Tarixdən söhbət açan
muzey
Azərbaycanın rayonlarındakı tarix-diyarşünaslıq muzeylərinin hər birini fəaliyyət göstərdiyi bölgənin tarixi, maddi-mədəniyyət nümunələri, həmin ərazidə yaşayan görkəmli şəxsiyyətlər haqqında geniş və əyani məlumat toplusu adlandırmaq olar. Bu baxımdan Saatlı Tarix-Diyarşünaslıq Muzeyi də istisna təşkil etmir.
Burada tamaşaçıların gözü qarşısında digər muzeylərdəkinə bənzəməyən mənzərələr açılır. Muzeyin direktoru Sürəyya Zeynalova bizə miladdan əvvəl II-I əsrlərin yadigarı olan çoxqulplu saxsı qabı, musiqi alətlərini, orta əsrlərə aid mis ləyəni və digər məişət əşyalarını göstərib bildirdi ki, bunlara yalnız Saatlıda rast gəlmək mümkündür.
Muzeydə digər maddi-mədəniyyət nümunələri də diqqəti cəlb edir. O cümlədən XIX əsrə aid “Muğan”, “Atlı-itli” xalçaları, qırxdüymə sırğa, qızıl medalyon, gümüş xəncər əsl sənət əsərləridir.
Saatlı Tarix-Diyarşünaslıq Muzeyi 1983-cü ildə yaradılıb. Hazırda burada 9424 ədəd eksponat qorunub saxlanılır. Muzeyə hər il minlərlə tamaşaçı gəlir. Onların əksəriyyəti gənclər olsa da, muzeyə ziyalılar, xarici turistlər, tədqiqatçılar da böyük maraq göstərirlər.
Foto Ağaəli MƏMMƏDOVUNDUR,
“Azərbaycan”
Azərbaycan.- 2018.- 17 avqust.- S.6.