“Büdcə sistemi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 584; 2003, ¹ 6, maddə 267; 2004, ¹ 12, maddə 979; 2005, ¹ 5, maddə 393, ¹ 12, maddə 1083; 2006, ¹ 2, maddə 67, ¹ 3, maddə 225, ¹ 12, maddə 1012; 2007, ¹ 12, maddə 1202; 2008, ¹ 12, maddə 1049; 2009, ¹ 7, maddə 505; 2012, ¹ 6, maddə 528; 2014, ¹ 8, maddə 958; 2016, ¹ 11, maddə 1777; 2017, ¹ 1, maddələr 18, 32) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1.24-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.1.25 - 1.1.37-ci maddələr əlavə edilsin:
“1.1.25. vahid xəzinə hesabı - dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemi;
1.1.26. vahid xəzinə hesabının qalığı - dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemində vəsait qalığı;
1.1.27. vahid xəzinə hesabının sərbəst qalığı - dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemində ötən illərin dövlət büdcələrinin icrası nəticəsində cari büdcə ilinin əvvəlinə qalan vəsaitin məbləği;
1.1.28. xalis maliyyə aktivləri - Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin qalığı, vahid xəzinə hesabının qalığı, vahid xəzinə hesabının idarəetməyə verilmiş vəsaitləri, Azərbaycan Respublikasının adından bağlanılmış müqavilələrin öhdəlikləri üzrə xarici dövlətlər tərəfindən ödənilməli olan borc və dövlət müəssisələrinin dövlət büdcəsi qarşısında öhdəliklərinə xidmət üzrə cari ilə düşən məbləğin cəmi ilə daxili və xarici dövlət borcunun ümumi məbləğinin fərqi;
1.1.29. büdcə qaydası - orta və uzunmüddətli makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivə;
1.1.30. dövlət müəssisəsi - paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyət, məhdud məsuliyyətli cəmiyyət, digər təşkilati formada fəaliyyət göstərən hüquqi şəxslər və publik hüquqi şəxslər;
1.1.31. qeyri-neft ümumi daxili məhsul - ümumi daxili məhsulun məcmu dəyəri ilə neft-qaz sektorunda formalaşan ümumi daxili məhsulun məcmu dəyərinin fərqi;
1.1.32. neft gəlirləri - Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri və neft-qaz sahəsində fəaliyyətdən dövlət büdcəsinə daxil olan gəlirlərin (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) məcmusu;
1.1.33. xərclənə bilən neft gəlirləri - proqnozlaşdırılan büdcə ilinin əvvəlinə xalis maliyyə aktivlərinin 30 faizi ilə neft gəlirləri arasında yaranan fərqin 20 faizinin həmin göstəricilərin kiçiyinin üzərinə gəlinməklə formalaşan məbləği;
1.1.34. icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi - büdcə ili üçün təsdiq olunan neft gəlirləri və Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərclərinin məcmusu ilə bu qanunun 11-1.2.1 - 11-1.2.5-ci maddələrində qeyd olunmuş qeyri-neft gəlirləri və digər daxilolmaların proqnozunun cəmi;
1.1.35. icmal büdcənin baza xərcləri - dövlət borcu üzrə faiz ödənişləri istisna olmaqla, icmal büdcənin digər xərcləri;
1.1.36. icmal büdcənin qeyri-neft baza kəsiri - xərclənə bilən neft gəlirləri istisna olmaqla, icmal büdcənin digər gəlirləri ilə baza xərclərinin fərqi;
1.1.37. ortamüddətli dövr - 5 ilədək olan dövr.”.
1.2. 11.3-cü maddənin ikinci cümləsinə “dəqiqləşdirilir” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir” sözləri əlavə edilsin.
1.3. Aşağıdakı məzmunda 11.3-1-ci maddə əlavə edilsin:
“11.3-1. Dövlət büdcəsinin gəlirlərini təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında büdcə təşkilatları növbəti il və sonrakı üç il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təkliflərini və büdcə qaydasının hesablanması üçün bu qanunun 11-1-ci maddəsinə əsasən tələb olunan məlumatları mart ayının 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edirlər.”.
1.4. 11.5-ci maddəyə “büdcə proqnozu” sözlərindən sonra “(büdcə qaydasına uyğun hesablanmış icmal büdcənin xərclərinin yuxarı həddi də daxil olmaqla)” sözləri əlavə edilsin.
1.5. 11.15-ci və 11.16-cı maddələrə “Növbəti büdcə ili üzrə” sözlərindən sonra “büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla,” sözləri və “sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” sözlərindən sonra “(büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
1.6. Aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilsin:
“Maddə 11-1. Büdcə qaydası
11-1.1. Növbəti il və sonrakı üç il üçün icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi bu maddəyə uyğun olaraq hesablanan icmal büdcə xərclərinin yuxarı həddindən artıq ola bilməz.
11-1.2. İcmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə aşağıdakı qeyri-neft gəlirləri və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilir:
11-1.2.1. dövlət büdcəsinə neft-qaz sahəsi istisna olmaqla digər sahələrdən ödənilən dövlət vergiləri və rüsumları, habelə bu qanunla müəyyən edilən büdcə gəlirlərinin təsnifatına uyğun digər daxilolmalar;
11-1.2.2. dövlət büdcəsindən verilən dotasiya istisna olmaqla, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri;
11-1.2.3. sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta haqları üzrə ayırmaları istisna olmaqla, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinə məcburi dövlət sosial sığorta haqlarından və digər mənbələrdən daxilolmalar;
11-1.2.4. dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqları istisna olmaqla, işsizlikdən sığorta fonduna işsizlikdən sığorta üzrə sığorta haqlarından və digər mənbələrdən daxilolmalar;
11-1.2.5. xarici kreditlər üzrə daxilolmaların istifadə olunan hissəsi də daxil olmaqla, dövlət və icmal büdcələrin kəsirlərinin qanunla müəyyən edilmiş maliyyələşdirmə mənbələri hesabına daxilolmaları.
11-1.3. Növbəti büdcə ili üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin cari ilin müvafiq göstəricisindən az olması hədəflənir. Həmin nisbət göstəricisi cari ilin müvafiq göstəricisindən az olmadıqda, icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi növbəti il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin hədəf göstəricisinə uyğun azaldılır.
11-1.4. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin ortamüddətli dövr üzrə hədəfləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
11-1.5. Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddi hesablanarkən dövlət borcu, dövlət müəssisələrinin borcları (dövlət zəmanəti ilə və belə zəmanət olmadan alınan borclar da daxil olmaqla) nəzərə alınır və onun əsasında dövlətin və dövlət müəssisələrinin ortamüddətli dövrdə borcalma üzrə artım və məhdudlaşdırma hədəfləri müəyyən edilir.
11-1.6. Bu qanunun 23.4-cü maddəsinə əsasən büdcə qaydasının tətbiqinin dayandırılması halında icmal büdcənin xərcləri icmal büdcə xərclərinin yuxarı həddindən artıq olarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icmal büdcə xərclərinin ortamüddətli dövrdə büdcə qaydası üzrə hesablanmış yuxarı həddə çatdırılması üzrə təkliflərini bu qanunun 11.16-cı maddəsində müəyyən olunmuş qaydada növbəti ilin büdcə zərfi daxilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanına (quruma) təqdim edir.
11-1.7. Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
1.7. 19.2-ci maddənin ikinci abzasının birinci cümləsində “vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığı” sözləri ilə, ikinci cümləsində isə “Sərbəst qalığın” sözləri “Vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin.
1.8. 19.2-ci maddənin beşinci abzasından (ikinci halda) və 19.5-ci maddənin birinci cümləsindən “dövlət büdcəsinin” sözləri çıxarılsın.
1.9. 20.2-1-ci maddəyə “hesabat” sözündən sonra “, büdcə qaydasına uyğun hazırlanmış icmal büdcənin xərclərinə dair proqnoz və kassa icrasının göstəriciləri” sözləri əlavə edilsin.
1.10. 20.6.6-cı maddədə “dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı” sözləri “vahid xəzinə hesabının sərbəst qalığı” sözləri ilə əvəz edilsin.
1.11. 23.3-cü maddədə “kənarlaşdıqda” sözü “az olduqda” sözləri ilə əvəz edilsin.
1.12. 23.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“23.4. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin rüblük göstəricilərinə görə bu qanunun 17.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş güstəricilərdən 10 faiz və ya bu daxilolmalar Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfert istisna olmaqla, müəyyən olunmuş rüblük güstəricilərdən 5 faiz az olduqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların bu qanunun 18.4-cü, 18.5-ci, 18.6-cı və 19.6-cı maddələrində nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) cari ilin dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması və (və ya) dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qarşısında məsələ qaldırır.”.
Maddə 2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1-ci maddəsi 2019-cu ilin dövlət büdcəsi layihəsinin tərtibi prosesindən etibarən tətbiq olunur.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 iyun 2018-ci il
Azərbaycan.- 2018.- 25 avqust.- S.2.