Toponim soyqırımı  

 

 

 

Ermənistan işğal etdiyi torpaqlarımızda addəyişmə siyasətini dövlət səviyyəsində həyata keçirir

 

Azərbaycan ərazilərini illərdir işğal altında saxlayan təcavüzkar Ermənistan orada sözün əsl mənasında soyqırımı törədir. Vandalizm aktlarının ermənilər tərəfindən hələ də davam etdirilməsi isə təcavüzkarın beynəlxalq birlik tərəfindən ciddi şəkildə cəzalandırılmamasının nəticəsidir. Nəinki bu gün Ermənistanın yerləşdiyi Qərbi Azərbaycanda, eləcə də Dağlıq Qarabağona bitişik rayonlarda etnik təmizləmə siyasəti həyata keçirən, tarixi, dini abidələrimizə, mədəniyyətimizə qarşı soyqırımı törədən təcavüzkarın mənfur əməlləri toponimlərimizdən də yan ötməyib.

Qafqaza müxtəlif ərazilərdən köçürülüb, yaxud əməllərinə görə qovularaq gələn ermənilər təkcə son 30 ilə yaxındır ki, işğal etdikləri Dağlıq Qarabağda, onun ətrafında yerləşən 7 rayonumuzda kütləvi şəkildə yer-yurd, çay, dağ, meşə adlarını dəyişdirərək onları saxtalaşdırıblar. Əslində isə bu toponimlərin ermənilərə heç bir aidiyyəti yoxdur. Ermənistanın hələ keçmiş Sovetlər birliyi dövründə “mədəni şəkildə” toponimlərimizə qarşı həyata keçirdiyi saxtalaşdırma siyasəti bu gündavam etdirilir. Onlar toponimləri erməniləşdirməklə xalqımızın minillik izini yer üzündən silməyə çalışırlar. Beynəlxalq qurumlar bu vandalizm siyasətinə sanki göz yummağı özlərinə borc bilir, yaxud bununla Ermənistandan çəkindiklərini sübut edir. Ermənilərin həyata keçirdikləri saxtalaşdırma kampaniyasının qarşısı alınmalıdır, çünki onların işğal etdikləri ərazilərdə toponimlərin dəyişdirilməsi bütün beynəlxalq konvensiyalara daban-dabana ziddir.

Məsələ bundadır ki, ermənilər yalnız işğal etdikləri Azərbaycan torpaqlarında deyil, Türkiyənin də ərazilərində həmin şovinizm siyasətini tətbiq edir, yer-yurd adlarını saxtalaşdırmaqdan çəkinmir, onlara öz dillərində adlar verirlər.

Ötən əsrin 90-cı illərindən Azərbaycanın aranlı-dağlı Qarabağonun ətrafındakı ərazilərini işğal edən ermənilər iri yaşayış məskənlərindən olan Ağdam şəhərini - Akna, Xocalını - İvanyan, Qubadlını - Sanasar, Laçını - Berdzor, Kəlbəcəri - Karvaçar, Cəbrayılı - Jrakan adlandıraraq tam, bəzi yer adlarını qismən, digərlərini isə öz dillərinə tərcümə edərək dəyişdiriblər. Dəhşətlisi budur ki, onların çap etdirdikləri xəritələrdə və kütləvi informasiya vasitələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni “Qandzak”, Bərdəni “Partav”, Kəpəz dağını “Alparakkimi göstərmələrinin sanki beynəlxalq aləmə dəxli yoxdur. Bunun əslində beynəlxalq hüquq normalarına etinasızlıq, Azərbaycan xalqına qarşı isə mənəvi terror olduğu danılmazdır.

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində toponimləri ucdantutma dəyişdirməsi faktına beynəlxalq qurumların göz yummasından təəssüflənən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bildirib ki, ermənilər bütün istiqamətlərdə antiazərbaycan təbliğatı həyata keçirib və təəssüf ki, bu gün də həmin əməllərini davam etdirirlər: Tarixi mənbələrin yazdıqlarından, son dövrlər baş verənlərdən də məlum olur ki, onlar bura köçürüləndən, yəni XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı bu kimi saxtalaşdırma əməlləri həyata keçiriblər. Ermənilər himayədarlarının yaratdığı şəraitdən istifadə edərək torpaqlarımıza qarşı iddialar ortaya qoymağa başlayıblar. Onların ideologiyası saxtakarlıq və cəfəngiyyat üzərində qurulub. Faktdır ki, ermənilər Azərbaycana qarşı yalnız toponim təcavüzü həyata keçirməyib, bütün istiqamətlərdə separatçı əməllər sərgiləyiblər. Araşdırmalardan məlumdur ki, onlar yerli əhali olan türkləri, müsəlmanları min bir hiylə ilə, zülm etməklə öz yerlərindən didərgin salıblar, sonra isə bizə aid yer-yurd adlarını dəyişdirməklə məşğul olublar. Bu saxtakar əməllərini icra etmək üçün himayədarları ermənilərə münbit şərait yaradıblar. Düzdür, sovet hakimiyyəti qurulandan sonra onların bizə qarşı ədavətinə bir qədər son qoyuldu. Ancaq bu heç də onların Azərbaycana qarşı əməllərinin qarşısını kəsmədi. Ermənilər müxtəlif yollarla saxtakar niyyətlərini həyata keçirməyə başladılar. Ermənistandan soydaşlarımızı kütləvi olaraq deportasiya etdilər, həm də oradakı abidələri, eləcə də qədim türk toponimlərini özlərininkiləşdirdilər. Bu gün 2 mindən artıq türk toponimi erməniləşdirilib. İşğal olunmuş Dağlıq Qarabağda, eləcə də digər rayonlarımızda bu əməllərini açıq şəkildə davam etdirirlər. Onlar rəsmi və qeyri-rəsmi şəkildə toponimləri saxtalaşdıraraq erməniləşdirirlər”.

AMEA-nın Tarix İnstitutunun elmi işçisi, Dövlət mükafatı laureatı Nazim Mustafa da ermənilərin əvvəllər və son dövrlərdə həyata keçirdikləri toponim saxtakarlığını ifşa edən faktlarla bağlı fikirlərini geniş ictimaiyyətə çatdırmağı vacib məsələ hesab edir: “Hər hansı bir ərazidə toponimlər sisteminin formalaşması üçün yüzillər, bəlkə də minillər lazımdır. Cənubi Qafqazda qədim türklərə, oğuz və qıpçaq boylarına məxsus toponimlərin yaranmasından minillərlə zaman keçir. Azərbaycan, Gürcüstanindiki Ermənistan ərazisində on minlərlə toponim məhz tarixin qədim qatlarında formalaşmışdır. Qədim türklər yaşadıqları ərazini coğrafi relyefin, tarixi şəxsiyyətlərinin və tayfaların adları ilə adlandırmışlar. Bugünkü Ermənistan əsasən tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində yaradılmışdır. 1827-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra yaradılan yeni inzibati ərazi vahidində, yəni “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. Onlar da 1828-ci ilədək bura köçürülmüş ermənilər idi. Yeri gəlmişkən, göstərilən 62 kəndin ancaq 14-nün adı erməni mənşəli idi”.

Ümumiyyətlə, ermənilər azərbaycanlılara məxsusluğu bildirən toponimlərdə hallanandağsözünüsar”, “təpə”ni “blur”, “gölülic”, “çay”ı “get”, “bulağ”ı “axbyur”, “suyucur”, “dərə”ni “dzor” ifadəsi ilə əvəz etməklə hərfi tərcümə yolu ilə toponimlərimizi erməniləşdirmişlər”.

Bir xalqın müəyyən ərazidə əsrlər, minilliklər boyu formalaşmış toponimlər sistemini kökündən dəyişdirmək onun tarixi-coğrafi ərazidəki izlərinin silinməsi deməkdir. Ermənistanda isə azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 18 avqust.- S.5.