Xeyirxahlıq ilahəsi

 

 

 

 

O, tarixən azad düşüncəyə, ülvi məqsədə, böyük qəlbə malik olan nikbin ruhun, xeyirxah əməllərin sahibidir. Mənsub olduğu nəslin, ailənin, elin-obanın yükünü, dərd-sərini kişilərlə bərabər paylaşıb. Üzvü olduğu cəmiyyətin inkişafına dəyərli töhfələr verib. Azərbaycan qadını bu nadir keyfiyyətləri ilə mənəvi dünyamıza həmişə sadiq qalıb.

Ana kitabımız olan “Kitabi-Dədə Qorqud” dastanını vərəqlədikcə bu mənəviyyat abidəsindəki ayrı-ayrı epizodlarda, tarixin ən qədim qatlarında el-obamızda qadına olan nəcib münasibəti, onun cəmiyyətdəki böyük rolunu görürük.

Klassik Azərbaycan ədəbiyyatı nümunələrində qəhrəman qadın obrazlarının, onların mübariz həyat tərzinin, cəsur və mərdanə davranışlarının şahidi oluruq. Bunlar cəmiyyətimizdə qadınların hələ yüzillər bundan öncə kişilərlə bərabər hüquqlara, nüfuzlu statusa malik olmalarından soraq verən tarixi keçmişimizə aid məlumatlardır.

Bu faktlara sadəcə folklor yaradıcılığımızdan deyil, real həyatdan da kifayət qədər misallar gətirmək olar. Atabəylərin Möminə xatunu və Mehrican xatunu, XII əsr Şərq intibahının Azərbaycan ulduzu Məhsəti Gəncəvi, XV əsr Ağqoyunluların Sara xatunu, Qarabağ xanlığının sonuncu vərəsəsi - Xan qızı Natəvan, XX əsr Azərbaycan qadınının əldə etdiyi ən yüksək məziyyətləri özündə əks etdirən Zərifə xanım Əliyeva, yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış Aida xanım İmanquliyeva kimi mötəbər xanımlar tariximizin müxtəlif dövrlərində cəmiyyətin və dövlətçiliyin təkamülündə aparıcı qüvvə kimi çıxış etmişlər. Özlərindən sonrakı nəsillər üçün mükəmməl, şərəfli irs yaratmışlar.

 

Dərk edilmiş məsuliyyət

 

Yeni tariximizdə Azərbaycan qadınının mütəşəkkil bir qüvvə kimi səfərbər edilərək ümumxalq mübarizəsinə qoşulmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevə borcluyuq. Milli dövlətçilik tariximiz Heydər Əliyev şəxsiyyətinə kimi onun qədər Azərbaycan qadınını fikrən və ruhən pərvazlandıraraq böyük, cahanşümul işlərə ruhlandıran, xanımlarımızın cəmiyyətdə layiq olduqları mövqeyi təmin edən ikinci bir dövlət rəhbəri tanımır.

Heydər Əliyev Azərbaycan qadınının gücünə, iradəsinə çox inanırdı. Onun vətənə sevgi və sədaqətinə əmin idi. Və qadınlarımızın mütəşəkkil qüvvə kimi dövlət quruculuğu prosesinə öz töhfələrini verə bilmələri üçün üzərinə düşən bütün vəzifələri həyata keçirirdi.

Tariximizin həssas məqamlarında Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz iradə, əvəzsiz fədakarlıq Azərbaycan qadını üçün ibrət və qürur mənbəyidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük nailiyyətlər xanımlarımızı gələcəyə ruhlandırır, milli məqsədlər ətrafında səfərbər edir. XXI əsrin ən görkəmli qadınlarından olan Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadınının ucaldığı zirvə həm bugünkü, həm də gələcək nəsillər üçün parlaq bir nümunə yaradır.

Hər bir insanın həyat yolunu, cəmiyyətdəki statusunu, ictimai mövqeyini onun dərk edilmiş məsuliyyəti müəyyənləşdirir. Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayaraq həyatın mənasını nəcib, xeyirxah əməllərdə tapan, bütövlükdə xalqın tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş zəngin mənəviyyat sahibləri hər cür ehtirama layiqdirlər. Gördükləri işlər onlara təkcə öz doğmalarının, yaxınlarının deyil, bütövlükdə el-obanın, xalqın tükənməz sevgisini, dərin rəğbətini və məhəbbətini qazandırır. Mənəvi kamilliyə, ruhani ucalığa qovuşan insanlar bununla həm də millətin qərinələr boyu formalaşdırdığı özünəməxsus nəcib keyfiyyətlərini, zəngin mənəvi aləmlərini öz əməllərində yaşadırlar. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da belə şəxsiyyətlərdəndir.

 

Qadın hərəkatı tarixində yeni dönəm

 

O özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycanın qadın hərəkatı tarixində yeni bir dönəm yaradıb, ölkəmizdə qadın fəallığı ənənələrini gücləndirib, bu hərəkatın forma və metodlarını müasirləşdirib.

Mehriban xanım Azərbaycanın qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, fəaliyyəti təhsildən səhiyyəyə, idmandan milli mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir spektri əhatə edir. Onun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır. Eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələrə şaxələnir. Bu çoxistiqamətli, əhatəcə geniş fəaliyyətin əsasında isə xalqa, insanlara sevgi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif, eyni zamanda mükəmməl bir humanizm durur.

Malik olduğu üstün mənəvi məziyyətlərin nəcib ailə köklərinə dərin bağlılıqdan qaynaqlanması Mehriban xanımın vətənimizə, dövlətçiliyimizə və xalqımıza sadiqlik əzmini şərtləndirən əsas amildir. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olmaqla bərabər, həm də nümunəvi ana, məsuliyyətli vətəndaşdır. Dünyəvi və dini dəyərlərimizə sadiq Azərbaycan qadınının yeni əsrdə yeni siması, görkəmli ictimai-siyasi xadimdir.

 

Mədəniyyət işığında

 

Qadının ailədəki rolu haqqında belə deyir: “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Bu yanaşma ilə o, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailə amilinin nə qədər önəmli, zəruri olduğunu diqqətə çatdırır.

Hələ 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu təsis edən Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasını, incəsənətimizin inkişafını və təbliğini, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyasını öz fəaliyyətinin başlıca prinsipləri kimi müəyyənləşdirmişdi. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, onu bütün dünyaya tanıtmaq idi. Ölkəmizin müstəqilliyini yenicə bərpa etdiyi zamanlarda Mehriban xanım Əliyevanın belə bir müqəddəs missiyanı üzərinə götürməsi onun zəngin mənəvi irsimizə sadiqliyinin bariz göstəricisi idi. Bu təşəbbüs xalqımıza azərbaycançılıq məfkurəsinin aşılanması, onun zəngin mədəniyyət tariximizlə mənəvi bağlarının möhkəmləndirilməsi yolu ilə sovet hakimiyyətinin süqutundan sonra yaranmış ideoloji boşluğun aradan qaldırılması baxımından xüsusi önəm kəsb edirdi.

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə “Azərbaycan-İrs” jurnalı kimi faydalı bir layihə ərsəyə gətirildi. Milli musiqimizin korifeylərinin albomları hazırlandı. Həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycan mədəniyyətini və tarixini təbliğ edən çoxsaylı təqdimat mərasimləri, sərgilər, festivallar, mədəniyyət günləri təşkil olundu.

Bakı Muğam Mərkəzinin yaradılması, “Qarabağ xanəndələri” musiqi albomunun buraxılışı, beynəlxalq Bakı caz festivallarının təşkili kimi ölkəmizin incəsənət tarixində xüsusi yer tutan mədəniyyət hadisələri də Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə ərsəyə gəldi.

 

Ümid-pənah ünvanı

 

2004-cü ildə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun təsis edilməsi isə müasir Azərbaycan tarixinin daha bir əlamətdar məqamıdır. Heydər Əliyev Fondu Azərbaycanın dövlətçilik tarixini zənginləşdirmiş ümummilli liderimizin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək məramı ilə, ulu öndərin zəngin mənəvi-siyasi irsinin öyrənilməsi, milli dövlətçilik ideyalarının nəsildən-nəslə ötürülməsi zərurətindən yaranmışdır.

Fond ölkəmizin və müasir dünyanın yeni və qabaqcıl ideyalarla hərəkət edən ən innovativ təsisatlarından biri olaraq təhsil, mədəniyyət, səhiyyə, idman, elm və texnologiya, ekologiya və sosial sahələrdə cəmiyyət və dövlətimiz üçün aktual layihələrin həyata keçirilməsində təşəbbüskar və təşkilatçı qurum kimi çıxış edir. Xüsusi qayğıya ehtiyacı olan insanlara yardım göstərilməsi, Azərbaycan vətəndaşlarının yaradıcı potensialının üzə çıxarılmasına və inkişaf etdirilməsinə, mənəvi dəyərlərimizin qorunmasına dəstək verilməsi, azərbaycançılıq ideologiyasının təbliği Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətləridir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi fondun fəaliyyət dairəsinə daxil olan prioritet sahələrdir.

2004-cü ildən bəri bu fond köməyə, şəfqətə ehtiyacı olan insanların pənah ünvanı, ümid yeridir. Bura üzləşdikləri isti münasibətlə dövlətin kömək əlini insanlara hiss etdirən, onları yenidən həyata bağlayan, yaşamağa ruhlandıran qutsal məkandır.

 

Qüvvət elmdədir...

 

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi məqsədi xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb”, eləcə də “Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək” layihələrinin gerçəkləşdirilməsinə başlanmış, ölkəmizin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifə açmışdır.

Heydər Əliyev Fondunun yarandığı gündən təhsili və geniş mənada sosial tərbiyə məsələlərini əsas istiqamət seçməsi heç də təsadüfi deyil. Bəşəriyyətin xilasına yönəlmiş ideallar məhz elm və təhsilin yüksək inkişaf etdiyi ölkələrdə özünə möhkəm dayaqlar tapa bilir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı nəticəsində əldə etdikləri danılmaz gerçəklikdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi miqyası görünməyən layihələr sırasında elm və təhsilin, müasir informasiya texnologiyalarının mühüm yer tutması məhz bu reallığa söykənir.

Şübhəsiz, elm və təhsil kimi strateji sahələrdə özünü göstərən problemlərin həllini yalnız dövlətdən ummaq obyektiv gözlənti olmazdı. Bu prosesdə dövlət strukturları ilə yanaşı, biznes qurumları, ictimai birliklər, qeyri-hökumət təşkilatları da yaxından iştirak etməlidirlər. İctimai statusda fəaliyyət göstərsə də, cəmiyyət həyatının müxtəlif sahələrində yaşanan problemlərin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu da öz fəaliyyəti ilə korporativ sosial məsuliyyət prinsiplərini təşviq edir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində 300-dən çox yeni məktəb tikilməsi, yaxud yenidən qurulması bunun bariz nümunəsidir.

Fondun “Təhsilə dəstək” layihəsi də özünün humanist mahiyyəti ilə diqqəti çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatı hədiyyə edir. Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir.

Fond bu layihə çərçivəsində Azərbaycanla yanaşı bir sıra xarici ölkələrdə - Pakistanda, Hollandiyada, Gürcüstanda, Misirdə, Rumıniyada, Rusiyada da yeni məktəblər tikdirib və ya təmir etdirib. 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar məktəbi tam yararsız vəziyyətə düşmüşdü. Fondun xəttilə qısa müddətdə burada 650 şagird yerlik məktəb tikildi. Bu müasir, hər cür şəraiti olan təhsil ocağı 13 ildir ki, Pakistanda təhsilin inkişafına, elm nurunun yayılmasına, bu müsəlman ölkəsi üçün savadlı xanımların yetirilməsinə xidmət göstərir. Gürcüstanın Dmanisi rayonunda tikilmiş yeni elm-tədris mərkəzinin binası da Mehriban xanım Əliyevanın bu mərkəzdə təhsil alan şagirdlərə unikal maddi və mənəvi töhfəsidir.

Bütün bunlar əslində xalqımızın və ümumən bəşəriyyətin gələcəyini qurmağın əsas istiqamətləridir. Aydındır ki, hər bir dövlətin, hər bir cəmiyyətin bundan önəmli hədəfi yoxdur. Texnoloji və informasiya sıçrayışları cəmiyyətlərin fəaliyyətini get-gedə mürəkkəbləşdirir. Bu da öz növbəsində keyfiyyətli təhsil və sosial tərbiyə prosesini mürəkkəbləşdirir. Dövlətin daha böyük və səmərəli müdaxiləsinə ehtiyacı artır. Bu ehtiyac bütün dövrlərdə böyük olub. Qloballaşan və informasiya texnologiyalarına daha çox əsaslanan müasir cəmiyyətlərdə isə buna ehtiyac qat-qat çoxalıb. Ona görə də Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrlə bu ehtiyacı təmin edən böyük töhfələr verir.

 

Meyar şəxsiyyətdir...

 

İnformasiya texnologiyaları müəyyən mənada dünyada təhsili də vahid meyar və proqramlarla təmərküzləşdirməkdədir. Bu istiqamətdə də Heydər Əliyev Fondu bizim elm və təhsilimizə, mən deyərdim ki, bütün ictimai düşüncəmizə dünya ilə informasiya mübadiləsi aparmağa istiqamət verir. Digər tərəfdən, qabaqcıl informasiya və innovasiya sahələrinə inteqrasiya üçün elmi, yaradıcı, ictimai fikrimizə misilsiz yardım göstərir. Müasir humanitar, mədəni və sosial düşüncənin ən aktual problemlərinə dair beynəlxalq tədbirlər, forum və seminarlar, dialoq meydançaları yaradır, bu, uzaqgörən və son dərəcə gərəkli fəaliyyətə misilsiz enerji sərf edir. Ona görə ki, cəmiyyətlərin, dövlətlərin tərəqqisi konkret insanlardan və təzə ideyalardan başlanır. Qabaqcıl informasiyanın dövlətin gücünə çevrilməsi müasir bilik və təcrübədən istifadə yolu ilə gerçəkləşir. Heydər Əliyev Fondu səs-küysüz, amma təkidli, davamlı bir ardıcıllıqla ölkəmizdə informasiya və bilik açıqlığı yaradır. Cəmiyyətimizin mədəniyyətlərin dialoqundan bəhrələnməsini təmin edir. Bu da sosial tərəqqinin və quruculuğun bir sahəsidir. Və Mehriban xanımın bu sahədəki işləri bizim ictimai rəyi və sosial tərbiyə təsisatlarımızı qabaqlayaraq öz arxasınca aparır.

Bu gün bütün dünya Azərbaycanı sülh, sabitlik, tolerantlıq ünvanı, mədəniyyətlərin dialoq məkanı kimi tanıyır. Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının, Luvr muzeyinin bir hissəsinin bərpası, Bolqarıstanda tarixi muzey kompleksinin tikilməsi də Azərbaycanın nadir tolerantlıq məkanı kimi dünya miqyasında mədəniyyətlər və dinlərarası dialoqda oynadığı misilsiz tarixi rolun təzahürüdür.

Mehriban xanım bütün dinlərin, mədəniyyətlərin bəşəriyyətə təlqin etdiyi ali dəyərləri - insana sevgini, şəfqəti, xeyirxahlığı, köməyə ehtiyacı olana əl tutmağı, eləcə də çağdaş dünyamızda bu dəyərlərin daşıyıcılarına nə qədər böyük ehtiyacın olduğunu öz fəaliyyəti ilə təsdiq edir. O, sadəcə xeyirxahlıq etmir, şəxsiyyətinin miqyası ilə cəmiyyətimiz üçün yeni dəyərlər formalaşdırır, ictimai meyarlar yaradır. Xeyirxahlığı, mərhəməti, insanlara sevgini həyat normalarına çevirir. Çünki belə şəxsiyyətlər cəmiyyət üçün ictimai bələdçidirlər. İnsanlar onlardan öyrənir, görüb-götürür, nəyin doğru, nəyin yanlış olduğunu, hansı dəyərlərə tapınmağın düzgünlüyünü onların fəaliyyətindən əxz edir və məqam düşəndə bu şəxsiyyətlərin davranış tərzləri kimi, əməllərini də təkrarlamağa çalışırlar. Beləcə, yaxşılıqları, nəcib təşəbbüsləri daha çox insanlar paylaşmış olur. Xeyirin çevrəsi böyüyür. Şər onun qarşısında geri çəkilir. Bu minvalla dünyamız aydınlığa çıxır, nurlanır, xeyirxah əməllərlə silələnir, böyük bir hərəkata çevrilir.

Bu gün, diqqət edirəm, hətta bizim tələbə qızlarımız, oğlanlarımız belə özləri gücləri çatan sovqatlar alıb uşaq evlərinə, internat məktəblərinə, fiziki qüsurlu uşaqların tərbiyə aldığı mərkəzlərə, ehtiyacı olan insanlarımızın ailələrinə baş çəkirlər. Bütün bunlar müəyyən mənada Mehriban xanımı təqliddir. Amma belə təqlidləri alqışlamaq istərdim. Çünki bu cür davranışlar cəmiyyətimizdə ana şəfqətini, mənəvi dəyərlərə pərəstişi artırır.

Onun irəli sürdüyü təşəbbüslər əsasında Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin, Talassemiya Mərkəzinin tikilməsi, 50 mindən çox insana sağlamlığına qovuşması üçün zəruri dəstəyin göstərilməsi kimi vacib tədbirlər Mehriban Əliyevanın ölkəmizdə fiziki və əqli cəhətdən sağlam nəslin yetişməsinə verdiyi əhəmiyyətin parlaq təzahürüdür.

Biz bədnam qonşumuzun hərbi təcavüzü nəticəsində illərdir ki, müharibə şəraitində yaşayan ölkəyik. Bu gün xalqımızın yaşadığı əsas ağrılı məqam, heç şübhəsiz ki, torpaqlarımızın 20 faizindən çoxunun işğal altında olması, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın torpaq itkisi ilə bağlıdır. Bu mənada Mehriban xanımın gördüyü işlər sırasında qaçqın və məcburi köçkünlərimizin həyat və məişət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında, şəraitsiz yerlərdə, qəzalı binalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin abad mənzillərə köçürülməsi üçün böyük zəhmət və ağıl sərf edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidentin qayğısı sayəsində bu iş uğurla davam etdirilir.

 

Qadın gülərsə...

 

Azərbaycanın Birinci vitse-prezidenti qadın hüquqlarının qorunması məsələsinə də xüsusi diqqət yetirir. O, qadınların təhsilini, ölkənin ictimai həyatında onların yaxından iştirakını cəmiyyətin inkişafı və sağlam gələcəyi baxımından son dərəcə vacib hesab edir. Çünki güclü qadın öz övladının mənəvi tərbiyəsində, cəmiyyət üçün layiqli insan və kamil şəxsiyyət kimi yetişməsində, dünyaya yetkin baxışının formalaşmasında mühüm rol oynayır. Bu baxımdan qadınlara geniş hüquqların verilməsi, onların cəmiyyətdə layiqli yerinin təmin edilməsi ilk növbədə sağlam nəslin formalaşması, xalqın genetik saflığının qorunub saxlanması baxımından vacibdir. Qadınlara özünütəsdiq imkanı yaratmaq, onların qabiliyyət və bacarığından səmərəli şəkildə istifadə etmək sağlam gələcək haqqında düşünən hər bir dövlətin ümdə vəzifəsidir. Xanım Mehriban Əliyevanın simasında Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq sosial-mədəni inkişafımızın mütəhərrik qüvvəsinə çevrilir.

Bu gün Yeni Azərbaycan Partiyasının sədr müavini kimi Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm də Azərbaycan qadınının üzləşdiyi problemlərin, çətinliklərin aradan qaldırılmasına, onların cəmiyyətdə öz layiqli yerlərini tutmasına yönəlmişdir. Bu fəaliyyət qadınlarımız tərəfindən böyük rəğbətlə, diqqətlə, ehtiramla qarşılanır, onların YAP-a, ölkə iqtidarına, Prezident İlham Əliyevə inamını, məhəbbətini daha da artırır.

Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı kimi 10 illik fəaliyyəti dövründə də daim seçicilərinin yanında olması parlamentdə təmsil etdiyi ərazidə onun təşəbbüsü ilə yerinə yetirilən sosial layihələrlə millətə vəkilliyin parlaq örnəyini yaratmışdır. O, bir neçə dəfə Milli Məclisdə amnistiya təşəbbüsü ilə çıxış etmiş, 30 mindən çox məhkum bu aktlar əsasında müxtəlif növ cəzalardan azad edilərək azadlığa, evinə, ailəsinə qovuşmuşdur.

Mehriban xanım bununla göstərmişdir ki, cəmiyyətə layiqli vətəndaş qazandırmağın yolu onu cəzalandırmaqdan daha çox bağışlamaq, sosial həyata inteqrasiyasına lazımi şərait yaratmaqdır. “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hislər əsas yer tutmalıdır” deyir Mehriban xanım: “O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir”.

 

Onun həyat amalı

 

O, mahir təşkilatçıdır. Azərbaycanın “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsində iştirakının təşəbbüskarı kimi çıxış etmiş Mehriban xanım Əliyeva ölkəmizin bu müsabiqədəki qələbəsindən sonra 2012-ci ildə “Eurovision”un ölkəmizdə yüksək səviyyədə təşkilinə nail oldu. Bu mahnı yarışmasının ən yüksək səviyyədə keçirilməsi ilə respublikamızın müxtəlif məzmunlu beynəlxalq tədbirlərin təşkilində qabaqcıl dövlətlərdən birinə çevrildiyini bir daha göstərdi.

2015-ci ildə ölkəmizdə keçirilmiş I Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinə rəhbərlik də Mehriban xanım Əliyevaya həvalə olundu. O, dünyanın aparıcı şəhərlərində I Avropa Oyunlarına dair təqdimatların təşkili ilə bu beynəlxalq tədbirə hazırlıq prosesini Azərbaycanın dünyada tanıdılması üçün tarixi fürsətə çevirdi. I Avropa Oyunlarına hazırlıq işlərinin mükəmməl şəkildə tamamlanması və bu mötəbər yarışın olimpiya oyunları səviyyəsində təşkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin gərgin əməyi və ustad rəhbərliyi sayəsində mümkün oldu.

2017-ci ildə isə onun təşkilatçılığı ilə Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməklə təkcə bu kimi tədbirlərin təşkilatçılıq işinə yeni standartlar gətirmədi, eyni zamanda respublikamızın zəngin mədəniyyətə, idman ənənələrinə, tolerantlığa malik ölkə olduğunu, burada uzun illər müxtəlif dini baxışların, ayrı-ayrı xalqların nümayəndələrinin dostluq və mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını bütün dünyaya nümayiş etdirdi.

Saleh əməllər sahibi olan hər bir şəxsiyyət kimi, onun da kimliyi, şəxsiyyətinin ucalığı gördüyü unikal işlərdir. Mehriban xanımın XXI əsr tarixi üçün kim olduğunu onun nəcib əməlləri müəyyənləşdirir. O özünü gördüyü işlərlə təsdiqləyir. Cahanda məxsusi dəyərlərini ortaya qoyaraq öz həyat missiyasını gerçəkləşdirir. Öz rolunu, obrazını yaradaraq Azərbaycan tarixinə silinməz portret həkk edir. Və gördüyü işləri də təvazökarlıqla təqdim edir. “...Ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur”.

Mehriban Əliyeva, həqiqətən, kimliyini və böyüklüyünü bu dünyada gördüyü işlərlə reallaşdırır. Həyat və vəzifə missiyası bir etalon olaraq cəmiyyətə təqdim olunur. Bu təqdimatda Azərbaycan və onun inkişafı dayanır.

 

Dəyərlərin mühafizi

 

Ölkəmizdə sağlam nəslin yetişməsinə dəstək olaraq idmana qayğı Mehriban xanım Əliyevanın fəaliyyətində prioritet sahələrdəndir. O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü seçilib. Müxtəlif illərdə gimnastika üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ölkəmizdə bu idman növünə marağın artmasında və Azərbaycanın idman ölkəsi kimi dünyada tanıdılmasında mühüm rol oynayıb.

Bu, yəqin ki, Yer üzünün seçilmiş şəxsiyyətlərinə qismət olan bir missiyadır. Mehriban xanım eyni vaxtda həm UNESCO, həm də ISESCO-nun xoşməramlı səfiridir. O, Qərb və Şərq dünyagörüşünü öz şəxsiyyətində bir araya gətirir. İki mədəniyyət, iki tarix bu şəxsiyyətdə qovuşur və bütünlükdə Azərbaycan qadınının ünvanına böyük bir şərəf gətirir.

Mehriban xanımın dünyada sülhün bərqərar olmasına verdiyi töhfələr, təlqin etdiyi bəşəri dəyərlər bir çox ölkələrin ali dövlət mükafatları ilə qiymətləndirilib. 2015-ci ildə “Heydər Əliyev” ordeni, 2017-ci ildə Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordeni, 2018-ci il iyulun 18-də İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilib. Bütün bunlar ümumilikdə Azərbaycan qadınına verilən yüksək dəyərdir. Onun maddi və qeyri-maddi irsimizin qorunması, Azərbaycan gerçəkliklərinin, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xeyriyyəçilik və humanitar təşəbbüslərin irəli sürülməsi kimi çoxşaxəli fəaliyyət dairəsi Azərbaycan qadınının tükənməz gücünü nümayiş etdirir. Ölkəmizdə qadın fəallığı ənənələrinin daha da inkişafı üçün yeni üfüqlər açır. Bu şərəfli yolun gənc ardıcıllarını yetişdirir.

Mehriban xanımın formalaşdırdığı mütərəqqi ənənələrin davamı olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya Nümayəndəliyinin rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər artıq gənc Azərbaycan xanımlarının cəmiyyət üçün aktual məsələlərin həllində söz sahibinə çevrildiklərini göstərir.

Bəli, artıq uzun illərdir ki, Azərbaycan ictimaiyyəti də, dünya da İlham Əliyevlə Mehriban xanımı bir ailənin mənsublarından daha çox məhz bir dövlətçilik ideyasının, vahid ideoloji kursun vəhdətini təmin edən şəxslər kimi qəbul edir. Onlar eyni məramın, siyasi qayənin, böyük Heydər Əliyev yolunun ayrılmaz tərənnümçüləri, yekdil bəşəri mövqenin ifadəçiləridir.

Onlar bütün varlıqları ilə Azərbaycana xidmət edirlər. Dünya onları milli dövlətçilik tariximizin parlaq şəxsiyyətləri, böyük, misilsiz xeyirxahları olaraq tanıyır.

Bugünsə onun doğum günüdür.

İllər əvvəl bir ailənin sevinci kimi doğularaq illər sonra böyük bir xalqın doğmasına çevrilən, insanların qəlbində əbədi sevgi qazanan şəxsiyyətin - Mehriban xanım Əliyevanın dünyaya gəldiyi gün...

Bu, bir şəxsiyyətin timsalında xeyirxahlığın, şəfqətin, saleh əməllərin hər dəfə yenidən dünyaya gəlib həyat qazanmasıdır.

Və bu dəyərlərin minillərdən bəri qorunub nəsillərdən-nəsillərə ötürülməsinə görə bəşəriyyət Mehriban xanım kimi şəxsiyyətlərə borcludur.

Nurlana ƏLİYEVA,

YAP İdarə Heyətinin üzvü,

YAP Qadınlar Şurasının sədri,

BSU-nun rektoru, professor

 

 

Azərbaycan.- 2018.- 26 avqust.- S.1;10.