Azadlıq fədaisi - Nəriman bəy Nərimanbəyli
Elə bir ailədə dünyaya gəlmişdi ki, oxumağa meyil göstərməməsi, mükəmməl təhsil almaması mümkünsüz idi. Atası Haşım bəy Nərimanbəyov İrəvan Müəllimlər Seminariyasının müəllimi olmuşdu. Ömrünün xeyli hissəsi savad verməklə, elm öyrətməklə keçmişdi.
XIX əsrin sonlarından yeni tipli məktəblər açmaq üçün göstərilən böyük səylər az da olsa, bəhrəsini verirdi. O dövrdə yaradılan məktəblərdən biri də 1898-ci ildə fəaliyyətə başlayan İrəvandakı rus-tatar məktəbi oldu. Haşım bəy Nərimanbəyov İrəvanda azərbaycanlılar üçün ana dilində məktəblərin açılmasında, xeyriyyə cəmiyyətinin təşkilində fəallıq göstərdi. Azərbaycan məktəbləri üçün başqa müəllimlərlə birgə “Ana dili” kitabı tərtib etdi. Bu kitab 1907-ci ildə İrəvanda, sonralar isə üç dəfə Tiflisdə çap olundu. Dövrünün ziyalılarının bir çoxu kimi, Haşım bəy Nərimanbəyov da aktual mövzularda məqalələr yazırdı. O illərin mətbuat orqanlarında Haşım bəyin məqalələri, teatr tamaşaları haqqında resenziyaları dərc olunurdu. Ancaq müəllimlik onun əsas peşəsi idi. 1909-cu ildə “Kavkazskiy kalendar” məcmuəsində Haşım bəy Nərimanbəyovun rus-tatar məktəbinin müəllimi oldugu qeyd edilirdi. Sonralar o, Rus-Azərbaycan qız məktəbinin müdiri vəzifəsini yerinə yetirdi...
Nəsildə elmə, təhsilə böyük maraq göstərən yalnız atası Haşım bəy Nərimanbəyov olmamışdı. O, Şuşada tanınmış nəsillərdən birinin nümayəndəsi idi. Ulu babası Nəriman bəy Qarabaği bu şəhərin nüfuzlu, savadlı, sayılıb-seçilən əsilzadələrindən olub. Onun Allahverən bəy və Nəriman bəy adında oğlanları vardı. Oğlanlarından biri - 1807-ci il təvəllüdlü Allahverən bəy mükəmməl mədrəsə təhsili aldı. Praporşik rütbəsi ilə rus ordusunda xidmət etdi. Sonralar isə dövlət idarələrində çalışdı.
Şuşanın bu soylu-köklü nəslindən sonralar da tanınmış ziyalılar, təəssübkeş vətənpərvərlər, fədakar milli mücahidlər yetişdi. Onlar Nərimanbəyov və ya Nərimanbəyli olaraq bu soyadı qürurla daşıdılar, ləyaqətlə yaşatdılar.
Belə bir nəslin övladı olan Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Şuşa şəhərində dünyaya göz açdı. Ailəsi İrəvana köçdüyündən Nəriman bəyin uşaqlıq illəri orada keçdi. İrəvan gimnaziyasına daxil oldu. Gimnaziyanı bitirdi və təhsilini davam etdirmək üçün Rusiyaya yollandı. Moskva Universitetinin fizika-riyaziyyat, sonra isə Xarkov Universitetinin hüquq fakültələrində oxudu.
Nəriman bəy Nərimanbəylinin tələbəlik illəri inqilab havası ilə süslənmiş, siyasi iğtişaşların sədasına köklənmiş elə bir zamana düşdü ki, bu coşqun gəncin bir kənarda dayanıb hadisələrin izləyicisi olması mümkünsüz görünürdü. Nəriman bəy Nərimanbəyli dövrün səsinə səs verdi, gənclik arzusu, gələcəyə sonsuz ümidlərlə Rusiya imperiyasını bürümüş inqilabi hərəkata qoşuldu. Xarkov Universitetinin fəal tələbələrindən sayılan Nəriman bəy orada “Azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyəti”nin rəhbərliyinə seçildi. Nəriman bəy Nərimanbəylinin iştirakı ilə cəmiyyət üzvlərinin verdikləri tamaşaların gəliri Birinci Dünya müharibəsindən zərər çəkmiş müəllimlərin ailələrinə paylanırdı.
Təhsilini 1915-ci ildə başa vurdu. Vətənə qayıtdı. Vəkil işləməyə başladı.
Yenə də ictimai həyatda fəallığı
ilə seçildi.
O, vəkillik etməklə
bərabər, “Müsəlman
Xeyriyyə Cəmiyyəti”nin rəhbərlərindən
oldu.
O dövr Azərbaycanının
Nəriman bəy Nərimanbəyli kimi qəlbi vətənə məhəbbətlə dolu
gənclərinə böyük
ehtiyacı var idi. Onlar millətin gələcəyini
düşünənlər, məmləkəti işıqlı
sabahlara aparacaq yenilməz güc, sarsılmaz qüvvələr
idilər. Azərbaycan bu
gənclərin çiyinləri
üzərində nurlu
gələcəyə yol
gedirdi.
Dövrün qarışıq, təlatümlü
siyasi-ictimai mənzərəsi,
mürəkkəb, ziddiyyətli
hadisələri mənəvi
təbəddülata, milli
oyanışa şərait
yaradırdı. Millət üçün, vətən üçün
belə məsuliyyətli
zamanda yaxasını kənara çəkmək,
şəxsi mənafeyini,
mənfəətini düşünmək
ən böyük xəyanət idi.
Azərbaycanın istiqlalı naminə
çalışan Nəriman
bəy Nərimanbəyli
kimi vətənpərvərlər
yaranmış siyasi-ictimai
vəziyyətdən istifadə
edərək milli düşüncələrdə kök salmış müstəqillik arzularını
həyata keçirməyə
can atırdılar.
O illərdə müxtəlif
siyasi partiyalar yaranmaqda idi. Bu təşkilatların əksəriyyətinin proqramı
kifayət qədər
cəlbedici görünürdü.
Amma ictimai-siyasi fikirlərin qarışdığı, bəzən
kələf kimi bir-birinə dolaşdığı
bir vaxtda gənc Nəriman bəy Nərimanbəyli üçün öz yolunu müəyyənləşdirmək
çətin olmadı.
Çünki məqsədi bəlli
idi. Ona görə də o öz əqidə yoldaşlarının, məsləkdaşlarının
sırasında yer tutmağa qərar verdi. 1917-ci ildə baş verən Fevral inqilabından sonra Nəriman bəy Nərimanbəyli “Müsavat”
partiyasına daxil oldu. Həmin ilin aprelində
Bakıda çağırılan
Qafqaz Müsəlmanlarının
qurultayında, oktyabrında
isə Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının
birinci qurultayında fəal iştirak etdi.
1918-ci il başlanğıcından
Nəriman bəyin həyatına yeni ab-hava gətirdi. O il bir-birinin
ardınca mühüm
hadisələr baş
verdi. 1918-ci ilin
fevralında Nəriman
bəy Nərimanbəyli
Zaqafqaziya Seyminin üzvü seçildi.
Fevralın 28-də Seym tərəfindən
təsdiq edilmiş Müsəlman fraksiyasının
tərkibindəki Müsavat
və bitərəflər
qrupunun üzvü oldu. Həmin ilin 26 mayında
Seymin Müsəlman fraksiyası, Zaqafqaziya Federasiyası süqut etdi. Bir gün sonra
- mayın 27-də Azərbaycan
Milli Şurasının
üzvləri sırasında
Nəriman bəy Nərimanbəyli də yer aldı. O, 1918-ci il 28 mayda
qəbul edilən Azərbaycanın İstiqlal
Bəyannaməsini imzalayanlardan
biri oldu. Azərbaycan Milli Şurasının sədri
Məhəmməd Əmin
Rəsulzadə ölkənin
müstəqilliyinə dair
Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından,
İstiqlal Bəyannaməsinin
elan olunduğu iclasa Milli Şuranın
sədr müavini Həsən bəy Ağayev sədrlik etdi. Mustafa Mahmudovun katib olduğu iclasda Fətəli xan Xoyski, Xəlil
bəy Xasməmmədov,
Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman
bəy Nərimanbəyli,
Mehdi bəy Hacınski, Ələsgər
bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər
Ağa Şeyxülislamov,
Mehdi bəy Hacıbababəyov, Məmməd
Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli,
Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli,
Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov,
Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə iştirak etdilər. İclasda bitərəf Fətəli
xan Xoyskinin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk müvəqqəti
hökumətinin tərkibi
də təsdiqləndi.
Azərbaycan Xalq Cümhuriyyəti
elan olunarkən Bakı Stepan Şaumyanın rəhbərlik
etdiyi bolşevik-daşnak
birləşmələrinin işğalında idi.
Bu səbəbdən Azərbaycan hökuməti
Tiflisdən köçərək
müvəqqəti olaraq
Gəncə şəhərində
fəaliyyət göstərdi.
Nəriman bəy Nərimanbəyli
1918-ci il dekabrın 7-də Bakıda
təntənəli surətdə
açılan Azərbaycan
parlamentinə üzv seçildi. Parlamentdə Müsavat fraksiyasının
tərkibinə daxil oldu. Nəriman bəy Nərimanbəyli
1919-cu il aprelin 14-də Azərbaycan
Respublikası Nazirlər
Şurasının sədri
Nəsib bəy Yusifbəylinin təşkil
etdiyi cümhuriyyətin
4-cü hökumət kabinetində
dövlət müfəttişi
vəzifəsini yerinə
yetirdi. Bakıda keçirilən bir sıra mədəni
tədbirlərdə o da
yaxından iştirak etdi.
1920-ci ilin 28 aprelində
bolşeviklərin Azərbaycanı
işğal etməsi,
Azərbaycan Xalq Cümhuriyyətini süquta
uğratması Nəriman
bəyin də arzularını yarımçıq
qoydu. Çətin günlər hələ
qabaqdaydı. Amma aprel
işğalından sonra
Nəriman bəy Nərimanbəyli vətəni
tərk etmədi.
Sovet hökumətinin ilk vaxtlarında
savadlı, geniş məlumatlı, bacarıqlı
mütəxəssislərə ehtiyacı böyük olduğundan onları işlə təmin edirdi. Nəriman bəy də
müxtəlif idarələrdə
hüquq məsləhətçisi
kimi çalışdı.
Ancaq Azərbaycan
Xalq Cümhuriyyətinin
qurulmasında, fəaliyyətində
sonsuz istəklə iştirak etmiş, bolşevik işğalına
qarşı çıxmış
şəxsiyyətlərə qarşı sovet hökumətinin kin-küdurəti,
qəzəbi də heç kimə sirr deyildi.
Nərimanbəylilər nəslindən cümhuriyyət
hökumətinin bərqərar
olunmasında səylə
çalışan isə
təkcə Nəriman
bəy Nərimanbəyli
olmamışdı. Onun əmisi
- Əmir bəy də, Nəriman bəy kimi, milli istiqlalımızın
qorunması uğrunda
səy göstərmişdi.
Əmir bəy Nərimanbəyov ali təhslini Ukraynada Xarkov Universitetinin Hüquq fakültəsində almışdı.
Universiteti müvəffəqiyyətlə
bitirdikdən sonra bir müddət Ukraynada pedaqoji fəaliyyətlə məşğul
oldu. Daha sonra o, bir sıra dövlət idarələrində məmur
işlədi. Azərbaycan Xalq
Cümhuriyyəti dönəmində
əvvəlcə Naxçıvanın
general-qubernatoru oldu.
Sonra Azərbaycan Cümhuriyyəti daxili işlər naziri əvəzi general-mayor M.S.Ağabəyzadənin
2 sentyabr 1919-cu il tarixli əmri ilə 48 yaşlı Əmir bəy Nərimanbəyov Bakı şəhərinin general-qubernatoru
vəzifəsinə təyin
olundu. O, bu vəzifənin verdiyi səlahiyyətlərdən bəhrələnərək
gənc azərbaycanlı
kadrları vəzifəyə
təyin etməyə,
irəli çəkməyə
çalışırdı. Bakı şəhərinin general-qubernatoru
vəzifəsində Əmir
bəy Nərimanbəyov
1920-ci ilin aprelinədək
qaldı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əmir bəy Nərimanbəyov əsilzadə
nəslindən olduğuna
və Azərbaycan Xalq Cümhuriyyətinə
xidmətinə görə
repressiyaya məruz qaldı.
Əmir bəyin oğlu Fərman bəy Nərimanbəylini isə 1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Fransaya ali təhsil almağa göndərdi. O, Kann şəhərindəki Politexnik Universitetini bitirdikdən sonra Azərbaycana döndü. Fərman bəy ixtisasca energetik idi. Azərbaycan Dövlət Plan Komitəsində Elektrikləşdirmə bölməsinin rəisi işlədi. 1937-ci ildə həbs olundu. Həmin vaxtlar o, Bakı Sovetinin Energetika bölməsində çalışırdı. Fərman bəy ziyankarlıqda ittiham olunurdu. Ona 5 il iş kəsildi. 1938-ci ilin 11 sentyabrında cəzasını çəkmək üçün Kolımaya həbs düşərgəsinə aparıldı. Beş il sonra sürgündən qayıdan Fərman bəyə Bakıda yaşamağa icazə verilmədi. Mingəçevir şəhərinə getdi, orada SES-də işləməyə başladı. Ömrünü 72 yaşında həmin şəhərdə başa vurdu.
Sovet hakimiyyətinin nəzərində düşmən olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi və dövlət xadimi Nəriman bəy də daim təqiblərə məruz qaldı. Onu səbəbsiz yerə işdən çıxardılar. Bir müddət sonra yenidən vəkil işlədi.
1937-ci ilin amansız repressiya siyasəti Nəriman bəyin də faciəsini yaxınlaşdırdı. Onu həbs etdilər və bir qrup tanınmış müsavatçı ilə birgə məşhur Solovki həbs düşərgəsinə yolladılar. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından, 1918-ci il mayın 28-də Azərbaycanın Müstəqillik Aktını imzalayanlardan biri, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi Nəriman bəy Nərimanbəyli 48 yaşında sovet hökumətinin qərarı ilə güllələndi...
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2018.- 17 avqust.- S.5.