Lerikdə bir kənd
var...
Yayın ortalarında yağan yağışlar istilərin
şaxını sındırıb. Yamaclar yavaş-yavaş
yaşıllaşır, meşələr
qızılı rəngə
çalır. Yerə nəm
düşəndən əkinçilərin
işi çoxalıb.
Traktorlar
şuma çıxıb,
toxum təmizlənib səpinə hazırlanır.
Bağların, bostanların
barı yığılır. Arı
pətəkləri açılıb,
bal süzülür. Dağ kəndində məktəblərin
tikintisində işlər
başa çatır.
İkimərtəbəli yeni evlər
qapılarını sakinlərin
üzünə açır.
Asfalt yollar çəkilir, körpülər salınır.
Bir sözlə, Lerikdə qurub-yaradan əllər işdən, ürəklər
arzudan yorulmur.
Bizim diyarın
qədim insan məskənlərindən biri
Lüləkəran kəndidir. Bu, çox da böyük
olmayan abad məkandır. Arxası qayalara
söykənib, sağı
və solu meşəlikdir. Yaşı da
bəllidir. Ağsaqqalların
dediyinə görə,
350-400 il olar salınıb. Üç dəfə yerini dəyişib. Əhalisi
son dəfə dağın
ətəyini, gur sulu bulaqların
axarını, Ərdəbilə
gedən ticarət yolunun üstünü seçib.
Dünyagörmüş qocalar söyləyirlər
ki, Lüləkəran
toponimi talışca
“tüfəngli evlər”
deməkdir. Bunun da səbəbi
var. Vaxtilə kəndin
igidləri həm özlərini, həm də qonşu obaları qaçaq-quldurlardan
qorumaq üçün
hər evdə silah saxlayıblar. Mal-dövlət dalınca
gələn çapqınlar
adamları əli silahlı görüb qaçmağa başlayıblar.
Ötən əsrin əvvəllərində
kənddən bir neçə adlı-sanlı
igid adam
çıxıb. Din xadimi
Şeyx Fazil, xeyriyyəçi Nüsrət,
dülgər Rəhman,
təbiətşünas alim
Hacı Rza burada doğulublar. Kərbəlayı Şahverən Əsgər
oğlunun, qardaşı
Əşrəfin adları
ehtiramla çəkilir.
Yaşlı nəsil qardaşların
at çapmasından, tüfəng
oynatmasından iftixarla
danışır. Lənkərandan ustalar gətirilərək
qardaşların parası
hesabına burada kərpic kürəsi tikilib. Qırmızı kərpicdən minarəli
məscid ucaldılıb.
Kürədən çıxan kirəmitlərlə
kasıb ailələrin
evlərinin damı örtülüb.
Kərbəlayı Şahverən Lerikdə milli hökumətin təəssübkeşi olub. 1920-ci ilin yayında dəstəsi ilə Yardımlı rayonunun Vərqədüz kəndi
yaxınlığında qırmızı
imperiyanın alayının
qabağını kəsib,
onları üç
ay Lerik torpağına
ayaq basmağa qoymayıb. Ötən
əsrin 80-ci illərində
Blaband kəndinin 106 yaşlı ağsaqqalı,
Şahverənin dəstəsinin
pulemyotçusu Əbdül
kişi mənə danışırdı
ki, Şahverən cəsur, quşu gözündən vuran qorxmaz adam idi.
Onu diri tutmaq istədilər.
Ancaq məqsədlərinə çata
bilmədilər. Gedib kəndin
üstündəki qalada
məskən saldı.
Camaatı güdaza verməməkdən
ötrü sonra da ailəsini götürüb cənuba
üz tutdu. Sovet casusları Şahverəni
pənah gətirdiyi yerdə namaz üstə qətlə yetirdilər. Lüləkəranlılar qərib torpaqda uyuyan el ağsaqqalının
xatirəsini həmişə
yad edirlər.
Kənddə 1935-ci ildə əhalinin mal-qarasını, torpaqlarını
əllərindən alıb
kolxoz yaratdılar. Təsərrüfat müxtəlif vaxtlarda “Qızıl əsgər”,
“Nizami”, “Sosialist Kubası” adlandırılıb.
1997-ci ildə burada islahat aparıldı, torpaqlar əhaliyə paylandı.
Əkin yerləri az olsa da, bərəkətlidir. Taxıl əkilir, kartof becərilir, tərəvəz
yetişdirilir. Bu il tarlalardan bol məhsul yığılıb.
Müstəqillik illərində kənddə
orta məktəb açılıb. Təhsil ocağında 130 şagird oxuyur. Bu il 8 nəfər
ali məktəblərə
qəbul olunub. Dərs deyən müəllimlər
məktəbin öz yetirmələridir. Məzunlarının xoş sorağı ölkəmizin müxtəlif
şəhər və
kəndlərindən gəlir.
Onların arasında alimlər, həkimlər,
mühəndislər, iqtisadçılar,
dövlət qulluqçuları,
iş adamları var. Hər biri doğma
diyarın abadlaşmasına
köməyini əsirgəmir.
Kənd sakini Məzahir Babayevlə söhbət etdik. O, tanınmış həkimdir. Uzun illər rayon mərkəzi
xəstəxanasında şöbə
müdiri işləyib.
Məzahir həkim təqaüdə
çıxsa da, yenə el-obasının xidmətindədir. Birinin başı
ağrıyan kimi özünü ona çatdırır. O, həmkəndlilərinə
dövlətin qayğısından
razılıqla söhbət
açdı:
- Hazırda kəndimizdə 80 ailə yaşayır. Evlərdə bütün günü işıq var. Dağlardan keçən qaz kəməri çəkilib, meşələrdən balta səsi on ildir kəsilib. Həyətlərə bulaq suları axır. Telefon sarıdan gileyimiz yoxdur. Yaxın-uzaq qohumlarımızla əlaqə saxlayırıq. Kitabxana oxucuların üzünə açıqdır. Ərzaq dükanları alıcıların xidmətindədir. Adamlar onlara diqqəti görüb torpağa ürəkdən bağlanırlar. Biz də xoşbəxt qocalığımızı rahat yaşayırıq.
Məzahir həkimin söhbətinə ehtiyatda olan polis polkovniki Şahgəldi Əliyev qoşuldu. Dedi ki, son 10-15 ildə kənddən bir ailə belə başqa yerə köçməyib. Vaxtilə işsizliyə görə ata-baba yurdunu tərk edənlər qayıdıb gəlir. Mal-qara saxlayırlar, əkin-biçinlə məşğul olurlar. Ali məktəbləri bitirən gənclər doğma ocağa dönüb ailə həyatı qururlar. Onlar ixtisaslarına görə rayonda işlə təmin olunurlar.
Lüləkəranın yamaclarında bitən otlar, çiçəklər, giləmeyvələr, bulaqlarının suyu, dağlarının havası can dərmanıdır. Kənd uzunömürlüləri ilə də tanınır. Əmir Əliyev, Sağı Əliyev, Nərgiz Babayeva bir əsrin dizini bu obada qatlayıblar. Bu gün də bekar durmurlar, gücləri çatan işdən yapışırlar.
Həmzə VƏLİMƏMMƏDOV,
əməkdar jurnalist
Azərbaycan.- 2018.- 25 avqust.- S.6.