Qafqaz Müsəlmanları İdarəsinin
sədri həmvətənlərimizi Qurban
bayramı münasibətilə təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə həmvətənlərimizi təbrik edib.
Bu barədə AZƏRTAC-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Təbrikdə deyilir: “Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, səylərimiz və qurbanlarımızın Allah dərgahında qəbul olunmasını diləyirik.
İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Peyğəmbərimiz Həzrət İbrahim əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramı Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlərboyu insanlar arasında ülfət, qardaşlıq və mehribanlığın yaranmasına, onların həmrəyliyinə, mənəvi saflaşmasına, imanlarının kamilləşməsinə xidmət edir.
İslami dəyərlərə önəm verən dövlətimizin yaratdığı şərait sayəsində bizə bu mübarək bayramı yüksək səviyyədə qeyd etmək səadəti nəsib olub. Bu əziz gündə həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində ibadət və dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyev həzrətlərinin ruhuna Allahdan rəhmət diləyir, onun layiqli yolunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi möhkəmlətmək, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması, əzəli torpaqlarımıza böyük qayıdışımız yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar.
Bu münəvvər gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik. Bütün dualarımiz Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığıdır.
Valideynlər, doğmalarla yanaşı, qaçqın, köçkün, kimsəsiz, ehtiyacı olan soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, sevincini onlarla paylaşmaq, maddi və mənəvi cəhətdən yardımlaşmaq Allaha xoş gedən savab əməllərdəndir.
Bu əziz günlərdə
Azərbaycan xalqına xeyir-dualarımızı yetirir, Uca Allahın Nəzərinin
üzərimizdə hər zaman bərqərar
olmasını diləyirik. Qoy həmvətənlərimizin
evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri
bol, imanları kamil olsun! Müsəlman ümmətinin ən böyük sevinc
bayramı olan Qurban
bayramında Allah-Təala ibadət, qurban
və dualarımızı qəbul etsin! Allah Vətənimizi hifz etsin! Amin!”
Azərbaycan.- 2018.- 21 avqust.- S.3.