Mehriban Əliyevanın idman missiyası

 

 

 

 

Fəaliyyəti daim humanizm meyarına söykənən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli işi ilə mərhəmət, xeyirxahlıq təmsilçisi kimi insanların düşüncə və yaddaşında daimi, bənzərsiz bir iz buraxıb.

İctimai-siyasi, elmi yaradıcılığı, xeyriyyəçilik fəaliyyəti ilə təkcə Azərbaycanda yox, dünya miqyasında qadınlar üçün əsl nümunəyə çevrilən Mehriban xanım Əliyeva bu gün ölkəmiz barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində möhtəşəm işlər görür.

Azərbaycanın birinci xanımı elm, təhsil, səhiyyə sahələrində fəal olan bir şəxs kimi idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi olaraq tanınır. 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçiləndən bu sahədə uğurlu inkişafın əsası qoyuldu. Mehriban xanımın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişdi.

 

Gimnastikanın inkişafında yeni mərhələ

 

Azərbaycanda gimnastikanın yaranma və inkişaf tarixi ötən əsrin 40-ci illərinə təsadüf edir. Bu idman növünün qısa müddət ərzində xeyli populyarlıq qazanması tezliklə təşkilatlanmaya təkan verib.

1956-cı ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) yaradılıb. Azərbaycan müstəqillik qazandıqdan sonra 1993-cü ildə milli federasiya Beynəlxalq Gimnastika Federasiyasına, 1996-cı ildə isə Avropa Gimnastika İttifaqına üzv qəbul olunub.

1990-cı illərin əvvəllərində idmanda baş verən tənəzzül gimnastikadan da yan ötməmişdi. Azərbaycan gimnastları beynəlxalq yarışlarda çox zəif çıxış edir, sonuncu yerləri tuturdular. Beynəlxalq gimnastika təşkilatları ilə əlaqələr yox dərəcəsində idi.

2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının növbəti hesabat-seçki konfransı ərəfəsində real vəziyyəti belə idi. Həmin il oktyabrın 7-də isə Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra ölkəmizdə gimnastikanın yeni inkişaf mərhələsi başlandı. Gimnastika Federasiyasının yeni seçilmiş rəhbərliyi ilk növbədə ölkə gimnastikasının imkanlarını öyrəndi.

2002-ci ilin sonunda Azərbaycan Gimnastika Federasiyası öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Bu istiqamətlər respublikada gimnastika bölmələrinin fəaliyyətini gücləndirmək, məşqlər üçün yaxşı şərait yaratmaq, yeni klub və bölmələrin azalması, Azərbaycan çempionatlarının yüksək səviyyədə təşkili və keçirilməsi, AGF-nin beynəlxalq əlaqələrinin qurulması, dünya və qitə federasiyaları ilə əməkdaşlığın gücləndirilməsi, Azərbaycanda bədii gimnastika üzrə beynəlxalq yarışların keçirilməsi, Afina Olimpiya Oyunlarına lisenziya qazanılması, respublikada gimnastika üzrə mütəxəssislərin, məşqçi və hakimlərin yetişdirilməsi, onların öz bilik və bacarıqlarının təkmilləşdirilməsi, regionlarda gimnastika bölmələrinin yaradılması, yalnız bədii gimnastikanın deyil, digər növlərin də inkişaf etdirilməsi, Azərbaycan gimnastlarının beynəlxalq yarışlarda daha çox iştirakının təmin edilməsi, gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, gimnastikanın təbliğ olunması idi.

Çox tezliklə gimnastika sahəsində mühüm canlanma hiss olunmağa başladı. Respublika çempionatlarının və birinciliklərinin təşkili və keçirilməsindəki çatışmazlıqlar tezliklə aradan qaldırıldı. İdmançıların beynəlxalq səviyyəli yarışlara qatılması üçün də şərait yaradıldı. Məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində ölkə gimnastikası özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.

 

Beynəlxalq yarışların dəyişilməz ünvanı

 

Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva Beynəlxalq Gimnastika Federasiyasına bədii gimnastika üzrə dünya kubokunun mərhələ yarışının Azərbaycanda keçirilməsi ilə bağlı müraciət etdi. Beynəlxalq Gimnastika Federasiyası Afinada keçirilmiş 74-cü konqresində dünya kubokunun A kateqoriyalı mərhələsinin 2003-cü ilin avqustunda Azərbaycanda keçirilməsi barədə qərar qəbul etdi. Belə mötəbər yarış ilk dəfə idi ki, Azərbaycana salınırdı. Bu, Azərbaycan gimnastikasının ölkənin müstəqilliyi illərində əldə etdiyi ilk böyük uğur oldu və bədii gimnastika tariximizə parlaq bir səhifə kimi yazıldı.

2003-cü ilin aprelində dünya kubokunun mərhələsinin təşkilinə hazırlıqla tanış olmaq üçün Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi, baş katib Norbert Buşe, baş katibin müavini Andre Quisbuhler və bədii gimnastika üzrə texniki komitənin rəhbəri xanım Egle Abruzzinidən ibarət nümayəndə heyəti Azərbaycana gəldi.

Beynəlxalq qurumun ölkəmizə gəlmiş nümayəndə heyəti səfər zamanı paytaxtın idman kompleksləri, gimnastikanın maddi-texniki bazası ilə tanış oldular. Bu tanışlıq mövcud şəraitin mötəbər beynəlxalq yarışın Azərbaycanda keçirilməsi üçün hər cür imkanın olduğuna qonaqları əmin etdi.

2003-cü ilin avqustunda Bakıda 17 ölkə təmsilçilərinin iştirak etdiyi bədii gimnastika üzrə dünya kubokunun mərhələsi çox yüksək səviyyədə keçdi. Azərbaycana gəlmiş qonaqlar və idmançılar ölkəmizdən xoş təəssüratlarla ayrıldılar.

Ümumiyyətlə, son 16 ildə Bakı bir çox beynəlxalq gimnastika yarışlarına evsahibliyi edib. 2004-cü ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə dünya kubokunun mərhələ yarışı keçirildi. Dünya kuboku idman tariximizdə layiqli izlər qoydu.

2005-ci ilin mayında bədii gimnastika üzrə 27-ci dünya çempionatı Bakıda keçirildi. Həmin il Bakıda dünya kubokunda A kateqoriyasına malik AGF Kuboku uğrunda yarış da təşkil olundu.

Mehriban xanımın rəhbərliyi ilə 2007-ci ilin iyununda bədii gimnastika üzrə 23-cü Avropa çempionatı da parlaq nəticələrlə Bakıda keçirildi. Yarışlarda dünyanın 32 ölkəsindən 186 gimnast iştirak etdi.

2014-cü ildə isə Bakı yeni tikilmiş Milli Gimnastika Arenasında 30-cu Avropa çempionatını qəbul etdi. Turnirdə qitənin 30 ölkəsindən 250-dən çox gimnast yarışdı.

2018-ci ildə Bakıda idman gimnastikası üzə dünya kuboku keçirildi. Bu il həmçinin paytaxtımız batut gimnastikası, tamblinq və ikili-mini batut üzrə Avropa çempionatına, bədii gimnastika üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnirə, bədii gimnastika üzrə dünya kubokuna və gənclər arasında Avropa üzrə Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarına evsahibliyi edib.

 

Azərbaycan Avropa Oyunlarının standartını müəyyənləşdirdi

 

Son illər böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə olduğu kimi, idmanda da mühüm uğurlara imza atıb. 2015-ci ilə nəzər yetirdikdə isə, ən böyük idman hadisəsi, sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının Bakıda keçirilməsi idi. Ölkəmiz 2 ildən çox davam etdirilən yüksəksəviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, “köhnə qitə”nin idman tarixinə möhürünü vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi.

Azərbaycan 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq, 50 ölkə arasında 2-ci yeri tutaraq növbəti dəfə güclü olduğunu göstərdi.

İlk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul edilib. AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edilib.

Prezident İlham Əliyev 2013-cü il 17 yanvar tarixində “I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədrliyi ilə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.

Bu tipli oyunlar üçün 7-8 il vaxt verilsə də, Azərbaycanın Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxtı vardı. Olimpiadanın keçirilməsində artıq böyük təcrübə mövcuddur və Beynəlxalq Olimpiya Komitəsi, demək olar ki, hər bir sahə üzrə öz göstərişlərini verir. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var. I Avropa Oyunları üçün isə heç bir təlimat və təcrübə yox idi. Belə olan halda bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın üzərinə düşürdü.

Bu müddət ərzində Bakıda yeni infrastrukturun yaradılması və Oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərdi ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırıb.

AOK-un qəbul etdiyi qərardan keçən müddətdə Oyunlara hazırlıq işlərinin sürəti və miqyası gözlənilməz səviyyədə artmışdı. Mehriban xanım Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsinin apardığı gərgin və məqsədyönlü işin səmərəsi göz önündə idi. Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi və təkmilləşdirilməsi işi dünya standartlarına uyğun və yüksək keyfiyyətlə aparılmışdı.

Cəmi iki il yarımdan da az vaxtda 5 yeni idman kompleksi tikilərək istifadəyə verildi. Bunlar Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Su İdmanı Sarayı və Veloparkdır. Yarışların keçirildiyi digər idman qurğuları isə tamamilə yenidən quruldu, ən müasir standartlara uyğunlaşdırıldı. Qısa müddətdə bu qədər işin görülməsi, həqiqətən, gərgin və fədakar zəhmət tələb edirdi. Lakin ölkəmiz ən yüksək formada bunun öhdəsindən gəlməyi bacardı.

Bakıda yeni infrastrukturun yaradılması və Oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərdi ki, Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaqla misli görünməmiş bir uğura imza atdı.

Bütün bu və ya digər məsələlər Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının Bakıda keçirilən 5 iclasında da geniş müzakirə olunmuşdu. Ümumilikdə bu toplantıların əsas məqsədi görülən işlərin hesabatı, tədbirdə iştirak edən peşəkar insanlarla təcrübə mübadiləsinin aparılması, yeni ideyaların, məsləhətləşmələrin əldə olunması idi.

Bu uğurların qazanılmasında, sözsüz ki, Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın xüsusi rolu vardı. Prezident İlham Əliyevin dediyi kimi, Təşkilat Komitəsi tərəfindən hər bir xırda məsələ ilə bağlı işlər yüksək səviyyədə görülüb. Mehriban Əliyeva bu Oyunların keçirilməsinə çox böyük töhfə verib.

Dövlət başçısı Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban xanım Əliyevanı “Heydər Əliyev” ordeni ilə təltif etdi.

 

Uğur estafeti “Bakı-2017”də davam etdirildi

 

Mehriban xanım Əliyevanın “Bakı-2015” ilə başlatdığı uğur estafeti “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında da davam etdi. Ötən il mayın 12-22-də paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. İslam dünyasının idman həyatı üçün əlamətdar olan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çox böyük uğurla yekunlaşdı. 54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla 162 medal qazanaraq birinci yeri tutdular.

2015-ci il sentyabrın 18-də Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qarşıya qoyulan vəzifələri uğurla həyata keçirdi. Ölkə rəhbərliyinin diqqət və qayğısı, Təşkilat Komitəsinin yüksək təşkilatçılığı sayəsində İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə baş tutmasına lazımi şərait yaradıldı.

Təşkilat Komitəsinin 2 il ərzində məqsədyönlü fəaliyyəti digər təşkilatlara örnək olub. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlandı və digər zəruri təşkilati tədbirlər həyata keçirildi.

Müsəlman ölkələrinin federasiya nümayəndələri, ən yaxşı idmançıları, şəhərimizin qonaqları Bakıda aparılan hazırlıq işlərindən, onlar üçün yaradılan ideal şəraitdən, insanlarımızın qonaqpərvərliyindən, bir-birindən modern idman arenalarından, xüsusən də təntənəli açılış və bağlanış mərasimlərindən heyrətə gəlmişdilər.

 

Əzmkar fəaliyyətə layiqli qiymət

 

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ərəfəsində isə Azərbaycan gimnastikası adına daha bir xoş xəbər gəldi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yüksək mükafatı ilə təltif olundu. Bu qərar FIG Şurasının Bakıda keçirilən iclasında qəbul edildi. 2020-ci ildə Tokioda baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına hazırlıq dövründə FIG-in ali orqanlarının ilk dəfə Bakıda keçirilən bu iclasında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe və vitse-prezidentlər, Şuranın Konqres tərəfindən seçilmiş üzvləri, qitələrin gimnastika federasiyalarının, FIG-in texniki komitələrinin prezidentləri və digər vəzifəli şəxslər iştirak etmişdilər.

Tədbirdə çıxış edən M.Vatanabe Azərbaycan Gimnastika Federasiyasının gördüyü işlərdən ətraflı söhbət açıb, gimnastikanın təbliği və inkişafı, ən müasir beynəlxalq standartlara uyğun gimnastika arenalarının tikintisi və təchizatı, idmançı və məşqçilərə göstərilən qayğı və onlar üçün yaradılan şərait, yarışların yüksək səviyyədə təşkili baxımından federasiyanın fəaliyyətini xüsusi qiymətləndirib. Azərbaycan Gimnastika Federasiyasının prezidenti ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-in yüksək mükafatı ilə təltif olunduğunu bildirib.

Beləliklə, I Avropa və IV İslam Həmrəyliyi Oyunlarında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qısa müddət ərzində ən yüksək təşkilatçılıq nümunəsini ortaya qoydu. Hər iki Oyunlar bütün məziyyətləri ilə müstəqil Azərbaycanı dünyaya yenidən tanıtdı, ölkəmizin təbliğində olduqca müstəsna rol oynadı. Bu baxımdan ən yüksək mükafatlarla təltif olunması Mehriban xanım Əliyevanın layiqli və mənəvi haqqıdır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.- 26 avqust.- S.14.