Azərbaycan-Türkiyə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu var

 

Avqustun 29-da Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

AZƏRTAC xəbər verir ki, Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlayan Oqtay Əsədov qardaş ölkədə bu il iyunun 24-də keçirilən seçkilərdə AKP-nin inamlı qələbəsi münasibətilə Binəli Yıldırıma təbriklərini çatdırıb və həmin seçkilərin Türkiyədə yeni siyasi sistemin bərqərar olması üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Əmin olduğunu bildirib ki, Türkiyə Cümhuriyyəti bundan sonra daha sürətlə inkişaf edəcək və dünyanın ən qüdrətli dövlətləri sırasında öz yerini möhkəmləndirəcək.

Azərbaycan-Türkiyə münasibətlərindən məmnunluqla söz açan Milli Məclisin sədri siyasi, iqtisadi, ticarət və digər sahələrdə daim inkişaf edən əlaqələrə toxunub. Strateji tərəfdaşlıq sayəsində bir sıra qlobal layihələrin həyata keçirildiyini, o cümlədən bu il reallaşdırılan TANAP qaz kəmərinin də xalqlarımızın rifahına xidmət edəcəyini vurğulayıb.

Sədr Oqtay Əsədov Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını qeyd edib, dostluq qruplarının fəaliyyətindən söz açıb. Əməkdaşlığı daha da dərinləşdirmək məqsədilə Azərbaycan-Türkiyə Parlamentlərarası Əməkdaşlıq Komitəsinin yaradılmasını təklif edib. Ölkələrimiz arasında çoxşaxəli əlaqələri genişləndirmək üçün kifayət qədər potensial olduğunu diqqətə çatdırıb.

Görüşdə nümayəndə heyətinin başçısı, TBMM-in sədri Binəli Yıldırım əlaqələrimizin son 25 ildəki inkişaf dinamikasından, habelə qarşılıqlı sərmayə yatırımlarının faydasından, ticarət əlaqələrimizin artmasından bəhs edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, həmçinin TANAP layihəsinin bütün Avrasiya regionu üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Binəli Yıldırım həmkarı Oqtay Əsədovun irəli sürdüyü Azərbaycan-Türkiyə Parlamentlərarası Əməkdaşlıq Komitəsinin yaradılması təşəbbüsünü dəstəkləyib. Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Parlamentinin 100 illik yubileylərindən qürur duyduqlarını və bu münasibətlə Bakıda keçiriləcək bayram tədbirlərində iştirak edəcəklərini bildirib.

 

Azərbaycan.- 2018.- 30 avqust.- S.2.