“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə bağlı hazırlıq işləri davam etdirilir

 

 

Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşəbbüsü və təşkilatçılığı ilə sentyabrın 25-dən 27-dək Bakıda “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi keçiriləcək.

 

MSN-dən AZƏRTAC-a bildiriblər ki, regionda ilk dəfə 2014-cü ildə “ADEX” adı altında Azərbaycanda keçirilmişiki ildən bir təkrarlanan bu sərgi, silah və hərbi texnikanın nümayişi üçün təşkil olunan ən genişmiqyaslı tədbirlərdəndir. Üçüncü dəfə təşkil olunan “ADEX” sərgisi müasir silah və avadanlıqların möhtəşəm nümayişi ilə yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin aydın göstəricisi olacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ənənəvi olaraq sərgini ziyarət etməsi bu tədbirin əhəmiyyətini daha da artırır.

Bakı Ekspo Mərkəzində keçiriləcək “ADEX-2018” sərgisində dünyanın inkişaf etmiş ölkələrindən 200-dən çox şirkətin iştirakı nəzərdə tutulur. Azərbaycan, Türkiyə, Fransa, Rusiya, İsrail, Belarus, Pakistan, Serbiya, Ukrayna və digər ölkələr bu sərgidə milli qruplarla çıxış edəcəklər. İştirakçı ölkələr arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland və digər dövlətlərin müdafiə sənayesi sektorunu təmsil edən aparıcı şirkətləryer alacaq. Sərgi Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançanı əhatə edəcək.

Müdafiə Sənayesi Nazirliyinin pavilyonu mərkəzin üçüncü zalında yerləşəcək. Bu pavilyonda nazirliyin müəssisələrində yaradılan və istehsal edilən ən son silah və hərbi texnikalar nümayiş olunacaq. Burada iştirakçılar və ziyarətçilər Azərbaycan müdafiə sənayesinin yenilikləri, inkişaf etməkdə olan potensialı ilə yaxından tanışlıq imkanı qazanacaqlar.

Sərginin işgüzar proqramı çərçivəsində ölkənin müdafiə və təhlükəsizliyi üçün nəzərdə tutulmuş innovativ tədqiqat, məhsul və texnologiyalar sahəsində təqdimatlar, eləcə də xarici nümayəndə heyətləri, istehsalçı şirkətlər və sifarişçilər ilə ikitərəfli görüşlər keçiriləcək. Beləliklə, “ADEX-2018” sərgisi ən son silah nümunələrini nümayiş etdirmək və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün ideal platformaya çevriləcək.

“ADEX-2018” sərgisinə yerlixarici kütləvi informasiya vasitələri tərəfindən də böyük maraq göstərilir. Artıq sərgi 60-dan çox yerli və beynəlxalq aparıcı medianın - xəbər agentliklərinin, veb saytların, jurnalların informasiya dəstəyi ilə təmin olunub.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək sərgiyə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dəstək verir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (CEO) şirkəti iştirak edir.

 

Azərbaycan.- 2018.- 17 avqust.- S.2.