Azərbaycanın ən müasir
gəmilər istehsal etmək imkanı var
Bundan Xəzəryanı ölkələr
də istifadə edə bilərlər
Bu gün Azərbaycanın ən müasir texnoloji standartlara cavab verən gəmilər inşa etməyə də geniş imkanları var. Bu imkanlar 2013-cü ildə Bakı Gəmiqayırma Zavodunun istifadəyə verilməsi ilə yaranıb. Müəssisədə bütün növ gəmilər, o cümlədən yük gəmiləri, tankerlər, hərbi gəmilər, neft-qaz əməliyyatlarında istifadə edilən gəmilər istehsal oluna bilər.
Bakı Gəmiqayırma Zavodu ölkənin sənaye infrastrukturunda xüsusi yer tutur. Bu, istehsal gücünə görə nəhəng, təyinatına görə olduqca əhəmiyyətli müəssisədir. Zavodun təməli 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur, bir neçə il davam edən tikinti işlərindən sonra dövlət başçısının iştirakı ilə müəssisənin açılış mərasimi keçirilmişdir.
Zavod 62 hektar ümumi ərazini, 1630 metr uzunluğunda yanalma körpüsünü, beşmərtəbəli inzibati binanı, təlim mərkəzini, müxtəlif ofis və anbarları, istehsal və təmir-ötürmə sahələrini əhatə edir. Burada eləcə də yeməkxana, tibb məntəqəsi, kompressor, elektrik təchizatının etibarlı təminatı üçün yarımstansiya binaları tikilmişdir.
Zavod ildə 25 min ton metal konstruksiya
istehsal etmək gücünə malikdir. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu
olmayan bu müəssisədə ildə
15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə
qabiliyyəti olan iki tanker, həmçinin dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini
təmir etmək mümkündür.
Qısa müddətdə zavodda onlarca gəmi tikilərək istifadəyə
verilib, 100-ə yaxın
gəmi isə təmir edilib. Müəssisədə
“28 May” üzən doku,
“SOCAR-1” yedək gəmisi,
Heydər Əliyev adına yarımdalma
qazma qurğusunun pantonları və yuxarı blokları, “Zəfər”, “Üfüq”
və “Turan” sərnişin gəmiləri
ilə bağlı işlər müvəffəqiyyətlə
yerinə yetirilib. Bundan əlavə, zavodda
“Şahdəniz-2” layihəsi çərçivəsində bir neçə gəmi təmir edilib və modernləşdirilib. Bunlardan
“İsrafil Hüseynov”
borudüzən barjını,
“Tofiq İsmayılov”
dalğıc, “Azərbaycan”
kran, “Gilavar” tədqiqat, “Caspian Endeavour” və
“Seabed Supporter” təchizat gəmilərini,
“Dədə Qorqud” yarımdalma qazma qurğusunu qeyd etmək olar. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə imzalanmış müqaviləyə
əsasən, hazırda
tikilməkdə olan iki “RoPax” tipli
nadir gəminin və iki neft tankerinin
2019-cu ildə təhvil
verilməsi gözlənilir.
Müəssisənin ən böyük nailiyyəti “Xankəndi” gəmisinin istifadəyə
verilməsidir. “Xankəndi”
bütövlükdə Xəzərin
gəmiçilik tarixində
yeni eranın başlanğıcı sayılır.
Bu gəminin inşası
Azərbaycanın iqtisadi
və sənaye potensialının gücləndirilməsi
istiqamətində növbəti
mühüm addımdır.
Keçən ilin sentyabr ayında təqdimat mərasimi keçirilmiş
“Xankəndi” sualtı
tikinti gəmisi 11 il “Şahdəniz”
yatağında işləyəcək.
Gəmi
2017-2027-ci illərdə “Şahdəniz-2”
layihəsinin yerinə
yetirilməsinə səfərbər
olunaraq sualtı quraşdırma işlərində
istifadə ediləcək.
Bu da öz
növbəsində Azərbaycanın
təşəbbüsü və liderliyi ilə həyata keçirilən “Cənub
qaz dəhlizi” (CQD) layihəsinə mühüm
töhfədir. Çünki CQD-nın əsas ehtiyat mənbəyi məhz “Şahdəniz” yatağıdır.
“Xankəndi” Xəzər
dənizindəki neft və qaz donanmasının
yeni texnologiyaya malik ən müasir
gəmisidir. Bu gəmi
suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya
standartlarına uyğun
sualtı qurğular inşa etmək üçün layihələndirilib.
Xatırladaq ki, dünyada bu tipdə cəmi
10 gəmi var. Onlardan biri məhz Azərbaycandadır. Bütün bunlara görə də “Xankəndi”nin istifadəyə verilməsi haqlı olaraq tarixi hadisə
sayılır.
Gəminin inşası təqribən
400 milyon dollara başa gəlmişdir. Belə bir
gəminin tikintisi Azərbaycan dövlətinin
iqtisadi gücünü
göstərən çoxsaylı
amillərdən biridir.
Bu həmçinin göstərir ki, Azərbaycanda istənilən
böyük tikinti işləri aparıla bilər.
İstər Bakı Gəmiqayırma Zavodunun tikintisinin müvəffəqiyyətlə tamamlanması, istərsə
də bu müəssisədə “Xankəndi”
kimi nadir bir gəminin araya-ərsəyə
gəlməsi Azərbaycan
dövlətinin yürütdüyü
məqsədyönlü iqtisadi
siyasət nəticəsində
mümkün olmuşdur.
Zavodun tikilməsində əsas məqsədlərdən biri
Azərbaycanda məhz
istənilən növ
gəmilərin inşa
edilməsi idi ki, “Xankəndi”nin
uğurla istifadəyə
verilməsi qarşıya
qoyulan vəzifənin
yerinə yetirildiyini göstərdi. Beləliklə, Azərbaycanda gəmiqayırma
zavodunun tikintisi haqqında verilmiş qərarın da düzgünlüyü təsdiqləndi.
Təsadüfi deyil ki, bu il avqustun
12-də Qazaxıstanın Aktau
şəhərində keçirilən
V Zirvə toplantısındakı
çıxışında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev həm “Xankəndi”dən, həm də bu və
digər gəmilərin
tikildiyi müəssisədən
geniş bəhs etmişdir: “Azərbaycan Xəzərdə 260-dan çox
gəmisi olan donanmaya malikdir. Bu gəmilərin bir hissəsi yüklərin fasiləsiz
tranzitinin təmin edilməsi işində əsas rol oynayır.
2013-cü ildə Azərbaycanda
ən müasir texnoloji standartlara cavab verən gəmiqayırma zavodu istifadəyə verilmişdir...
Hesab edirəm ki, Xəzəryanı ölkələr
bu zavodun imkanlarından istifadə edə bilərlər”.
Bu müəssisənin inşasında məqsəd
Azərbaycanın gəmiçilik
sahəsində idxaldan
asılılığını aradan qaldırmaq, Xəzər donanmasını
müasirləşdirməkdir. Çünki bundan əvvəl ölkəmizin kifayət qədər güclü donanmasına məxsus gəmilər bir çox hallarda xarici ölkələrdə
təmir edilirdi.
Digər
tərəfdən, Azərbaycan
tankerləri, yük, bərə gəmilərini
və digər təyinatlı gəmiləri
xaricdən alırdı.
Artıq
Azərbaycanın tələbatını
ödəyə biləcək
bütün növ gəmilər ölkəmizdə
istehsal və təmir edilir. İndi Azərbaycanın bu sahədə də ixrac potensialını gücləndirmək imkanları
var.
Flora SADIQLI
Azərbaycan.- 2018.- 18 avqust.- S.1;4.