Almaniya Cənubi Qafqazda əsas siyasi-iqtisadi tərəfdaş kimi Azərbaycanı seçdi

 

 

 

 

Kansler Angela Merkelin səfərinin nəticələri ölkəmizin Avropa İttifaqı üçün böyük önəm daşıdığını göstərir

 

Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə münasibətlərin inkişafı prioritet istiqamətlərdən biridir. Öz növbəsində respublikamız da siyasi-iqtisadistrateji mövqeyinə görə daim Avropanın aparıcı dövlətlərinin diqqətini cəlb edib.

Bu sırada Almaniya ilə əlaqələr fərqlənir. Rəsmi Bakının xarici siyasətində Almaniya ilə münasibətlər xüsusi yer tutur. Təsadüfi deyil ki, Almaniya ilə tarixi ənənələri və yaxınlığı əsas götürərək Azərbaycan Avropada ilk səfirliyini bu ölkədə açıb.

 

Kanslerin səfəri əlaqələrə yeni təkan verəcək

 

Almaniya da Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaşı hesab edir. Ölkəmiz bir neçə məsələdə Almaniya üçün xüsusi önəm daşıyır. Bunlar rəsmi Bakının tam müstəqil siyasət yürütməsi, Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mühüm rol oynaması kimi aktual məsələlərdir. Məhz buna görə alman dövləti daim Azərbaycanın Qərbə inteqrasiyasını, Avropa İttifaqı ilə münasibətlərinin inkişafını dəstəkləyib.

Hazırda Azərbaycanla Almaniya arasında siyasi, iqtisadi və digər sahələrdə geniş əməkdaşlıq münasibətləri mövcuddur. Respublikamızın iqtisadi cəhətdən inkişaf etməsi, bölgədə və beynəlxalq aləmdə mövqeyini gücləndirməsi Almaniyada da diqqətlə izlənilir. Prezident İlham Əliyevin indiyədək Almaniyaya etdiyi işgüzar və rəsmi, o cümlədən Almaniya rəsmilərinin ölkəmizə səfərləri göstərir ki, ikitərəfli əlaqələr inkişaf edir və hər iki tərəf əməkdaşlıq tellərinin daha da dərinləşməsinə böyük maraq göstərir.

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin avqustun 25-də respublikamıza rəsmi səfəri göstərdi ki, iki dövlət arasında münasibətlər konstruktiv tərəfdaşlığa əsaslanmaqla inkişaf edir. Eyni zamanda, Angela Merkelin Azərbaycana ilk səfərinin yekunları belə bir qənaətə gəlməyə imkan verdi ki, iki ölkə arasında siyasi dialoq fəal şəkildə aparılır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, aparılmış fikir mübadiləsi gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır: “Bu, Almaniya Kanslerinin Azərbaycana ilk səfəridir, bu, tarixi bir səfərdir. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər nəticəsində Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək, bu səfər əlaqələrimizə yeni təkan verəcəkdir. Bu gün biz gündəlikdə duran bir çox məsələləri çox açıq, konstruktiv şəkildə müzakirə etdik. Əminəm ki, aparılan danışıqlar, keçirilmiş fikir mübadiləsi gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır”.

 

Azərbaycan regionda Almaniyanın ən böyük və ən vacib ticarət tərəfdaşıdır

 

Alman kanslerin Bakıya səfəri qısamüddətli olsa da, danışıqların gündəliyi kifayət qədər geniş idi. Prezident İlham Əliyevlə danışıqlarda siyasi, iqtisadi əlaqələr, ticarət münasibətləri, regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə edildi.

Ümumiyyətlə, Almaniya dünyanın siyasiiqtisadi səhnəsində aparıcı dövlətlərdən biridir. Belə ki, iqtisadiyyatının həcminə görə bu ölkə Avropada birinci, dünyada isə dördüncüdür. 1,4 trilyon dollarlıq ixracla isə dünyada ücüncüdür. İxracının həcminə görə dünyada ikinci yerdə dayanan Amerika Birləşmiş Ştatları Almaniyanı 175 milyard dollar üstünlüklə qabaqlayır.

Bu kimi yüksək iqtisadi göstəricilər Almaniyanın beynəlxalq müstəvidə siyasi baxımdan mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Təsadüfi deyil ki, bu ölkə Avropanın inkişaf etmiş ölkələrinin üzv olduğu Avropa İttifaqının da əsas söz sahibidir. Qurumun bütün siyasi-iqtisadi qərarlarında Almaniyanın mövqeyi xüsusi maraq doğurur.

Təbii ki, Almaniya ilə əlaqələrin inkişafı Azərbaycan üçünmühüm əhəmiyyət kəsb edir. Bu ölkə 1992-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini tanıyıb, həmin ilin sentyabrında isə Bakıda səfirliyini açıb. İstər 200 illik qədim münasibətlər, istərsə də Azərbaycanın müstəqilliyinin ilk illərindən yaradılan əlaqələr sonrakı dövrdə bir çox sahələrdə sürətli əməkdaşlığın həyata keçirilməsini təmin edib. Təsadüfi deyil ki, Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 70 faizə yaxını Azərbaycanın payına düşür. Bununla bağlı Bakıda olarkən Angela Merkel deyib: “Bizim ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki, bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var. Azərbaycanda xarici ticarət palatamız var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir”.

 

Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf edəcək

 

Bu gün beynəlxalq münasibətlərdə neft-qaz amili mühüm yer tutur. Bu baxımdan dünyada enerji təhlükəsizliyinin qlobal problemə çevrildiyi bir vaxtda Avropa İttifaqının üzvü olan Almaniya da müəyyən narahatlıq keçirməyə bilməz. Dünyanın siyasi qütbləri arasında münasibətlərin indiki axarla davam etdiyineft-qaz amilinin siyasi münasibətlərə mühüm təsir göstərdiyi bir vaxtda isə enerji təhlükəsizliyi hər bir dövlət üçün böyük önəm kəsb edir. Elə Almaniyanın özünün milli maraqları çərçivəsindən çıxış edərək alternativ enerji mənbələrinə maraq göstərməsi başadüşüləndir.

Təsadüfi deyil ki, Angela Merkel Bakıda mətbuat konfransında Azərbaycanın Avropa İttifaqının enerji şaxələndirilməsində güclü bir amil olduğunu bildirdi. Onun sözlərinə görə, “Cənub qaz dəhlizi”nin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq. Kansler həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını da yüksək qiymətləndirdi. Əlavə etdi ki, bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq. Göründüyü kimi, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr Avropada, o cümlədən Almaniyada maraqla qarşılanır və yüksək qiymətləndirilir.

Danışıqlarda müzakirə olunan demokratik məsələlərə gəldikdə isə, Prezident İlham Əliyevin dediyi kimi, biz bu yola şüurlu şəkildə getmişik, heç kim bizi məcbur etməyib: “Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf edəcək, bizim siyasiiqtisadi islahatlarımız bir-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaqdır”.

Bu gün Azərbaycanın yeganə həll olunmamış problemi ərazilərinin işğal altında qalmasıdır. Düzdür, ölkəmizin hərbi qüdrəti müharibə yolu ilə torpaqların qaytarılmasına tam imkan verir. Hələlik isə Azərbaycan danışıqlar prosesinə sadiqdir. Angela Merkelin Bakı səfərində Dağlıq Qarabağ problemindən də danışıldı.

Təbii ki, Azərbaycan cəmiyyəti insan hüquqlarını rəhbər tutan Almaniya Kanslerindən Dağlıq Qarabağ probleminin yoluna qoyulmasında obyektiv mövqe gözləyir. Çünki Dağlıq Qarabağ problemi Azərbaycan ərazilərinin işğalı, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşərək yaşamaq və mülkiyyət hüquqlarının pozulması deməkdir. Ona görə də insan hüquqlarına dəyər verən Almaniya dövləti Ermənistanın işğalı nəticəsində məcburi köçkünə çevrilmiş azərbaycanlıların hüquqlarının bərpasında, işğala son qoyulmasında səmimi və prinsipial olmaqdan çəkinməməlidir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 28 avqust.- S.1;6.