Şamaxı şəhərində əhalinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına dair
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Şamaxıda bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Müalicə-Diaqnostika Mərkəzi, Şəhər İncəsənət Təhsil Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 48 mənzilli 3 yaşayış binası inşa edilmiş, Şamaxı Olimpiya Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Şamaxı Cümə Məscidi, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq-Gənclər Şahmat Məktəbi, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, 44 ümumtəhsil müəssisəsi istifadəyə verilmiş, şəhərin içməli su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal müəssisələri yaradılmış, 16 mindən çox yeni iş yeri açılmışdır. Bundan başqa, turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilmiş, ən müasir tələblərə cavab verən “Shamakhi Palace” mehmanxanası, “Sakit Göl” istirahət mərkəzi tikilmiş, “Şirvan” mehmanxanası yenidən qurulmuş, Dəmirçi kəndində müasir turizm infrastrukturu, Arxeologiya Muzeyi, 620 hektar sahədə Şamaxı Safari Parkı yaradılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Şamaxı şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Şamaxı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust
2018-ci il
Azərbaycan.- 2018.- 28
avqust.- S.5.