Azərbaycan Respublikasının Gənclər
Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun
vəsaiti hesabına güzəştli kreditlərin verilməsi
Qaydası
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 29 avqust tarixli fərmanı ilə təsdiq
edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra - Fond) vəsaitindən istifadə mexanizmini və şərtlərini müəyyən edir, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi, qrant müsabiqələri əsasında layihələrin maliyyələşdirilməsi, maliyyələşdirilmək üçün təqdim olunmuş layihələr üzrə ərizələrin qəbulu, həmin layihələrin ekspertizasının keçirilməsi, onların maliyyələşdirilməsi və monitorinqi məsələlərini tənzimləyir.
1.2. Fondun vəsaiti qrant müsabiqələri əsasında gənclər siyasəti sahəsində proqram və layihələrin, sosial müdafiəyə xüsusi ehtiyacı olan gənclərin təhsil aldıqları müddətdə təhsil xərclərinin, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının, əmək bazarına daxil olmaqda çətinlik çəkən gənclərin əməkhaqlarının 12 (on iki) aydan çox olmayan müddətdə qismən maliyyələşdirilməsinə və innovativ (startap) layihələrin maliyyələşdirilməsi üçün güzəştli kreditlərin ayrılmasına, habelə Fondun Nizamnaməsində nəzərdə tutulmuş digər istiqamətlərə yönəldilir.
1.3. Qaytarılan güzəştli kreditlər, habelə digər daxilolmalar Fondun hesabında saxlanılır və həmin vəsaitdən bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlər üçün, yaxud Fondun Nizamnaməsi ilə qadağan olunmayan digər istiqamətlərdə istifadə edilir.
2. Fondun vəsaitindən istifadə istiqamətləri
2.1. Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə edilir:
2.1.1. 16-29 yaşlarında olan Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra - gənclər) təqdim etdikləri innovativ (startap) layihələrin maliyyələşdirilməsi üçün Fondun vəsaiti (qrantlar istisna olmaqla) hesabına müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatı) vasitəsilə güzəştli kreditlərin ayrılması;
2.1.2. gənclər və gənclər təşkilatlarının gənclər siyasəti ilə bağlı proqram və layihələrinin qrant müsabiqəsi əsasında maliyyələşdirilməsi;
2.1.3. sosial müdafiəyə xüsusi ehtiyacı olub təhsil alan gənclərin təhsil müddətində təhsil xərclərinin ödənilməsi;
2.1.4. gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənlə bağlanmış razılaşma müqaviləsinə uyğun olaraq, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqının 12 (on iki) aydan çox olmayan müddət ərzində Fondun vəsaiti hesabına qismən maliyyələşdirilməsi;
2.1.5. ixtisas və təhsil proqramlarına ölkənin ehtiyacları nəzərə alınmaqla, gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi;
2.1.6. Fondun Nizamnaməsində nəzərdə tutulmuş digər istiqamətlərdə layihələrin və tədbirlərin maliyyələşdirilməsi.
2.2. Bu Qaydanın 2.1.1-2.1.6-cı yarımbəndlərində nəzərdə tutulan maliyyələşmə istiqamətlərinə dair ümumi tələblər bu Qayda ilə müəyyən edilir.
2.3. Bu Qaydanın 2.1.2-ci bəndində nəzərdə tutulan qrant müsabiqələri, bu Qaydanın tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir.
2.4. Bu Qaydanın 2.1.1-ci, 2.1.3-2.1.6-cı yarımbəndlərində nəzərdə tutulan maliyyələşmənin həyata keçirilməsi ilə bağlı bu Qayda ilə tənzimlənməyən digər məsələlər Fondun Müşahidə Şurasının (bundan sonra - Şura) təsdiq etdiyi qaydalarla tənzimlənir.
2.5. Bu Qaydanın 2.1.1-2.1.6-cı yarımbəndlərində nəzərdə tutulan maliyyələşmə istiqamətləri çərçivəsində Fonddan vəsait ayrılması üçün seçilmiş gənclərin və gənclər təşkilatlarının siyahısı mütəmadi yenilənməklə Fondun rəsmi internet saytında yerləşdirilir.
3. Müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsi
3.1. Fond gənclərin innovativ (startap) layihələri üçün bu Qaydanın 2.1.1-ci yarımbəndinə uyğun olaraq güzəştli kreditlər ayırır.
3.2. Fondun vəsaitindən gənclərə güzəştli kreditlərin verilməsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra - Nəzarət Palatası) lisenziya verdiyi və Şuranın müəyyən etdiyi meyarlara uyğun olan müvəkkil kredit təşkilatı vasitəsilə həyata keçirilir.
3.3. Gənclərə güzəştli kreditlər müvəkkil kredit təşkilatının öz adından və öz riskləri hesabına verilir.
3.4. Gənclərə güzəştli kreditlərin ayrılması ilə bağlı Fondla müvəkkil kredit təşkilatı arasında münasibətlər tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.
3.5. Müvəkkil kredit təşkilatına Fondun vəsaiti hesabına güzəştli kreditlərin ayrılması aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir:
3.5.1. müvəkkil kredit təşkilatının Fonddan cəlb etdiyi vəsaitin ümumi məbləğinin qalığı onun nizamnamə kapitalının ən çoxu 100 (yüz) faizini təşkil etməlidir;
3.5.2. müvəkkil kredit təşkilatı istifadə etdiyi vəsait üzrə əsas borcu və hesablanmış faizləri, Fondla bağladığı müqaviləyə uyğun olaraq, hər ay üçün növbəti ayın 3 (üç) bank günündən gec olmayaraq Fonda ödəməlidir;
3.5.3. kreditgötürənin güzəştli kredit üzrə ödənişləri həyata keçirməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidir, əks halda müvəkkil kredit təşkilatı Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəməlidir və müvəkkil kredit təşkilatı 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə, Fond vəsaitinin qaytarılması üçün tədbirlər görür;
3.5.4. müvəkkil kredit təşkilatının kreditgötürənə bank qanunvericiliyi və bu Qayda ilə müəyyən olunmuş şərtlərdən başqa digər şərtlər (əlavə faizlərin ödənilməsi və s.) irəli sürməsinə yol verilmir və belə hallar aşkar edildikdə Fond müvəkkil kredit təşkilatına yeni vəsaitin ayrılmasını dayandırır və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edir.
3.6. Vəsaitin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə Nəzarət Palatası müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə məlumatı hər il fevral ayının 1-dək, həmin göstəricilərdə il ərzində baş verən dəyişikliklər barədə məlumatı isə mütəmadi olaraq Fonda təqdim edir.
3.7. Müvəkkil kredit təşkilatı ayrılmış vəsaiti ilin sonuna 3 (üç) ay qalanadək tam istifadə etmədikdə, vəsaitin istifadə olunmayan hissəsinə vəsait ayrılan tarixdən etibarən oktyabr ayının 1-dək hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır və istifadə olunmamış vəsait Şuranın qərarı ilə digər müvəkkil kredit təşkilatlarına ayrılır.
4. Güzəştli kreditlərin ayrılması və onlardan istifadə edilməsi
4.1. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün gənclər müvəkkil kredit təşkilatına ərizə ilə müraciət edirlər.
4.2. Müvəkkil kredit təşkilatı gənclərin müraciətlərini qeydiyyata alır və müraciətin qeydiyyata alınmasını təsdiq edən sənədi onlara təqdim edir.
4.3. Müvəkkil kredit təşkilatı 10 (on) bank günündən gec olmayaraq, öz biznes maraqlarına və Şuranın müəyyən etdiyi innovativ (startap) layihələrinin tərtib olunmasına dair minimal tələblərə və qiymətləndirmə meyarlarına əsaslanaraq, təqdim olunmuş layihələri təhlil edərək müsbət qiymətləndirdiyi layihələrə dair məlumatları və sənədləri Fonda təqdim edir.
4.4. Güzəştli kredit almaq üçün təqdim olunmuş layihə mənfi qiymətləndirildiyi halda, müvəkkil kredit təşkilatı həmin layihəni təqdim etmiş şəxsə 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu təqdim etməlidir.
4.5. Fond 10 (on) bank günü müddətində Fondun vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və Şuranın müəyyən etdiyi qaydada müvəkkil kredit təşkilatlarının təqdim etdiyi layihələrin ilkin monitorinqini həyata keçirir.
4.6. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə qərar qəbul edir və bu barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.
4.7. Müvəkkil kredit təşkilatı müraciətin təmin olunması barədə Fondun müsbət qərarına əsasən gənclərə güzəştli kreditin ayrılmasına dair qərar qəbul edir.
4.8. Güzəştli kredit almaq üçün müraciət etmiş şəxslə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir və Fond 3 (üç) bank günü ərzində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir.
4.9. Fondun ayırdığı vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti güzəştli kredit almaq üçün müraciət etmiş şəxsin hesabına köçürür və bu barədə Fonda və həmin şəxsə məlumat verir.
4.10. Müvəkkil kredit təşkilatı hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq, güzəştli kredit almaq üçün müraciət etmiş şəxslər barədə Fonda məlumat verməlidir.
4.11. Bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq müvəkkil kredit təşkilatının müsbət qiymətləndirdiyi layihələrə dair məlumatların və sənədlərin, eləcə də bu Qaydanın 4.10-cu bəndində nəzərdə tutulan məlumatların siyahısını Fond müəyyən edir.
4.12. Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilir:
4.12.1. 1 000 manatdan 10 000 manatadək - kiçikhəcmli kreditlər;
4.12.2. 10 001 manatdan 25 000 manatadək - ortahəcmli kreditlər;
4.12.3. 25 001 manatdan 50 000 manatadək - böyükhəcmli kreditlər.
4.13. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:
4.13.1. kiçikhəcmli kreditlər üçün - 1 (bir) ilədək;
4.13.2. ortahəcmli kreditlər üçün - 3 (üç) ilədək;
4.13.3. böyükhəcmli kreditlər üçün - 5 (beş) ilədək.
4.14. Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir.
4.15. Müvəkkil kredit təşkilatının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.
4.16. Fond cari il üzrə hər bir müvəkkil kredit təşkilatı üçün kredit xəttini onun sifarişi əsasında müəyyən edir və kredit vəsaitini layihənin icra tələbindən asılı olaraq tam və ya mərhələli şəkildə ayırır.
4.17. Müvəkkil kredit təşkilatına kredit vəsaiti bu Qaydanın 4.12-ci və 4.13-cü bəndləri ilə müəyyən edilmiş məbləğdə və müddətlərdə verilir. Müvəkkil kredit təşkilatı kredit vəsaitini tam istifadə etdiyi halda yeni kredit xəttinin açılması və ya mövcud kredit xəttinin artırılması üçün müraciət etmək hüququna malikdir.
4.18. Müvəkkil kredit təşkilatının kreditgötürənin müraciəti əsasında kreditlərdən istifadə üzrə kredit müddətinin yarısından çox olmamaq şərtilə güzəşt müddəti müəyyən etmək hüququ vardır.
4.19. Bu Qaydanın 4.18-ci bəndində nəzərdə tutulan güzəşt müddəti ərzində kreditgötürəndən yalnız faiz borclarının ödənilməsi tələb olunur.
4.20. Müvəkkil kredit təşkilatı bu Qaydanın 4.18-ci bəndinə uyğun olaraq müəyyən etdiyi hər bir güzəşt müddəti barədə Fonda məlumat verməlidir.
5. Kreditgötürənin güzəştli kredit üzrə əsas borcu və hesablanmış faizləri qaytarması
5.1. Müvəkkil kredit təşkilatı kreditgötürənin güzəştli kredit üzrə ödədiyi əsas borcu və hesablanmış faizləri 3 (üç) bank günündən gec olmayaraq Fondun xəzinə hesabına köçürməlidir.
5.2. Müvəkkil kredit təşkilatı kreditgötürənin güzəştli kredit üzrə ödədiyi əsas borcun və hesablanmış faizlərin Fondun xəzinə hesabına köçürülməsini 30 (otuz) bank günündən çox gecikdirdikdə Fond müvəkkil kredit təşkilatına yeni vəsaitin ayrılmasını dayandırır və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edir.
5.3. Fond kreditgötürənin güzəştli kredit üzrə əsas borcu və hesablanmış faizləri müvəkkil kredit təşkilatına ödəmə müddəti ilə müvəkkil kredit təşkilatının həmin vəsaiti Fonda köçürməsi müddətinin üzləşməsini aparmaq və ya bunun üçün Nəzarət Palatasına müraciət etmək hüququna malikdir.
5.4. Fond bu Qaydanın 5.3-cü bəndinə uyğun olaraq Nəzarət Palatasına müraciət etdikdə, Nəzarət Palatası fəaliyyət istiqamətinə uyğun olaraq müvəkkil kredit təşkilatında yoxlama apararkən bu məsələni də araşdırır və nəticəsi barədə Fonda məlumat verir.
5.5. Kreditgötürənin güzəştli kredit üzrə əsas borcu və hesablanmış faizləri qaytarmaması və ya gecikdirməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir.
6. Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant vasitəsilə maliyyələşdirilməsi
6.1. Fond, Nizamnaməsinə uyğun olaraq, gənclərin və ya gənclər təşkilatlarının gənclər siyasəti ilə bağlı aşağıdakı layihə və proqramlarının qrant müsabiqəsi əsasında maliyyələşdirilməsini həyata keçirir:
6.1.1. beynəlxalq layihələr - ən azı iki xarici ölkədən olan gənclər təşkilatı və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasında həyata keçirdiyi, habelə Azərbaycan Respublikasından olan gənclərin iştirakı ilə xarici ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihə və proqramlar;
6.1.2. yerli layihələr - Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi layihə və proqramlar;
6.1.3. fərdi layihələr - 16-29 yaşlarında olan Azərbaycan Respublikası vətəndaşlarının təqdim etdikləri layihə və proqramlar.
6.2. Bu Qaydanın 6.1.1-ci yarımbəndində nəzərdə tutulmuş layihələr üzrə qrantın məbləği 15 000 (on beş min) manatdan, 6.1.2-ci yarımbəndində nəzərdə tutulmuş layihələr üzrə 10 000 (on min) manatdan və 6.1.3-cü yarımbəndində nəzərdə tutulmuş layihələr üzrə isə
5 000 (beş min) manatdan çox olmamalıdır.
6.3. Bu
Qaydanın 6.1.1-ci, 6.1.2-ci və 6.1.3-cü yarımbəndlərində
nəzərdə tutulan layihə və proqramlar üzrə
qrantlar 1 (bir) il müddətinədək
ayrılır.
6.4. Qrant
müsabiqəsinin elan edilməsi, müsabiqənin nəticələrinə
görə qalib elan edilmiş gənclərin və gənclər
təşkilatlarının proqram və layihələri
Şuranın qərarı ilə müəyyən edilir.
6.5. Qrant
müsabiqələrinin nəticələrinə görə
qalib elan edilmiş gənclərin və gənclər təşkilatlarının
proqram və layihələrinin maliyyələşdirilməsi
onlarla Fond arasında bağlanmış müqavilə əsasında
həyata keçirilir.
6.6. Fond
bu Qaydanın 6.5-ci bəndində nəzərdə tutulmuş
müqavilə imzalandıqdan sonra qrantın ümumi məbləğinin
70 faizini, layihəyə dair forması Şura tərəfindən
müəyyən olunan yekun hesabat təqdim edildikdən sonra
isə qalan 30 faizini qalib elan edilmiş gənclərin və gənclər
təşkilatlarının bank hesabına
köçürür.
6.7. Qrant
müsabiqələrinin nəticələrinə görə
qalib elan edilmiş gənclər və gənclər təşkilatları
layihə və ya proqram üçün ayrılmış vəsaiti
tam xərcləmədikdə, qalıq məbləği layihə
və ya proqramın icra müddəti başa
çatdıqdan sonra Fondun hesabına qaytarmalıdırlar.
6.8. Fond
qrant şəklində ayrılmış maliyyə vəsaitinin
təyinatı üzrə xərclənmədiyini aşkar
etdiyi hallarda maliyyələşdirməni dayandırır və
ayrılmış vəsaitin qaytarılması ilə
bağlı tədbirlər görür.
6.9. Qrant
müsabiqələrinin elan edilməsi, müsabiqədə
iştirak etmək üçün müraciət qaydası,
təqdim olunmuş layihələrin ekspertizası, qiymətləndirməsi
və monitorinqi, habelə müsabiqənin yekunlarının
elan olunması bu Qaydanın tələbləri nəzərə
alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi qaydada tənzimlənir.
7. Sosial
müdafiəyə xüsusi ehtiyacı olub təhsil alan gənclərin təhsil xərclərinin
maliyyələşdirilməsi
7.1. Fond,
Nizamnaməsinə uyğun olaraq, sosial müdafiəyə
xüsusi ehtiyacı olub peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil
alan gənclərin təhsil xərclərini tam və ya qismən
həmin şəxslərin müraciəti əsasında
aşağıdakı tələblər nəzərə
alınmaqla maliyyələşdirir:
7.1.1. müraciət edən şəxs, “Peşə
təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı
olan şəxs kateqoriyasına aid olmalıdır;
7.1.2. müraciət edən şəxsin təhsil xərcləri
digər mənbələrdən ödənilməməlidir;
7.1.3. müraciət edən şəxsin təhsil
müəssisəsindəki davamiyyəti və təhsil
göstəriciləri qənaətbəxş
olmalıdır;
7.1.4. müraciət edənin təhsil xərclərinə
təhsil haqqı, yaşayış xərcləri (yataqxana və
ya ev kirayəsi), gündəlik yemək xərcləri, zəruri
tədris vəsaitləri və ləvazimatı ilə təminat
xərcləri və nəqliyyat xərcləri (yaşadığı
ünvandan tədris müəssisəsinin yerləşdiyi
ünvana gediş-gəliş xərci, habelə təhsil
müəssisəsi onun daimi yaşadığı şəhərdən
(rayondan) kənarda yerləşdikdə, ildə 2 (iki) dəfə
həmin şəhərə (rayona) gediş-gəliş xərci)
daxildir;
7.1.5. müraciət edən şəxsin təhsil
müəssisəsinin yataqxanasında yerləşdirilməsi
mümkün olmadıqda və ya təhsil müəssisəsi
yataqxanaya malik olmadıqda ev kirayəsi üçün maliyyə
vəsaiti ayrılır.
7.2. Təhsil
haqqı və yataqxana xərclərinin maliyyələşdirilməsi
Fondla müvafiq təhsil müəssisəsi arasında
bağlanmış razılaşmaya əsasən illik əsasda,
digər təhsil xərcləri isə aylıq əsasda həyata
keçirilir.
7.3. Fondun
müraciət edən şəxsin təhsil aldığı
təhsil müəssisəsindən həmin şəxsin təhsil
müəssisəsindəki davamiyyəti və təhsil
göstəricilərinə dair məlumat almaq hüququ
vardır.
7.4. Təhsil
xərclərinin maliyyələşdirilməsi
üçün müraciətə aşağıdakı sənədlər
əlavə edilir:
7.4.1. şəxsiyyət vəsiqəsinin və tələbə
biletinin surəti;
7.4.2. müraciət edənin sosial müdafiəyə
xüsusi ehtiyacı olan şəxs kateqoriyasına aid
olduğunu təsdiq edən sənəd;
7.4.3. müraciət edən şəxsin təhsil
almasına və təhsil müəssisəsinin
yataqxanasında qalmasına dair müvafiq təhsil müəssisəsinin
arayışı;
7.4.4. müraciət edən şəxsin təhsil
müəssisəsinin yataqxanasında yerləşdirilməsinin
mümkünsüzlüyü və ya təhsil müəssisəsinin
yataqxanaya malik olmamasına dair müvafiq təhsil müəssisəsinin
arayışı (ev kirayəsi üçün vəsait
ayrıldığı halda);
7.4.5. müraciət edən şəxsin təhsil
müəssisəsindəki davamiyyəti və təhsil
göstəricilərinə dair arayış.
7.5. Təhsil
xərclərinin maliyyələşdirilməsi
üçün müraciətlərin qəbulu, qiymətləndirilməsi
və onlara baxılma qaydasını Şura müəyyən
edir.
8. Gənclərin
əməkhaqqının qismən maliyyələşdirilməsi
8.1. Fond,
Nizamnaməsinə uyğun olaraq, gənclərin məşğulluğunu
təmin etmək, eləcə də işə düzəlməkdə
çətinlik çəkən gənclər
üçün əlavə iş yerləri yaradan işəgötürənləri
həvəsləndirmək məqsədilə,
aşağıdakı tələblər nəzərə
alınmaqla, gənclərin əməkhaqqının qismən
maliyyələşdirilməsini həyata keçirir:
8.1.1. maliyyə vəsaiti işəgötürənlə
Fond arasında bağlanmış razılaşma müqaviləsinə
uyğun olaraq gənclərin işə cəlb edilməsini nəzərdə
tutan layihələr çərçivəsində
ayrılır və işəgötürənin hesabına
köçürülür;
8.1.2. gənclərin işə cəlb edilməsini
nəzərdə tutan layihələr çərçivəsində
işəgötürənlə gənclər arasında
bağlanmış əmək müqaviləsinin müddəti
1 (bir) ildən az olmamalıdır;
8.1.3. gənclərin
əməkhaqqının Fondun vəsaiti hesabına maliyyələşdirilən
hissəsi, Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsinin əvvəlki il üçün müəyyən
etdiyi orta aylıq əməkhaqqından çox, lakin minimum
aylıq əməkhaqqından az olmamaq şərtilə,
işəgötürənin ştat vahidi üzrə nəzərdə
tutulmuş əməkhaqqının (vəzifə
maaşının) və əməkhaqqına əlavələrin
(əməyin ödənişi fondundan hesablanan məcburi
dövlət sosial sığorta haqqı, işsizlikdən
sığorta haqqı, istehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqı) 50 faizini təşkil
edir;
8.1.4. gənclərə ödəniləcək əməkhaqqının
qismən maliyyələşdirilməsi 3 aydan az, 12 (on iki)
aydan çox olmayan müddəti əhatə edir;
8.1.5. Fond
bu Qaydanın 8.1-ci bəndində göstərilən məqsəd
üçün maliyyə vəsaiti ayırarkən əlilliyi
olan, eləcə də ali, orta ixtisas və
ya peşə təhsili olan işaxtaran və ya işsiz gənclərə
üstünlük verir.
8.2. Gənclərin
işə cəlb edilməsini nəzərdə tutan layihələr
çərçivəsində gənclərə ödəniləcək
əməkhaqqının qismən maliyyələşdirilməsi
üçün işəgötürənlərin müraciətlərinin
qəbulu və qiymətləndirilməsi, onlara baxılma və
işəgötürənlərin seçilməsi
qaydasını, habelə işəgötürənlər tərəfindən
təqdim olunacaq məlumatların siyahısını Şura
müəyyən edir.
8.3. Fond gənclərin
işə cəlb edilməsini nəzərdə tutan layihələr
çərçivəsində son 1 (bir) ildə fəaliyyətdə
olan və müraciət tarixinə yerinə yetirilməmiş
vergi öhdəliyi və digər icbari ödənişlər
üzrə vaxtı keçmiş öhdəlikləri
olmayan, son 1 (bir) ildə iş yerlərini ixtisar və ya ləğv
etməyən, kiçik və orta sahibkarlıq subyekti hesab
olunan işəgötürənlərə
üstünlük verilir.
8.4. Fond
bu Qaydanın 8.1-ci bəndində göstərilən məqsəd
üçün maliyyə vəsaiti ayırarkən “Məşğulluq
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq
etmək hüququna malikdir.
8.5. Gənclərə
ödəniləcək əməkhaqqının qismən
maliyyələşdirilməsinə dair Fondla işəgötürən
arasında bağlanmış razılaşma müqaviləsində
aşağıdakı məlumatlar əks olunur:
8.5.1.
Fondun vəsaiti hesabına əməkhaqqının qismən
maliyyələşdirilməsinə razılıq verilmiş
iş yerləri;
8.5.2. əməkhaqqının Fondun vəsaiti
hesabına maliyyələşdirilən hissəsi;
8.5.3. əməkhaqqının Fondun vəsaiti
hesabına maliyyələşdiriləcəyi müddət;
8.5.4. tərəflər arasında məlumat
mübadiləsi və hesabat;
8.5.5. tərəflərin hüquq və vəzifələri;
8.5.6. razılaşma müqaviləsinin tərəflərin
təşəbbüsü ilə pozulmasının nəticələri.
8.6.
İşəgötürən, Azərbaycan Respublikası
Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç)” bəndində
nəzərdə tutulmuş hallar istisna olmaqla, əmək
müqaviləsinə bu Qaydanın 8.5-ci bəndində nəzərdə
tutulan razılaşma müqaviləsinin müddətinin bitməsindən
əvvəl öz təşəbbüsü ilə xitam
verdikdə, həmin işəgötürənlə yeni
razılaşma müqaviləsi rəsmiləşdirilmir.
8.7.
Əmək müqaviləsinə bu Qaydanın 8.5-ci bəndində
nəzərdə tutulan razılaşma müqaviləsinin
müddətinin bitməsindən əvvəl əməkhaqqı
qismən maliyyələşdirilən iş yerinə
götürülən gəncin təşəbbüsü ilə
xitam verildikdə, həmin gəncin bu cür maliyyələşmədə
iştirakı dayandırılır.
9. Gənclərin
xarici ölkələrin ali təhsil
müəssisələrində təhsilinin və beynəlxalq
təşkilatlarda təcrübə proqramlarında
iştirakının maliyyələşdirilməsi
9.1. Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsili, eləcə də
beynəlxalq təşkilatlarda təcrübə
proqramlarında iştirakı üçün maliyyə vəsaitinin
ayrılmasını Fond aşağıdakı tələbləri
nəzərə almaqla həyata keçirir:
9.1.1.
Fond, ölkənin ixtisas və təhsil proqramları üzrə
ehtiyaclarına uyğun olaraq, müvafiq təhsil ili üçün aktual elan edilmiş
ixtisasların, elmi dərəcələrin və xarici ali təhsil
müəssisələrinin, habelə təcrübə
keçmək üçün beynəlxalq təşkilatların
siyahısını hazırlayır və özünün rəsmi
internet saytında yerləşdirir;
9.1.2. Fond
yalnız bu Qaydanın 9.1.1-ci yarımbəndində nəzərdə
tutulan siyahıda olan ixtisasları, elmi dərəcə və
ali təhsil müəssisələrini
seçmiş gənclərin təhsil prosesini, habelə təcrübə
keçmək üçün həmin siyahıda olan beynəlxalq
təşkilatları seçmiş gənclərin təcrübə
proqramlarında iştirakını maliyyələşdirir;
9.1.3. Fond
xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almaq
üçün seçilmiş namizədlərin təhsili
müddətində təhsil haqqını, onlara ödəniləcək
təqaüdü, onların viza, tibbi sığorta və il ərzində
bir dəfə hava nəqliyyatı xərclərini maliyyələşdirir;
9.1.4. Fond
xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almaq
üçün seçilmiş namizədlərin təhsil
haqqını illik əsaslarla birbaşa xarici ali təhsil
müəssisəsinə ödəyir;
9.1.5. Fond
növbəti tədris ili
üçün ödənişi xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almaq üçün seçilmiş namizədin cari tədris
ilini müvəffəqiyyətlə başa vurması barədə
təsdiqləyici sənədləri təqdim edildikdən
sonra həyata keçirir;
9.1.6. Fond
beynəlxalq təşkilatlarda təcrübə keçmək
üçün seçilmiş namizədə ödəniləcək
təqaüdü (bir il müddətinədək),
habelə onun viza, tibbi sığorta və il ərzində bir
dəfə hava nəqliyyatı xərclərini maliyyələşdirir;
9.1.7. Fond
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almaq və ya beynəlxalq təşkilatlarda təcrübə
keçmək üçün seçilmiş namizədin təqaüdünü
müvəkkil bank vasitəsilə, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müəyyən etdiyi “Gənclərin
xarici ölkələrdə təhsili üzrə aylıq xərc
normalarının cədvəli”nə uyğun aylıq və
ya rüblük olaraq, təhsil alan və ya təcrübə
keçən şəxsin bank hesabına
köçürür;
9.1.8. Fond
beynəlxalq təşkilatlarda təcrübə keçmək
üçün hər bir namizədə təqvim ili ərzində yalnız bir dəfə maliyyə
vəsaiti ayırır;
9.1.9. aşağıdakı hallarda Fond gənclərin
təhsil prosesinin və beynəlxalq təşkilatlarda təcrübə
proqramlarında iştirakının maliyyələşdirilməsi
məqsədilə ayırdığı vəsaitin
qaytarılmasını tələb etmək hüququna
malikdir:
1. təhsil alan şəxs üzrlü səbəb
olmadan ali təhsil müəssisəsindən xaric edildikdə
və ya beynəlxalq təşkilatlarda təcrübə
proqramlarında iştirak edən şəxs üzrlü səbəb
olmadan təcrübə proqramından kənarlaşdırıldıqda;
2. təhsil alan şəxs qəbul olunduğu
ixtisası üzrlü səbəb olmadan dəyişdikdə;
3. təhsil alan və ya beynəlxalq təşkilatlarda
təcrübə proqramlarında iştirak edən şəxsin
cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə
dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
olduqda;
4. təhsil alan və ya beynəlxalq təşkilatlarda
təcrübə proqramlarında iştirak edən şəxslər
onlara ödənilən təqaüddən istifadəyə
dair maliyyə hesabatlarını Şuranın müəyyən
etdiyi müddət ərzində Fonda təqdim etmədikdə.
9.2. Fondun
xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almaq, eləcə də
beynəlxalq təşkilatlarda təcrübə
proqramlarında iştirak etmək üçün müraciət
edən gənclərin seçiminə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin və digər aidiyyəti
qurumların nümayəndələrini dəvət etmək
hüququ vardır.
9.3. Xarici
ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almaq, eləcə də
beynəlxalq təşkilatlarda təcrübə
proqramlarında iştirak etmək üçün müraciət
edilməsi və müraciətlərə baxılma, habelə
təqdim olunacaq sənədlərin dairəsi Şuranın təsdiq
etdiyi qayda ilə tənzimlənir.
10. Digər
istiqamətlər üzrə maliyyələşdirmənin həyata
keçirilməsi
10.1. Fond,
bu Qaydanın 2.1.6-cı yarımbəndinə uyğun olaraq
aşağıdakı istiqamətlər üzrə layihələri
və tədbirləri maliyyələşdirir:
10.1.1.
Nizamnaməsinə uyğun olaraq, qrant müsabiqəsinin
keçirilmədiyi dövrdə gənclər təşkilatlarının
layihələrinin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi;
10.1.2.
Nizamnaməsinin 3.1.18-ci və 3.1.29-cu yarımbəndlərinə
uyğun olaraq, gənclər siyasətinin həyata
keçirilməsi ilə bağlı infrastrukturun, eləcə
də gənclər təşkilatlarının və gənclər
evlərinin müraciəti əsasında onların
maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün vəsait ayrılması, mal və
avadanlıq alınması;
10.1.3. istedadlı və fəal gənclərin
mükafatlandırılması üçün vəsait
ayrılması;
10.1.4. gənclərin və gənclər təşkilatlarının
beynəlxalq tədbirlərdə iştirakı
üçün vəsait ayrılması.
10.2. Bu
Qaydanın 10.1.1-ci yarımbəndində nəzərdə
tutulan hallarda Fondun vəsaiti hesabına maliyyələşdirmə
aşağıdakı tələblər nəzərə
alınmaqla həyata keçirilir:
10.2.1. qrant müsabiqəsindən kənar maliyyələşdirmə
Şuranın təsdiq etdiyi qaydaya əsasən həyata
keçirilir;
10.2.2. bu Qaydanın 6.3-cü, 6.6-6.8-ci bəndlərində
göstərilən müddəalar tətbiq olunur;
10.2.3. layihələrin monitorinqi və həmin layihələr
üzrə hesabatların təqdim edilməsi qrant müsabiqələrinin
həyata keçirilməsinə dair Azərbaycan
Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qayda ilə tənzimlənir.
10.3. Bu
Qaydanın 10.1.2-ci yarımbəndində nəzərdə
tutulmuş hallarda Fondun vəsaiti hesabına maliyyələşdirmə
aşağıdakı tələblər nəzərə
alınmaqla həyata keçirilir:
10.3.1. gənclər təşkilatları və gənclər
evləri tərəfindən maddi-texniki bazalarının
möhkəmləndirilməsi ilə bağlı müraciət
edilməsi və ayrılmış vəsaitin istifadəsinə
dair hesabatın təqdim edilməsi qaydasını, habelə
həmin gənclər təşkilatlarına və gənclər
evlərinə dair meyarları və ayrılmış vəsaitin
xərclənməsi istiqamətlərini Şura müəyyən
edir;
10.3.2.
Fond tərəfindən alınmış mal və
avadanlıq, Fondun balansında saxlanılmaqla yardım
almış gənclər təşkilatlarına və gənclər
evlərinə əvəzsiz olaraq verilir;
10.3.3.
Fond mütəmadi olaraq gənclər təşkilatları və
gənclər evləri tərəfindən mal və
avadanlıqdan istifadəyə nəzarəti həyata
keçirir, həmin mal və avadanlıqdan təyinatı
üzrə istifadə edilmədiyini aşkar etdikdə,
onların geri alınması üçün tədbirlər
görür.
10.4. Bu
Qaydanın 10.1.3-cü yarımbəndində nəzərdə
tutulmuş hallarda Fondun vəsaiti hesabına
mükafatlandırma Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 2 iyul tarixli 934 nömrəli fərmanı ilə
təsdiq edilmiş “Gənclər üçün Prezident
Mükafatının Əsasnaməsi”nə və Fondun Nizamnaməsinə
əsasən həyata keçirilir.
10.5. Bu
Qaydanın 10.1.4-cü yarımbəndində nəzərdə
tutulmuş hallarda Fondun vəsaiti hesabına maliyyələşdirmə
aşağıdakılara əsasən həyata
keçirilir:
10.5.1. gənclərin və gənclər təşkilatlarının
Fondun vəsaiti hesabına beynəlxalq tədbirlərdə
iştirakının maliyyələşdirilməsi şərtləri,
bu məqsədlə müraciət edilməsi və ona
baxılma məsələləri Şuranın təsdiq
etdiyi qayda ilə tənzimlənir;
10.5.2. gənclərin və gənclər təşkilatlarının
beynəlxalq tədbirlərdə iştirakı ilə
bağlı nəqliyyat və yaşayış xərclərini
tədbirin təşkilatçısı ödəmədikdə,
həmin xərclər Fondun vəsaiti hesabına maliyyələşdirilir.
10.6. Bu Qaydanın 10.1.1, 10.1.2 və 10.1.4-cü bəndlərində
nəzərdə tutulan maliyyələşdirmə barədə
qərarı Şuranın sədri ilə
razılaşdırmaqla İcraçı direktor qəbul
edir.
11. Fondun
maliyyələşdirdiyi layihələrin ekspertizasına dair
ümumi tələblər
11.1. Bu
Qaydaya uyğun olaraq Fondun vəsaiti hesabına maliyyələşdirilən
layihələrin Fondun Nizamnaməsinə uyğunluğunu,
onların icrasının mümkünlüyünü və
gözlənilən nəticələri, davamlılıq səviyyəsini
və maliyyələşdirmənin məqsədəuyğunluğunu
müəyyən etmək üçün gənclərin və
gənclər təşkilatlarının təqdim etdikləri
layihələrin ekspertizası aparılır.
11.2. Layihələrin
ekspertizası iki mərhələdə həyata
keçirilir.
11.3.
İlkin mərhələdə Fond aşağıdakı tədbirləri
görür:
11.3.1. layihələri qəbul edir, qeydə alır və
kateqoriyalar üzrə qruplaşdırır;
11.3.2. layihələrin Şuranın təsdiq etdiyi
qaydalara uyğun tərtib edildiyini yoxlayır;
11.3.3. oxşar və ya təkrar təqdim edilmiş
layihələri müəyyən edir;
11.3.4. əvvəllər Fonddan maliyyə dəstəyi
almış gənclərə və gənclər təşkilatlarına
münasibətdə həmin layihələrin icra vəziyyətini
araşdırır.
11.4.
Şuranın müəyyən etdiyi qaydalara uyğun olmayan
layihələr növbəti mərhələyə
buraxılmır.
11.5. Layihələrin ekspertizasının ikinci mərhələsində Şura ilkin mərhələnin nəticələrinə dair məlumatlar, həmçinin təqdim edilmiş layihələrlə bağlı, aşağıdakılar nəzərə alınmaqla, yekun qərar qəbul edir:
11.5.1. layihənin aktuallığı və faydalılığı;
11.5.2. layihə büdcəsinin uyğunluğu;
11.5.3. layihənin davamlılığı.
11.6. Fond layihələrin ekspertizasına kənar mütəxəssisləri (ekspertləri) cəlb etmək hüququna malikdir.
11.7. Layihələrin ekspertizasına dair bu Qayda ilə nəzərdə tutulmayan digər məsələlər qrant vasitəsilə maliyyələşdirilən layihələrə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qayda, digər layihələrə münasibətdə isə Şuranın təsdiq etdiyi qayda ilə tənzimlənir.
12. Fondun maliyyələşdirdiyi layihələrin monitorinqinə dair ümumi tələblər
12.1. Ayırdığı vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi bütün layihələr üzrə müstəqil monitorinqlər aparmaq hüququna malikdir.
12.2. Fondun apardığı monitorinq zamanı ayrılmış vəsaitdən təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, Fondun yazılı tələbinə əsasən Fonddan vəsait almış gənclər və müvəkkil kredit təşkilatları ayrılmış vəsaiti 10 (on) bank günü ərzində bütövlükdə Fondun hesabına köçürməlidirlər.
12.3. Fondun tələbindən sonra ayrılmış vəsaitin köçürülməsi gecikdirilərsə, gənclər və müvəkkil kredit təşkilatları bu Qaydanın 3.5.3-cü yarımbəndinə uyğun olaraq cərimə ödəyirlər. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) təqvim gününü keçdiyi təqdirdə Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.
12.4. Müvəkkil kredit təşkilatı ildə azı iki dəfə Fondun vəsaiti hesabına ayrılan güzəştli kredit vəsaitindən istifadənin monitorinqini aparır və bu barədə Şuranın müəyyən etdiyi formada Fonda hesabat verir.
12.5. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini kreditgötürəndən tələb etməlidir.
12.6. Kreditgötürənin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir.
12.7. Müvəkkil kredit təşkilatı
Şuranın müəyyən etdiyi monitorinqin keçirilmə
qaydasını 3 (üç) dəfə və daha çox
pozduqda, Fond həmin müvəkkil kredit təşkilatı
üçün yeni vəsaitin ayrılmasını dayandırır
və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən
imtina edir.
Azərbaycan.-
2018.- 31 avqust.- S.4-5.