Azərbaycan Prezidentinin
və Almaniyanın Federal Kanslerinin birgə mətbuat
konfransı olub
Avqustun 25-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya
Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin
birgə mətbuat konfransı olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və Federal Kansler xanım Angela Merkel mətbuat konfransında çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Hörmətli xanım Kansler.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, hörmətli xanım Kansler, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Bu, Almaniya Kanslerinin Azərbaycana ilk səfəridir, bu, tarixi bir səfərdir. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər nəticəsində Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək, bu səfər əlaqələrimizə yeni təkan verəcəkdir.
Bu gün biz gündəlikdə duran bir çox məsələləri çox açıq, konstruktiv şəkildə müzakirə etdik. Əminəm ki, aparılan danışıqlar, keçirilmiş fikir mübadiləsi gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır.
Mən xanım Kanslerə regional təhlükəsizlik məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verdim. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur, onları icra etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır.
Biz bu gün digər məsələlərlə
bağlı fikir mübadiləsi apardıq. Aramızda olan ticarət
dövriyyəsi artır. Bu gün biz Almaniya və
Azərbaycan biznes dairələrinin nümayəndələri
ilə görüşəcəyik. Almaniyadan olan
şirkətlər Azərbaycanda bir çox layihələrdə
iştirak edirlər və əminəm ki, bu səfərdən
sonra onların buradakı fəaliyyəti daha da genişlənəcək,
buna böyük imkanlar var. Azərbaycan indi iqtisadi şaxələndirmə
siyasətini uğurla aparır, çox böyük sərmayələr
qoyulur, sərmayə iqlimi də çox müsbətdir. Son
15 il ərzində Azərbaycana 250 milyard
dollar sərmayə qoyulubdur ki, bunun da təxminən
yarısı xarici sərmayədir.
Enerji təhlükəsizliyi məsələləri, əlbəttə
ki, diqqət mərkəzindədir. Azərbaycan bu sahədə
öz rolunu oynayır və Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsinə öz töhfəsini verir. Xüsusilə Cənub Qaz Dəhlizinin
yaradılması tarixi hadisə kimi qəbul edilir. Bu, çox böyük, genişmiqyaslı layihədir,
40 milyard dollar sərmayə tələb edən layihədir və
uğurla icra edilir. Bu ilin may ayında Bakıda Cənub
Qaz Dəhlizinin rəsmi açılışı
olmuşdur.
Biz xanım Kanslerlə, eyni zamanda, demokratiya, insan
haqlarının qorunması ilə bağlı fikir mübadiləsi
apardıq və bu sahədə əməkdaşlığımızı
davam etdirmək fikrindəyik. Avropa İttifaqı-Azərbaycan
əlaqələri də müzakirə edildi, biz bu əlaqələrin
inkişafından çox razıyıq. Bu il Avropa İttifaqı ilə Azərbaycan
arasında tərəfdaşlıq prioritetləri sənədi
imzalanmışdır və böyük saziş üzərində
çox konstruktiv şəkildə iş aparılır. Ümid edirəm ki, danışıqlar yaxın
zamanlarda uğurla başa çatacaq və Avropa
İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq
üçün yeni dövr başlanacaqdır.
Bir sözlə, bu gün bu və digər məsələlər,
o cümlədən regional vəziyyətlə bağlı məsələlər
də müzakirə edildi. Bu göstərir ki,
aramızda olan münasibətlər doğrudan da səmimidir,
dostluq münasibətləridir və səfərin də bu
münasibətlərin möhkəmlənməsində
çox böyük rolu olacaqdır.
Hörmətli
xanım Kansler, bir daha xoş gəlmisiniz!
Almaniyanın
Federal Kansleri Angela Merkelin
çıxışı
-Hörmətli
cənab Prezident.
Sizə bu səmimi qəbula görə təşəkkür
edirəm. Bugünkü çox intensiv diskussiyaya görə də
Sizə təşəkkür etmək istəyirəm. Bu, Federal Kansler kimi mənim Azərbaycana ilk səfərimdir
və ilk imkan idi ki, ölkələrimiz arasında münasibətləri
burada açıq şəkildə müzakirə edək, əməkdaşlığımızı
davam və inkişaf etdirək.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının
100 illiyini qeyd edir. Azərbaycan artıq ənənələri
olan bir dövlətdir.
Bizim ikitərəfli
münasibətlərimiz onunla xarakterizə olunur ki, bu regionda
Azərbaycanın simasında ən böyük, ən vacib
ticarət tərəfdaşımız var. Azərbaycanda
xarici ticarət palatamız var, burada 150 alman müəssisəsi
fəaliyyət göstərir. Azərbaycan da,
öz növbəsində, iqtisadiyyatın şaxələndirilməsinin
həyata keçirilməsində maraqlıdır və
Almaniya bu sahədə öz ciddi töhfəsini verə bilər.
Bu gün birgə biznes forumu da buna xidmət edəcək
və orada detallar barədə danışacağıq.
Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində
də güclü bir amildir və Cənub Qaz Dəhlizinin
açılması Avropanın enerji təminatında böyük
rol oynayacaq. Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun
açılmasını yüksək qiymətləndiririk.
Bu, Avropa ilə ticarət əlaqələrini
genişləndirəcək, mübadilə
aparılmasını yaxşılaşdıracaq.
Biz Azərbaycanın daxili vəziyyəti, insan
hüquqları barədə çox açıq şəkildə
söhbət etdik. Bütün məsələlərdə
həmişə tam eyni mövqe olmasa da, biz dünyəvi
dövlətin qurulmasının, açıq demokratik şəraitin
yaradılmasının vacib və arzuedilən olduğu barədə
danışdıq.
Dağlıq Qarabağ məsələsi haqqında
açıq danışdıq. Mən bir daha
vurğuladım ki, Almaniya bu münaqişənin həllində
maraqlıdır və biz buna Minsk qrupu çərçivəsində
öz töhfəmizi verəcəyik. Ermənistanda yeni
hökumətin qurulması faktı bəlkə də bu sahədə
vəziyyətin yaxşılaşdırılmasına,
danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə
bilər. Biz regionun təhlükəsizliyi
haqqında da danışdıq. Azərbaycanın
coğrafi vəziyyəti çox maraqlıdır, yəni,
bir tərəfdən Rusiya, bir tərəfdən İranla əhatə
olunub, Türkiyə ilə əlaqələri var. Biz bu fikirlə
razıyıq ki, münaqişələr sülh,
danışıqlar yolu ilə həll olunsun və bu regionda
mövcud olan bütün münaqişələr sülh yolu
ilə həll edilməlidir.
Bizim bundan sonrakı dialoqumuzun intensivləşdirilməsi
üçün şərait və əsaslar var. Bəzən
fərqli fikirlər olanda da bu barədə danışmaq və
fikir mübadiləsi aparmaq lazımdır və qarşı tərəfin
fikrinə də diqqətlə qulaq asmaq lazımdır. Ona görə də mən
Sizə müzakirələr üçün təşəkkür
edirəm, çox sağ olun.
X X X
Sonra Prezident İlham Əliyev və Federal Kansler Angela
Merkel jurnalistlərin suallarını cavablandırdılar.
Mixaela
Küfner (Deutsche Welle): Prezident Əliyev, Siz münasibətlərdə
inkişafdan danışdınız. Bu
yaxınlarda, müxalifət lideri İlqar Mahmudov
azadlığa buraxılıb. Araşdırma
aparan bir çox jurnalist, o cümlədən Əfqan
Muxtarlı həbsdə qalır. Buna
görə Avropa Şurası sizi tənqid edir. İndicə
istinad etdiyiniz kimi, Almaniya və Avropa İttifaqı ilə bu
cür sıx iqtisadi əməkdaşlıqla, siz Avropa
Şurasında Əfqanıstan kimi özünüz üzərinizə
götürdüyünüz öhdəlikdən irəli gələrək,
bir daha insan hüquqları standartlarına doğru
addımları atmağa başlayacaqsınızmı? Söhbət zamanı Alman Kansleri bu konkret hallarla
bağlı Sizinlə danışdımı?
Xanım
Federal Kansler, Siz burada Avropa dəyərlərini də təmsil
edirsiniz, bu, hazırda Brüsseldə də qızğın
müzakirə mövzusudur. Bu kontekstdə Siz tərəfdaş
Azərbaycanı hansı standartlara uyğun
ölçürsünüz? Siz
xatırlatdınız ki, Almaniya Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı fəaliyyətini
artıracaqdır. Bəlkə konkret ifadə
edəsiniz bu necə olacaqdır? Əlbəttə
münaqişəni yox, münaqişənin həllini nəzərdə
tuturam.
Prezident
İlham ƏLİYEV:
- İlk növbədə, onu qeyd etməliyəm ki, Azərbaycan
demokratik dəyərlərə sadiq ölkədir. Azərbaycanda
bütün demokratik təsisatlar mövcuddur, bütün
azadlıqlar, o cümlədən söz və mətbuat
azadlığı təmin edilir. Azərbaycanda
yüzlərlə mətbu orqanı fəaliyyət göstərir
ki, onların arasında müxalifət mətbuatı da kifayət
qədər çoxdur. Yəni, Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə
təqib olunmur, heç kim cəzalandırılmır. Azərbaycanda sərbəst toplaşma
azadlığı da təmin edilir və istənilən siyasi
qüvvə bu imkanlardan istifadə edə bilər.
Bildiyiniz
kimi, bu il Azərbaycanda prezident seçkiləri
keçirilmişdir. Seçkilər ərəfəsində
və seçkilərdən sonra müxalifət bir çox
aksiya, mitinqlər keçirmişdir - azad, sərbəst şəkildə,
heç bir maneəsiz. O başqa məsələdir ki,
o aksiyalara min nəfərdən çox adam
gəlməmişdir. Bu da yəqin ki, müxalifətin
hansı hörmətə malik olduğunu göstərir, ancaq
heç bir məhdudiyyət qoyulmur.
Azərbaycan demokratik dəyərlərə, insan
haqlarına sadiqdir. Avropa Şurası təkcə Azərbaycanı
yox, bir çox ölkələri tənqid edir. Biz bu tənqidə normal yanaşırıq. Əgər tənqid əsaslıdırsa, biz, əlbəttə,
nəticə çıxarırıq. Əgər
biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir,
ikili standartlara əsaslanır, əlbəttə ki, öz
sözümüzü deyirik, açıq şəkildə
bildiririk. Mən də giriş
sözümdə qeyd etdim ki, xanım Kanslerlə insan
haqları, demokratik inkişafla bağlı məsələlər
açıq, konstruktiv şəkildə müzakirə edildi
və bu məsələlər bundan sonra da müzakirə
olunacaq.
Bizim gündəliyimiz çox genişdir və
müzakirə olunan bütün məsələlər eyni əhəmiyyət
daşıyır - energetika, nəqliyyat, ticarət, regional təhlükəsizlik,
o cümlədən demokratik inkişaf. Avropa
İttifaqı ilə Azərbaycan arasında bu gün
müzakirə olunan yeni sazişdə də demokratik məsələlərə
geniş yer ayrılır. Yəni, biz bu yola
şüurlu şəkildə getmişik, heç kim bizi məcbur etməyib. Azərbaycan
müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf
edəcək, bizim siyasi və iqtisadi islahatlarımız
bir-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə
çıxaracaqdır.
Federal
Kansler Angela MERKEL:
- Bizim
üçün demokratik dəyərlərdə heç bir
dərəcələnmə yoxdur. Bizim demokratik
dəyərlərin nə olduğu barədə aydın təsəvvürümüz
var. Bu diskussiya həm ikitərəfli, həm də Avropa
Şurası çərçivəsində aparılır.
Mən arzu edərdim ki, Azərbaycan seçkilərin
təşkilində də dialoq aparsın. Bu məsələləri biz bu gün ətraflı
müzakirə etdik, standartlarımız həmişə eynidir,
perspektivdən dəyərləndirilir.
Biz Dağlıq Qarabağ məsələsi ilə
bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik. Mən bu dəfə
hər iki ölkəyə səfər etdim və bununla da məsələnin
təcili və necə həll olunması barədə bir daha
aydın təsəvvür yarandı. Biz səylərimizi
artıracağıq və bütün tərəflər də
iştirak etməlidir ki, bir həll yolu tapılsın və
biz buna töhfəmizi verəcəyik.
Elşən
Rüstəmov (1news): Ermənistan Azərbaycan
torpaqlarını uzun illərdir ki, işğal altında
saxlayır və xalqımıza qarşı hərbi cinayətlər
törətmişdir. Ermənilər tərəfindən
Azərbaycanın Xocalı şəhərində törədilən
dəhşətli soyqırımı nəticəsində
600-dən çox dinc sakin, o cümlədən 60-dan çox
uşaq vəhşicəsinə qətlə yetirilib. Ermənistanın təcavüzü nəticəsində
ərazilərimizin təxminən 20 faizi işğal olunub.
Bir milyondan çox soydaşımız
qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb. Onların əmlakları,
evləri talan edilib, dağıdılıb və bu
insanların fundamental insan haqları kobud şəkildə
pozulub. BMT Təhlükəsizlik
Şurası Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan
ərazilərindən dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə
qəbul edib. Lakin Ermənistan onlara məhəl
qoymur və onları icra etmir. Nə
üçün bu günə qədər Ermənistana
qarşı sanksiyalar tətbiq edilməyib?
Federal
Kansler Angela MERKEL:
- Bir qədər
əvvəl dediyim kimi, biz həll yolunun axtarılması
üzərində işləyirik. Mən çox şadam ki,
hazırda heç olmasa müəyyən sakitlik var. Yəni,
hazırda insanlar orada zərər çəkmirlər və əlbəttə,
Almaniya BMT Təhlükəsizlik Şurasının qərarları
əsasında səylərini davam etdirəcək və aidiyyəti
regionlarda insanların vəziyyətinin
yaxşılaşması üçün məsələnin
həllini tapmağa çalışacaq.
Kristian
Vilp (RTL/n-tv): Mənim sualım həm cənab Prezidentə, həm
də xanım Kanslerə ünvanlanıb. Cənab Prezident,
Siz Azərbaycandan Avropaya uzanan qaz kəməri - Cənub Qaz Dəhlizindən
danışdınız. Siz bu kəmərin
ötürücülük qabiliyyətinin
artırılmasını və Xəzər dənizi vasitəsilə
Türkmənistana qədər uzadılmasını dəstəkləyirsinizmi?
Xanım Federal Kansler, Siz bu məsələni necə
görürsünüz? Aktual vəziyyətlə
bağlı digər bir sualı da xanım Kanslerə
ünvanlamaq istərdim. İtaliya hədələmişdir
ki, əgər İtaliyaya gələn qaçqınlar Avropa
İttifaqı miqyasında paylanmasalar, Avropa İttifaqına
ödənişləri azaldacaq. Siz bu məsələni
necə görürsünüz? Bu,
hansı nəticələri doğuracaqdır? Biz
qaçqınlar mövzusundan danışmışkən,
Siz Almaniyada öhdəlik ili ilə əlaqədar
ölkədəki qaçqınlar haqqında nə
düşünürsünüz?
Prezident
İlham ƏLİYEV:
- Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanda
bütün işlər qrafik üzrə gedir. Cənub Qaz Dəhlizi nəhəng
beynəlxalq layihədir, dörd layihədən ibarətdir -
“Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi,
Azərbaycan qazını Gürcüstan üzərindən
daşıyan Cənubi Qafqaz boru kəməri, Azərbaycan
qazını Türkiyəyə daşıyan TANAP və
sonuncu, dördüncü hissə isə TAP-dır -
Transadriatik kəmər. Dörd hissənin
üçü artıq reallaşıb və TANAP-ın
açılışı bu ilin iyun ayında baş verib.
Qalan hissənin tikintisi prosesi gedir, ümid edirəm ki, burada
da heç bir problem olmayacaq və vaxtında – yəni, 2020-ci
ildə Azərbaycan qazı 3500 kilometrlik boru xətti ilə
Avropa bazarına çıxarılacaq. Beləliklə,
Avrasiyanın enerji xəritəsinə çox dəyərli
bir töhfə veriləcək. Bununla Azərbaycan
qarşısında duran enerji təhlükəsizliyi ilə
bağlı olan bütün məsələləri həll
etmiş olur. Çünki əvvəlki
illərdə tikilən Bakı-Tbilisi-Ceyhan neft kəməri
Azərbaycan neftini Aralıq dənizinə
çatdırır. Qara dənizə
aparan Bakı-Supsa kəməri bizim təşəbbüsümüzlə
tikilib, Bakı-Ərzurum qaz kəməri çəkilib və
bu dördüncü layihə ilə biz qarşımızda duran
bütün vəzifələri icra edirik.
Azərbaycanın tranzit imkanlarına və bizim
münasibətimizə gəlincə, əlbəttə, hər
bir ölkə istəyər ki, onun ərazisindən daha
çox yük keçsin. Hazırda biz Türkmənistan
neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə
dünya bazarlarına çatdırırıq və eyni
zamanda, Orta Asiyanın quru yüklərini Azərbaycan ərazisindən
yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu
vasitəsilə çıxarırıq. Ancaq
əlbəttə ki, Transxəzər kəmərinin tikintisi
daha çox qazın sahibi üçün maraqlı olmalıdır,
tranzit ölkələr burada təşəbbüs göstərməməlidir.
Necə ki, biz qazın sahibi kimi 3500 kilometrlik kəmərin
tikintisinə start verdik, böyük maliyyə vəsaiti
ayırdıq. Ona görə də əgər
Xəzərin şərq hissəsində öz qazını
Azərbaycan üzərindən dünya bazarına
çıxarmaq qərarı olarsa, biz əlbəttə ki,
buna çox maraqla baxa bilərik və onda öz qərarımızı
verə bilərik. Ancaq bu qərar bizim yox,
qarşı tərəfin olmalıdır.
Federal
Kansler Angela MERKEL:
-
Bilirsiniz ki, Brüsseldə hazırda qaçqınların
Avropada bölüşdürülməsi ilə bağlı
müzakirələr aparılır. Bütün
ölkələr öz fikirlərini bildirir. Avqustun sonunadək vaxtımız var və ümid
edirəm ki, bu vaxt ərzində biz uğur qazanacağıq.
Bu danışıqlar heç də asan deyil.
İkinci sualınıza dair deyim ki, biz
danışıqları davam etdiririk, bütün mövqelərlə
tanış olmağa hazırıq və
prinsipial məsələlər haqqında qərar da bundan
sonra veriləcək.
Sevil
Mikayılova (Trend informasiya agentliyi): Almaniyanın Cənubi
Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təxminən
70 faizi Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda iqtisadi sahədə çox
ciddi islahatlar aparılır, iqtisadiyyatın şaxələndirilməsinə
xüsusi diqqət göstərilir, sənaye, qeyri-neft sənayesi,
kənd təsərrüfatı, infrastruktur, İKT, turizm sahələri
sürətlə inkişaf edir. Bu gün
Siz və Prezident İlham Əliyev Almaniya biznesmenləri ilə
də görüşəcəksiniz. Sizcə, qeyd
etdiyim sahələrlə bağlı Almaniya iş adamları
Azərbaycanda hansı işləri görmək istərdilər
və hansı planları var?
- Federal Kansler Angela MERKEL:
- Mən buraya işgüzar nümayəndə
heyəti ilə birgə gəlmişəm. Şirkətlər
tərəfindən müxtəlif təkliflər var. Qeyd edə
bilərəm ki, tikinti və infrastruktur sahələrində,
eləcə də tikinti materialları sahəsində layihələr
var. Biz aqrar sahədə, kənd təsərrüfatı
maşınlarının texnologiyası, eləcə də rəqəmsallaşdırma,
təhsil sahələrində fəaliyyət göstərə
bilərik. Bundan başqa, təhlükəsizliklə
bağlı sənədlərin - pasportların, şəxsiyyət
vəsiqələrinin və banknotların hazırlanması
sahəsində də alman şirkəti iştirak edir. Burada
çox böyük, geniş seçim var. Biz Azərbaycanın
istədiyi bütün sahələrdə iştirak edə
bilərik. Qeyd etdiyim kimi, Azərbaycanda artıq 150 müəssisəmiz
fəaliyyət göstərir. Biz digər alman şirkətlərini
dəvət edirik ki, onlar da burada iştirak etsinlər.
Azərbaycan.- 2018.- 26 avqust.- S.2-3.