Azərbaycanın regional liderliyi: geosiyasi, nəqliyyat və logistika aspektləri
Dünya miqyasında geosiyasi dinamika o dərəcədə mürəkkəbləşib ki, gənc müstəqil dövlətlərin suverenliyi və inkişaf perspektivləri ciddi nəzəri-praktiki problemə çevrilib. Mütəxəssislər bütün bunları nəzərə alaraq bir sıra dövlətlərin, məsələn, Ermənistanın müstəqil dövlətçiliyinin baş tutmadığını yazırlar. Onlar hesab edirlər ki, müstəqil dövlət quruculuğu çoxlu sayda ciddi faktorun vəhdəti sayəsində baş tuta bilər. Həmin çərçivədə Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsi çox aktual nəzəri və praktiki faktor kimi diqqəti çəkir. Şübhəsiz, məsələnin bu aspekti geniş araşdırılmalıdır. Çünki Azərbaycan özü üçün çox çətin olan geosiyasi mənzərəni ardıcıl atdığı addımlarla tamamilə yeniləşdirə bildi. Bir zamanlar Azərbaycanı qəbul etmək istəməyən böyük dövlətlər indi onunla əməkdaşlığı genişləndirmək planları üzərində çalışırlar. Bu səviyyəyə asan gəlinməyib. Ölkə rəhbərliyinin həyata keçirdiyi müstəqil dövlət quruculuğu kursu əsas rol oynayıb. Müasir geosiyasi kontekstdə bu kimi məqamlar üzərində daha geniş dayanmağa ehtiyac görürük.
Dəqiq düşünülmüş kurs: Azərbaycanın müstəqillik yolunda inamlı addımları
İndiki tarixi mərhələdə müstəqil dövlətin gücü daxili potensialı ilə beynəlxalq aləmdəki mövqeyinin vəhdətində ifadə olunur. Bu iki aspekt bir-birini tamamladıqda, ölkə daha sabit inkişaf xəttinə çıxır. Ulu Öndər Heydər Əliyev milli dövlət quruculuğu kursunu işləyərkən, həmin məqamı çox ciddi surətdə nəzərə alıb. Azərbaycan daxili iqtisadi inkişafını təmin etməklə yanaşı, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirən, nüfuzunu artıran tədbirləri də davamlı surətdə həyata keçirib. Mütəxəssislər haqlı olaraq buna sübut kimi Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Bakı-Tbilisi-Qars dəmiryolu xəttini və başqa layihələri göstərirlər.
Prezident İlham Əliyev həmin istiqaməti çox böyük uğurla inkişaf etdirir. Son 15 ildə həyata keçirilən layihələr Azərbaycanı yeni bir təkamül xəttinə çıxarıb. Artıq ölkə Cənubi Qafqazın geosiyasi, geoiqtisadi, nəqliyyat və logistika mərkəzi kimi qəbul edilir. Bu, çox ciddi tarixi irəliləyiş, nailiyyətdir. Çünki hazırda dünya miqyasında və regionda geosiyasi vəziyyət son dərəcə mürəkkəbdir və hətta böyük dövlətlər mövcud mövqelərini saxlamaq üçün ciddi mübarizə aparırlar. Azərbaycan isə bütün istiqamətlərdə hər il yeni zirvələr fəth edir.
Digər tərəfdən, Azərbaycanın geosiyasi, geoiqtisadi, nəqliyyat-logistika uğurları bir-birini üzvi şəkildə tamamlayır. Bu, nəzəri baxımdan çox aktual məqamdır və həmişə dərin təhlilinə ehtiyac var. Başqa səbəblərlə yanaşı, həm də ona görə ki, Azərbaycan müstəqilliyinə nail olan ölkə kimi bir inkişaf modeli ortaya qoyur. Bu təcrübənin yalnız region dövlətləri üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyəti dərk edilməlidir.
Məsələnin geosiyasi aspekti çox maraqlıdır. Azərbaycan keçən əsrin 90-cı illərində özü üçün yaranmış mürəkkəb, ziddiyyətli və mənfi təsirli geosiyasi mənzərəni həyata keçirdiyi konkret proqramlar sayəsində tamamilə dəyişə bildi. Bunu, obrazlı desək, kimsənin himayəsinə sığınmadan, öz "biləyinin gücü ilə" etdi. İndi regionda geosiyasi mənzərə Azərbaycan üçün əlverişli istiqamətdə inkişaf etməkdədir. Və bu prosesdə Azərbaycanın regional geosiyasi mərkəz olması ciddi rol oynamaqdadır.
Bunu təsdiq edən faktlar sırasında dünyanın böyük dövlətlərinin regional təhlükəsizlikdə və əməkdaşlıqda Azərbaycanı əsas tərəfdaş kimi seçməsi möhkəm yer tutur. Rusiya rəhbərliyi dəfələrlə bu barədə bəyanatlar verib və konkret addımları ilə də onu təsdiq edirlər. Müxtəlif təsirlərə baxmayaraq, Moskva Bakı ilə əlaqələrə geosiyasi, iqtisadi, mədəni və təhlükəsizlik aspektlərində böyük önəm verilən məsələ olaraq yanaşdığını açıq bildirir. Bu prosesi analiz edən bir sıra ekspertlər hətta Azərbaycanın hərbi-müdafiə sahəsində Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil ola biləcəyi fikrini irəli sürürlər. Ancaq Azərbaycanın heç bir hərbi bloka qoşulmayacağı haqqında yüksək səviyyədə fikirlər dəfələrlə ifadə edilib. Hər bir halda, burada Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olması məqamı daha önəmlidir.
Azərbaycanın İranla təhlükəsizlik sahəsində qarşılıqlı anlaşma içərisində olduğu məlumdur. Tehran Azərbaycanın geosiyasi maraqlarını nəzərə alır və təhlükəsizliyin təminində ortaq hərəkət etməkdədir. Türkiyə qardaş dövlət kimi zatən Azərbaycanın təhlükəsizliyi üçün əlindən gələni edir. ABŞ rəhbərliyinin bəyanatları onu göstərir ki, Vaşinqton Azərbaycanda sabitlik və inkişafın olmasında maraqlıdır. Eyni qayda ilə Avropa İttifaqının böyük dövlətlərinin hamısı Azərbaycanın geosiyasi təhlükəsizliyinin təmin edilməsində maraqlı olduqlarını bildiriblər. Deməli, bütün böyük güclər faktiki olaraq Azərbaycanın Cənubi Qafqazın geosiyasi mərkəzi olduğunu qəbul edirlər.
Çevik siyasət: bütün yollar Bakıdan keçir
Geoiqtisadi və nəqliyyat-logistika aspektlərində də Azərbaycan regionun mərkəzi qovşağı halına gəlib. Bu sırada öncə "Yeni İpək Yolu" layihəsi ilə Azərbaycanın coğrafi, iqtisadi, energetik və nəqliyyat-logistika özəlliklərinin tam uyğunlaşdırılması vurğulanmalıdır. Sadalanan istiqamətlərdə sistemli fəaliyyət göstərmək üçün Azərbaycanın strateji yol xəritələri hazırdır. Məsələn, "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi" 2020-2025-ci illər və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətləri müəyyən edir. Sənəddə logistika üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflər konkret ifadəsini tapıb. Eyni zamanda, həmin məqsəd və hədəflərə çatmaq üçün prioritetlər də müəyyənləşdirilib. Daha konkret səviyyədə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanıb.
Strateji yol xəritəsində mühüm faktorlardan biri kimi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək məsələsi göstərilib. Bu iki istiqamətin işləməsinin nəqliyyat və iqtisadi əhəmiyyətindən başqa, geosiyasi rolu da şübhəsizdir. Onlar faktiki olaraq Qərb, Rusiya, İran və Çinin maraqlarının kəsişdiyi sahəyə aiddir. Bu səbəbdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabətqabiliyyətliliyinin təmin edilməsi mühüm məsələdir. Bununla Azərbaycan özünün geosiyasi dəyərini təsdiqləmiş olur. Çünki indi elə qüvvələr var ki, Azərbaycan miqyasında olan ölkələri yalnız tranzit punktu statusunda görmək istəyirlər.
Geosiyasi və geoiqtisadi aspektlərin vəhdəti çərçivəsində məsələnin mahiyyəti də bundan ibarətdir. Azərbaycan həm nəqliyyat dəhlizlərinin kəsişdiyi coğrafi məkan, həm də ciddi rəqabət qabiliyyətinə malik dövlət olaraq bu prosesdə iştirak edirsə, onu hər kəs regionun geosiyasi, iqtisadi, kommunikasiya və logistika mərkəzi kimi qəbul etməyə məcburdur. Bu aspektdə Prezident İlham Əliyevin 2016-cı il mart ayının 17-də Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalaması xüsusi əhəmiyyəti olan hadisədir.
Sərəncamın əsas məqsədlərindən biri Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsindən ibarətdir. Azad İqtisadi Zonanın yaradılması isə Bakının beynəlxalq qovşağa çevrilməsinə böyük təkan verəcək. Bu bağlılıqda Prezident İlham Əliyevin aşağıdakı fikirləri çox maraqlıdır: "Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək" (bax: Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib / AZƏRTAC, 14 may 2018).
Bütün məsələlərin mahiyyəti ölkə başçısının ifadə etdiyi bu fikirlərlə sıx bağlıdır. Azərbaycan müstəqil dövlət olaraq regionda geosiyasi statusunu daim yüksəltməlidir və bu bağlılıqda lider kimi rolunu tam yerinə yetirməlidir. Azərbaycan öz geosiyasi, iqtisadi, energetik və logistika dəyərlərini yaratmaqla, əməkdaşlıq və təhlükəsizliyə öz töhfəsini verməlidir. Bunlara görədir ki, Azərbaycanın fəaliyyətində hər bir məqam incəliyinə qədər işlənir, reallığa uyğun məzmun və formaya salınır.
Onu qeyd edək ki, həmin məqam xarici ekspertlərin fikirlərində də geniş yer tutur. Onlar Azərbaycanın əsaslı və ardıcıl olaraq inkişaf kursunu həyata keçirdiyini açıq etiraf edirlər. Cənubi Qafqazda beynəlxalq əhəmiyyətli layihələrin hamısında Bakının imzası var. Bunun region üçün çox gözəl nəticələrinin olacağına şübhə yoxdur. Çünki Cənubi Qafqazda lider funksiyasını Azərbaycandan başqa ölkənin yerinə yetirməyəcəyi artıq məlumdur. Digər dövlətlərin liderlik səviyyəsinə uyğun imkanları yox dərəcəsindədir. Bunu təcrübə sübut edir. Azərbaycan isə dövlətçilik xəttinə, inkişaf kursuna və əməkdaşlıq formatlarının rəngarəngliyinə görə çox fərqlənir. O, sülhsevər, sivil, dinc yanaşı yaşama fəlsəfəsini dövlətçiliyində böyük ölçüdə nəzərə alan və davamlı inkişaf edən ölkədir. Liderlik xüsusiyyəti Azərbaycan dövlətçiliyinin mahiyyətindədir!
Newtimes.az
Azərbaycan 2018.- 22 avqust .- S.2.