Tarixi torpaqlarımıza
qayıdacağımız gün uzaqda deyil
Qarabağa qayıdış Cocuq
Mərcanlıdan başlayıb
Minilliklərin yadigarı olan tarixi, dini və mədəni abidələri, milli-memarlıq nümunələri ilə zəngin Cəbrayıl rayonunun Ermənistan tərəfindən işğalından 25 il ötür. Təcavüzkar, vandalizm siyasəti yeridən ermənilərin məqsədi qonşu torpaqlarını təkcə zəbt etmək deyil, eyni zamanda, işğala məruz qoyduqları ərazilərdəki abidələri - tarixin yadigarlarını yer üzündən silməkdir.
Cəbrayıl rayonu ərazisində də belə sərvətlər - maddi-mədəniyyət abidələri az olmayıb. Təəssüf ki, bu gün onların əlimizdə olanı yalnız şəkilləridir. Erməni təcavüzkarları Azərbaycanın mədəni irsi sayılan mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanın dəyərini dəqiqləşdirmək o qədər də asan deyil. Çünki elə maddi-mənəvi sərvətlərimiz talan edilib ki, onları heç bir meyarla qiymətləndirmək olmaz. Məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də sivilizasiyalı bəşəriyyətin əvəzolunmaz mədəniyyət nümunələri idi.
Milli-mənəvi dəyərlərimizin, tarixi və mədəni abidələrimizin zəngin, həm də qədim nümunələrini qoynunda minilliklər boyu saxlayan, 55 min nəfər əhalisi, 82 kəndi, 74 məktəbi, 12 mədəniyyət evi, 32 klubu olan Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə erməni vandalizminin qurbanına çevrildi. Rayonun münbit və məhsuldar torpaqları kəhrizlərdən başqa, Həkəri və Araz çaylarından qidalanırdı.
Xatırladaq ki, Ermənistanın təcavüzkarlığı daha da genişlənərək intensiv xarakter alanda, yerli sakinlər rayonun müdafiəsinə qalxdılar. Təkcə Cəbrayıl şəhərinin işğalı günü 50 nəfər canını torpağa qurban verdi. Bütövlükdə, torpaq uğrunda şəhid olan cəbrayıllıların sayı 350 nəfərdir. 650-yə yaxın itkin və yaralısı olan Cəbrayılın 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır. Bu fəxri ada rayonun Süleymanlı kəndinin iki yetirməsi - Şikar Aslanovla Mətləb Məmmədov da layiq görülmüşlər.
Şuşada, Laçında, Ağdamda olduğu kimi, cəbrayıllılar da o dar məqamlarda köməksiz qalmışdılar. Nə hərbi taktika var idi, nə strategiya, nə də vahid komanda altında birləşmə. Kifayət qədər hərbi qüvvəsi olmayan cəbrayıllılar yaratdıqları özünümüdafiə dəstələri ilə silahlı ermənilərə müqavimət göstərirdilər. Saqay yüksəkliyini almış Cəbrayılın özünümüdafiə dəstəsi bununla rayona nəzarəti ələ keçirmişdi. Düşmənin güclü həmləsi ilə Saqay yüksəkliyi əldən verilən gün isə cəbrayıllıların çıxış yolu yalnız Araz çayına qalmışdı... Amma yurd, torpaq əldən gedirdi...
Yusif Allahverdiyev, Samir Alıyev, Şükür Abdullayev, İnqilab Aslanov, Azər Bayramov, Mais Verdiyev, Mübariz Qasımov, Mehdi İsmayılov... kimi şəhid cəbrayıllıların müqəddəs ruhları Vətən göylərini dolaşmaqdadır.
Rayonun işğalından sonra cəbrayıllılar respublikanın 60-a yaxın rayonuna səpələnmişdir. Daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvarda məskunlaşanların düşmən üzərində qələbəsi də unudulmamalıdır.
2016-cı il aprelin 1-də ön xətdə döyüş növbətçiliyi aparan bölmələrimizə düşmən qəfil hücum etdi. Ermənistanın silahlı qüvvələrinin həmin istiqamətdə döyüşən hərbçiləri müqavimət göstərməyə çalışsa da, ordumuzun kiçik bir həmləsi, daha doğrusu, onların tutarlı cavabını gördükdən sonra əlindəki silahını atıb pərakəndə şəkildə qaçmağa başladılar. Ermənilər təşviş içində idi. Ordumuzun ayrı-ayrı bölmələri əks-hücumla düşməni geri oturtdu, Lələtəpə yüksəkliyi və ətraf bölgələr işğaldan azad edildi. Ordumuzun gücü, şəxsi heyətin döyüş ruhu ortaya çıxdı. Düşmənə dördgünlük döyüşdə sübut olundu ki, Azərbaycan Ordusu 90-cı illərdəki deyil, onun Ali Baş Komandanı başda olmaqla, vahid komandanlığı, peşəkar zabitləri var. Əsgərlərimiz, döyüşçülərimiz böyük rəşadət göstərdilər.
Cocuq Mərcanlı kəndi bu gün dünyanın diqqətindədir. Ölkəmizdə fəaliyyət göstərən səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, xarici jurnalistlər işğaldan azad edilmiş bu kəndə tez-tez səfər edirlər.
İşğaldan azad edilən strateji əhəmiyyətli mövqelərdən biri də Cocuq Mərcanlı yaxınlığındakı Lələtəpə yüksəkliyidir. Hansı ki, məhz bu yüksəklikdəki mövqedən ermənilər Cocuq Mərcanlı istiqamətində təhlükə yaradırdılar. Amma daha həmin təhlükə aradan qaldırılıb. Çünki Lələtəpədə Azərbaycan Bayrağı sancılıb. Ali Baş Komandan İlham Əliyev Lələtəpə əməliyyatını qəhrəmanlıq rəmzi adlandırıb: “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var. Biz ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”
Yeri gəlmişkən vurğulayaq ki, 1970-ci ildən başlayaraq rayonda quruculuq işləri geniş vüsət almışdı. Rayon mərkəzində bir vaxtlar Dəyirman dərəsi kimi tanınan boş ərazi ötən əsrin 80-ci illərində geniş yaşayış massivinə, yaşı əsrlərlə hesablanan Xan çinar isə bu yurdun simvoluna çevrilmişdi.
1993-cü il avqustun 23-dən həsrətini çəkdiyimiz rayonlardan biri olan Cəbrayılın ərazisi 105 min hektar olub. Bu torpaq onlarca tarixi abidənin məskəninə çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri - Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir.
Tarixi-memarlıq abidələrinə Cəbrayıl şəhərindəki Sultan Məcid hamamını, Xudayarlı, Şıxlardakı Dairəvi və səkkizguşəli türbələri, Xudafərin körpülərini (erkən orta əsrlər), Diri Dağındakı Qız qalasını, Dağtumasdakı Başıkəsik günbəzi, Gordubaba dağındakı məzarı misal göstərmək olar. Dini abidələr də burada az olmayıb: Hacı Qaraman, Cəbrayıl ata, Dül-dül, Mazannənə ziyarətgahları və s.
Dağtumasdakı “Tumas ata”, “Divlər sarayı”, Mahmudludakı “Canqulu” və “Qumtəpə” kurqanları, Tatardakı Siklop tikililər, Cəbrayıl şəhəri yaxınlığındakı “Ağoğlan” qədim arxeoloji abidələr siyahısına daxildir.
Cəbrayıl ata kəndin şimalındakı ümumi qəbiristanlıqda deyil, o dövrün adətinə uyğun olaraq, ona məxsus torpaqların yuxarı başında, Alpaşa dağının hündür və tamaşalı yerində ayrıca dəfn edilmişdir. Cəbrayıl şəhərinin mərkəzindəki “Qara daş” səmadan gələn hesab olunduğu üçün əhali tərəfindən müqəddəs ziyarətgah sayılırdı.
Rayonun ərazisindəki tarixin yadigarları təkcə adlarını yuxarıda çəkdiklərimiz deyil. Burada qədim dövrdən qalma “Ağoğlan” abidəsi də vardır ki, tarixi mənbələrdəki məlumatlarda göstərilir ki, qeyri-bərabər döyüşdə öldürülən gözəl bir oğlan burada dəfn edilmişdir. İslam dini meydana gəldikdən sonra “Ağoğlan” abidəsi müsəlmanların ziyarətgahına çevrilmişdir. “Ağoğlan” kimi, pir tək qəbul edilən yerlərə Cəbrayıl rayonu ərazisində çox rast gəlinir.
Mazannənə, Mərmərnənə ziyarətgahları da Cəbrayıl rayonundadır. Professor Mirəli Seyidovun tarixi mənbələrə istinadən verdiyi məlumata görə, Nənə qədim türkdilli tayfalarda Allahın anasının adı olmuşdur. Professor Z.İ.Yampolskinin Mazannənə abidəsi barədə yazdıqlarında isə deyilir ki, o, Madərşahlıq zamanının yadigarıdır və sonralar islam dininə uyğunlaşdırılaraq ocaq hesab edilmişdir. Həmin abidənin yaxınlığında nişanələri qalan köhnə yaşayış məskəni də məhz buna görə Mazannənə kəndi adlanmışdır. Bu kəndin ətrafındakı qədim qəbiristanlıqdakı məzarların birinin sinə daşı üstündə yazılıb: “Əziz ibn Seyid Əl-Məhəmməd”. Digər qəbirlərin üstündə hicri 750, 760 və 809-cu illər yazılması da təsdiq edir ki, bu yerlərin ən qədim sakinləri azərbaycanlılar olmuşlar. Hasanlı kəndi yaxınlığındakı Mərmərnənə abidəsində dəfn olunan qadının yerli əhali tərəfindən Mazannənə hesab edilməsi də maraqlıdır.
Cəbrayıl rayonunun Dağtumas kəndi yaxınlığındakı dağda olan Tumasata abidəsi bütpərəstlik dövrünün yadigarıdır. Kəndin sakinləri Tumasatanı öz əcdadları sayır və müqəddəs ocaq kimi sitayiş edirdilər.
Cəbrayıl rayonunda erməni vandalları tərəfindən tarixi, maddi-mədəniyyət abidələri darmadağın olunsalar da, gələcək nəsillər bilməlidirlər ki, bu tarixi yadigarlar xalqımızın mənəvi sərvətləridir: 11 və 15 tağlı Xudafərin körpüləri (XIII əsr), Niftalı kurqanları (Tunc dövrü, Ağoğlan nekropolu (ilk orta əsrlər), Karxulu kurqanları və yaşayış yeri, Canqulu kurqanı, Qustəpə kurqanı, İmanqazan təpələri, Şıxlar mağarası (Daş dövrü), Şıxlı kurqanları, İmanqazantəpə kurqanları Qaladağ qalaçası və yaşayış yeri (ilk orta əsrlər), Məscidtəpə kurqanı və s.
Tarixin qanlı-qadalı səhifələrini vərəqlədikcə düşmənin məkrli siyasəti ilə yanaşı, xalqımızın torpağa, Vətənə məhəbbətini, bu yolda ölümün gözünə dik baxdığını, qorxmazlığını və cəsarətini də görürük. Belə olan təqdirdə, Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, bir qarış torpağımızın da düşmən əsarətində qalmasına imkan verilməyəcək. Qarabağın qara günlərinə səbəb olan düşmənin bugünkü vəziyyəti də təsdiqləyir ki, özgə torpağında açılan göz çaş, imək tutan diz taqətsiz və şikəst olar.
Məhəmməd
NƏRİMANOĞLU,
“Azərbaycan”
Azərbaycan 2018.-
22 avqust .- S.2.