Texnikumunda dərs dedi. 1957-ci ildən isə Bakı Musiqi Akademiyasında çalışdı. “Xalq çalğı alətləri” kafedrasının dirijorluq üzrə professoru, ömrünün son illərində isə “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının məsləhətçisi oldu. Müəllimləri - Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Boris Zeydmanın dərslərini heç zaman unutmayan Hacı Xanməmmədov da peşəkar musiqiçilərin yetişməsində bilik və bacarığını əsirgəmədi.
1951-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü oldu. Müxtəlif illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışdı. 1967-ci ildə əməkdar incəsənət xadimi, 1988-ci ildə xalq artisti fəxri adlarına, 1985-ci ildə “Rəşadətli əməyə görə” medalına, 2000-ci ildə “Şöhrət” ordeninə, 2001-ci ildə Prezident təqaüdünə layiq görüldü.
Azərbaycan musiqi sənətində bir sıra ilklər Hacı Xanməmmədovun adı ilə bağlıdır. 1990-cı ildə birinci dəfə o, kamança və orkestr üçün “Konsert” bəstələdi, əsər kamança ustası Ədalət Vəzirovun ifasında təqdim olundu və tezliklə məşhurlaşdı, ifaçıların repertuarına və tədris proqramlarına daxil edildi. 1990-cı illər də görkəmli bəstəkar üçün məhsuldar oldu. O, bir neçə məşhur əsərini - kamança və simfonik orkestr üçün konsert (1991), “Əlimdə sazım ağlar” solist və xalq çalğı alətləri orkestri üçün poema (1991), Tar və simfonik orkestr üçün 5 saylı Konsert (1993), bir çox tanınmış şairlərin sözlərinə sevilən mahnılarını (1990-2001) yaratdı.
Hacı Xanməmmədov 2005-ci il aprelin 7-də 87 yaşında vəfat etdi. Onun insanlara sevgisinin, arzularının, ümidlərinin tərcümanına çevirdiyi əsərləri ömrünün davamı oldular...
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2018.- 16 avqust.- S.5.