Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri

 

 

Uzun illərin gərgin müzakirələrindən sonra beş Xəzəryanı ölkə Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı çox mühüm sənəd imzaladılar.

 

Bu hadisəyə bir sıra dövlət başçıları tarixi qiymət verdilər. Mütəxəssislər və kütləvi informasiya vasitələri də baş verənlərə böyük maraq göstərdilər. Qərb mətbuatı əldə edilən razılıqları daha çox "siyasi mövqe"dən dəyərləndirməyə çalışır. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrin bəzi nəşrləri Xəzərin hüquqi statusunun müəyyənləşməsini Rusiyanın böyük qələbəsi kimi təqdim etməyə cəhd göstərirlər. "The Guardian", "Le Monde", "The New York Times" və başqa nəşrlərdə imzalanan Konvensiyanın Moskvaya verə biləcəyi geosiyasi dividendlərdən bəhs edilir. Ancaq, bizcə, hadisə daha geniş kontekstdə əhəmiyyət kəsb edir. Onu hansısa bir region dövlətinin uğuru kimi təqdim etmək reallığa uyğun deyil. Bu məqamı nəzərə alaraq Aktau sammitinin geosiyasi, mədəni, ekoloji, iqtisadi və energetik əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac görürük.

 

İmzalanan səkkiz sənəd: gərgin işin yekunları

 

Nəhayət, uzun illərdir dünyanı narahat edən bir problem də aradan qaldırıldı. "Xəzər beşliyi" dövlətlərinin başçıları Qazaxıstanın Aktau şəhərində V Zirvə toplantısında mühüm sənədlər imzaladılar. Bu hadisəyə geniş reaksiya verilməsi tam gözlənilən idi. Çünki Xəzərin hüquqi statusunun qeyri-müəyyən qalması iqtisadi, enerji, siyasi, hərbi, ekoloji və geosiyasi risklər yaradırdı ki, bu da istənilən an regionda gərginliyə yol aça bilərdi. Hətta bir neçə dəfə hövzə ölkələri arasında münasibətlər Xəzərin hüquqi statusunun müəyyən edilməməsi ucbatından gərginləşmişdi.

 

Etiraf edək ki, münasibətlərdəki gərginlik Azərbaycan rəhbərliyinin təmkinli və qətiyyətli mövqeyi sayəsində hərbi münaqişəyə çevrilmədi. Həmin hadisələr artıq geridə qalıb və üzərlərində dayanmağa ehtiyac yoxdur. Lakin Xəzərin statusunun müəyyən edilməməsinin hansı təhlükəli nəticələr verə biləcəyi faktını da unutmaq olmaz. Hazırkı mərhələdə həm də ona görə ki, supergüclərin müxtəlif regionlarda nüfuz uğrunda mübarizəsi çox intensiv xarakter alıb.

 

Konkret desək, ABŞ, Rusiya və Çin hazırda beynəlxalq miqyasda çox fəal addımlar atırlar. Xəzərin strateji bir məkan olduğunu nəzərə alsaq, burada hər an böyük təsirləri olan qarşıdurmanın meydana gəlmə ehtimalının az olmadığı qənaətinə gəlmək mümkündür. Bu səbəblərdən Aktau sammitini siyasi liderlər haqlı olaraq "tarixi hadisə" kimi qiymətləndirirlər. Ekspertlər və KİV orqanları da onu geniş şərh edir, analizlər aparır və proqnozlar verirlər. Beləliklə, avqustun 12-də Aktauda hansı tarixi hadisə baş verdi?

 

Öncə vurğulayaq ki, Aktau sammitindən bir gün əvvəl Prezident Nursultan Nazarbayev "tarixi sənədlərin imzalanacağı"nın anonsunu vermişdi. Qazaxıstanın Xəzər sahillərindəki füsunkar görkəmli şəhərinə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan Prezidentləri toplaşmışdılar. Onlar keçən əsrdən bu yana davam edən müzakirələrin nəticələrini təsdiqləyən sənədlər imzalamalı idilər.

 

Prezidentlər sammitdə səkkiz sənəd – "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya", "Beşinci Xəzər sammitinin Kommünikesi", "Xəzər dənizində terrorizmlə mübarizədə əməkdaşlıq haqqında Protokol" və daha beş sənədi imzaladılar. Həmin sənədlərdə mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq, iqtisadi-ticari əməkdaşlıq, nəqliyyat sahəsində əməkdaşlıq, münaqişələrin aradan qaldırılması, sərhəd qurumlarının əməkdaşlığı kimi məsələlər ifadə edilib.

 

Ekspertlər Xəzər Konvensiyası ilə yanaşı sammitin yekununda qəbul edilən "Beşinci Xəzər sammitinin Kommünikesi"nin əhəmiyyətini də vurğulayırlar (bax: Коммюнике Пятого каспийского саммита / Kremlin.ru, 12 avqust 2018). Kommünikedə qeyd olunur ki, Xəzərlə bağlı keçirilən sammitlərdə – 2002-ci il Aşqabad, 2007-ci il Tehran, 2010-cu il Bakı və 2014-cü il Həştərxan tədbirlərində bugünkü sammitə qədər mürəkkəb yol keçilib. 12 avqust Aktau sammitinin başlıca yekunu isə beş ölkə liderinin baza beynəlxalq müqaviləni – Xəzərin hüquqi statusu haqqında beynəlxalq Konvensiyanı imzalaması oldu. Bu sənəd konsensus və bütün tərəflərin qarşılıqlı maraqlarının nəzərə alınması əsasında ərsəyə gəlib (bax: əvvəlki mənbəyə).

 

Kommünikedə ayrıca vurğulanır ki, bu sənəd Xəzərin müasir tələblərə cavab verən və sahilyanı dövlətlərin hərtərəfli qarşılıqlı əlaqələrinin bundan sonra da intensivləşməsinə imkan yaradan hüquqi rejimini müəyyənləşdirir. Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, tərəflər arasında olan fikir ayrılıqları tədricən ciddi diplomatik təşəbbüslər sayəsində aradan qaldırılıb. Lakin onların hamısı Aktau sammitində də öz həllini tapmayıb.

 

Əldə olunan razılıqların səmərəli yerinə yetirilməsi üçün Prezidentlər xüsusi beştərəfli məsləhətləşmə mexanizmlərinin işlənib hazırlanması barədə razılığa gəliblər. Sənəddə qeyd olunur ki, Xəzəryanı dövlətlərin hökumətləri tərəfindən ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat, energetika, innovasiya, turizm, informasiya və başqa sferalarda əlaqələrin gücləndirilməsinə dair razılaşmalar böyük məmnunluq doğurub. Bu bağlılıqda 2019-cu ildə Türkmənistanda Birinci Xəzər İqtisadi Forumunun keçirilməsi haqqında ortaq fikrə gəlinməsi də yüksək qiymətləndirilir.

 

Kommünikedə dəniz nəqliyyatı üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə ortaq fikrin formalaşmasına da böyük qiymət verilir. Bu sferada beştərəfli müqavilənin işlənib hazırlanması barədə qərar qəbul edilib. Sənəddə Xəzəryanı ölkələr arasındakı anlaşılmazlığın həlli, təhlükəsizlik, ekoloji sferada əməkdaşlıq və hərbi sahədə qarşılıqlı etimadın yüksəldilməsi məsələləri xüsusi vurğulanıb (bax: əvvəlki mənbəyə).

 

Məlumdur ki, bu məsələlər ekspertlərin də çox diqqət yetirdiyi məqamlarla sıx əlaqəlidir. Burada ilk olaraq dövlətlərin təhlükəsizliyi məsələsinin geosiyasi konteksti aktuallıq kəsb edir. Xəzəryanı ölkələr uzun müddət bu aspektdə ortaq mövqeyə gələ bilmirdilər. Onların geosiyasi maraqları bir-birindən fərqlənir. Demək olmaz ki, Aktau sammiti həmin istiqamətdə mövcud çətinlikləri tam aradan qaldırdı. Lakin danılmaz faktdır ki, vurğulanan istiqamətlər üzrə əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilib.

 

Məsələn, Xəzər dənizində münaqişələrin qarşısının alınması ilə bağlı imzalanan sənəddə Xəzəryanı dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə ziyan vurmamağa, hərbi sferada regional təhlükəsizliyin təmini kontekstində qarşılıqlı etimadın artırılmasına ayrıca diqqət yetirilib. Həmçinin terrorla mübarizədə də birgə fəaliyyət haqqında razılığın əldə olunması ciddi hadisədir.

 

Kommünikedə yer almış digər əhəmiyyətli məqam Xəzərin ekologiyası ilə bağlıdır. Tərəflər bu aspektdə əməkdaşlığa böyük önəm verdiklərini vurğulayıblar. Bu bağlılıqda Azərbaycan Prezidenti İlham Əliyevin Aktau sammitində söylədiyi geniş nitqində ifadə etdiyi aşağıdakı fikri vurğulamaq gərəkdir: "Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, onun bioresurslarının mühafizəsi və artırılması ölkəmiz üçün prioritet məsələlərdən biridir. Son illər Azərbaycanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr icra edilir" (bax: Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib / AZƏRTAC, 12 avqust 2018).

 

Prezident İlham Əliyev Azərbaycanın ekoloji faktora böyük önəm verdiyini konkret faktlarla göstərib. O cümlədən ölkə rəhbəri Bakının "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası"nın və onun protokollarının, eləcə də "Xəzər dənizində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş"in razılaşdırılması prosesində fəal iştirak etdiyini deyib. Dövlət başçısı ifadə edib ki, "bu istiqamətdə aparılan beştərəfli qarşılıqlı fəaliyyətin mühüm nəticəsi kimi cari il iyulun 20-də Moskva şəhərində Xəzəryanı dövlətlər arasında Çərçivə Konvensiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair Protokolunun imzalanmasını yüksək dəyərləndiririk" (bax: əvvəlki mənbəyə).

 

Kommünikedə bu kimi faktorların vurğulanması üzərində dayanmağımız təsadüfi deyil. Bu faktlar onu göstərir ki, Aktauda Xəzərin hüquqi statusunun müəyyənləşməsi məsələsi çox geniş kontekstdə götürülüb. Mütəxəssislər həmin məqamı nəzərə alırlar. Əslində, bu özəllik prinsipial geosiyasi əhəmiyyət kəsb edir. Hər şeydən öncə aydın olur ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsi sırf hüquqi prosedurlarla bağlı deyildi. Qarşıya çıxan müxtəlif çətinliklər daha çox geosiyasi, hərbi və iqtisadi, energetika məsələləri ilə bağlıdır. Aktau sammitinin strateji əhəmiyyətini ilk növbədə məhz bu faktorlar şərtləndirir.

 

Konvensiya: hüquqi, geosiyasi, iqtisadi və ekoloji aspektlərin sintezi

 

Mütəxəssislər üçün hər şeydən öncə maraqlı olan sənəddə Xəzərin dəniz və ya göl kimi təsbit edilməsidir. Xəzər dənizinin hüquqi statusu haqqındakı Konvensiyanın birinci maddəsində yazılır ki, "Xəzər dənizi tərəflərin quru əraziləri tərəfindən əhatə olunan su hövzəsidir" (bax: Конвенция о правовом статусе Каспийского моря / Kremlin.ru, 12 avqust 2018). Yəni bir tərəfdən mətndə "Xəzər dənizi" ifadəsi işlənir, lakin konkret tərifdə bu ifadənin şərti olduğu vurğulanır. Belə ki, "dəniz" adlandırılan su sahəsi "hövzə" olaraq təqdim olunur.

 

Mütəxəssislər hesab edirlər ki, bu, düşünülmüş şəkildə edilir. Çünki əgər sənəddə birmənalı olaraq Xəzər dəniz kimi təqdim olunsa, onda BMT-nin dəniz hüququ ilə bağlı şərtləri Xəzərə də tətbiq edilməlidir. Buraya ilk növbədə su ərazilərinin 12 mildən çox olmaması şərti daxildir. İstisna iqtisadi zona isə 200 mildən artıq olmamalıdır. Bunlardan başqa, Xəzəryanıda yerləşməyən dövlətlərin də Xəzərə çıxışı olmalıdır. Deyək ki, böyük bir dövlət Xəzərdə hərbi obyektlər yerləşdirə bilərdi və s. Bu isə Xəzəryanı dövlətləri qane etmir. İlk növbədə Rusiya və İran üçün bu, qəbuledilməzdir.

 

Həmin bağlılıqda İran Prezidenti Həsən Ruhaninin sammitdə Konvensiyanın 3-cü maddəsində istənilən hərbi bazanın qurulmasının, xarici ölkələrin hərbi gəmilərinin Xəzərdə olmasının qadağan edilməsini vurğulaması təsadüfi deyil. Bundan başqa, Xəzəryanı ölkə öz ərazisindən digər region ölkələrinə qarşı hərbi məqsədlə istifadə edilməyəcəyini də öhdəsinə götürür. Burada da İranın marağı ön plana çıxır. Çünki ABŞ və İsrail İrana qarşı hərbi addımların atıla bilməsindən bəhs edir, bəzi dairələr isə bu məqamdan istifadə edərək Azərbaycanı bu məsələyə qarışdırmağa çalışırlar. Rəsmi Bakı isə öz ərazisindən heç bir qonşu dövlətə qarşı hərbi addımların atılmasına razı olmayacağını dəfələrlə bəyan edib. İndi həmin məqam sənəddə rəsmən təsbit edilib. Bununla da Azərbaycana qarşı mümkün təxribatlardan birinin də yolu kəsilmiş olur.

 

Sənəddə müəyyən edilib ki, Xəzəryanı ölkələrin su əraziləri 15 mildir, daha 10 mil məsafədə hər bir hövzə dövləti balıq ovu həyata keçirə bilər. Su səthi isə ümumidir. Bununla Xəzərin bioresurslarının böyük hissəsi ümumi istifadədə qalır. Əgər Konvensiyada Xəzərin dəniz tərifi verilsəydi, yuxarıda vurğulanan şərtləri qoymaq mümkün olmayacaqdı. Lakin burada bir məsələ hələ də açıq qalıb.

 

Biz Xəzərin dibinin bölünməsini nəzərdə tuturuq. Konvensiyanın 8-ci maddəsində yazılıb ki, Xəzər dənizinin dibinin və təkinin bölünməsi həmsərhəd və ərazicə qarşı tərəfdə yerləşən hövzə dövlətləri tərəfindən beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri və normaları nəzərə alınmaqla yeraltı sərvətlərdən istifadəyə olan suveren hüquqların reallaşması məqsədi ilə həyata keçirilməlidir (bax: əvvəlki mənbəyə). Yəni Konvensiyada Xəzərin dibinin və təkinin bölgüsünün ümumi prinsipləri qeyd olunub. Konkret müqavilələrin və onların həyata keçirilməsi metodikasının hazırlanması ilə isə xüsusi yaradılmış qrup məşğul olmalıdır. Qrupun xarici işlər nazirləri səviyyəsində təşkil edilməsi planlaşdırılıb.

 

Bu məsələ Xəzəryanı dövlətlər üçün çox əhəmiyyətlidir. Xüsusilə İran tərəfi bu məsələyə çox həssas yanaşır. Buna görədir ki, hələ də Xəzərin dibinin və yeraltı ərazilərinin bölünməsi müəyyənləşməyib. Prezident H.Ruhani sammitdəki çıxışında ayrıca vurğulayıb ki, bu məsələnin müzakirələrinin davam edəcəyinə ümidlidir.

 

Məsələ ilk baxışdan göründüyü kimi asan həll edilən deyil. İran qətiyyətlə ikitərəfli və ya üçtərəfli sazişlərin imzalanması əleyhinədir. Tehran Xəzərin beş bərabər sektora bölünməsini (hər ölkəyə 20 faiz) doğru sayır. Bütövlükdə isə dəniz ümumi istifadədə olmalıdır. 1998 və 2001-ci illərdə Rusiya, Azərbaycan və Qazaxıstan Xəzərin dibi və yeraltı ərazilərinin bölünməsi ilə bağlı razılığa gəldilər. 2003-cü ildə isə bu üç ölkə Xəzərin dibinin bölünməsini dəqiqləşdirdilər. Müqaviləyə əsasən, Rusiyaya Xəzərin dibinin 19 faizi, Qazaxıstana 29 faizi, Azərbaycana isə 20 faizi düşüb. 2014-cü ildə Qazaxıstan və Türkmənistan da Xəzərin dibinin bölünməsi ilə bağlı müqavilə imzaladılar. Ancaq İran bunların heç birini qəbul etmədi.

 

Xəzərin dibinin və səthinin tərəflər arasında sektorlara bölünməsi ilə bağlı Azərbaycanın mövqeyi beynəlxalq hüququn prinsiplərinə tam uyğundur və konkretdir. Prezident İlham Əliyev Aktau sammitində söylədiyi nitqində həmin məqamı xüsusi qeyd edib. Ölkə rəhbəri ifadə edib: "Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin və səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməsi prosesinin başa çatdırılmasına kömək edəcəkdir. Bu kontekstdə Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış sazişlərin böyük əhəmiyyət daşıdığını xüsusi qeyd etmək istərdim" (bax: Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib / AZƏRTAC, 12 avqust 2018).

 

Bu kimi məqamlar, təbii ki, Aktauda imzalanan Konvensiyanın əhəmiyyətini qətiyyən azaltmır. Azərbaycan və Rusiya Prezidentlərinin öz nitqlərində bu hadisəyə yüksək qiymət verməsi tam əsaslıdır. Dövlət başçısı İlham Əliyev bəyan edib: "Çıxışımın sonunda əminliyimi bildirmək istərdim ki, sammitdə qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək" (bax: əvvəlki mənbəyə).

 

Rusiya Prezidenti Vladimir Putin də sammitin yekunları ilə bağlı mətbuata verdiyi bəyanatda deyib: "Bu gün mübaliğəsiz deyə bilərik ki, bizim dövlətlər üçün çox böyük, vacib, əhəmiyyətli hadisə baş verib: Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalanıb" (bax: Заявление Владимира Путина по итогам Пятого каспийского саммита / Kremlin.ru, 12 avqust 2018). Rusiyanın dövlət başçısı qeyd edib ki, uzun illərin gərgin əməyi sayəsində hövzə dövlətləri Xəzərdən hüquqi əsasda istifadə etmənin konkret çərçivələrini müəyyənləşdirə biliblər. Bu, son dərəcə əhəmiyyətli olaydır.

 

Bütün bunlara ümumi mövqedən yanaşan ekspertlər həm Aktau sammitinin geosiyasi əhəmiyyəti, həm də bundan sonra Xəzəryanı dövlətlərin bu məsələdə əməkdaşlıq perspektivləri barədə proqnostik tezislər irəli sürürlər. Hər şeydən öncə, mütəxəssislər məsələnin geosiyasi və təhlükəsizlik aspektlərinə diqqət yönəldirlər. Bir sıra ekspertlər hesab edirlər ki, Rusiya daha çox uğur əldə edib, digərləri İranın qazancını vurğulayırlar.

 

Lakin, düşünürük ki, əldə olunan razılığı hər hansı iştirakçı dövlətin daha çox qazanması və ya itirməsi kimi təqdim etmək böyük yanlışlıqdır. Məsələnin əsl mahiyyəti mürəkkəb geosiyasi şəraitdə Xəzəryanı ölkələrin prinsipial məsələlərdə ortaq hərəkət edə bilməsinə imkan verən beynəlxalq sənədin imzalanmasıdır. Hövzə dövlətləri kənar təsir olmadan Xəzərlə bağlı qarşıya çıxa biləcək hər hansı problemi ciddi hüquqi əsası olan konkret sənədə dayanaraq həll etmək şansı əldə ediblər. Konkret desək, hər bir Xəzəryanı ölkə uduşdadır və bunun azı-çoxu yoxdur.

 

Bəzi ekspertlərin Rusiya və İranın maraqlarını qabartmağa çalışması isə yenə də məsələyə birtərəfli yanaşmanın nəticəsidir. Onlar, təbii ki, ABŞ-ı nəzərdə tuturlar. Ancaq bəri başdan əldə olunan razılığı hansısa bir ölkəyə qarşı olan sənəd kimi təqdim etsələr, qlobal siyasətə mənfi mənada "xidmət" etmiş olarlar. Reallıq ondan ibarətdir ki, bu razılıq ilk növbədə və başlıca olaraq Xəzər ətrafında yerləşən ölkələrin bir-birini anlamasına, dənizin hərbi poliqona və böyük güclərin geosiyasi savaşının hədəfinə çevrilməməsinə xidmət etməlidir.

 

Bu cür yanaşmanın ən gözəl nümunəsini rəsmi Bakı nümayiş etdirir. Azərbaycan uzun illərdir ki, Xəzərdəki öz neft və qaz ehtiyatlarından əməkdaşlıq, region xalqlarının rifahı, dövlətlər arasında mehriban qonşuluğun bərqərar olması və qarşılıqlı faydalılıq prinsipi ilə əlaqələrin inkişaf etdirilməsinə çalışır. Bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi proqramlar bütün dünyaya məlumdur. Onlar yalnız dövlətlər arasında etimadı yüksəldən, əməkdaşlığı dərinləşdirən və beynəlxalq hüquq çərçivəsinə salan proqramlardır.

 

İnanırıq ki, digər region ölkələri də bu mövqeyə tam uyğunlaşacaqlar. Tarixi təcrübə göstərir ki, kiminsə hadisələri öz xeyrinə həll etmək cəhdləri yalnız ixtilaf, qarşıdurma, xalqlara isə fəlakətlər gətirir. Müasir tarixi mərhələdə bu məqam daha çox önəm daşıyır. Bunları kimsənin unutmaması və baş verən hadisəni yalnız öz xeyrinə yozmaması gərəkdir.

 

Beləliklə, doğrudan da, Aktauda tarixi hadisə baş verdi. Xəzəryanı dövlətlər arasında hüquqi əhəmiyyəti olan Konvensiyanın imzalanması özünün ciddi geosiyasi, mədəni, ekoloji, iqtisadi və kommunikativ nəticələrini verəcəkdir. Qürur duyuruq ki, Azərbaycan rəhbərliyi bu razılığın əldə edilməsində çox fəal rol oynayıb. Ölkə rəhbərliyi həmişə ədalətli, reallığa dayanan və beynəlxalq hüquq normalarına uyğun olan mövqeyi ilə bir çox təhlükəli münaqişələrin qarşısını alıb, diplomatik fəallıq və siyasi iradə nümayiş etdirərək ziddiyyətlərin aradan qaldırılmasına əhəmiyyətli töhfələr verib. Təsadüfi deyil ki, bəzi dost olmayan ölkələr Azərbaycanın növbəti böyük uğurundan əndişələniblər. Onlar görürlər ki, Azərbaycan bütün istiqamətlərdə irəliləyir, onun geosiyasi nüfuzu artır, qlobal proseslərdə iştirakı daha da genişlənir. Bu, Azərbaycanın yoludur, bölgədə sülhə, əməkdaşlığa və inkişafa xidmət edən işlərə hər vəchlə maneə yaratmaq isə onların yoludur. Hər kəs qədərini özü seçir!

 

Azərbaycan.- 2018.- 18 avqust.- S.3.