İstiqlal mücahidi,
maarifpərvər ziyalı
May ayının əvvəllərində yolum yenə Ağdaş rayonuna düşmüşdü. Burada rayon icra hakimiyyətinin məsul işçisi, ömrünün 35 ilini dövlət qulluğuna həsr etmiş Qalib Həsənovla cümhuriyyət dövrü və onun tariximizdəki rolu haqqında söhbətimiz oldu. Söz sözü çəkdi. O bizə “Siz Muxtar Əfəndizadəni tanıyırsınızmı”sualı ilə müraciət etdi. Haqqında eşitdiyimi, lakin tam məlumatlı olmadığımı dedim. Söhbət əsnasında onun Ağdaş torpağında dünyaya göz açması, istiqlal mücadiləsində mühüm rol oynaması və təhsil sistemimizin inkişafına misilsiz xidmətləri barədə xeyli danışdı.
Dövrünün görkəmli şərqşünaslarından biri, Azərbaycanda, eləcə də Cənubi Qafqazda, Krımda, Türkiyədə və digər yerlərdə Muxtar Əfəndi adı ilə tanınan Muxtar İsmayıl oğlu Əfəndizadə çox çətin həyat yolu keçib.
1880-ci ilin yanvar ayında Ağdaşın Şəmsabad kəndində anadan olub. Atası İsmayıl Əfəndi XIX əsrin ikinci yarısında Ərəş mahalının məşhur alim və müdərrislərindən (müəllimlərindən) olub. “Zeynəddin” ədəbi məclisinə rəhbərlik edib. Azərbaycan və fars dillərində şeirlər yazıb. İsmayıl Əfəndinin on üç qəzəli və bir neçə nəsihətnaməsi günümüzədək gəlib çatıb. Qəzəlləri oxunaqlı və ürəyəyatandır.
İsmayıl Əfəndi XIX əsrin 80-ci illərində Ağdaşın Şəmsabad kəndində qızlar üçün də məktəb açıb. Məktəbdə oğlan məktəblərindən fərqli olaraq, dünyəvi deyil, yalnız dini elmlər öyrədilirmiş.
İsmayıl Əfəndi vəfat edəndə oğlu Muxtar altı yaşında olub, anası Zeynəb xanımın himayəsində yaşayıb. Zeynəb xanım özü də yazı-pozu bilən, savadlı və gözüaçıq qadın kimi tanınıb.
Muxtarın istedadına bələd olan atasının dostları və tələbələri, xüsusilə də Ağdaşın Ərəbocaq kəndinin müdərrisi Hacı Məhəmməd Əfəndi onu himayəsinə götürüb, təhsili ilə məşğul olub. Muxtar doqquz il Hacı Məhəmməd Əfəndinin mədrəsəsində oxuyub, bir çox dünyəvi elmlərdən xəbərdar olub. Sonra doqquz il də digər din alimlərinin yanında təhsil alıb.
Bundan əlavə, onun Türkiyənin İstanbul şəhərində təhsil alması barədə israrlı söhbət gedir. Şübhəsiz, “pantürkist”, “panislamist” damğasından ehtiyat edərək M.Əfəndi heç yerdə bu barədə məlumat verməyib. Çünki onu “pantürkist” və “panislamist” kimi ləkələyib məhv etmək çox asan idi.
Uzun illər mədrəsə
təhsili almış, müxtəlif alimlərin yanında oxumuş bu gəncin
müəllimliyə meyli çox
olur. Bununla belə, o, həmin sahədə metodiki boşluğu duyur, hiss edirdi. Elə ona görə
də hələ təhsil alarkən metodiki kitab yazmağı qarşısına
məqsəd qoyur.
Yazacağı kitabın qayəsi
də müəllim işini yüngülləşdirmək,
tədrisin keyfiyyətini
yüksəltməkdən ibarət
idi. Nəhayət, istəyinə nail olur. “Oxu”
adlı kitab metodiki vəsaitdən əlavə, həm də uşaqlar üçün dərslik
idi. Həmin kitab sonralar
ona şöhrət gətirir.
24 yaşına kimi
Muxtar Əfəndi hikmət elmindən başqa, bir çox digər elmləri də öyrənir. O, hələ 9 yaşında ikən müqəddəs kitab “Quran”ı oxuyub axıra çatdırmışdı.
XX əsrin əvvəllərində
Ağdaşda maarifçiliyin
inkişafında müstəsna
rol oynamış Muxtar Əfəndi “Kimsəsiz uşaqlar evi”, “Yaşlılar üçün kurs”
(1906), “Darülirfan” məktəbi
(1906), qiraətxana (1906), teatr
(1908), “Səadət” adlı
qız məktəbi
(1909) açıb. Qubada təşkil
etdiyi üsuli-cədid
məktəbində dərs
deyib və üsuli-cədid məktəbləri
üçün “Şəraye-ül-islam”
kitabını (1911) yazıb.
1918-ci ildə Şamaxı, Ağsu, Qutqaşen (indiki Qəbələ), İsmayıllı bölgələrində
bir çox kəndləri viran qoymuş erməni-daşnak
quldurlarının Göyçaya,
Ağdaşa hücumları
zamanı 200 nəfərlik
dəstə təşkil
edərək, onların
qabağını kəsib
geri qaytarılmasında
mühüm rol oynamışdır.
Vətənsevər, millətsevər şəxsiyyət
kimi dəyərləndirilən
Muxtar Əfəndi Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan
sonra 1919-cu ilin dekabr ayında AXC parlamentinə Ərəş
qəzasından nümayəndə
seçilir və 3 aydan bir qədər
artıq müddətdə
parlamentin üzvü olur.
Muxtar Əfəndi
dövrünün qabaqcıl
maarifpərvər ziyalısı
kimi gənc nəslin təlim-tərbiyəsinə,
xalq maarifinin və elmin inkişafına,
ictimai həyatın müxtəlif sahələri
üçün ixtisaslı
kadrların hazırlanmasına
böyük əhəmiyyət
verirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Ağdaşa qayıdaraq, maarifçilik fəaliyyətini
davam etdirir. Rayon maarif şöbəsinin inspektoru işləyir.
Ovaxtkı xalq maarif komissarı
Dadaş Bünyadzadə
inqilabdan əvvəl M.Əfəndizadəni şəxsən
tanıdığı üçün
onun maarifçilik səriştəsinə bələd
idi. Ona görə də
D.Bünyadzadə Ağdaşda
açılan qısamüddətli
pedaqoji kurslara rəhbərliyi Muxtar Əfəndiyə həvalə
edir. Həmin kursda oxuyan
53 nəfər gəncin
əksəriyyəti əvvəllər
onun məktəbində
oxuyan şagirdlər idi.
1921-ci ilin sentyabr
ayında kursu qurtaran gənclər Ağdaşın kəndlərinə
göndərilir. Onların yerlərə bölüşdürülməsi
işi də M.Əfəndizadəyə həvalə
edilir. Gənclər kəndlərə gedərək şagird toplayıb yeni məktəblərin təşkilinə
başlayırlar.
1923-cü ilə qədər
maarif şöbəsində
inspektor olmaqla yanaşı, M.Əfəndizadə
1923-cü ilin noyabr ayında ikinci dərəcəli məktəbdə
ədəbiyyat müəllimi
işləyir.
Müəllimlik fəaliyyətini 1926-cı ilə
qədər davam etdirir. Həmin illərdə ürək
xəstəliyinə tutulan
M.Əfəndizadənin səhhəti
ağırlaşır və
işləmək imkanı
olmadığı üçün
ərizə verərək
maarif sahəsindən
uzaqlaşmağı qərara
alır. Bu həmin dövr idi ki, parlamentdə
üzvlüyünə görə
tez-tez sorğu-suala tutulurdu.
1929-cu ildə Muxtar
Əfəndini həbs
edib Göyçaya aparırlar. Göyçaya aparılma səbəbi
isə 8 aprel 1929-cu ildə qəza sisteminin ləğv edilməsindən irəli
gəlirdi. Buna görə də məhkəmə Göyçayda
olmalı idi. Beləliklə də böyük
maarifpərvər insanın
acınacaqlı günləri
başlayır. Fiziki və
mənəvi təhqirlərə
məruz qalır, “müsavatçı” damğası
ilə evində axtarış aparılır.
Şəxsi arxivi dağıdılır,
özü Qazaxıstana
sürgün edilir.
1939-cu ildə sürgündən qayıtdıqdan
sonra pedaqoji və elmi fəaliyyətini
davam etdirir.
M.Əfəndizadənin fəaliyyətinin mayası
maarifçilik zəmini
üzərində qurulmuşdu. Ali və
orta məktəblər
üçün dərsliklər
yazmış, orta əsr Azərbaycan tarixinin öyrənilməsində
mühüm əhəmiyyəti
olan bir sıra qiymətli mənbələri fars və ərəb dillərindən
tərcümə etmişdi.
M.Əfəndizadənin elmi
yaradıcılığını araşdırdıqda onu şərti olaraq 2 dövrə bölmək olar: birinci dövr
1904-1920-ci, ikinci dövr
isə 1939-1960-cı illəri
əhatə edir. Birinci dövrdə onun əlyazma şəklində
olan “Oxu” kitabı istisna olmaqla, yaradıcılığının
əsasını dini
kitablar təşkil edir.
1939-cu ilin sentyabr ayından
1941-ci ilin iyun ayına qədər Muxtar Əfəndizadə İsgəndər Münşinin
“Tarixi-aləm-arayi-Abbasi”, Mirxondun
“Rövzət üs-Səfa”
və İbn əl-Əsirin “Əl-Kamil
fit-tarix” kitablarını
Azərbaycan dilinə
tərcümə edir.
Hər 3 kitab Azərbaycan Elmlər Akademiyasının elmi arxivində mühafizə
edilir. 9 çap
vərəqi həcmində
olan İsgəndər
Münşinin “Tarixi-aləmi-arayi-Abbasi”
əsəri daxili başlıqla verilib.
Əsərdə Səfəvilərin
hakimiyyətə gəlməsi,
I Şah İsmayılın
yürüşləri, həmçinin
Sultan Səlim ilə Çaldıran döyüşü
barədə, Cəlalilər
hərəkatı, Şirvan,
Təbriz, Urmiya və Gürcüstandakı
üsyanlar haqqında
məlumatla tanış
olmaq mümkündür.
İkinci böyük əsər
Mirxondun “Rövzət
üs-Səfa” əsəridir.
Əsər qədim Azərbaycan
tarixindən bəhs edir. M.Əfəndizadənin tərcüməçilik fəaliyyətindən danışarkən
sonuncu tərcüməsinin
- “Gülüstan” poemasının
adını çəkməmək
mümkün deyildir.
O, bu əsəri
1958-ci ildə tərcümə
edib başa çatdırıb.
M.Əfəndizadə yaradıcılığının digər hissəsini dərsliklərin yazılması
təşkil edir. 1943-1944-cü
tədris ilində Azərbaycan Dövlət Universitetində Şərq
şöbəsi təsis
olunur və M.Əfəndizadə ora ərəb dili müəllimi kimi dəvət edilir.
1944-cü ildə 65 yaşlı
M.Əfəndizadə ərəb
dili müəllimi kimi universitetdə işə başlayır. Az vaxt ərzində
bilik və bacarığı ilə universitetdə dərin hörmət qazanır. Şərqşünaslıq sahəsində dərslik
problemi hələ həll edilməmişdi.
Bu iş də ona həvalə olunur. 1947-ci ildə
20 çap vərəqi
həcmində “Muftah-ül-lisan
ül ərəb” adlı kitab Azərnəşr tərəfindən
çap edilir. Kitab böyük sevinclə qarşılanır. Bu kitab
ali məktəblər
üçün şərqşünaslıq
sahəsində ilk dərslik
idi.
Şərqşünas akademik Kraçkovski “Ərəb
dilinin açarı” kitabı ilə tanış olduqdan sonra əsəri çox yüksək qiymətləndirir.
Qeyd etmək
lazımdır ki, M.Əfəndinin uzun illər sürgündə
qalması, davam edən Stalin repressiyası
da onu haqq
sözünü, cəsarətli
fikirlərini ifadə
etməkdən çəkindirməyib. Məhz buna
görə də
1950-ci ildə o, universitetdən
uzaqlaşdırılır.
25 avqust 1950-ci ildə
Muxtar Əfəndi ərizəsinə əsasən
universitetdən təqaüdə
çıxır. Onun ən
böyük xidməti
xalqımızın elmi,
ədəbi yaradıcılığının
qorunmasından ibarət
olub. O, qədim əlyazmaları, kitabları,
ümumiyyətlə, gələcəyə
çatdırılan hər
cür əhəmiyyətli
məxəzləri toplayıb,
onların pozulmuş yerlərini bərpa edərək Azərbaycan Elmlər Akademiyasının
Əlyazmalar İnstitutuna
təqdim edib.
Ömrünü maarifçilik sahəsinə
həsr etmiş M.Əfəndizadə 1975-ci ildə
vəfat edib və vəsiyyətinə
görə doğma ata yurdunda - Ağdaşın Şəmsabad
kəndində dəfn
edilib.
Əli
SƏLİMOV
Azərbaycan.- 2018.- 19 avqust.- S.4.