Azərbaycan Respublikasında
dövlət daktiloskopik və genom qeydiyyatı haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir.
FƏSİL 1
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1.0.1. dövlət daktiloskopik qeydiyyatı - insan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət;
1.0.2. daktiloskopik məlumat - insanın şəxsiyyətini müəyyən etməyə imkan verən, onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumat;
1.0.3. daktiloskopik məlumat bankı - maddi daşıyıcılarda olan daktiloskopik məlumatların sistemləşdirilmiş məcmusu;
1.0.4. dövlət genom qeydiyyatı - insan şəxsiyyətinin eyniləşdirilməsi üçün genetik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət;
1.0.5. genetik məlumat - insanın şəxsiyyətini müəyyən etməyə imkan verən dezoksiribonuklein turşusu (bundan sonra - DNT) analizinin keçirilməsi ilə əldə edilən məlumat;
1.0.6. bioloji material - aşkar olunmuş, insandan, naməlum meyitdən DNT analizinin keçirilməsi məqsədilə götürülmüş qan, tüpürcək, tük, dırnaq, dəri, tər, sperma, orqanizmin digər ifrazatları, diş, sümük və digər toxuma nümunələri;
1.0.7. genetik identifikasiya - DNT Məlumat Bankına verilmiş bioloji materialın mənsub olduğu şəxsin, habelə bədən hissələrinin mənsubluğunun müəyyənləşdirilməsi üçün aparılan sorğu-axtarış işləri üzrə tədbirlər;
1.0.8. genetik verifikasiya - verilmiş bioloji material ilə DNT Məlumat Bankında olan məlumatın müqayisəsi üzrə tədbirlər;
1.0.9. DNT profili - insan şəxsiyyətinin eyniləşdirilməsinə imkan verən, genetik identifikasiya və verifikasiya məqsədi ilə məlumat bankında toplanılan, saxlanılan, işlənilən və istifadə olunan fərdi məlumat;
1.0.10. DNT
Məlumat Bankı - DNT profillərinin maddi
daşıyıcılarda olan sistemləşdirilmiş məcmusu;
1.0.11. naməlum meyit - şəxsiyyəti müəyyənləşdirilməmiş
ölü insanın bədəni (bədən hissələri).
Maddə 2. Dövlət daktiloskopik və genom qeydiyyatının məqsədi
Azərbaycan Respublikasında dövlət daktiloskopik və
genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında
insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə
aparılır.
Maddə 3. Dövlət daktiloskopik və genom qeydiyyatı
haqqında qanunvericilik
3.1.
Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında
qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən, bu qanundan və digər
normativ hüquqi aktlardan ibarətdir.
3.2.
Daktiloskopik və genetik məlumatlar fərdi məlumatların
tərkib hissəsi olmaqla, onların toplanılması, işlənilməsi
və mühafizəsi qaydaları, həmçinin “Fərdi məlumatlar
haqqında” və “Biometrik informasiya haqqında” Azərbaycan
Respublikasının qanunları ilə müəyyən
edilir.
Maddə 4. Dövlət daktiloskopik və genom qeydiyyatının
prinsipləri
4.1.
Dövlət daktiloskopik və genom qeydiyyatı Azərbaycan
Respublikası Konstitusiyasında təsbit edilmiş insan
hüquq və azadlıqlarına riayət edilməklə
qanunçuluq, konfidensiallıq və
könüllülüyün məcburiliklə
uzlaşdırılması prinsiplərinə müvafiq həyata
keçirilir.
4.2. Dövlət
daktiloskopik və genom qeydiyyatının aparılması, eləcə
də daktiloskopik və genetik məlumatların
toplanılması, işlənilməsi, istifadəsi və
mühafizəsi prosesində insanın həyat və
sağlamlığı üçün təhlükə
yaradılmasına, onun şərəf və ləyaqətinin
alçaldılmasına yol verilmir.
FƏSİL
2
DÖVLƏT
DAKTİLOSKOPİK QEYDİYYATININ APARILMASI
Maddə 5. Daktiloskopik məlumatlardan istifadə
5.0.
Dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində
əldə olunan məlumatlar aşağıdakı məqsədlər
üçün istifadə edilir:
5.0.1. itkin düşmüş şəxslərin
axtarışı;
5.0.2. naməlum meyitə əsasən insan şəxsiyyətinin
müəyyənləşdirilməsi;
5.0.3. şəxsiyyətinin başqa üsullarla
müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə
və ya yaşına görə özü haqqında məlumat
vermək qabiliyyətinə malik olmayan şəxslərin
şəxsiyyətinin müəyyənləşdirilməsi;
5.0.4. cinayətlərin və inzibati xətaların
qarşısının alınması, aşkar edilməsi və
araşdırılması.
Maddə 6. Dövlət daktiloskopik qeydiyyatının növləri
Bu qanuna müvafiq olaraq məcburi və ya
könüllü dövlət daktiloskopik qeydiyyatı
aparılır.
Maddə 7. Məcburi dövlət daktiloskopik qeydiyyatı
7.1.
Aşağıdakı şəxslər məcburi dövlət
daktiloskopik qeydiyyatından keçirilir:
7.1.1. ümumvətəndaş, xidməti və ya
diplomatik pasport alan Azərbaycan Respublikasının vətəndaşları
(15 yaşı tamam olmamış vətəndaşlar istisna
olmaqla);
7.1.2. müddətli həqiqi hərbi xidmətə
çağırılan Azərbaycan Respublikasının vətəndaşları;
7.1.3. sərnişin və yük
daşımalarını həyata keçirən nəqliyyat
heyətinin üzvləri;
7.1.4. mədən və şaxtalarda, dənizdə
işləyən, habelə dənizdəki obyektlərə
ezam olunan əməkdaşlar;
7.1.5. şəxsiyyətinin başqa üsullarla
müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə
və ya yaşına görə özü haqqında məlumat
vermək qabiliyyətinə malik olmayan şəxslər;
7.1.6. cinayət törətməkdə şübhəli
bilinən, təqsirləndirilən və ya məhkum
olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslər;
7.1.7. müvəqqəti və ya daimi yaşamaq icazəsinin
alınması üçün müraciət etmiş əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
(15 yaşı tamam olmamış uşaqlar istisna olmaqla);
7.1.8. Azərbaycan
Respublikasının Cinayət, İnzibati Xətalar və
Miqrasiya məcəllələrinə uyğun olaraq Azərbaycan
Respublikasının hüdudlarından kənara
çıxarılmalı olan, habelə qanunsuz miqrantların
saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər;
7.1.9. Azərbaycan Respublikasında siyasi
sığınacaq almaq, habelə qaçqın statusu əldə
etmək barədə vəsatət vermiş şəxslər.
7.2. Naməlum
meyitlər də məcburi dövlət daktiloskopik
qeydiyyatından keçirilməlidirlər.
7.3. Məcburi
dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən aparılır.
7.4.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
alınmış daktiloskopik məlumatın maddi
daşıyıcılarının nüsxəsi ölkə
üzrə vahid məlumat bankında saxlanılması
üçün müvafiq icra hakimiyyəti orqanına
göndərilir.
7.5. Bu
qanunun 7.4-cü maddəsinə uyğun olaraq göndərilən
nüsxədə aşağıdakılar qeyd
olunmalıdır:
7.5.1. məcburi dövlət daktiloskopik
qeydiyyatından keçirilmiş şəxsin fərdi
identifikasiya nömrəsi, soyadı, adı, atasının
adı, vətəndaşlığı, cinsi,
doğulduğu yer və tarix, şəxsin
yaşadığı və ya olduğu yer üzrə
qeydiyyatı haqqında məlumatlar;
7.5.2. dövlət daktiloskopik qeydiyyatının
aparılmasının əsası və tarixi;
7.5.3. daktiloskopik məlumatı hazırlamış
müvafiq icra hakimiyyəti orqanının adı.
Maddə 8. Könüllü dövlət daktiloskopik qeydiyyatı
8.1. Azərbaycan Respublikasının vətəndaşları,
Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
könüllü dövlət daktiloskopik qeydiyyatından
keçmək hüququna malikdirlər.
8.2. Şəxslərin
könüllü dövlət daktiloskopik qeydiyyatı
onların yazılı ərizələrinə əsasən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
aparılır.
8.3. Məhkəmə
tərəfindən fəaliyyət qabiliyyəti olmayan
sayılmış Azərbaycan Respublikası vətəndaşlarının,
həmçinin yetkinlik yaşına çatmayanların
dövlət daktiloskopik qeydiyyatı onların qanuni nümayəndələrinin
yazılı ərizələri əsasında
aparılır. Məhkəmə tərəfindən
fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan
Respublikası vətəndaşlarından, həmçinin
yetkinlik yaşına çatmayanlardan əl barmaq izlərinin
götürülməsi onların qanuni nümayəndələrinin
iştirakı ilə həyata keçirilir.
8.4.
Könüllü dövlət daktiloskopik qeydiyyatı
aparılarkən “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda
rüsum tutulur.
Maddə 9. Daktiloskopik məlumatların saxlanılması və
istifadəsinin əsas tələbləri
9.1.
Daktiloskopik məlumatların saxlanılması və istifadə
edilməsi şərtləri onların silinməməsini,
itirilməməsini, təhrif olunmamasını və icazəsi
olmayan şəxslər tərəfindən ələ
keçirilməməsini təmin etməlidir.
9.2.
Daktiloskopik məlumatların saxlanılması, uçotu,
mühafizəsi və verilməsi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən, həmin məlumatlardan istifadə
isə bu qanunun 19.1-ci maddəsində nəzərdə tutulan
dövlət orqanları tərəfindən bu qanunun tələblərinə
riayət etməklə həyata keçirilir.
9.3. Bu
qanunun 9.2-ci maddəsində nəzərdə tutulan dövlət
orqanları xidməti konfidensiallıq rejimində daktiloskopik məlumatların
mühafizəsini təmin edir, onların vəzifəli şəxsləri
isə həmin məlumatların saxlanılması
qaydalarını pozmağa və qeyri-qanuni istifadə edilməsinə
görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 10. Daktiloskopik məlumatların saxlanılması müddətləri
10.0. Maddi
daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatlar
müvafiq icra hakimiyyəti orqanında aşağıdakı
müddətdə saxlanılır:
10.0.1. bu qanunun 7.1.1-7.1.4-cü və 7.1.6-7.1.9-cu maddələrində
göstərilən şəxslər haqqında məlumatlar
(bu qanunun 11.2-ci maddəsində qeyd edilmiş hallar istisna
olmaqla) onların doğum tarixindən 100 il müddətində
və ya ölüm faktı müəyyən edilənədək;
10.0.2. bu qanunun 7.1.5-ci və 7.2-ci maddələrində
göstərilən şəxslər və naməlum meyitlər
haqqında məlumatlar onların şəxsiyyəti müəyyən
edilənə qədər (lakin 80 ildən çox olmamaqla).
Maddə 11. Daktiloskopik məlumatların məhv edilməsi
11.1.
Könüllü dövlət daktiloskopik qeydiyyatının
aparılması nəticəsində alınmış
daktiloskopik məlumatlar onların saxlanılmasını həyata
keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həmin qeydiyyatı keçmiş şəxsin, məhkəmə
tərəfindən fəaliyyət qabiliyyəti olmayan
sayılmış vətəndaşlara və yetkinlik
yaşına çatmayanlara münasibətdə isə
onların qanuni nümayəndələrinin yazılı ərizələrinə
əsasən məhv edilir. Müvafiq icra hakimiyyəti
orqanı daktiloskopik məlumatları məhv edərək bu
barədə 30 gündən gec olmayaraq ərizəçiyə
məlumat verir.
11.2. Bu
qanunun 7.1.6-cı maddəsində göstərilən şəxslər
haqqında daktiloskopik məlumatlar həmin şəxslər
barəsində aparılan cinayət təqibinə bəraətverici
əsaslarla xitam verildikdən və ya məhkəmənin bəraət
hökmü qanuni qüvvəyə mindikdən, habelə
inzibati xətalar haqqında işlər üzrə icraata
xitam verildikdən (inzibati məsuliyyətə cəlb etmə
müddətlərinin başa çatması ilə əlaqədar
icraata xitam verildiyi hallar istisna olmaqla) sonra 30 gündən gec
olmayaraq məhv edilir.
11.3. Məcburi
dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində
alınmış daktiloskopik məlumatlar bu qanunun 10-cu maddəsində
göstərilən saxlama müddətləri keçdikdən
sonra məhv edilir.
FƏSİL
3
DÖVLƏT
GENOM QEYDİYYATININ APARILMASI
Maddə 12. Genetik məlumatlardan istifadə
12.0.
Dövlət genom qeydiyyatının aparılması nəticəsində
əldə olunan məlumatlar aşağıdakı məqsədlər
üçün istifadə edilir:
12.0.1. itkin düşmüş şəxslərin
axtarışı;
12.0.2. naməlum meyitə əsasən insan şəxsiyyətinin
müəyyənləşdirilməsi;
12.0.3. şəxsiyyətinin başqa üsullarla
müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə
və ya yaşına görə özü haqqında məlumat
vermək qabiliyyətinə malik olmayan şəxslərin
şəxsiyyətinin müəyyənləşdirilməsi;
12.0.4. cinayətlərin və inzibati xətaların
qarşısının alınması, aşkar edilməsi və
araşdırılması;
12.0.5. qohumluq əlaqələrinin qiymətləndirilməsi.
Maddə 13. Dövlət genom qeydiyyatının növləri
Bu qanuna müvafiq olaraq məcburi və ya
könüllü dövlət genom qeydiyyatı aparılır.
Maddə 14. Məcburi dövlət genom qeydiyyatı
14.1.
Aşağıdakı şəxslər məcburi dövlət
genom qeydiyyatından keçirilir:
14.1.1. ağır və ya xüsusilə ağır,
həmçinin şəxsiyyətin cinsi
toxunulmazlığı və cinsi azadlığı əleyhinə
cinayət törətməkdə şübhəli bilinən,
təqsirləndirilən və ya belə cinayətə
görə məhkum olunmuş şəxslər;
14.1.2. şəxsiyyətinin başqa üsullarla
müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə
və ya yaşına görə özü haqqında məlumat
vermək qabiliyyətinə malik olmayan şəxslər;
14.1.3. xəbərsiz itkin düşmüş şəxslərin
bioloji qohumları (bioloji valideynlər və ya övladları
ilə birlikdə ər (arvad).
14.2. Naməlum
meyitlər də məcburi dövlət genom qeydiyyatından
keçirilməlidirlər.
14.3. Bu
qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə
tutulan şəxslərdən və naməlum meyitlərdən
bioloji material müvafiq icra hakimiyyəti orqanı tərəfindən
götürülür.
14.4.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə
olunmuş bioloji material və məlumat DNT analizinin
aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat
Bankında saxlanılması üçün müvafiq icra
hakimiyyəti orqanına göndərilir.
14.5. Bu
qanunun 14.4-cü maddəsinə uyğun olaraq göndərilən
bioloji materialın məlumatında aşağıdakılar
qeyd olunmalıdır:
14.5.1. məcburi dövlət genom qeydiyyatından
keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi,
soyadı, adı, atasının adı, vətəndaşlığı,
cinsi, doğulduğu yer və tarix, şəxsin
yaşadığı və ya olduğu yer üzrə
qeydiyyatı haqqında məlumatlar;
14.5.2. genom qeydiyyatının aparılmasının əsası
və tarixi;
14.5.3. bioloji materialı götürmüş və
məlumatı hazırlamış müvafiq icra hakimiyyəti
orqanının adı.
14.6. DNT
analizinin aparılması üçün bioloji materialın
götürülməsi, onun uçotu, saxlanılması,
istifadəsi, verilməsi və məhv edilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 15. Könüllü dövlət genom qeydiyyatı
15.1. Azərbaycan Respublikasının vətəndaşları,
Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
könüllü dövlət genom qeydiyyatından keçmək
hüququna malikdirlər.
15.2.
Şəxslərin könüllü dövlət genom
qeydiyyatı onların yazılı ərizələrinə əsasən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
aparılır.
15.3. Məhkəmə
tərəfindən fəaliyyət qabiliyyəti olmayan
sayılmış Azərbaycan Respublikası vətəndaşlarının,
həmçinin yetkinlik yaşına çatmayanların
dövlət genom qeydiyyatı onların qanuni nümayəndələrinin
yazılı ərizələri əsasında
aparılır. Məhkəmə tərəfindən
fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan
Respublikası vətəndaşlarından, həmçinin
yetkinlik yaşına çatmayanlardan bioloji materialın
götürülməsi onların qanuni nümayəndələrinin
iştirakı ilə həyata keçirilir.
15.4.
Könüllü dövlət genom qeydiyyatı aparılarkən
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası
Qanunu ilə müəyyən edilmiş miqdarda rüsum
tutulur.
Maddə 16. Genetik məlumatların saxlanılması və istifadəsinin
əsas tələbləri
16.1.
Genetik məlumatların saxlanılması və istifadə
edilməsi şərtləri onların silinməməsini,
itirilməməsini, təhrif olunmamasını və icazəsi
olmayan şəxslər tərəfindən ələ
keçirilməməsini təmin etməlidir.
16.2.
Genetik məlumatların saxlanılması, uçotu,
mühafizəsi və verilməsi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən, həmin məlumatlardan istifadə
isə bu qanunun 19.1-ci maddəsində nəzərdə tutulan
dövlət orqanları tərəfindən bu qanunun tələblərinə
riayət etməklə həyata keçirilir.
16.3. Bu
qanunun 16.2-ci maddəsində nəzərdə tutulan dövlət
orqanları xidməti konfidensiallıq rejimində genetik məlumatların
mühafizəsini təmin edir, onların vəzifəli şəxsləri
isə həmin məlumatların saxlanılması
qaydalarını pozmağa və qeyri-qanuni istifadə edilməsinə
görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 17. Genetik məlumatların saxlanılması müddətləri
17.0. DNT Məlumat
Bankında əksini tapmış genetik məlumatlar
aşağıdakı müddətdə saxlanılır:
17.0.1. bu qanunun 14.1.1-ci maddəsində göstərilən
şəxslər haqqında məlumatlar onların doğum
tarixindən 100 il müddətində və ya ölüm
faktı müəyyən edilənədək;
17.0.2. bu qanunun 14.1.3-cü maddəsində göstərilən
şəxslər haqqında məlumatlar xəbərsiz itkin
düşmüş şəxsin doğum tarixindən 100 il
müddətində və ya həmin şəxslər
tapılanadək;
17.0.3. bu qanunun 14.1.2-ci və 14.2-ci maddələrində
göstərilən şəxslər və naməlum meyitlər
haqqında məlumatlar onların şəxsiyyəti müəyyən
edilənə qədər (lakin 80 ildən çox olmamaqla).
Maddə 18. Genetik məlumatların məhv edilməsi
18.1.
Könüllü dövlət genom qeydiyyatının
aparılması nəticəsində alınmış genetik
məlumatlar onun saxlanılmasını həyata keçirən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin
qeydiyyatı keçmiş şəxsin, məhkəmə tərəfindən
fəaliyyət qabiliyyəti olmayan sayılmış vətəndaşlara
və yetkinlik yaşına çatmayanlara münasibətdə
isə onların qanuni nümayəndələrinin
yazılı ərizələrinə əsasən məhv
edilir. Müvafiq icra hakimiyyəti orqanı
genetik məlumatları məhv edərək bu barədə 30
gündən gec olmayaraq ərizəçiyə məlumat
verir.
18.2. Məcburi
dövlət genom qeydiyyatının aparılması nəticəsində
alınmış genetik məlumatlar bu qanunun 17-ci maddəsində
göstərilən saxlama müddətləri keçdikdən
sonra məhv edilir.
FƏSİL
4
YEKUN
MÜDDƏALAR
Maddə 19. Daktiloskopik və genetik məlumatlardan istifadə
hüququ
19.1. Məhkəmələr,
prokurorluq orqanları, ibtidai istintaq, təhqiqat orqanları, əməliyyat-axtarış
fəaliyyətini həyata keçirən orqanlar, miqrasiya
orqanları daktiloskopik və genetik məlumatlardan istifadə
etmək hüququna malikdirlər.
19.2. Daktiloskopik Məlumat Bankında və DNT məlumat
bankında saxlanılan məlumatlar xarici dövlətlərin
dövlət orqanlarına Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq verilə bilər.
Maddə 20. Qanunun pozulmasına görə məsuliyyət
20.1. Bu qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
20.2. Dövlət daktiloskopik və genom qeydiyyatını aparan orqanların və vəzifəli şəxslərin insan və vətəndaşların hüquq və azadlıqlarını pozan qərarından, hərəkət və (və ya) hərəkətsizliyindən inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.
Maddə 21. Qanunun qüvvəyə minməsi
21.1. Bu qanun 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir.
21.2. Bu qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3 (I kitab), maddə 147; 2009, ¹ 12, maddə 956; 2015, ¹ 10, maddə 1105) ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2018-ci il
Azərbaycan.- 2018.- 30 avqust.- S.5.