Vətənin keşiyində dayanmaq hər bir gəncin müqəddəs borcudur

 

 

 

 

“Vətən müqəddəsdir və onu qorumaq hər bir gəncin şərəf işidir”. Bunu göygöllü gənclər yaxşı başa düşür və həqiqi hərbi xidmətə çağırılarkən böyük məhəbbətlə ordu sıralarına xidmətə gedirlər. Hər dəfə də çağırışçılar yola salınarkən rayonda böyük bayram əhvali-ruhiyyəsi hökm sürür.

Hərbi hissələrə növbəti yolasalma mərasimi də beləcə çal-çağırla keçdi. Çağırışçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzdülər. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən guşələrə ekskursiya olundu.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çağırışçıları təbrik edərək onlara vətənin keşiyində ayıq-sayıq dayanmağı, valideynlərinin, eləcə də yaxınlarının etimadını doğrultmağı arzuladı. Bildirdi ki, müstəqil Azərbaycan Ordusunda xidmət etmək hər bir gəncin müqəddəs borcudur. Bu borcu ləyaqətlə yerinə yetirmək üçün gərək hərbin sirlərini dərindən mənimsəyəsən, komandirlərin tapşırıqlarına səylə əməl edəsən. İndi Azərbaycan Ordusu dünyanın ən qüvvətli silahlı qüvvələrindən biridiro, ən müasir silahlarla silahlanmışdır. Hərbin sirlərini dərindən mənimsəyən və müasir silahlarla silahlanan ordumuz işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə qadirdir. O gün isə çox da uzaqda deyil.

Sonra çağırışçıların valideynləri, əmək və müharibə veteranları çıxış edərək hərbi xidmətə yola düşənlərə xoş arzularını bildirdilər.

Çağırışçı gənclər onlara göstərilən etimadı doğruldacaqlarına, vətəni göz bəbəyi kimi qoruyacaqlarına söz verdilər. Tədbir rayon mədəniyyət mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatdı. Çağırışçı gənclər üçrəngli Azərbaycan bayrağını öpərək altından keçdilər və xidmət edəcəkləri hərbi hissələrə yola düşdülər.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2018.- 18 avqust.- S.5.