Əsl vətəndaşlıq mövqeyi
ilə dövlətə və xalqa xidmət məramı
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın siyasi-ictimai fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünyada Azərbaycan qadınının müsbət obrazının formalaşmasında müstəsna rola malikdir. Mehriban Əliyeva sözün əsl mənasında Azərbaycan qadınının ləyaqət simvoludur. Onun təşəbbüsü ilə humanitar, elm və təhsil, sosial, idman, mədəniyyətlər və sivilizasiyalararası dialoq və digər istiqamətlərdə həyata keçirilən tədbirlər həm ölkədə, həm də onun hüdudlarından kənarda rəğbətlə qarşılanır. Ən əsası, bu tədbirlər dövlət siyasətinin daha böyük uğurlar qazanmasında mühüm rol oynayır.
Mehriban Əliyeva üçün əziz olan bu tarixdə Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.
Yüksək humanizm, xeyirxahlıq və nəciblik mücəssəməsi
Rafiq MƏMMƏDHƏSƏNOV,
Milli Məclisin deputatı:
- Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki ölkəmizdə, eləcə də dünyada yüksək ehtiram sahibi olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir. UNESCO və ISESCO-nun xoşməramlı səfirinin ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır.
Azərbaycanın bir xoşbəxtliyi də ondadır ki, ölkə Prezidentinin belə ömür-gün yoldaşı, dostu və silahdaşı, xalqının xeyirxahı, qayğıkeşi, anaların və körpələrin həmdəmi, himayədarı var. Tam məsuliyyətlə deyə bilərik ki, heç bir sahə onun diqqətindən kənarda qalmayıb. Onun rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsidir. Azərbaycan qadını Mehriban Əliyeva ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür.
Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir. Bu qəbildən olan insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilir, qəsəbələr salınır, yeni iş yerləri açılır və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunur. Bu xeyirxah missiya da Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Onun Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də həssas təbəqədən olan insanlara diqqət və qayğıdan xəbər verir.
Həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə məlum olduğu kimi, Mehriban xanım Əliyeva deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər onun diqqətindən kənarda qalsın. Həmçinin bir sıra xarici ölkələrdə məktəb tikintisində və digər xeyirxah missiyalarda öz köməyini əsirgəmiş olsun. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihələr təhsil, səhiyyə, mədəniyyət və sosial sferaları, ekologiya, idman və sair sahələri əhatə edir. Onun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları sayəsində on minlərlə insan azadlığa qovuşub.
Bütün imkan və bacarığını insanların yüksək rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Birinci vitse-prezident köməyə ehtiyacı olan insanlara hər an yardım etməyə hazır olub. Qarşıya qoyulan növbəti prioritet vəzifə isə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsidir.
Xalq onu sevir və ona inanır. Elə buna görə
də Mehriban Əliyevanın sayəsində cəmiyyətin
sosial həyatında xeyriyyəçilik ənənələri
canlanıb. Birinci vitse-prezident insanlara
xeyirxahlığa meyil, başqasının dərdinə
şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini
uzatmaq kimi hiss və bacarıqları aşılayıb.
Onun valideyn qayğısından və himayəsindən
məhrum olmuş uşaqlara sevgisi müasir Azərbaycan
tarixində ayrıca sütunla yazılıb. “Uşaq evləri
və internat məktəblərinin inkişafı” layihəsi
Heydər Əliyev Fondunun fəaliyyətində önəmli
yerlərdən birini tutur. Onun təşəbbüsü
və rəhbərliyi ilə həyata keçirilən
“Diabetli uşaqlara ən yüksək qayğı” və
“Talassemiyasız həyat naminə” layihələri neçə-neçə
xəstə uşağa şəfa ilə bərabər
ümid, inam da bəxş edib. Belə layihələrin
sayı yetərincədir. Bu bir həqiqətdir
ki, Mehriban Əliyeva uşaqlarla bağlı hər bir problemə
həssas reaksiya verir, bu və ya digər xəstəlikdən
əziyyət çəkən uşaqların xilası naminə
mümkün olan hər şeyi edir, uşaqların
doğmalarının əhatəsində sağlam
yaşamaları üçün hər cür səy göstərir.
Hazırda valideyn himayəsindən məhrum
olmuş və uşaq evlərində tərbiyə
almış uşaqlar qayğı və diqqətlə əhatə
olunub, onlar üçün sözün əsl mənasında
ailə ab-havası yaradılıb.
Bu günlərdə xalımız müqəddəs
Qurban bayramını qeyd etdi. Hər yerdə
qurbanlar kəsildi, dualar oxundu. Birinci
vitse-prezident bu baryamda da aztəminatlı ailələri
unutmadı. Onun təşəbbüsü
ilə aztəminatlı ailələrə qurban payları
paylanıldı. Qurban payları regionlar və
Bakının rayonlarında ünvanlı sosial yardım alan 51.157 ailənin hər birinə
çatdırıldı. Bu da bir daha təsdiq etdi ki,
sosial-iqtisadi inkişafa yönəlik dövlət
proqramlarına dəstək verən Heydər Əliyev Fondu
aztəminatlı ailələri, xüsusi qayğıya
ehtiyacı olan şəxsləri daim diqqətdə
saxlayır, müxtəlif bayramları və əlamətdar
günləri onlarla birlikdə qeyd edir.
Mehriban
xanım Əliyevanın “Xeyriyyəçilik, insansevərlik,
mərhəmət Azərbaycan xalqının mentalitetinə,
mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə
xas olan ən gözəl keyfiyyətlərdən biridir və
biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri
davam etdirməyə çalışırıq” sözləri
xeyriyyəçiliyin fondun kredosuna çevrildiyini bir daha təsdiqləyir.
Ölkənin birinci xanımının mədəniyyətimizin
inkişafı və təbliği işində əldə
etdiyi böyük nəticələr Azərbaycan dövləti
tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin
mədəniyyətin, təhsilin, səhiyyənin və
idmanın inkişafında səmərəli fəaliyyətinə,
Azərbaycan xalqının mədəni irsinin beynəlxalq
miqyasda təbliği istiqamətindəki böyük xidmətlərinə
görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni
ilə təltif etməsi deyilənləri bir daha təsdiqləyir.
Bir sözlə, Mehriban xanım Əliyevanın həyata
keçirdiyi böyük missiya Azərbaycanda qadın
hüquqlarının yüksək səviyyədə təmin
edilməsinə sübut və bütün
xanımlarımız üçün örnəkdir. Onun fəaliyyəti
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti
uğurla tamamlayır. Azərbaycanın
birinci xanımı fədakarlığı, mədəniyyətimizə,
tariximizə, adət-ənənələrimizə
bağlılığı ilə qadınlarımızın
haqq işinin önündə getməyə və ən
böyük mükafat olan ümumxalq sevgisinə layiq
olduğunu sübut edir.
Azərbaycan
qadını Mehriban Əliyevanın timsalında ictimai-siyasi həyatdakı
rolunu təsdiq edir
Nəsib
MƏHƏMƏLİYEV,
Milli Məclisin
deputatı:
-
Tariximizin bütün dövrlərində qadınlar
xalqımızın siyasi-ictimai həyatında fəal rol
oynayıblar. Bu gün də Azərbaycan qadını ana
olmaqla yanaşı, siyasətçi, iş adamı, dövlət
məmuru və deputatdır. Bu fəallıq Azərbaycan
qadınının malik olduğu tarixi ənənələrlə
yanaşı, ölkəmizdə həyata keçirilən
gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin
tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər
istifadə üçün zəruri şəraitin
yaradılmasından irəli gəlir.
Ölkəmizin Birinci vitse-prezidenti Mehriban
Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki
yeri, nüfuzu, işgüzarlığı, dövlətə
layiqli xidmət missiyası daha aydın görünür. Görünən həm də
odur ki, ötən ilin fevral ayında Prezident İlham
Əliyevin sərəncamı ilə bu ali
vəzifəyə təyin olunan Mehriban Əliyeva tarixin,
zamanın, dövlətimizin onun üzərinə qoyduğu
bu məsul vəzifəni də çox böyük ləyaqətlə,
yüksək nailiyyətlərlə həyata keçirir.
Ümumiyyətlə, insanlar Mehriban Əliyevadan indiyədək
təmsil olunduğu bütün statuslarda yalnız belə fəaliyyət,
xalqa, vətənə layiqli xidmət məramı
görüblər. Mehriban Əliyevanın fəaliyyətindən
söz açarkən onun ilk olaraq göz önünə gələn
yüksək xarakterindən biri insanlara təmənnasız
yaxşılığı, qayğısı, mərhəməti,
ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyidir.
Belə ki, bunlar xalqımızın milli-mənəvi
və mental-əxlaqi dəyərlər sisteminin əsas tərkib
hissəsini təşkil edir. Mehriban
xanım hər zaman öz səylərini əhalinin zəif
müdafiə olunan təbəqələrinə, xəstə
və valideyn himayəsindən məhrum olmuş uşaqlara
kömək göstərilməsinə yönəldir. Xalqımızın genetik fondunun qorunub saxlanması
problemlərinə cəmiyyətin diqqətini cəlb etməyi
özünün vətəndaşlıq borcu hesab edir, buna
görə talassemiya və diabet xəstəliklərindən əziyyət
çəkən uşaqların müalicəsinə yönəlmiş
müxtəlif proqramların həyata keçirilməsini dəstəkləyir.
Təsadüfi deyil ki, 2004-cü ildə yaranan və
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondu xeyirxahlıq ünvanı kimi tanınır.
Dahi liderin irsinin təbliği və öyrənilməsi
ilə yanaşı, bu fond xeyriyyəçiliyi, uşaqlara
kömək etməyi, müxtəlif humanitar aksiyalar
keçirməyi öz fəaliyyətinin prioritet istiqamətlərindən
hesab edir.
Heydər Əliyev ideyaları ilə silahlanmış, hər
zaman peşəkarlığı,
işgüzarlığı və prinsipiallığı ilə
seçilən Mehriban Əliyevanı xarakterizə edən digər
mühüm göstəricilərdən biri milli-mənəvi
dəyərlərimizin qorunmasına və dünyada təbliğinə
böyük önəm verməsidir. İstər Heydər
Əliyev Fondunun prezidenti, istər Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun rəhbəri kimi fəaliyyətinin təhlili
göstərir ki, milli mədəniyyətimizin qorunması və
dünyada təbliği Mehriban Əliyevanın xalqa xidmət
missiyasının əsas istiqamətlərindəndir. Belə ki, bunlar son nəticədə nəcib məqsədə
- Azərbaycanın dünyada tanıdılmasına xidmət
edir. Ötən illər ərzində neçə-neçə
tarixi-mədəniyyət abidələrinin yenidən
qurulması, muğam musiqi müsabiqələrinin və
dünya şöhrətli musiqiçilərin yubileylərinə
həsr edilmiş beynəlxalq festivalların keçirilməsi,
xarici ölkələrdə müxtəlif sərgilərin təşkili
bu ali məramın intişarına yönəlib.
2005, 2010 və 2015-ci illərdə Milli Məclisin
deputatı seçilən Mehriban xanım Əliyevanın
deputatlıq fəaliyyəti də parlament tariximizin şərəfli
bir səhifəsidir. Seçicilərə diqqət və
qayğısı, təmsil etdiyi ərazilərin sosial problemlərinin
həlli yönündə gördüyü misilsiz işlərlə
əsl millət vəkilliyinin nümunəsini yaradan Mehriban
xanım Milli Məclisin müzakirəsinə təqdim etdiyi
layihələrlə qanunvericiliyimizin təkmilləşməsinə
böyük töhfələr verib. Cəmiyyət
üçün ciddi təhlükə törətməyən
minlərlə insanın onun təşəbbüskarı
olduğu amnistiya aktı layihələri əsasında məhbəsdən
azadlığa çıxması Mehriban xanımın
deputatlıq fəaliyyətinin xoş bir məqamı kimi hər
zaman böyük rəğbətlə xatırlanacaq.
İctimai-siyasi vəzifələrlə yanaşı,
Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyası sədrinin
müavinidir.
Öz fəaliyyəti ilə partiyanın
möhkəmlənməsi, sıralarının artması
üçün çox böyük əmək sərf edir.
Təbii ki, Mehriban Əliyevanın fəaliyyəti
bununla bitmir. Azərbaycanda səhiyyənin,
təhsilin, məktəbəqədər təhsilin
inkişafında onun gördüyü işlər
ölçüyəgəlməz qədər çoxşaxəli
və misilsizdir.
Mehriban Əliyeva ona həvalə edilən bütün vəzifələri
uğurla yerinə yetirərək Azərbaycanın beynəlxalq
imicinin yüksəlməsinə ləyaqətlə xidmət
edib. “Eurovision” Mahnı Müsabiqəsində, I Avropa
Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında onun rəhbərlik
etdiyi Təşkilat Komitəsi ən yüksək təşkilatçılıq
nümunəsini ortaya qoyub.
O,
bütün cəhətləri ilə xalq adamıdır, vətəndaşlarımızın
birmənalı dəstəyini qazanmış dövlət
xadimidir, ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə
təyin olunması xalqın ürəyindən xəbər
verən uğurlu bir addımdır. Bu sətirləri yaza-yaza
Mehriban xanım Əliyevanın Milli Məclisdəki son
çıxışını xatırlayıram: “Mən yeni
vəzifəyə təyin olunduqdan sonra öhdəmə
düşən məsuliyyəti çox yaxşı dərk
edirəm və əlbəttə, həyəcan da keçirirəm.
Lakin mən gələcəyə böyük
nikbinliklə baxıram. Çünki mənim sizin kimi həmkarlarım,
məni dəstəkləyən soydaşlarımız var və
ölkəmizin
İlham Əliyev kimi bacarıqlı, cəsarətli, zəkalı,
eyni zamanda ən yüksək insani keyfiyyətlərə malik
olan Prezidenti var. Biz birgə əyilməz bir gücük. Əminəm
ki, Azərbaycanın gələcək inkişafı
üçün əlimizdən gələni bundan sonra da tam
gücümüzlə birlikdə, bir komanda kimi həyata
keçirəcəyik”.
Mehriban
xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti
kimi öz vəzifəsinin icrasına məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılmasından, 2016-cı ilin Aprel
döyüşlərində yaralanmış əsgər və
zabitlərin yüksək texnologiyalı protezlərlə təmin
edilməsindən başlaması onun əsl vətəndaşlıq
missiyasından, xüsusən sosial məsələlərə
olan həssas münasibətindən xəbər verir.
Vətənə məhz bu cür layiqli xidmət
missiyası nəticəsində Mehriban Əliyeva Birinci
vitse-prezident vəzifəsinə təyin olundu. Bu gün o, ali
icra hakimiyyəti orqanında yüksək vəzifə
daşıyıcısıdır. Beləliklə,
Azərbaycan qadınlarının tarix boyu əldə etdikləri
uğurları öz çoxşaxəli fəaliyyəti ilə
daha da zənginləşdirən Mehriban Əliyeva öz yeni
missiyası ilə Azərbaycan qadınlarının ölkəmizin
ictimai-siyasi və dövlət həyatında nəyə
qadir olduğunu sübut edir.
Qaranlıq
günlərə açılan səhərlərin şəfəqlərini
nurlandıran insan
Sona
ƏLİYEVA,
Milli Məclisin
deputatı:
- Ulu Tanrının yaratdığı hər varlıq
bu dünyaya bir alın yazısı ilə gəlir. Ömür
payında bəzən bir, bəzən bir neçə taleyin
yükünü daşımalı olursan. Milyonların ömür yoluna işıq
saçmağı bacardınsa, artıq seçilmiş
olursan.
Nə yaxşı ki, zaman-zaman seçilmişlərdən
bizim xalqın da payına düşüb. Bu qismət
Tanrı mükafatı sayılır. Yaradanın
mükafatı olan bir insan haqqında
danışacağıq. Onun özəl
gününə özəl fikir söyləmək çox
çətindir, amma bu, şərəf verir.
Xalqın bütün nümayəndələrinə
şərəf yaşatmağı bacaran seçilmişin
adı Mehriban xanımdır - Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyeva.
Yaxşı ana, yaxşı həyat yoldaşı,
yaxşı övlad olmaq asan deyil. Bir xalqın timsalında milyonlarla
insanın sevgisini qazanmaq, mərhəmətli, xeyirxah olmaq,
ümid aşılamaq, qayğıkeş davranmaq, təhsilin,
elmin, idmanın, tibbin, mədəniyyətin hamisi kimi davranmaq,
maddi və mənəvi dəyərlərin mühafizəkarı
rolunda çıxış etmək, dünyada sülhün və
tolerantlığın təbliğatçısı,
elçisi adını qazanmaq bir qadın ömrünün zərif
çiyinlərinin tab gətirə biləcəyi
ağırlıqdan çox ağırdır. Məhz
seçilmiş bir şəxs bu ağırlığı
özünün saf qəlbi ilə işıqlı gələcəyə
daşıya bilər. Mehriban xanım
Əliyevanın misilsiz səviyyədə qazandığı
sevgi və rəğbətin sirri də bundadır.
Mehriban xanımın dünyada ölkəmizin müsbət
imicinin formalaşmasında gördüyü işlər,
müxtəlif sahələrlə bağlı həyata
keçirdiyi layihələr, proqramlar və onların nəticələri
göz qabağındadır. Danışmaqla qurtarmaz, yazmaqla bitməz...
Mən isə öz həyatımda
rastlaşdığım kiçik bir epizodu sizə
xatırlatmaq istəyirəm. Uzun illər qabaq bir
qadın mənə yaxınlaşmışdı. Tək ailə başçısı olduğunu,
himayəsində iki azyaşlını çətinliklə
böyütdüyünü bildirmişdi və
qızının hər iki ayağında əyrilik olduğundan
məktəbə getmədiyini demişdi. Ardından
utana-utana belə söyləmişdi: “Qızımın ciddi
ortopedik əməliyyata ehtiyacı var”.
O
danışırdı, mən dinləyirdim, amma gözlərimin
qarşısından Mehriban xanımın siması çəkilmirdi.
Mehriban xanımın, rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun xeyirxahlığı barədə çox
oxumuşdum. Qadın hönkürür, mənimsə
gözlərimdə işıq parıldayırdı. Arada diksindim də, birdən bu işıq
qadını çaşdırar, ona biganə olduğumu zənn
edər. Cəld qadının boynunu qucaqlayıb “Allah
böyükdür, darıxma” dedim.
“Ay
bala...” Qadının nə demək istədiyini
anlamışdım. İnamı itən
adamlarla yaxın təmaslarım olmasa da, kitablardakı
obrazlardan tanıyırdım. İnsanlarla
münasibətdə onlara daha çox ümidlərini itirməməyi
tövsiyə edirəm. Ümidin itməsi
ölümün başlanğıcıdır, ona görə
kimsənin bu faciəyə aparan yolda irəliləməsinə
imkan verməmişəm heç zaman. Bax
kitablardakı bədbəxt insan obrazının canlanması
yaşanacaqdır, əgər qadına “ay bala...” kəlməsini
sona çatdırmağa imkan versəydim.
Heydər Əliyev Fondu “ay bala” deyən dillərin sahiblərinin
ərk qapısı olub və bundan sonra da olacaq. Ona dedim,
sənin Mehriban xanımın var. Sanki yuxudan ayıldı... Yox, yox, o bu barədə
düşünmüşdü, sadəcə xarakterinə
uyğun olan utancaqlığına
bürünmüşdü. Məndən
eşitdiyi ad sanki qadını silkələdi. Onun gözlərindəki yaşa
qarışmış gülüşü, məncə, Van
Qoq da çəkə bilməzdi.
Aylar sonra qadınla rastlaşdıq. Övladının
necə olduğunu soruşdum. Qadın Mehriban xanım
Əliyevaya məktub yazdıqdan sonra onunla əlaqə
saxladığını və qızının hər iki
ayağından əməliyyat olunduğunu, səhhətinin
yaxşılaşdığını söylədi...
Minlərlə belə hadisə sadalamaq olar. Elədiyi,
amma demədiyi yaxşılıqlar var ki, bu hadisələrə
filmlər həsr etmək olar. Mehriban
xanım Birinci vitse-prezident təyin olunandan sonra mətbuatda
oxudum ki, Heydər Əliyev Fondu böyrək
çatışmazlığından əziyyət çəkən
neçə-neçə insanın tam şəfa
tapmasına nail olub.
“Bir əlin verdiyini o biri əl bilməsin”. Mənəviyyat
adamları xeyirxahlıqlarını bu deyimə qurban edənlərdir.
Mehriban xanım könüllərdə taxt
qurub, insanların ümid mənbəyinə çevrilib, dərin
ehtiram və hörmət qazanıb.
Heç istəməz ki, onun barəsində tərifli
sözlər yazılsın. Bir Allah var, bir insan.
Göydə O bilir, yerdə insan sağalır.
İki varlığın birləşdirici
missiyası rolunu şərəflə daşımaq isə
Mehriban xanımın yaşam prinsipidir.
Mehriban xanımı ifadə etmək, ona dəyər
vermək üçün gözəl sözlər yazmaq,
gördüyü misilsiz işləri, aldığı
medalları, qazandığı ordenləri, dünyanın ən
yüksək reytinqli təşkilatlarının təltiflərini
saymaq azdır.
Mehriban xanım özünəməxsus yüksək
intellekti və mədəni dəyərləri ilə ən dəyərli
olanı qazanıb - insanların və xalqının sevgisini.
XXI əsrin ilk yüzilliyində
adını tarixə yazdıran, xalqın dilində və
ürəyində əbədi olaraq sevgiylə, ehtiramla
yaşayacaq əsl Azərbaycan qadını, gözəl və
qayğıkeş ana, fədakar həyat yoldaşı, sevimli
övlad, mərdliyin, ədalətin, xeyirxahlığın, mərhəmətin,
sülhün, zərifliyin müasir simvolu Mehriban
xanım. Tanrı Sizi qorusun, qorusun ki, insanlıq
yaşasın, yaxşı əməlləriniz qaranlıq
günlərə açılan səhərlərin şəfəqlərini
nurlandırsın
Azərbaycan.- 2018.- 26 avqust.- S.9.