Bakı-Supsa marşrutunun son məntəqəsi
Azərbaycan neftini dünya bazarlarına daşıyan
boru xətlərindən
biri də Qərb İxrac Boru Kəməridir
(QİBK). QİBK-i çox
zaman sadəcə Bakı-Supsa kəməri də adlandırırlar.
Bu kəmər “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanın qısa müddətdə yaratdığı
neft ixracı sisteminin ayrılmaz bir hissəsidir.
QİBK başlanğıcını
Səngəçaldan götürür,
onun son ünvanı isə Supsadır.
QİBK-in Səngəçaldakı
terminaldan Supsadakı terminaladək uzanan yolu 830 kilometr təşkil edir. Azərbaycan
və Gürcüstan
arasında “Əsrin müqaviləsi”nin ilkin neftinin nəqlinə dair
1996-cı ilin mart ayında
imzalanmış hökumətlərarası
saziş üç il ərzində icra olunmuş, yəni QİBK bu dövrdə tikilmişdir.
Diametri
530 millimetr olan kəmərin çəkilişi
əsasən 1997-1998-ci illər
ərzində aparılmışdır.
Xəttin
borularının doldurulmasına
1998-ci ilin dekabrında
başlanmış və
bu iş 1999-cu ilin martına
qədər davam etmişdir. Supsada ilk dəfə neft 1999-cu il aprelin
8-də gəmilərə yüklənmişdir.
Aprelin
17-də isə kəmərin
rəsmi açılış
mərasimi keçirilmişdir.
Həmin
gün Supsa terminalının və
Varna-Poti-Batumi-İliçovsk
bərə keçidinin
açılışı da olmuşdur. Bu, həm də
Xəzərin Azərbaycan
sektorundakı “Çıraq”
yatağından hasil edilmiş 80 min ton neftlə
yüklənən ilk tankerin
dünya bazarlarına
yola salındığı
tarixdir.
Qərb İxrac Boru Kəməri vasitəsilə
nəql olunan xam neft Supsa
terminalında saxlanılır. Azərbaycan neftinin
dünya bazarına ixracında mühüm əhəmiyyət kəsb
edən infrastrukturların
sırasında bu terminalın özünəməxsus
yeri var.
Supsa terminalı
Qara dənizin Gürcüstan sahilində,
Lançxuti rayonunda yerləşir. QİBK-in daşıdığı
xam neft bu terminaldakı çənlərə yığılır
və lazım gəldikcə dənizdəki
yükləmə qurğuları
ilə tankerlərə
vurulur. Daha sonra neft tankerlər vasitəsilə
Bosfor boğazından
keçərək dünya
bazarlarına çatdırılır.
Terminal yüz faiz
milliləşdirilib və
Gürcüstan iqtisadiyyatının
ayrılmaz bir elementi kimi mühüm
əhəmiyyət kəsb
edir.
Terminalın stansiyaya girişi QİBK-də hər hansı bir buxar sızmasının qarşısını almaq,
münasib təzyiqi saxlamaq, həmçinin obyektin borular sistemini qorumaq üçün tənzimləmə
klapanından ibarətdir.
Xam neft kommersiya uçotu qovşağından keçərək
hər birinin tutumu təxminən 40 min
ton olan saxlama çənlərinə ötürülür. Supsa terminalında
həmçinin xam neftin qəbulu və ixracı obyektlərini idarə etmək üçün mərkəzi dispetçer
otağı yerləşir.
Saxlama çənlərinin sayı
dörddür. Onların ümumi
tutumu 1 milyon bareldir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 min bareldən
1 milyon barelə qədərdir.
İxracyükləmə sisteminə isə dizel ilə işləyən üç
yükləmə nasosu
daxildir. Onlar xam nefti saxlama çənlərindən
çəkir və ixrac sisteminin kommersiya uçotu qovşağına ötürür.
Uzunluğu 5,6 kilometr olan 36 düymlük boru kəməri terminaldan dənizə qədər davam edir və
PLEM (boru kəməri
sonundakı manifold) dəsti
ilə qurtarır. 16 düymlük elastik
şlanqlar PLEM manifoldunu
lövbər tipli yanalma buyuna (CALM) birləşdirir. Xam nefti
tankerlərə ötürmək
üçün isə
20 düymlük üzən
şlanqlardan istifadə
olunur.
Xatırladaq ki, Bakı-Supsa
kəməri sözügedən
terminala çatanadək
Azərbaycanın və
Gürcüstanın bir
çox bölgələrindən,
dağlarından, dərələrindən, çaylarından
keçir. Boru xətti dağlarda
hətta 1190 metr yüksəkliyə qalxır.
Kəmərin ümumi uzunluğunun
456 kilometrdən çoxu
Azərbaycanın, 372 kilometrdən
çoxu Gürcüstanın
payına düşür.
QİBK-in inşa olunmasında
4 min nəfərdən çox
insan çalışmışdır. Onların 70 faizi
Azərbaycan və Gürcüstan vətəndaşları
olmuşlar. Kəmər
obyektlərinə 3-ü Azərbaycanda,
3-ü Gürcüstanda olmaqla
6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası,
1 ərsinburaxma stansiyası
daxildir
Cari və əsaslı təmir işlərinə ayrılan
vaxtı nəzərə
almasaq, QİBK 19 ildən
çoxdur fasiləsiz
və təhlükəsiz
fəaliyyət göstərir. Bu ilin birinci rübü ərzində kəmər
Səngəçal terminalından
Supsa terminalınadək
8 milyon bareldən çox neft daşıyıb.
Flora SADIQLI
Azərbaycan.- 2018.- 17 avqust.- S.1;3.