İnam varsa, qələbə
mütləq olacaq
İşğal tariximizin daha bir günü - 23 avqust 1993-cü il.
Həmin
gün Qarabağın
böyük rayonlarından
olan Cəbrayıl və Füzuli erməni quldur dəstələri tərəfindən
işğal edildi.
İtirilən rayonlarımızın, kəndlərimizin sırasına
daha ikisi əlavə olundu. Daha neçə min soydaşımız
ev-eşiyindən, yurdundan
didərgin düşərək
müharibənin acı
fəsadlarını yaşadı.
Suyu bol, torpağı münbit, havası saf, təbii sərvətlərlə zəngin
olan, Qarabağ dağ silsiləsinin cənub ətəklərindən
Araz çayına qədər düzənlik
sahələri əhatə
edən, Cəbrayıl,
Xocavənd, Ağcabədi,
Beyləqan rayonları
ilə qonşu olan Füzulinin tarixi çox qədimlərə gedib çıxır. Füzulidən
danışarkən təkcə
bir faktı demək kifayətdir: yalnız Azərbaycanın
deyil, dünyanın ən qədim tarixə malik abidələrindən biri
- Azıx mağarası
Füzuli rayonu ərazisindədir. Azıx mağarası
indinin özündə
də analoqu olmayan ilk insan məskəni kimi bəşər sivilizasiyasını
heyrətləndirməkdədir.
Hələ 1827-ci ildən bu bölgə
Qarabulaq adı ilə tanınıb. 1930-cu ildə sovet hakimiyyəti bir sıra yaşayış məntəqələrimizin adını
dəyişdirdiyi vaxt
Qarabulağı da “unutmadı”. Bu dəfə onun adı Qaryagin rayonu oldu. Bu qondarma adı
Qarabağın bu müqəddəs torpaqları
1959-cu ilə qədər
daşımalı oldu.
İndiki adı isə
böyük söz ustadı, Azərbaycan poeziyasının korifeyi Məhəmməd Füzuli
ilə bağlıdır.
Məhz M.Füzulinin anadan olmasının 400 illiyi şərəfinə onun
adı dəyişdirilərək
Füzuli rayonu adlandırıldı.
Rayon ərazisindəki Qaraköpəktəpə,
Qarabulaq, Günəştəpə
kurqanlarında, Quruçay
sahillərində və
digər yerlərdə
aparılan tədqiqatlar
bir daha təsdiqlədi ki, bu yerlər Azərbaycanın ulu, qədim tarixini öz sinəsində qoruyub saxlayan və dərin köklərə malik bir ərazidir.
Rayonda iki şəhər, 75 kənd
və digər yaşayış məntəqələri
var. Bu yerlərdən axan
Qusarçay, Köndələnçay,
Qozluçay, Çərəkan
çayı Araza tökülür.
İşğala qədər, yəni
23 avqust 1993-cü ilədək
rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45
klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq
13 xəstəxana, 40 feldşer-mama
məntəqəsi, vərəm
və dəri-zöhrəvi
xəstəlikləri dispanseri,
20 kinoqurğu, texnikum,
2 texniki peşə məktəbi, 38 məktəbəqədər
müəssisə, 2 muzey,
stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı
və digər obyektlər var idi. Ümumilikdə 190 mədəni-maarif müəssisəsi, 94 kənd
və qəsəbə,
40-dan çox tarixi abidə işğala məruz qalıb. Ümumi sahəsi 139 393 hektar olan rayonun qərbindəki
50 kənd - 125 368 hektar
ərazisi ermənilərin
işğalı altındadır.
Araşdırmalara görə, Füzuli
rayonunda ümumi ehtiyatları 58 858 min kubmetr
mişardaşı istehsalına
yararlı iki - Dövlətyarlı və
Dilağar əhəngdaşı,
kərpic-kirəmit istehsalına
yararlı 11 211 min kubmetr
ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13 053 min kubmetr
olan Quruçay qum-cınqıl qarışığı
yataqları var.
Vaxtilə məhsuldarlıq baxımından
kənd təsərrüfatına
yararlı boz, şabalıdı, boz-qəhvəyi
torpaq sahələri olan rayonda taxılçılıq,
heyvandarlıq, üzümçülük,
qoyunçuluq, quşçuluq,
baramaçılıq geniş
inkişaf etmişdi. Kənd
təsərrüfatı ilə
yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı,
13 sənaye müəssisəsi
və s. fəaliyyət
göstərirdi.
Xalqın israrlı tələbi ilə ulu öndər
Heydər Əliyevin o
ağır günlərdə
yenidən Azərbaycan
hakimiyyətinə gəlməsi
hər yerdə olduğu kimi, orduda da qeyri-adi
bir canlanma yaratdı. Əsgərlər “Heydər Əliyev
uğrunda” şüarları
səsləndirib qanlı
döyüşlərə atılır, gözlərini
belə qırpmadan ölümün üstünə
gedirdilər. 1993-cü
ildə keçirilən
Horadiz əməliyyatı
zamanı düşmənə
ağır zərbə
vuruldu. Bu uğurlu əməliyyat nəticəsində Horadiz
qəsəbəsi, Füzuli
rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə
keçdi. Təsəvvürə sığmayan belə fədakarlıqların nəticəsi
olaraq düşmən
caynağından xeyli
ərazi qoparıldı.
Hazırda rayonun işğaldan azad olunmuş ərazilərində 17 qəsəbə
salınıb. Doğma ev-eşiyindən, isti yuvasından perik salınmış Füzulidən olan məcburi köçkün
ailələri hər
cür rahatlığı
olan geniş, işıqlı və rahat evlərdə yaşayırlar. İşğaldan sonrakı illər ərzində dövlət
Füzuli əhalisinin
həyat səviyyəsini
yüksəltmək, məişət
rahatlığını, faydalı
məşğulluğunu təmin
etmək üçün
zəruri tədbirlər
görüb.
Prezident İlham Əliyevin bu cəbhə bölgəsinə çoxsaylı
səfərləri rayon əhalisində
yüksək əhvali-ruhiyyə
yaratmaqla, qələbəyə
inamı artırmaqla yanaşı, bölgənin
sosial simasını da başdan-başa dəyişdirib. Dövlətin davamlı və
yetərli qayğısı
sayəsində Horadiz
müharibənin xarabalıqları
üzərində qurulmuş
son dərəcə abad
və müasir bir şəhərə çevrilib. Çəkilən abad və rahat
asfalt yollar, yeni tikilən çoxsaylı sosial obyektlər, ictimai-siyasi sabitlik, sağlam mənəvi-psixoloji mühit
rayon əhalisinin firavan
yaşamasına hesablanır
və hər kəsdə razılıq,
hədsiz minnətdarlıq
hissi doğurur.
Bu gün işğaldan
azad olan ərazilərdə yenə
təsərrüfat və
quruculuq işləri davam edir. Uçurulan evlər,
dağılan yollar bərpa edilib qaydaya salınır.
Amma Füzulinin sağalmayan yaraları da var. Rayonun bu savaşlarda 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli
əlili var. Erməni
təcavüzü nəticəsində
36 361 nəfər uşaq
zərər çəkib,
onlardan 155-i yetim qalıb.
Vətənimizin bu dilbər guşəsinin azadlıq günü, əlbəttə ki, qabaqdadır. İki il öncə - 2016-cı ildə Azərbaycan Ordusunun keçirdiyi uğurlu Aprel döyüşləri hər kəsdə böyük inam hissi yaratdı. Çünki Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Lələtəpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edildi. Bu gün Cocuq Mərcanlıda geniş tikinti-quruculuq işləri davam edir. Birinci mərhələdə yaşayış məntəqəsində 50 fərdi ev, məktəb binası və müvafiq infrastrukturun tikintisindən sonra ikinci mərhələdə 100 fərdi yaşayış evi, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası və Şuşa məscidinin bənzəri olan yeni məscid, eləcə də digər zəruri infrastruktur obyektləri inşa edildi. Bu gün isə Cocuq Mərcanlıda həyat qaynayır. Cocuqmərcanlılıların torpaq həsrəti sona çatıb və hazırda kənd əhalisinin bir qismi burada xoşbəxt həyat sürür.
Məhz bu zəfər qəlblərdəki ümid çırağını yandırmış oldu. Bu gün bütün ölkə ictimaiyyəti, qaçqın və məcburi köçkünlər hesab edirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan bu qətiyyətli addımlar növbəti uğurlarımızın, doğma ellərə “Böyük qayıdış”ın başlanğıcıdır.
Bölgədə müşahidə olunan əsas şərt odur ki, Füzuli camaatı böyük qələbənin tezliklə qazanılacağına, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və yenilməz qətiyyəti sayəsində Qarabağın işğaldan tamamilə azad ediləcəyinə birmənalı şəkildə inanırlar. İnam varsa, qələbə mütləq olacaq. Çünki inam qələbənin yarısıdır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.- 21 avqust.- S.3.