Psixologiya həyat amili
kimi
“Loqos” Psixoloji və Nitq
İnkişaf Mərkəzinin psixoloji maarifləndirmə fəaliyyəti
genişlənir
Nə zamansa belə bir əfsanə oxumuşam. Şah atlı
qoşunun başında sıldırımlı dağın ətəyi
ilə gedirmiş. Onlar müəyyən bir yerə
çatanda qayalarda əks-səda verən naməlum cisim
dağın zirvəsindən üzüaşağı
yuvarlanır. Qəfil qopan nərilti-gurultu
qoşunu qorxudub pərən-pərən salır. Qəribədir ki, şah bu qəzaya fikir vermədən
yoluna davam edir. Onun bu təmkinli davranışı
ordunu ürəkləndirir və adamlar yenidən səf-səf
düzülərək yollarına davam edirlər. Əyanlardan biri ürəklənib şahdan
soyuqqanlılığının səbəbini soruşur.
Şah cavab verir: “Məsləhətçilərim mənə
əvvəlcədən xəbər vermişdilər ki, yolun
filan yerində qoşunun sayıqlığını yoxlamaq
üçün yuxarıdan bir əşya atılacaq”.
Aradan uzun əsrlər keçir, müdrik əfsanə
və rəvayətlər isə dəyərliliyini qoruyub
saxlayır. Bu gün dünya açıq-aşkar etiraf edir ki,
cəmiyyətimizdə baş verən siyasi, sosial, mənəvi
proseslərin yolu gözlənilməzliklərlə doludur.
Əgər irəlidə bizi nələrin
gözlədiyindən xəbərdar olsaq, ən azı hərəkətin
sabitliyini qoruya bilmək ehtimalı qazanmış oluruq.
Psixoloji amil əslində həyat amilidir, daha doğrusu,
psixologiya müasir insanın simasını tamamlayıb
bütövləşdirən əlahiddə atributlardan
biridir. Məhz bu atribut qaçılmazlığı cəmiyyətə
psixoloji xidməti, bu çərçivədə psixoloji
maarifləndirməni önə çıxarır.
Müasir dünyamızda insanların
sağlamlığı keşiyində duran tibb mütəxəssislərinin
müayinə və müalicə prosesində xəstəliyin
xarakterindən asılı olmayaraq mütləq şəkildə
psixoloji amilləri önə çəkməsi heç də
təsadüfi deyil. Qloballaşan dünya, həyat tempinin
yüksəlməsi, həyat mücadiləsində yeni təsir
vasitələrinin meydana gəlməsi insan psixologiyasına
yeni yanaşma tələblərini zərurətə
çevirir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən sonsuz enerji, səriştə və
inamla davam etdirilir. Yeni Azərbaycanın quruculuğu davam
etdirilir və əslində minlərlə digər dəyərli
təşkilatlar kimi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi
də müasir Azərbaycanın övladıdır.
Əsas iş metodumuz psixoloji maarifləndirmədir,
insanların obyektiv və subyektiv səbəblərdən
ortaya çıxan narahatlıqlarının
gücümüz daxilində aradan qalxmasına kömək
göstərməkdir.
Artıq on ünvanda yüksək hazırlıqlı, təcrübəli
mütəxəssislər əhaliyə xidmət göstərir. Onlar yardım
üçün müraciət edən hər bir şəxslə
söhbətlər aparır, onlara psixoloji amilin insan həyatı
üçün nə qədər əhəmiyyətli olduğunu
izah edirlər. Fərdi xidmət öz
yerində, insanlarla təmas imkanlarından istifadə edərək
xüsusilə valideynlərə sağlam həyat tərzinin
məqamlarını göstərməklə bərabər,
psixoloji-mənəvi sağlamlığı qorumaq
üçün lazımi məsləhətlər verirlər.
Seminar, təlim və kurslardan sonra insanların
çoxu açıq şəkildə etiraf edir ki,
özümüzə dərd elədiyimiz bu və digər
problemin açarı, sən demə, elə öz əlimizdə
imiş, sadəcə, biz bunun fərqinə
varmamışıq. Bu gün “Loqos”
Psixoloji və Nitq İnkişaf Mərkəzinin
filiallarının sayı 10-a çatıb.
Bakının Nərimanov rayonunda üç, Nizami rayonunda
bir, Yasamal rayonunda bir, Gəncədə iki, Lənkəran,
Xaçmaz və Bərdə rayonlarının hər birində
bir filialı var. Eyni zamanda problemə kompleks yanaşma səbəbindən,
başqa sözlə, təcrübə ilə nəzəriyyəni
birləşdirmək imkanını nəzərə alaraq,
2016-cı ildə Psixoloji Xidmət və Tədqiqatlar
İctimai Birliyini təsis etdik. Bu ictimai birlik
psixoloji problemləri araşdırmaq, nəticələri
ümumiləşdirib təhlil etmək, daha dərin və
geniş miqyasda maarifləndirmə işləri aparmaq, digər
ölkələrin təcrübəsini öyrənmək, eləcə
də səmərəli beynəlxalq əməkdaşlıq
qurmaq istiqamətində uğurlar qazandıra biləcək.
Psixoloji
maarifləndirmə “Loqos”un təcrübəsində
lokal, başqa sözlə, qapalı deyil, yəni biz müraciət
edən insanlarla iş zamanı yalnız fərdi təmaslarla
kifayətlənmirik. Bilirik ki, cəmiyyətimizdə daxili
psixoloji sarsıntı və gərginlikləri ilə təkbaşına
qalan, bu və ya digər səbəbdən diskomfort yaşayan
insanlar yalnız “Loqos”un, digər psixoloji dəstək
mərkəzlərinin, xəstəxanaların
qapılarını döyənlərdən ibarət deyil. Həyat ritminin təsir göstərib həyəcanlandırdığı,
bəzən çıxılmazlıq, bəzən
sarsıntı verdiyi ürəkləri və
düşüncələri sayla yox, anla, qəfil və
gözlənilməz məqamlarla ifadə etməli oluruq.
Burada rəqəm statistikası özünü
doğrultmur. Dünənə qədər normal
yaşayan ailənin dağılması, yeni dil açmaq istəyən
uşağın danışıq və davranış
qüsurları, ali məktəbə daxil
ola bilməyən yeniyetmənin intihar yolunu seçməsi,
karyera qurmaq yolunda maneələrlə üzləşən gəncləri
ruhdan salan natamamlıq kompleksi... bir də görürsən
ki, bunların hamısı fərdləri həyatın adi
axarı gedişində qəfil yaxalayır. Elə
bu səbəbdən düşünürük ki, psixoloji
problemlərin təyinatı yalnız psixoloqa, psixiatra, yaxud da
nevropatoloqa müraciət edənlərin sayı ilə ölçülə
bilməz. “Loqos” mütəxəssislərinin
fəaliyyət dairəsinin əhatəliyi də məhz bu səbəblə
izah edilməlidir.
Maarifləndirmə prosesində hansı
imkanlarımız var, hansı yollardan istifadə edirik? Əlbəttə,
bütün digər fəaliyyət sahələrində
olduğu kimi, biz də ilk növbədə həm milli, həm
də beynəlxalq KİV məkanının böyük təsir
gücünü, kütlələrə əlyetərliyini
birmənalı şəkildə nəzərə
alırıq. Öz işini medianın
imkanları ilə uzlaşdırmağı bacaran
qurumların (istər dövlət, istər özəl)
uğurları, intellektual və fiziki əmək sərf edilən
problemin cəmiyyətə açıqlığı hər
kəsə bəllidir. O da bəllidir ki, dünyanın
yeni düzənində informasiya kosmik miqyasa hakimdir. Bizim “Loqos” konkret məqsədli, yığcam bir təşkilat
olsa da, hər halda insan mühitinin bir parçasıdır və
müasir informasiya resurslarından yararlanmağa, bu tribunadan
öz xəbərlərini yaymağa çalışır.
Kütləviliyinə görə heç bir digər
informasiya vasitəsilə müqayisəyə gəlməyən
virtual məkanda “Loqos”un da, obrazlı desək, təmkinli bir pəncərəsi
var. Təşkilatımızın internet məkanda - həm
feysbuk, həm də instaqram portallarında olan səhifəsini
izləyənlərin sayı hər ay, hər il
çoxalır. Bizim yaydığımız informasiyalar
populizm və sensasiyadan uzaqdır, tam olaraq təşkilatın
həyatında baş verən yenilikləri, bir növ, “Loqos”un rəsmi məlumatlarını, mərkəzin
xidmətindən yararlanan sakinlərin rəylərini və
psixoloji durumla bağlı yenilikləri
işıqlandırır. Belə olan halda
insanlar mənəvi durumlarında gedən proseslərə,
sağlam həyat tərzi haqqındakı informasiyalara
heç də laqeyd qalmırlar. Yeri gəlmişkən,
bəzən virtual informasiya məkanının şəxsiqərəzliklərin
savaş meydanına çevrildiyini də müşahidə
edirik. Düzdür, hər kəsin fərdi
düşüncəsini hər hansı vasitə ilə
(internet, TV, qəzet, radio) ifadə etmək azadlığı
var və bu, bizim ölkədə maneəsiz həyata
keçirilir. Amma unutmamalıyıq ki, hər kəsin
dediyi sözə, o ifadələrin cəmiyyətin xeyrinə,
yaxud zərərinə olacağına görə məsuliyyəti
də var. “Loqos”un informasiyaları, feysbuk və instaqram
aynası göstərir ki, yalnız cəmiyyətin
hüzuruna hesablanmış informasiyalarla da oxucuların (indiki
halda belə deyək) marağını çəkmək
mümkündür.
Bir
neçə ildir ki, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin təsisçisi olduğu “Psixoloq” qəzeti hər
sayında “Loqos”un fəaliyyətinə
qoşa səhifə həsr edir. Əslinə
qalanda, qoşa səhifənin kollektiv müəllifi “Loqos”dur,
bizim mətbuat xidməti, mütəxəssislərimiz
dünyanın və ölkəmizin müvafiq sahədə
olan durumu barədə informasiya ilə təcrübəni
böyük məmnunluq hissi ilə oxucularla
bölüşürlər.
Qeyd etmək
xoşdur ki, ölkəmizdə nəşr olunan ciddi mətbuat
psixoloji problemlərin vacibliyini bildiyinə görə “Loqos”un aksiyalarını dəstəkləyir,
informasiyalarımıza yer ayırırlar. Milli mətbuatımızın
salnamələrindən biri olan “Azərbaycan” qəzetinin səhifələrində
də “Loqos”un xidmətləri, maarifləndirmə
sahəsindəki təmənnasız tədbirləri barədə
məlumatlar yer alır. Açıq informasiyanın ən təsirli
vasitə olduğunu dərk edən “Loqos” Psixoloji və Nitq
İnkişaf Mərkəzi eyni zamanda Psixoloji Xidmət və
Tədqiqatlar İctimai Birliyi mətbuatla, oxucu kütləsi
ilə şəffaf təmasları bundan sonra da davam etdirəcək.
Təşkilatımızın əsas mətbuat
orqanı olan “LOQOS” jurnalı mövzu seçiminə görə
oxucular tərəfindən sevilərək
qarşılanır.
“Loqos” yenilikçi təşkilatdır. Hər
ayın, hər ilin özünəməxsus uğurları
var. Bu yay “Loqos” üçün daha bir yeniliklə yadda
qaldı. “Xəzər” TV ekranından
“LOQOS” adlı verilişlə tamaşaçılarla daha
geniş təmas imkanı qazandıq. Həftədə
bir dəfə ekranlara gələn, bir saata yaxın davam edən
bu verilişin mövzuları hər kəsin istəyinə
uyğun seçilir. Mütəxəssislərimiz
günün ən aktual psixoloji mövzuları ilə
tamaşaçı qarşısına çıxır,
onları maraqlandıran, narahatlıq yaradan məqamlara
aydınlıq gətirirlər.
Biz hədəflərə doğru yeniliklərlə irəliləyirik. Nədir bu hədəflər? Biz Rusiyanın dünya şöhrətli V.M.Bexterev adına Psixoanaliz Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığa nail olmuşuq. “Loqos” bu elm ocağının Azərbaycanda rəsmi nümayəndəsidir və institut artıq mərkəzimizdə beynəlxalq dərəcəli klinik psixoloqlar hazırlayır.
Türkiyə Cümhuriyyətinin psixoloji xidmət göstərən bir çox qurumları ilə əməkdaşlıq edir, təcrübə mübadiləsi aparırıq. 2018-ci ilin yayında əldə etdiyimiz uğurlardan biri də Türkiyənin Üsküdar Universiteti ilə əməkdaşlıq sazişi imzalamağımız oldu. Yaxın gələcəkdə arzulayanlar “Loqos”da bu universitetin təhsil proqramlarını mənimsəyərək, ixtisaslara yiyələnə biləcəklər. Yeri gəlmişkən qeyd edim ki, Üsküdar Universitetinin təcrübə bazası olan klinikası dünya üzrə ikinci beyin xəstəxanasıdır. “Loqos” Üsküdar Universitetinin də Azərbaycanda rəsmi nümayəndəsidir.
Peşəkar psixoloq kadrların hazırlanması əsas hədəflərimizdəndir. Psixoloji maarifləndirməyə geniş meydan açan ali dərəcəli kadrlar, onların yetişdirilməsi istiqamətində daha ciddi addımlar atmağı düşünürük. Psixologiya zamanın tələbidir və hesab edirəm ki, yalnız psixoloji təhsil verən daha bir elm ocağının yaradılması faydalı olar. Hələlik bu, bir arzudur, amma əminik ki, güclü istək və əməli iş arzuları gerçəkləşdirməyin ən doğru yoludur.
Təranə MƏMMƏDOVA,
psixologiya üzrə fəlsəfə doktoru,
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin
rəhbəri
Azərbaycan.-
2018.- 17 avqust.- S.5.