Qurban bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi

 

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı münasibətilə bir sıra tövsiyələr verib. AZƏRTAC QMİ-nin tövsiyələrini təqdim edir.

 

- İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - “Eydül-Əzha” - Həzrət İbrahim peyğəmbər əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramı günü Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib.

Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. Hər bir imkanlı müsəlman üçün vacib buyurulan Həcc mərasiminin ən şərafətli məqamı olan, günahların Allah tərəfindən bağışlanmasını və Uca Yaradana şükr-sənanı təcəssüm etdirən mübarək Qurban bayramı ərəfəsində Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz günlərdə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir.

Azərbaycan üfüqündə Zül-hiccə ayının hilalının görünməsinə uyğun olaraq Qurban bàyràmı Zül-hiccənin 10-na, Miladi təqvimlə avqustun 22-nə təsadüf edir. Bayram münasibətilə iki gün dövlətimiz tərəfindən qeyri-iş günü elan edilib. Dindarlar adından, Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı və xeyir-dualarımızı çatdırırıq. Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması, dövlətçiliyimizin tərəqqisi üçün dualar edirik.

Bildiririk ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar. Bu, böyük savabdır. Qurban kəsilən heyvan sağlamkök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçiqoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur.

Qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillàhibillàhi vəllàhu əkbər” deyilməlidir. Qurban duasının oxunması məsləhətdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.

Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan, insanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini valideynlər, doğmalarla yanaşı, qaçqın, köçkün, kimsəsiz sîydàşlàrımızà, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək savabdır. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir.

Àllàh-Təàlà insanların mənən saflaşmaları və həmrəyliyə nail olmaları məqsədilə qərar verdiyi bu bayram günlərində kəsdiyiniz qurbanları, verdiyiniz ehsanları, etdiyiniz duaları qəbul etsin. Allah Vətənimizi hifz etsin. Amin!

 

Azərbaycan.- 2018.- 16 avqust.- S.2.