Elmar Məmmədyarov: Konvensiya Xəzəryanı dövlətlərin
fəaliyyətində şəffaf və
proqnozlaşdırılan sivil
davranışı özündə ehtiva
edir
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Aktauda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısının yekunlarına dair AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Xəzər dənizi üzrə V Zirvə toplantısının nəticələri barədə nə deyərdiniz?
- 2018-ci il avqustun 12-də Aktauda keçirilmiş V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın imzalanması beş Xəzəryanı dövlət üçün tarixi hadisə və mühüm əhəmiyyətli nailiyyətdir. Bu, bir daha onu nümayiş etdirir ki, Xəzəryanı dövlətlər Xəzər hövzəsi və onun ətrafındakı regionlarda dayanıqlı sülh və əməkdaşlıq mühitinin təsbit olunmasında qəti əzmə malikdirlər. Konvensiya Xəzər dənizində dövlətlərarası münasibətlərin və davranışın hüquqi çərçivəsini müəyyən edir. Sənədin əsasını beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi təməl prinsiplər təşkil edir.
Hüquqi rejimin və anlayışların müəyyən edilməsi ilə bərabər, Konvensiya bütün Xəzəryanı dövlətlərin fəaliyyətində aydın, şəffaf və proqnozlaşdırılan sivil davranışı özündə ehtiva edir. Xəzəryanı dövlətlər arasında qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan bu cür münasibətlər Xəzər dənizi dövlətləri, həmçinin tərəfdaşlar üçün vacibdir.
Xəzəryanı dövlətlər, həmçinin bu Konvensiyanın hazırlanması prosesində unikal regional mənsubiyyət, məsuliyyət və sahiblik kimi yüksək siyasi mədəniyyəti nümayiş etdirdilər. Xəzəryanı dövlətlər hər hansı kənar müdaxiləyə imkan vermədən birgə konstruktiv səylərlə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya daxil olmaqla mühüm nailiyyətlərə imza atdılar.
-Konvensiyanın razılaşdırılması prosesi üzv dövlətlər tərəfindən davamlı səylər tələb edirdi. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Etiraf etməliyik ki, Konvensiyanın razılaşdırılmasının son mərhələsi heç də asan olmayan müzakirələrdən keçib. 2017-ci ilin dekabrında Moskvada keçirilmiş Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin ikigünlük iclası çox intensiv xarakter daşıdı və nəhayət ki, Konvensiyanın razılaşdırılması istiqamətində əsas irəliləyiş əldə olundu. Bir sıra müddəalar üzrə çox ağır müzakirələr keçdi. Amma danışıqlar xoş niyyətlə və qarşılıqlı etimad şəraitində aparıldığı təqdirdə, müsbət nəticə verir. Bütün bu müzakirələrin yekunu olaraq, Xəzəryanı dövlətlərin Aktauda keçirilmiş Zirvə toplantısında Konvensiya imzalanmaq üçün prezidentlərə təqdim olundu və biz bu nailiyyətə imza atdıq.
- Bundan sonrakı addımlar nədən ibarət olacaq?
- Ölkədaxili prosedurlara
uyğun olaraq Konvensiya üzv dövlətlərin
ratifikasiyasına təqdim ediləcək. Biz
ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq. Ratifikasiya prosesinin başa çatması və Konvensiyadan
irəli gələn müddəaların praktiki
icrası regionun dayanıqlı inkişafı
üçün daha geniş imkanlar açacaq. Konvensiyada və
Aktau Zirvə toplantısında dövlət
başçıları tərəfindən qəbul edilmiş kommunikedə yeni
vəzifələr və tapşırıqlar müəyyən
olunub. Bütün Xəzər
regionunun və xalqlarımızın gələcək
mənafeyi naminə xoş niyyətə,
dostluğa və əməkdaşlığa
əsaslanan intensiv işimiz
bundan sonra da davam etdiriləcək.
Azərbaycan.- 2018.- 16 avqust.- S.2.