Cocuq Mərcanlıda yay büsatı

 

Böyük Qayıdışın böyük başlanğıcı sayılan Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində başdan aşır. Azərbaycanın digər bölgələrində olduğu kimi, yenidən qurulan Cocuq Mərcanlıda da hər bir kəndlinin öz işi var.

 

İllərin yurd həsrətinin başa çatdığı Cocuq Mərcanlıda sakinlər əsasən kənd təsərrüfatı ilə məşğuldurlar. Kəndin  280 hektar torpaq sahəsi var. Hər kəs payına düşən əkin yerini becərməyə böyük həvəslə can atır. Torpağa bağlı sakinlər dövlət dəstəyindən həvəslənib bolluq yaradırlar və doğma Cocuq Mərcanlı böyük qayıdışın müjdəçisi olmaqla yanaşı, Vətənimizin bərəkətli diyarına çevrilir.

 

Quruculuq işləri bununla yekunlaşmır. Kənddə yeni-yeni infrastruktur layihələri həyata keçirilir. Görülən hər sakinlərin rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb. Burada taxılçılıq, arıçılıq, maldarlıq və digər sahələr inkişaf etməkdədir.

 

1994-cü ildən doğma kəndə dönüb orada yaşayan Həziyevlər ailəsi də öz arzularına çatıblar. Düz, 22 il kənddə qonum-qonşusuz həyat sürən bu ailə indi hər gün qonaq-qaralıdır. El-obaya, torpağa bütün varlığı ilə bağlı olan Oktay Həziyev indi öz həyət-bacasında arxayın hərlənir, qorxub-çəkinmədən təsərrüfat işləri ilə məşğul olur.  Bir zamanlar həyət-bacada düşmən gülləsindən gizlənə-gizlənə hərlənən övladları, indi çox rahat şəkildə bütün işlərdə valideynlərinə yardımçı olurlar.

 

Bu kənd indiki kimi təhlükəsiz olmayıb. Abadlığı, səliqə-sahmanı ilə göz oxşayan Cocuq Mərcanlıda sözün həqiqi mənasında, firavan həyat hökm sürür. Bütün bunlardan təkcə bu yerlərin sakinləri zövq almırlar. Cocuq Mərcanlının növrağına tamaşa etmək üçün buraya gələnlər buna şahidlik edirlər.

 

Bir sözlə, kənddə hər kəs xoş ovqat, yüksək əhval-ruhiyyədədir, digər fəsillərdə olduğu kimi, yayda da Cocuq Mərcanlıda özgə bir büsat var.

 

 

R.BAXŞƏLİYEV,

 

F.BAĞIROV (foto),

 

“Azərbaycan”

 

Azərbaycan  2018.- 22 avqust .- S.3.