AZƏRBAYCAN naminə
Böyük siyasət xadimləri yalnız təmsil etdikləri xalqın və dövlətin tarixində oynadıqları müstəsna rola görə deyil, həm də bəşəriyyətin idarə olunmasına və gələcək taleyinə hesablanmış elmi-nəzəri baxışları, milli-bəşəri idealları ilə tanınırlar.
Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri olan, yüksək idarəçilik keyfiyyətləri, uzaqgörənliyi və müdrikliyi ilə müstəqil dövlətçilik ideyasını cəmiyyətdə praktik surətdə gerçəkləşdirən ümummilli lider Heydər Əliyev də məhz belə şəxsiyyətlərdən biri kimi çağdaş tariximizdə əbədiyaşarlıq hüququ qazanmış, onun ölməz ideyaları milli inkişafın rəhninə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. Yarandığı gündən bu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondu son 14 ildə cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilmişdir. Ulu öndərin ideallarından ruh alan fond onun nəcib və müqəddəs əməllərini yaşatmaq üçün ən müxtəlif sahələrdə sistemli tədbirlər həyata keçirmiş, hər bir vətəndaşın zəruri istək və arzularının reallaşmasına, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək vermişdir.
Heydər Əliyev Fondu ötən illərdə ictimaiyyətin ən müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə, Azərbaycanın hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə sanballı töhfələrini vermişdir. Fondun fəaliyyəti, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təminatına yönəlmiş, qısa müddətdə bu sahədə böyük işlər görülmüşdür.
Tarixdən yaxşı məlumdur ki, hər bir xalq taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin zəngin ömür yolunu, mükəmməl dövlətçilik və siyasi irsini, təcrübəsini öyrənərək gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl addımlar atır. Sağlığında Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qüdrətlənməsi naminə həyata keçirdiyi möhtəşəm tədbirlərlə canlı əfsanəyə çevrilmiş ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması da xüsusi aktuallıq kəsb edir. Yarandığı gündən bu ali məqsədi qarşıya məqsəd qoyan, dahi öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu 14 illik fəaliyyəti ilə Azərbaycan cəmiyyətində bir çox insanların ümid yerinə çevrilmişdir.
İctimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun yaradılması ideyası rəsmi səviyyədə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 mart tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” fərmanında təsbit edilmiş, qarşıya qoyulan məqsədlər kifayət qədər aydın və konkret şəkildə göstərilmişdir. Fond ilk növbədə, ümummilli liderin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasi kursun öyrənilməsi və təbliği, habelə bu ideyaların reallaşdırılması niyyətilə yaradılmışdır. Təşkilat həmçinin elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsi, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək məqsədini də qarşıya qoymuşdur.
Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, ölkənin yaradıcı və elmi potensialının artırılması kimi məqsədlər də fondun ötən 14 illik fəaliyyətində prioritet istiqamətlər olmuşdur. Dini tolerantlığın, multikulturalizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının qorunması kimi məqsədlər də bu nəcib və xoşməramlı missiyaya əlavə oluna bilər.
Azərbaycan Prezidenti cənab
İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi də ölkədəki genişmiqyaslı islahatların tələbindən irəli gələn və cəmiyyətin mənafeyini özündə ehtiva edən tarixi qərar olmuşdur. Məsələ burasındadır ki, islahatların hazırkı mərhələsində mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün də kifayət qədər aktualdır. Yeni dünya reallıqlarını obyektiv dəyərləndirən Prezident İlham Əliyevin son 3 ildə yürütdüyü məqsədyönlü siyasət, bu mənada, təkcə qlobal iqtisadi böhranın ölkəmizə mənfi təsirlərinin maksimum dərəcədə azaldılmasına deyil, həm də dövlət idarəçiliyində sistem xarakterli keyfiyyət dəyişikliklərinin təmin edilməsinə yönəlmişdir.
Ölkədə və regionda, ümumilikdə, qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın və idarəetmə formalarının tətbiqini aktuallaşdırdığından, dövlət başçısı rəhbəri olduğu komandanın bu çağırışlara hazır olmasını son dərəcə vacib sayır. Xalqın azad siyasi iradəsinin təntənəsi kimi tarixiləşmiş 2016-cı ilin 26 sentyabr referendumu ilə Azərbaycan Respublikasında vitse-prezident vəzifələrinin təsis edilməsi, 2017-ci il 21 fevral tarixində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması, bu mənada, postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət etmişdir.
2018-ci ilin 11 aprelində keçirilmiş prezident seçkilərindən dərhal sonra dövlət başçısının qətiyyətlə həyata keçirdiyi kadr islahatları - müasir təfəkkürlü və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən gəncləri irəli çəkməsi ölkədə islahatların miqyasını və tempini sürətləndirmək, xidmət sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə səmərəliliyi və şəffaflığı təmin etmək niyyətindən irəli gəlir. Başqa sözlə, son illər həyata keçirilən islahatlar paketinin əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir.
Xüsusi vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyəti bu prosesin daha da sürətlənməsini təmin etmiş, idarəçiliyə yeni nəfəs gətirmişdir. Cəmiyyətdə mütləq çoxluğun qənaəti bundan ibarətdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış və yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva üzərinə götürdüyü məsuliyyətli missiya ilə dövlət başçısının və xalqın etimadını inamla doğruldur. Cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli də Azərbaycanın Birinci vitse-prezidentinin diqqət mərkəzindədir.
Azərbaycanın Birinci vitse-prezidentinin 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə “Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2009-cu ildə “XXI əsrin böyük qadını” laureatına, 2010-cu ildə isə Fransanın “Fəxri Legion” ordeninə, yenə də UNESCO-nun “Qızıl Motsart” medalına, 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi isə onun beynəlxalq nüfuzunun bariz təcəssümüdür.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il iyunun 29-da imzaladığı sərəncamla Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, ölkəmizin müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü işlərə görə “Heydər Əliyev ordeni” ilə təltif edilmişdir.
Azərbaycan hələ 2012-ci ildə “Evrovision” musiqi yarışmasını yüksək səviyyədə keçirməklə müəyyən yanlış tərəddüdləri olan ölkələri sözün həqiqi mənasında, heyrətləndirmiş, qərəzli, ölkəmizə düşmən mövqeyi bəsləyən şəbəkəni fakt qarşısında qoymuşdur. Sonrakı mərhələdə 2015-ci ildə ilk Avropa Oyunları, 2016-2018-ci illərdə “Formula-1” yarışları zamanı respublikamızın nümayiş etdirdiyi yüksək təşkilatçılıq, qonaqpərvərlik nəticəsində Avropanın təkcə iqtisadi deyil, mənəvi-intellektual, mədəni baxımdan zəngin, multikultural ölkəsi olduğunu sübuta yetirmişdir. Ən başlıcası, xalqımıza xas milli kaloriti, mətbəxi, adət-ənənələri, incəsənət nümunələrini Avropaya təqdim etmişdir.
Şübhəsiz, bu tədbirlərin hər birinin yüksək səviyyədə keçirilməsi dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı, müasir idarəetmə üslubu, ən başlıcası, Azərbaycanı dünyaya sivil, inkişaf edən ölkə kimi təqdim etmək məramının nəticəsi idi.
Təsadüfi deyildir ki, dövlət başçısının IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə yaratdığı komissiyaya da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəhbərlik etmişdir. “Evrovision” musiqi yarışmasında və ilk Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq da xüsusi plan üzrə, sistemli və ardıcıl şəkildə, yüksək mütəşəkkiliklə həyata keçirilmişdir.
İctimai maraqlara xidmət edən təşəbbüslər
Müasir dünya insanı kifayət qədər realist və praqmatik olduğundan, həyata keçməyən ideyalarla, şüarlarla onun diqqətini uzun müddət hansısa məsələlərə cəlb etmək, düşüncəsini, fəaliyyətini yönləndirmək mümkün deyildir. Bu mənada, ən cəlbedici ideyaları da sadəcə, müzakirələr səviyyəsində saxlamaqla qısa müddətdə gözdən salmaq olar. Çünki insanları real iş və nəticə daha çox maraqlandırır. Heydər Əliyev Fondunun ötən 14 illik fəaliyyətinin diqqətçəkən uğuru isə ondadır ki, təşkilat ictimai fəaliyyət müstəvisinə irəli sürdüyü ideyaların real icra mexanizmləri ilə birgə qədəm qoymuşdur.
Fond özünü Azərbaycan cəmiyyətinə fəaliyyətinin başlanğıc mərhələləri üzrə müəyyən etdiyi tədbirlərin real nəticələri ilə təqdim edə bilmişdir. Ölkə vətəndaşları təşkilatın məqsədi, məramı barədə hər hansı yazılı proqramlardan, mətbu materiallardan deyil, fondun real fəaliyyət istiqamətlərindən, gördüyü işlərin mahiyyətindən öyrənmişdir. Bütün bunlar isə bir qədər geniş çevrədə götürsək, dünyada Azərbaycana bağlı hər kəsin Heydər Əliyev Fonduna, təşkilatın rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevaya dərin rəğbətini, dəstəyini qazandırmışdır.
Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədlərin hər biri Azərbaycanı qəlbən sevən bütün fərdlərin arzularıdır. Sadəcə, hər hansı fərd bu arzuları məqsədə çevirərək qarşıya qoymaq, onların reallaşmasına nail olmaq gücündə deyildir. Lakin fərdi güclər birləşəndə, qarşıya qoyulmuş hədəflərə doğru istiqamətlənəndə həmin məqsədlərin reallaşması qaçılmaz olur. Bu mənada, Heydər Əliyev Fondu fərdlərin arzuları kimi güc və imkanlarını da bir araya gətirmiş, mövcud potensialın Azərbaycanın gələcəyi üçün ən vacib istiqamətlər üzrə aşkarlanmasına, məqsədə doğru hərəkətinə nail olmuşdur. Ümumi hədəflərə doğru yürüyənlərin, bu prosesin iştirakçılarına çevrilmək istəyənlərin, töhfə vermək arzusunda olanların sırası gündən-günə genişlənməkdə davam edir. Bu yolda addımlayan hər kəs Heydər Əliyev Fondunun timsalında ölkənin gələcəyinə, özünün, ailəsinin, övladlarının sabahına töhfə verdiyinin fərqindədir.
Fond ictimai təşkilat kimi cəmiyyət həyatında fəal rol oynamaqla yanaşı, həm də onun potensialına, hərtərəfli dəstəyinə güvənir; həmfikir və əqidə yoldaşlarını bir araya gətirərək ümumi səyi, fəaliyyəti lazımi məcraya yönəldir. Əgər fondun müxtəlif sahələrdə həyata keçirdiyi layihələrə nəzər salsaq, etibarlı tərəfdaşların ümumi işdə böyük payının şahidi olarıq. Bu da təbiidir, - çünki Heydər Əliyev Fondu fəaliyyətini xeyirxah insanların dəstəyinə arxalanaraq həyata keçirir.
Xeyriyyəçilik - yüksək mənəviyyat göstəricisi
Fondun ilk gündən cəmiyyətə aşılamaq istədiyi mühüm dəyərlərdən biri də xeyriyyəçiliklə bağlıdır. Fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hesab edir ki, xeyriyyəçilik insani münasibətlərin son dərəcə incə, nəzakətli, həssas sahəsidir və fəaliyyətin bütün iştirakçılarından - xeyriyyəçilərin özlərindən, bu fəaliyyətdən bəhrələnənlərdən və vasitəçilərdən ümumbəşəri əxlaq, etika, nəzakət normalarına dönmədən riayət olunmasını tələb edir. Xeyriyyəçilik yoluna doğru ilk addımlarını atan hər kəs başlanğıcda anlamalıdır ki, “xeyriyyəçilik” sözünün arxasında müəyyən səbəblərə görə müxtəlif hallar üzündən həyatda çətin vəziyyətə düşmüş canlı insanların problemləri dayanır: xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. İnsan xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər. “İctimai əxlaqa xas olan bəzi naqisliklər - şəxsiyyətlərarası etimadın, insanların bir-birinin kədərinə şərik olması və təmənnasızlıq kimi keyfiyyətlərin qıtlığı onların öz vəsaitlərini, qüvvələrini və vaxtını başqalarının naminə, bütövlükdə cəmiyyətin naminə qurban verməyə könüllü hazır olması ruhunun tam üzə çıxmasına mane olur. Təəssüflə deməliyəm ki, bütövlükdə xeyriyyəçilik, könüllülük bizdə hələ sözün həqiqi mənasında, kütləvi hal almamışdır” - deyə Heydər Əliyev Fondunun prezidenti vurğulayır.
Bu baxımdan, Mehriban xanım Əliyevanın hələ 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratması xeyriyyəçilik sahəsində zəngin milli ənənələrin davam etdirilməsi zərurətindən irəli gəlirdi. Müstəqilliyin ilk illərində ayrı-ayrı şəxslərin siyasi ambisiyalarını gerçəkləşdirmək məqsədilə yararlanmaq istədikləri, lakin buna müvəffəq ola bilmədikləri xeyriyyəçilik ənənələrinin əsl mahiyyəti üzrə bərpası həm də cəmiyyətdə sağlam mənəvi və mədəni dəyərlərin qorunması istəyindən irəli gəlmişdir.
Bu xətti layiqincə davam etdirən Heydər Əliyev Fondunun fəaliyyətində ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşması isə ölkədə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o cümlədən hakimiyyət orqanları üçün nümunə sayıla bilər. Müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac tapmayan köməksiz insanlar sonuncu “ümid qapısı” kimi məhz bu ünvanı döyürlər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın özünün də bəyan etdiyi kimi, fondda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır, mümkün qədər vətəndaşların problemlərinin həllinə qayğı göstərilir. Bu mənada, fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən ictimai qurumdur. Fondun prezidenti özü bu barədə belə deyir: “Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun probleminin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və bu gün biz Heydər Əliyev Fondu olaraq, bu ənənələri davam etdirməyə çalışırıq”.
2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edən fondun prezidenti Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığı da bir daha təsdiqini tapmışdır. Məhz Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir. Fondun prezidentinin təşəbbüsü əsasında gerçəkləşmiş amnistiya aktları cəmiyyətdə ürəkdən dəstəklənmiş, təqdir olunmuşdur.
İnsan
amilini önə çəkən sosial layihələr
Fondun
humanizmə və insanpərvərliyə əsaslanan fəaliyyəti
təhsil və səhiyyə sahələrində həyata
keçirilən layihələrdə də parlaq təcəssümünü
tapır. Ötən illər ərzində bu istiqamətlər
üzrə vətəndaşlara böyük sevinc bəxş
edən bir sıra humanitar aksiyalar həyata keçirilmiş,
səhhətindəki problemlər üzündən əziyyət
çəkən minlərlə insan yenidən sağlam həyata
qaytarılmışdır.
2004-2018-ci
illər ərzində fonda müraciət etmiş insanlara
kömək göstərilməsi üçün səhiyyə
müəssisələri ilə sıx əlaqə
qurulmuş, minlərlə insanın müayinə və
müalicəsi üçün lazımi tədbirlər həyata
keçirilmişdir. Təhsil ocaqlarındakı kimsəsiz
uşaqların sağlamlığının təmin
olunması istiqamətində həyata keçirilən sosial
layihələr xüsusilə təqdirəlayiqdir. Bu layihələr
səhhətindəki problemlər üzündən əziyyət
çəkən insanları yenidən sağlam həyata
qaytarır və onlara həyat eşqi verir. Bu baxımdan,
“Diabetli uşaqlara ən yüksək qayğı” və
“Talassemiyasız həyat naminə” layihələri cəmiyyətdə
daha böyük diqqət və rəğbətlə
qarşılanmışdır. Ürək xəstəliklərindən
əziyyət çəkən körpələrin bir qisminə
xarici ölkələrdə cərrahiyyə əməliyyatı
aparılmasına kömək göstərmiş Heydər Əliyev
Fondu milli genefondumuzun qorunmasında öz sözünü
deyir. Azərbaycanın birinci xanımının
başlıca məqsədlərindən biri də məhz xəstə,
kimsəsiz uşaqlara qayğı örnəyini
başqalarına təlqin etməkdir.
“Tibb
işçisi kimi gözəl başa düşürəm
ki, psixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir,
çox mürəkkəb ictimai proseslər zəncirində
axırıncı halqadır. Bunun arxasında yoxsulluq, zərərli
adətlər və bəzən də sadəcə, müəyyən
zəruri tibbi biliklərin yoxluğu dayanır. Bütün
bunlar uzunmüddətli proqramların gerçəkləşdirilməsini
tələb edir. Biz reallaşdırılması illərlə
çəkəcək layihələrdən qorxmuruq, lakin eyni
zamanda, gözəl anlayırıq ki, bizdən ani tezliklə
yardım və fayda gözləyirlər. Bütün
bunları vəhdət halında birləşdirmək mürəkkəb
vəzifədir, lakin necə deyərlər, yolun öhdəsindən
yolçu gələr” - deyə Mehriban xanım Əliyeva
vurğulayır.
Mehriban
xanım Əliyeva bu gün də kimsəsiz, köməyə
ehtiyacı olan insanların maddi-mənəvi hamisi rolunda
çıxış edir, insanlara ən müxtəlif səviyyələrdə
yardım göstərməklə, cəmiyyətdə
yalnız sağlam ənənələrin, zəngin əxlaqi
dəyərlərin möhkəmlənməsinə
çalışır.
Hər
bir millətin fiziki-mənəvi
sağlamlığının və kamilliyinin təmin
olunması, eyni zamanda, idmanın, bədən tərbiyəsinin
dinamik inkişafından keçir. Mehriban xanım Əliyevanın
Milli Gimnastika Federasiyasının prezidenti kimi bu yöndəki
fəaliyyəti gənc nəslin fiziki-mənəvi
sağlamlığının təmin olunmasına xidmət
edir. Qısa müddətdə Azərbaycanın həmin idman
növünün inkişafı istiqamətində
atdığı əhəmiyyətli addımlar, Bakıda bədii
gimnastika üzrə mötəbər çempionatların
keçirilməsi onun bu sahədə də yaxşı təşkilatçı
və qayğıkeş rəhbər olmasının daha bir
göstəricisidir.
Heydər
Əliyev Fondunun təhsillə bağlı layihələri isə
vətəndaşların Azərbaycan Konstitusiyası ilə
təsbit olunmuş təhsil hüquqlarının daha
etibarlı təminatı məqsədinə xidmət edir.
Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin
inşasının, tədris prosesinə normal şərait
yaradılmasının zəruriliyini düzgün qiymətləndirən
fond qarşıya qoyduğu strateji hədəflərə
doğru inamla addımlamış, bir sıra uğurlu nəticələr
əldə etmişdir. Azərbaycanın birinci xanımının
cəmiyyətin maariflənməsinə və milli-mənəvi
intibaha xidmət edən təhsil layihələrinin ümdə
məqsədi həm də bölgələrdə yeni məktəblərin
inşası, onların maddi-texniki təchizatının
yaxşılaşdırılmasıdır.
Müasir
tələblərə cavab verən yeni məktəblərin
inşasına nail olmadan, təlim-tədris prosesinə
lazımi şərait yaratmadan, dünya ölkələrinin
mütərəqqi ənənələrini mənimsəmədən
təhsil sistemini müasirləşdirmək, bu sahədə
uğurlu nəticələr əldə etmək mümkün
deyildir. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə həyata keçirilən, dövlət
qurumlarının və vətəndaş cəmiyyətinin bəzi
strukturlarının da dəstəklədiyi “Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində
Azərbaycanın müxtəlif regionlarında 300-dən
çox yeni məktəb binası inşa olunmuş və
lazımi avadanlıqlarla təchiz edilmişdir.
Fondun təhsillə
bağlı layihələri sırf Azərbaycanla məhdudlaşmır:
hələ 2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə
başlayan Azərbaycan məktəbi Heydər Əliyev
Fondunun diqqətindən kənarda qalmamış, məktəbə
kompüter dəsti və dərs vəsaitləri göndərilmişdir.
2008-ci ilin fevralında isə fondun “Təhsilə dəstək”
layihəsi çərçivəsində Pakistanın
Müzəffərabad şəhərində
dağıdıcı zəlzələ nəticəsində
yararsız vəziyyətə düşən məktəb
yenidən tikilərək, yüksək səviyyəli tədrisə
imkan yaradan avadanlıqlarla təmin olunmuşdur. Eyni zamanda, Azərbaycanın
birinci xanımının təşəbbüsü ilə
Rusiyada, Gürcüstanda, Misirdə yeni məktəb
binaları tikilərək istifadəyə verilmişdir.
Bununla
yanaşı, fond xarici ölkələrdəki unikal mədəniyyət
abidələrinin bərpası prosesində də yaxından
iştirak edir. Fond Fransada Dünya Mədəni İrs
Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə
XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin,
İkinci Dünya müharibəsində
dağılmış Berlin şəhər Sarayının, həmçinin
Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər
əlyazmalarının bərpa olunmasına kömək
etmişdir. Heydər Əliyev Fondu ilə Müqəddəs
Arxeologiya üzrə Papa Komissiyası arasında
imzalanmış Anlaşma Memorandumuna əsasən, fond
Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata
keçirilməsinə də dəstək vermişdir.
Zəngin
mədəni sərvətimiz dünya müstəvisində
Şəxsiyyətə
yüksək hörmət, vətəndaşa həssas
münasibət, insanlara qayğı və təmənnasız
xidmət amalını prioritet seçmiş fond son illər
milli mədəniyyətin təbliğinə xidmət edən
bir sıra layihələri uğurla
reallaşdırmışdır. Xatırlatmaq yerinə
düşər ki, Mehriban xanım Əliyeva hələ
1995-ci ildən Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun rəhbəri kimi böhranla üzləşmiş
milli-mədəniyyətimizə böyük qayğı və
diqqət göstərmişdir. 1995-ci ildən milli mədəni
incilərin qorunması, musiqi təhsilinin inkişafı, gələcək
nəslin maarifləndirilməsi və digər sosial layihələrin
icrası fondun diqqət mərkəzində olmuş,
ardıcıl şəkildə təşkil edilən xeyriyyə
konsertləri mədəniyyətin zəngin ənənələrinin
qorunması işinə töhfə vermişdir.
2004-cü
ildə Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı
səfiri seçilməsi ilə Azərbaycanın mədəniyyətinin,
incəsənətinin, habelə muğamın, aşıq
musiqisinin dünya miqyasında təbliğinə geniş
imkanlar açmışdır. Fondun prezidentinin şəxsi səyləri
ilə xalqın milli sərvəti sayılan muğam, habelə
aşıq musiqisi, o cümlədən Novruz bayramı
UNESCO-nun qeyri-maddi irsinin şah əsərləri
sırasına daxil olunmuşdur. 2009-cu ilin mart ayında Azərbaycanın
birinci xanımının təşəbbüsü ilə
Bakıda keçirilən Beynəlxalq muğam festivalı Azərbaycan
mədəniyyətinin, musiqisinin bütün dünyada
tanıdılması və təbliği istiqamətində
mühüm tədbirlərdən biri kimi yadda
qalmışdır. Son illərdə keçirilən və
Azərbaycan televiziyası ilə yayımlanan muğam müsabiqələri
istedadlı muğam ifaçılarının üzə
çıxarılması, dəstəklənməsi
baxımından daha bir uğurlu addım olmuşdur.
2010-cu ildə
Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi
olaraq hər il keçirilən beynəlxalq Niaqara musiqi
festivalının rəhbərliyi avqustun 26-sı tarixinin Beynəlxalq
Azərbaycan muğamı və İpək yolu üzərində
yerləşən ölkələrin musiqisi günü elan
olunması ilə bağlı qərar qəbul etmişdir. Bu,
Azərbaycan muğamına dünya səviyyəsində necə
yüksək dəyər verildiyini bir daha təsdiqləyir.
Azərbaycanın
birinci xanımının yüksək təşkilatçılığı
sayəsində Bakıda keçirilmiş
“Evrovision-2012” musiqi yarışması da ümumən
Avropa geosiyasi arealında ölkəmizin zəngin mədəniyyəti,
musiqisi, incəsənəti barədə kifayət qədər
dolğun təəssürat
formalaşdırmışdır. Beləliklə, 2011-ci ildə
Almaniyadan qələbə estafetini qəbul edən Bakı bir
il sonra möhtəşəm şou ilə bütün
dünyanın diqqətini bir daha özünə cəlb
etmişdir. Müsabiqə ərəfəsində Bakıda
olan minlərlə əcnəbi qonaq müsabiqənin çox
yüksək səviyyədə təşkil olunduğunu, eyni
zamanda, Azərbaycanın sürətlə inkişaf etdiyini
açıq etiraf etmişlər.
Bundan
başqa, Azərbaycan musiqisinin dünyada təbliği məqsədilə
Qəbələ rayonunda təşkil olunan beynəlxalq musiqi
festivalları da Azərbaycan mədəniyyətinin dünyada
təbliği baxımından mühüm əhəmiyyət
kəsb edir. Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə 2018-ci ildə 10-cu dəfədir ki, keçirilmiş Qəbələ
Beynəlxalq Musiqi Festivalı dünya musiqiçilərini
yenidən bir araya gətirmiş, möhtəşəmliyi ilə
xarici və yerli izləyicilərin dərin rəğbətini
qazanmışdır.
Milli həqiqətlərin
carçısı
Fondun Azərbaycanın
zəngin mədəni-mənəvi irsinin dünyaya təbliğinə,
muğamların, aşıq musiqisinin bəşəriyyətə
tanıdılmasına, sivilizasiyalararası dialoq məkanının
genişləndirilməsinə, eyni zamanda, maarifçiliyə
xidmət edən çoxsaylı layihələrinin qayəsində
yalnız bir məqsəd dayanır: Azərbaycan
xalqının milli mənafeyinin qorunması ilə
bağlı həyata keçirilən dövlət siyasətinə
dəstək vermək!
Fond bu məqsədi
müxtəlif beynəlxalq qurumlarla münasibətləri
genişləndirməklə, UNESCO və ISESCO kimi mötəbər
təşkilatlarla qarşılıqlı faydalı əlaqələr
qurmaqla həyata keçirir. Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərin beynəlxalq aləmə
çatdırılması üçün bütün
mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil,
səhiyyə və digər sahələrdə həyata
keçirilən layihələrin məhz bu məqsədə
yönəlməsinə çalışır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, təcavüzkarın
ifşası baxımından Heydər Əliyev Fondunun
müxtəlif dillərdə nəşr etdirdiyi kitablar
mühüm əhəmiyyətə malikdir. İngilis,
fransız, ərəb, alman, rus dillərində
“Qarabağ həqiqətləri” bukletlər toplusunun
hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri,
diaspor təşkilatları, habelə yerli qeyri-hökumət
təşkilatları vasitəsilə yayılması bu istiqamətdə
son dərəcə uğurlu layihələrdən biri
olmuşdur. Bukletlər toplusu “Qarabağın tarixi
haqqında məlumat”, “Qarabağ münaqişəsinin
başlanması”, “Xocalı
soyqırımı”, “Azərbaycana qarşı erməni
təcavüzünün nəticələri”, “Erməni
terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”
kitablarından ibarətdir. Layihənin davamı olaraq Heydər
Əliyev Fondu Xarici İşlər Nazirliyi ilə birgə
“Azərbaycana qarşı müharibə: Mədəni
irsin hədəfə alınması” kitabını
ingilis dilində çapdan buraxmışdır. Kitaba
işğal olunmuş Azərbaycan rayonlarının hər
birində olan mədəni sərvətlərin
siyahısı, xəritələr, habelə Ermənistan ərazisində,
işğal altındakı torpaqlarda tarixi-mədəniyyət
abidələrinin əvvəlki və hazırkı vəziyyətini
əks etdirən videomateriallar əlavə edilmişdir.
Azərbaycan
həqiqətlərini və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini
beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi
önəm verən Heydər Əliyev Fondu 2007-ci ildən
başlayaraq hər il dünyanın bir sıra böyük
şəhərlərində - Moskvada, Berlində, Strasburqda,
Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə,
Vaşinqtonda, Nyu Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyev
və Tbilisidə Xocalı soyqırımının
ildönümünə həsr olunmuş aksiyalar keçirir.
Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə
müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri,
şəhər sakinləri, eləcə də kütləvi
informasiya vasitələrinin nümayəndələri dəvət
olunur. Anım mərasimlərində fondun
hazırladığı “Xocalı
soyqırımı” filmi ilə yanaşı,
insanlığa qarşı törədilən cinayəti əks
etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur.
Fondun dəstəyi
və təşkilatçılığı ilə məktəblilər
arasında keçirilən “Xocalı uşaqların
gözü ilə” rəsm müsabiqəsinin, əl
işlərinin, fotoşəkillərin dünyanın
qabaqcıl ölkələrində keçirilən sərgisi
beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük
faciəsi barədə dolğun təsəvvür
formalaşdırır. Bu mərasimlərdə fondun nəşr
etdirdiyi “Qarabağ həqiqətləri” toplusu və
“Azərbaycana qarşı müharibə: Mədəni
irsin hədəfə alınması” kitabları
paylanır.
Ölkə
reallıqlarının internet şəbəkəsi vasitəsilə
dünyaya yayılması və xalqın min illər boyu
yaratdığı maddi-mənəvi dəyərlərin
dünyaya tanıdılması məqsədilə 2005-ci ildə
fond tərəfindən materialların həcminə, zənginliyinə
və əhatəliliyinə, habelə istifadə olunmuş
texnologiyalara görə ölkədə analoqu olmayan “Azərbaycan”
internet portalı yaradılmışdır. İstifadəçilərinin
sayı milyonlarla olan portalda Azərbaycanın bu günü,
tarixi keçmişi, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin əsl mahiyyəti ilə
bağlı məlumatlar yerləşdirilmişdir.
Azərbaycan
xalqı bütün zamanlarda özünün zəkalı, nəcib
və xeyirxah qadınları ilə fərəh duymuşdur.
Azərbaycan qadını üçün səciyyəvi olan
humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali
keyfiyyətləri biz bu gün Azərbaycanın
Birinci-vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri
Mehriban xanım Əliyevanın timsalında qabarıq
müşahidə edirik. “İstər UNESCO-nun xoşməramlı
səfiri, istərsə də Heydər Əliyev Fondunun
prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim
adıma hər gün 200-dən çox məktub gəlir.
Onların heç biri diqqətsiz qalmır. Mən konkret
iş görmək, konkret insanlara kömək etmək istəyirəm.
Konkret problemləri həll etmək, yardım edə bildikdə
sevinc hissi keçirmək və səndən asılı
olmayan səbəblər üzündən nəsə edə
bilmədikdə təəssüflənmək, qəzavü-qədər,
sağalmaz xəstəlik qarşısında bütün
gücsüzlüyünü dərk edərkən əziyyət
çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü
gördükdə isə bir daha sevinmək istəyirəm.
Bu, mənim seçimimdir” - deyən Mehriban xanım Əliyeva
ululardan bizə ərməğan etdiyi xeyirxahlıq,
yaxşılıq və mərhəmət kimi ali mənəvi
dəyərləri öz fəaliyyətində yaşatmaqla
şüurlu həyatını millət yolunda şam kimi əridən
maarifpərvər ziyalılarımız, nurlu
insanlarımız tək uğurlu bir seçimdə və
yoldadır.
Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri
Mehriban xanım Əliyeva dəyərli vaxtını,
enerjisini insanların rifahına, firavanlığına, ali bəşəri
dəyərlərin təbliğinə sərf edir. Təqdirəlayiq
cəhət bundadır ki, onun həyata keçirdiyi bu layihələr
təmənnasızlıq və xalqa layiqli xidmət prinsiplərinə
söykənir. Onun dövlət idarəçiliyi fəlsəfəsində
insanlara yaxşılıq kimi mütərəqqi bir ideya, nəcib
amal yenə də ön plandadır. Şübhə yoxdur ki,
Mehriban xanım Əliyeva bu xeyirxah, nəcib missiyanı bundan
sonra da davam etdirəcək, ulu öndər Heydər Əliyevin
ölməz ideyalarına tapınmaqla milli intibah prosesinə
layiqli töhfələrini verəcəkdir.
Qüdrət KƏRİMOV,
“Xəzər” ASC-nin sədri, iqtisad
elmləri doktoru
Azərbaycan.- 2018.- 25 avqust.- S.