Gecikmiş bəraət

 

 

 

 

 

Təlatümlü il oldu. Bir ilin içərisində heç zaman unudulmayacaq elə dəhşətli hadisələr baş verdi ki... Azərbaycanı qana boyayan ermənilərin törətdikləri soyqırımları, torpaqlarımıza sahib çıxmaq istəyən güclü dövlətlərin gizliaşkar mübarizələri... Və öz vətəni yolunda canını fəda edənlərimizin, hər an qurban getməyə hazır olanlarımızın əzmkarlığı...

Bir millət üçün ən mühüm olanı məmləkətinin azadlığa qovuşması, dövlətinin müstəqilliyidir. Buna görə 1918-ci il də hər birimiz üçün əbədi olaraq bir adda qərar tutdu: Cümhuriyyət ili.

Bu möhtəşəm tarix onun da ömür tarixçəsinə böyük hərflərlə yazıldı. Rəşid xan Qaplanov Azərbaycan Xalq Cümhuriyyətinin dördüncü hökumət kabinetində maarifdini etiqadlar naziri (14 mart 1919-12 dekabr 1919), beşinci hökumət kabinetində isə ticarət və sənaye naziri (24 dekabr 1919-1 aprel 1920) vəzifələrində çalışdı.

 

Təhsil illəri...

 

Tarixin qovğalarında keçən ömrü 1885-ci ildə (bəzi mənbələrə görə, 1883-cü ildə) Dağıstanın Xasavyurd qəzasının Ağsay kəndindən başladı. Onun damarlarında Şimali Qafqaz türklərinin qanı axırdı. Rəşid xan Qaplanov bölgənin ən nüfuzlu və varlı alilələrindən birinin övladı idi. Onun geniş torpaq mülkiyyətinin sahibi olan atası Zabit xanın və əmisi Əbu Müslim xanın, Dağıstanın əksər əsilzadələri kimi, çar ordusunda xidmət etmələrinin isə, əslində, çox ciddi, dərin səbəbləri var idi. Çarizm imperiyasını qorumaq, siyasətini həyata keçirəcək kadrlar yetişdirmək, həm də övladlarını bu yolla girov götürdüyü ata-babaların, necə deyərlər, gözlərinin odunu almaq, ayağa qalxmalarına imkan verməmək məqsədi güdürdü. Mərd, döyüşkən Qaplanovlar da hərbçi oldular. Rəşid xan çarın, Əbu Müslim xan isə Qafqaz canişininin mühafizə alayında xidmətlərində polkovnik rütbəsinə qədər irəlilədilər.

Zabit xanın üç övladının böyüyü Rəşid xan idi. Varlı balalarının çoxu kimi, o da əvvəl evdə xüsusi müəllimlərdən dərs aldı. Sonra o vaxtlar ən yaxşı təhsil müəssisələrindən sayılan Yaxsay mədrəsəsində oxumağa başladı.

Rəşid xanın təhsilinə xüsusi diqqət göstərilirdi. Mədrəsəni bitirdikdən sonra o, mədəniyyət mərkəzi hesab edilən Vladiqafqazda gimnaziyaya qəbul oldu. Gimnaziyanı bitirdikdən sonra da Rəşid xanın təhsili barədə atası fərqli qərar verdi. Onukiçik oğlu İbrahim xan kimi Rusiyaya hərbi məktəbə, nə də digər adlı-sanlı universitetlərdən birinə oxumağa göndərdi. Zabit xan böyük oğlunu Fransanın Sorbonna Universitetinə yolladı. Rəşid xan bu məşhur universitetin hüquq fakültəsinə daxil oldu. Fransanın mərkəzində - Parisdə keçən tələbəlik illəri, yeni mühit, qarşılaşdığı insanlar onun həyata baxışının, dünyagörüşünün formalaşmasında mühüm rol oynadı.

1910-cu ildə Sorbonna Universitetində təhsilini başa vuran gənc, istedadlı, savadlı, məlumatlı, rus, fars, ərəb, fransız dillərini bilən Rəşid xanın qarşısında müxtəlif yollar var idi. Dünyaya göz açdığı Yaxsaya, təhsil aldığı Vladiqafqaza, ya da Rusiyanın böyük şəhərlərindən birinə gedə bilərdi. Ancaq o, Türkiyəni seçdi. Parisdə olarkən tanıyıb dostlaşdığı “Gənc türklər” təşkilatının üzvlərinin əksəriyyəti o zaman Osmanlı dövlətində rəhbər vəzifələrdə çalışırdı. Onunla eyni vaxtda Sorbonna Universitetində oxumuş həmyerlisi, dostu Cəlaləddin Qorxmazov da iki ilə yaxın idi həmin şəhərdə yaşayırdı. O, 1909-cu ildə İstanbuldaStambulskie novosti” adlı qəzetlə ilk rusdilli türk mətbuatının əsasını qoymuşdu. Rəşid xan da bu qəzetlə əməkdaşlıq etməyə başladı.

Onu Parisdən İstanbula gətirən səbəblərdən biri də əmisi oğlu Əhməd Səid idi. Kadet korpusunu bitirən Əhməd Səid ona ümidverici gələcək vəd edən çar Rusiyasına xidmət etməkdən boyun qaçıraraq 1888-ci ildə Osmanlı təbəəliyini qəbul etmiş, sədrəzəm Qazi Əhməd Muxtar paşanın yavəri olmuşdu. Qazi Əhməd Muxtar paşa Misirə vali göndəriləndə onunla getmiş, Qahirədə 1899-1902-ci illlərdə “Sancaq” qəzetini nəşr etmişdi.

Əhməd Səid Misirdən döndükdən sonra İstanbulda mətbuat sahəsində çalışır, həm də universitetin professoru kimi fəaliyyət göstərirdi.

Rəşid xan isə İstanbulda Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən qanunvericilik islahatları komissiyasında çalışmaqla bərabər, Mülkiyyə məktəbində dövlət hüququndan, Siyasi elmlər məktəbində isə anayasa hüququndan mühazirələr oxuyurdu. Həmin illərdə o, Osmanlı tarixini və ədəbiyyatını dərindən öyrəndi.

 

Azadlıq uğrunda mücahid

 

Üç il sonra, 1913-cü ildə atasının təkidi ilə vətənə döndü. Vladiqafqaz şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışdı. 1914-cü ildə yetmiş altı yaşlı atası vəfat etdi. Rəşid xan Vladiqafqazda məhkəmə sistemində 1917-ci ilin fevralınadək işlədi.

Dövrün ziddiyyətli hadisələri, inqilabi hərəkatın qalibiyyətlə nəticələnməsi uzun illər çar Rusiyasının müstəmləkəsində yaşamış xalqların qurtuluş ümidlərini gücləndirdi. Vətənini müstəqil, millətini azad görmək istəyənlər mübarizəyə qalxdılar. Çar hakimiyyətinin devrilməsi Qafqazda yaşayan xalqlara da öz müqəddəratlarını müəyyənləşdirmək imkanı verdi. 1917-ci il martın 5-6-da Vladiqafqazda yerli ziyalılar birlik nümayiş etdirərək Birləşmiş Dağlıların Müvəqqəti Mərkəzi Komitəsini yaratdılar. Komitənin rəhbəri balkar maarifçisiictimai xadim Basiyat Şaxanov oldu. 1917-ilin mayında Vladiqafqaz şəhərində komitənin birinci qurultayı keçirildi, Şimali Qafqaz və Dağıstan Dağlıları İttifaqı formalaşdırıldı. Həmin ilin sentyabrında keçirilən növbəti qurultayda İttifaqa Abxaziya da qoşuldu. Bundan sonra qurum Şimali Qafqaz, Dağıstan və Abxaziya İttifaqı adlandırıldı. Qurultayda Dağlılar İttifaqının yaradılması haqqında qərarın qəbulunda və İttifaqın Konstitusiyası, siyasi platforması, proqramı kimi vacib sənədlərin hazırlanmasında Rəşid xan Qaplanovun müstəsna xidmətləri oldu.

1917-1920-ci illərdə o, Şimali Qafqaz və Dağıstanda paralel fəaliyyət göstərən dörd hökumətdən birində - Terek-Dağıstan hökumətində təmsil olundu. 1917-ci ilin 14 dekabrından 1918-ci ilin 8 martınadək Terek-Dağıstan hökumətinə sədrlik, həmçinin xarici əlaqələr sahəsinə nəzarət etdi.

1918-ci ilin 11 mayında Birləşmiş Dağlılar İttifaqının Müvəqqəti Mərkəzi birlik naminə üç Cənubi Qafqaz respublikası əsasında Şimali Qafqaz Dağlıları Respublikasını yaratdı. Qumuq xalqının təmsilçisi Rəşid xan Qaplanov idi.

1918-ci il dekabrın 12-də Rəşid xan Dağlı hökumətində daxili işlər naziri vəzifəsinə seçildi. Rəşid xan Qaplanov və məslək yoldaşları Şimali Qafqaz Dağlıları Respublikasını yaşatmaq uğrunda böyük mücadilələr etdilər. Ancaq düşmənləri güclü və amansız idi. Rəşid xanın qardaşı, atasının və əmisinin yolunu davam etdirən, onlar kimi polkovnik rütbəsinədək yüksələn İbrahim xan Qaplanov da Dağlılar Respublikasının müstəqillik uğrunda mübarizəsində qumuq süvari alayına komandirlik edirdi. Bolşeviklər bölgəni işğal etdikdən sonra onlara qarşı vuruşanların başının üstünü fəlakət aldı. İbrahim xan mühacirətə getmək məcburiyyətində qaldı və ömrünün axırınadək Amerikada yaşadı.

Rəşid xanla İbrahim xanın yeganə bacıları Nəcabət xanım kabardin əsilli rus generalı T.Bekoviç-Çerkasskiylə ailə qurmuşdu. İnqilabdan sonra onlar da PolşadaAlmaniyada mühacir həyatı yaşadılar.

O isə Bakıya yollandı. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin dəvəti ilə gəldiyi ölkədə də ziddiyyətli, mürəkkəb ictimai-siyasi hadisələrin iştirakçılarından biri oldu. AXC-nin dövlət qurucularının sırasına qoşulan Rəşid xan Qaplanov Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi dördüncü hökumət kabinetində xalq maarifidini etiqadlar naziri seçildi.

Cümhuriyyət dövründə təhsilin inkişafında böyük işlər görüldü. Rəşid xan Qaplanovun maarif naziri olduğu illərdə bu sahədə uğurlar xüsusilə diqqəti çəkir. Həmin vaxtlar Azərbaycanın bir sıra şəhərlərində yeni məktəblər fəaliyyətə başladı. AXC hökumətini düşündürən mühüm məsələlərdən biriuniversitet açmaq idi.

Çox çətin bir şəraitdə cümhuriyyət hökuməti Bakıda müstəqil universitet yaratmaq qərarını verdi. Hökumətin tapşırığı ilə Zaqafqaziya Universitetinin rektoru Vasili İvanoviç Razumovski Bakıya dəvət edildi. Aprelin sonunda gözlənilən qonaq gəldi və xalq maarifi naziri Rəşid xan Qaplanovonun müavini Həmid bəy Şahtaxtinski ilə geniş müzakirələr apardı. Hökumət 1919-cu il mayın 19-da Xalq Maarifi Nazirliyi yanında Universitet Komissiyası haqqında Əsasnaməni və komissiyanın tərkibini təsdiq etdi.

Universitetin 1919-1920-ci dərs ilinin əvvəlində açılması haqqında hökumətin planlarını həyata keçirmək asan olmadı. Çox gərgin mübahisələr və qızğın müzakirələr uzun çəkdi. Universitet komissiyasının gördüyü işlərin bəzən təhlükə altına düşməsi, razılıqlar, narazılıqlar... Olduqca yorucu bir prosesi uğurla başa çatdırmaq bu yolda zəhmət çəkənlərdən böyük inam, ümid, qətiyyət tələb edirdi.

 

Hürr yaşamağa haqlı müstəqil millət...

 

Ölkə daxilində siyasi vəziyyət daha da kəskinləşmişdi. Avqustun əvvəlində ingilis qoşunları Azərbaycanı tərk etdi. Ancaq müstəqil ölkəmizin başından fəlakətlər əskik olmadı. Hakimiyyətini möhkəmlətməkdə olan bolşevik Rusiyası ən böyük təhlükəyə çevrilirdi. Belə bir vaxtda universitetin yaradılmasını labüd hesab edənlər düşünürdülər ki, bu məsələnin həlli ləngidilsə, ideya olaraq qalacaq. Buna görə parlamentin bir çox üzvləri Bakıda universitetin təsis edilməsinə dair qanun layihələrinin iclasın gündəliyindən çıxarılması haqqında qərara qəti etiraz etdilər. Parlamentdə Məhəmməd Əmin Rəsulzadə, Rəşid xan Qaplanov, Mustafa Məmmədov, Səmədağa Ağamalıoğlu və başqaları çıxış edərək, Bakıda universitet açılmasının əhəmiyyətini əsaslandırdılar. Maarif naziri Rəşid xan Qaplanov çıxışında dedi: “Biz məsələni dövlətin mənafeyi nöqteyi-nəzərindən tədqiq və mülahizə etməliyik. Biz cahana elan edirik ki, hürr yaşamağa haqlı müstəqil millətik, bunu yalnız elanımız kafi deyildir. Təzahürati-milliyyəmizi daha ziyadə təhdid etmək və onu atiyə hazırlamaq lazımdır. Biz millətin ruhunu bu surətlə yüksəldərsək, əmin olalım ki, istiqbalda fənalıqların önünü almış və millətimizi fəlakətdən qurtarmış oluruq. İştə, o ruhu yüksəldəcək bir elm ocağı lazımdır ki, o da darülfünundan başqa bir şey deyildir. Darülfünunun mövcudiyyəti ilə biz vətənimizi daha başqa surətdə Avropaya qarşı göstərəcək və yaşamağa layiq bir millət olduğumuzu da bu surətlə isbat edəcəyik”.

Bakı Dövlət Universiteti çətinliklə də olsa açıldı. Ancaq problemlərdən birikadr çatışmazlığı idi. Rəşid xan Qaplanov həm də bu təhsil ocağının ilk müəllimlərindən oldu. Universitetdə “Osmanlı ədəbiyyatı tarixi”ndən dərs dedi.

Rəşid xan Qaplanov 100 nəfər azərbaycanlı gəncin xaricdə ali təhsil almağa göndərilməsi üçünböyük əmək sərf edənlərdən biri oldu.

AXC-nin beşinci hökumət kabinetində o, maliyyə naziri təyin olundu. Dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalvasiyaya uğramaması üçün böyük səy göstərdi. Aprel işğalından bir həftə əvvəl isə Rəşid xan Batuma ixrac edilən neftneft məhsulları üçün rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam imzaladı.

1920-ci ilin 28 aprelində bolşeviklər hakimiyyəti ələ keçirdilər. Azərbaycan Xalq Cümhuriyyəti qurucuları yeni hökumətin nəzərində düşmənə çevrildi.

Rəşid xan Qaplanov 1920-ci ilin iyununda Bakıda həbs olundu. Əvvəlcə Vladiqafqaza, sonra Moskvaya aparıldı. Üzücü istintaq sorğuları, işgəncələr uzun sürdü. Amma o vaxtlar Dağıstan İnqilab Komitəsinin sədri Cəmaləddin Qorxmazovun köməyi ilə həbsdən qurtuldu. 1921-ci ildə Buynakskda yenidən tutuldu. Budəfəki həbsi daha çox xəbərdarlıq xarakteri daşıyırdı.

Bolşevik hökumətinin isə Rəşid xan kimi savadlı və təşklatçı kadrlara ehtiyacı var idi. O, Moskvadakı Şərq Xalqları Universitetində “Osmanlı imperiyası tarixi”ndən dərs deməklə yanaşı, vəkil kimi fəaliyyət göstərdi. 1923-cü ildə Moskvada “Osmanlı tarixi üzrə mühazirələr” kitabı litoqrafiya üsulu ilə çap olundu.

1930-cu ildə Moskvada üçüncü dəfə həbs olundu. Baş Siyasi İdarə əməllərində cinayət tərkibi tapa bilmədiyindən qısa müddət sonra həbsdən buraxdı. Bir müddət dostu, o dövrdə Ümumittifaq Yeni Əlifba Komitəsinin sədr müavini işləyən Cəlaləddin Qorxmazovun yanında hüquq məsləhətçisi, Özbəkticarət müvəkkilliyinin Moskvadakı daimi nümayəndəliyində hüquq məsləhətçisi vəzifəsində çalışdı.

1937-ci il iyunun 22-də SSRİ Millətlər Soveti sədrinin müavini Cəlaləddin Qorxmazov azadlıqdan məhrum edildi. Sentyabrın 27-də o, ölüm cəzasına məhkum olundu. Hökm o gün yerinə yetirildi.

Oktyabrın 8-də Özbəkticarət müvəkkilliyinin Moskvadakı daimi nümayəndəliyində hüquq məsləhətçisi Rəşid xan Qaplanov da həbs edildi. Əvvəlcə Lefortovo, sonra Butırka həbsxanalarında saxlanıldı. 1937-ci il dekabrın 10-da RSFSR Cinayət Məcəlləsinin 58-1a, 8 və 11-ci maddələriks-inqilabi hərəkatda və antisovet millətçi terror təşkilatında fəal iştiraka görə) ilə təqsirli bilindi. Güllələnmə hökmü həmin gün yerinə yetirildi. Cəsədi Moskva vilayətinin Kommunarka qəsəbəsində, adsız kollektiv məzarlıqda dəfn olundu.

Ona bəraət 1937-də repressiyaya məruz qalanların əksəriyyəti kimi, 1956-cı ildə verilmədi. 1991-ci ilin 29 aprelində gecikmiş bəraət ünvanına çatdı. Əməllərində heç bir cinayət tərkibi olmadığına görə SSRİ Prokurorluğu Rəşid Qaplanova bəraət verdi.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2018.- 25 avqust.- S.7.