Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun yenidənqurma
və bərpadan sonra
açılışı olub
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yol barədə Prezident İlham Əliyevə məlumat verdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda mühüm yol-nəqliyyat layihələri həyata keçirilir. Nəticədə həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur. Bu işlərin həcmi və coğrafiyası getdikcə daha da genişlənir. Bütün bu işlər ilk növbədə, vətəndaşların rahatlığını, nəqliyyatın və piyadaların təhlükəsizliyini təmin etmək, həmçinin ölkəmizdə nəqliyyat sahəsinin inkişafına dəstək vermək məqsədi daşıyır. Belə layihələr, eyni zamanda, Azərbaycanda reallaşdırılan sosial-iqtisadi inkişafın uğurla davam etdiyini göstərir. Bu cür müasir yol layihələrinin icrası ümumilikdə regionların iqtisadiyyatına da töhfə verir, fermerlərin məhsullarını daha rahat və tez daşıması üçün əlverişli şərait yaradır.
Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidentinin bu il imzaladığı Sərəncama əsasən, 1000 nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə vəsait ayrılıb. Uzunluğu 14 kilometr olan yol dördüncü texniki dərəcəlidir. Hərəkət hissəsinin eni 6 metr olan yol iki hərəkət zolaqlıdır. Yol boyu su ötürücü borular quraşdırılıb, siqnal dirəkləri, yol nişanı və göstərici lövhələr qoyulub, yol cizgi xətləri çəkilib, biraşırımlı körpü tikilib.
Bu yolun inşası iki yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, Azərbaycanda beynəlxalq və respublika əhəmiyyətli yolların müasir səviyyəyə çatdırılması istiqamətində mühüm işlər görülüb.
Son illərdə yol infrastrukturunun yenilənməsi
sahəsində icra olunan
layihələr kənd və qəsəbələrarası
yolları əhatə edib. Azərbaycanda yeni-yeni kənd yollarının inşası, mövcud yolların ən müasir
səviyyəyə çatdırılması ilk
növbədə əhalinin sosial məsələlərinin
həlli baxımından olduqca vacib əhəmiyyətə malikdir.
Bununla yanaşı, bütün
bunlar ölkəmizin iqtisadi
potensialının səviyyəsindən də xəbər verir.
Azərbaycan.- 2018.- 26 avqust.- S.7.