Azərbaycan xalçası dünya brendinə çevrilir
Hələ qədim dövrlərdə Azərbaycan xalçası dünya bazarlarında dəyəri və orijinallığı ilə diqqəti cəlb edib. Bunu hazırda dünyanın məşhur muzeylərinin ekspozisiyasını bəzəyən Azərbaycan xalçalarının toxunma tarixindən, hansı ölkələrdə “yaşaması”ndan da bilmək mümkündür.
Bütün bunlar onu deməyə əsas verir ki, öz çeşnisi, toxunuş texnologiyası, orijinallığı və keyfiyyəti ilə seçildiyindən xalçalarımız hər zaman qiymətli və baxımlı olub. Hazırda dünyanın məşhur muzeylərində nümayiş etdirilən xalçalarımız vaxtilə vətənimizə gələn səyyahlar, tacirlər və alimlər tərəfindən müxtəlif ölkələrə aparılıb. Azərbaycan xalçaları Avropada intibah dövrünün görkəmli rəssamlarının tablolarında da təsvir olunub.
“Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür” - deyən ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə mədəni irsimizin bu sahəsinin inkişafına və qorunmasına xüsusi diqqət və qayğı göstərmişdir. Həmin illərdə ölkəmizdə xalçaçılığın inkişafı və təbliği üçün bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 1972-ci ildə Xalça muzeyinin açılması respublikada bu sahəyə göstərilən diqqətin nümunəsi idi. 1983-cü ildə ulu öndər Heydər Əliyev Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olduğu zaman Bakıda UNESCO-nun Şərq Xalçaları üzrə Beynəlxalq Konfransının xətti ilə Azərbaycan xalçasının tanıdılması məqsədilə simpoziumun keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu, keçmiş SSRİ məkanında Şərq xalça sənətinə aid birinci simpozium kimi tarixə düşmüşdür. Xarici ölkələrdən gəlmiş çoxsaylı qonaqların iştirak etdiyi bu simpozium əsl xalça bayramına çevrilmiş, Azərbaycan xalçasının tanıdılmasında və təbliğində mühüm rol oynamışdır.
Ölkəmizdə xalçaçılıq sənətinin inkişafı sahəsində aparılan iş uğurla davam etdirilir. Dövlət başçısının mədəniyyətimizin inkişafı ilə bağlı tövsiyə və tapşırıqları milli-mənəvi dəyərlərimizin, xalq sənəti növlərinin mühafizəsi və inkişafı üçün geniş zəmin yaratmışdır. Bu baxımdan “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanunun qəbul olunması xüsusi əhəmiyyət kəsb edir. Bu qanun xalça sənəti ilə bağlı xalqımızın zəngin milli-mədəni ənənələrinin qorunub saxlanılması, öyrənilməsi, xalça sənətinin inkişaf etdirilməsi və təbliği sahəsində məsələləri tənzimləyir. Xalqın genetik yaddaşının, tarixi varislik ənənələrinin davamı olan bu sənətin gələcək nəsillərə ötürülməsi və inkişafına, texnoloji və bədii dəyərlərinin unudulmamasına yönəlmiş məqsədyönlü tədbirlər öz nəticəsini vermiş, 2010-cu ildə xalça sənətimiz UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ irs siyahısına daxil edilmişdir. Azərbaycan xalçasının tanıdılması ilə bağlı 2003-cü ildə Bakıda, 2007-ci ildə isə UNESCO-nun Parisdəki mənzil-qərargahında xalça simpoziumları keçirilmişdir.
Prezident İlham Əliyevin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın inşa edilməsi barədə 2007-ci ildə və “Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında” 2016-cı il 25 noyabr tarixli imzaladığı sərəncamlarına əsasən, mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilməsi bu sənətə verilən yüksək qiymət və qayğının ifadəsidir. Prezident demişdir: “Xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”.
Azərbaycan Prezidentinin sərəncam və tövsiyələrinə əsasən, ölkəmizdə xalçaçılığın inkişafı üçün zəruri şərait mövcuddur. Ölkə rəhbərinin sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) hazırda respublikamızın bölgələrində 10 filialı fəaliyyət göstərir. Filiallar lazımi avadanlıqlarla təmin olunub, toxuculuq emalatxanası, rəssam otağı, anbar, xalça-satış salonu və s. yaradılıb. Filiallarda çalışanların iş yerinə rahat gediş-gəlişi üçün dövlət başçısının tapşırığı ilə “Azərxalça”nın fəaliyyətdə olan Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəmkir, Tovuz,
Ağstafa, Qazax, Ağdam və Füzuli filialları avtobusla təmin olunub. Bir neçə aydan sonra ölkəmizin cənub bölgəsində - Lənkəranda da belə bir filial işə salınacaq. Hazırda binanın dam örtüyü vurulur, kommunikasiya xətləri çəkilir, həyətdə abadlıq, səliqə-sahman işləri aparılır. Filial toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və s. bölmələrdən ibarət olacaq. Burada 150 nəfər toxucunun, 12 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunacaq.
Prezident İlham Əliyevin bu qədim el sənətinə olan diqqət və qayğısı nəticəsində Azərbaycan xalçaları dünya brendinə çevrilir. Yeri gəlmişkən, oxucular üçün də maraqlı olacağını nəzərə alaraq bildiririk ki, “Christie's” hərrac evində 1998-ci il oktyabrın 15-də keçirilən hərracda XVIII əsrin sonlarına aid “Əjdahalı” çeşnisi ilə toxunan xalça 58 min 747 dollara satılıb. 2002, 2003, 2006, 2008 və 2014-cü illərdə XVIII və XIX əsrlərdə toxunan 12 qədim Azərbaycan xalçası hərraca çıxarılıb. XIX əsrin birinci yarısında toxunmuş xalçaya 152 min 592 dollar verilib. 2006-cı ilin dekabrında ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində yaşayan Robert Montqomeri Skott tərəfindən hərraca çıxarılan, XVIII əsrin sonu XIX əsrin əvvəllərində toxunan Azərbaycan xalçasına çox böyük maraq göstərilib. Xalça 341 min 625 dollara satılıb. Bu, ölçüsünə görə ən baha qiymətə satılan Azərbaycan xalçasıdır. 2013-cü ildə isə Vyanada, Londonda, 2014-cü ildə isə Nyu Yorkda keçirilən hərraclarda XVIII və XIX əsrlərdə toxunmuş Azərbaycan xalçaları satışa çıxarılıb. “Qarabağ”, “Qazax-Borçalı”, “Təbriz”, “Quba” qruplarına aid olan xalçalara 10 min avrodan 233 min dollaradək qiymət qoyulub.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti dünyanın müxtəlif muzeylərində, şəxsi kolleksiyalarda saxlanılan qədim xalçalarımızı aşkara çıxararaq onların çeşniləri əsasında yeni xalçaların toxunmasına başlayıb. Qədim xalçaların çeşniləri əsasında “Azərxalça” tərəfindən yeni xalçaların toxunması həm də qədim çeşnilərimizin gələcək nəsillərə çatdırılması deməkdir.
Xalqımızın istedad və bacarığını, tükənməz sənət imkanlarını göstərən xalçaçılıq əbədiyaşar sənətdir. Toxunan hər bir xalça xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli sənət əsəridir. Bir sözlə, dünya brendinə çevrilən Azərbaycan xalçaları abidədir, incidir, dünyada birincidir.
Rəhman SALMANLI
Azərbaycan.- 2018.- 19 avqust.- S.4.