Mamuka Baxtadze: Gürcüstan Azərbaycanla strateji
tərəfdaşlığına görə fəxr edir
Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədov avqustun 30-da ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Mamuka Baxtadzenin Gürcüstanın Baş naziri kimi ölkəmizə ilk səfərinin dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan-Gürcüstan münasibətlərinin çox qədim tarixi olduğunu deyən Milli Məclisin sədri bildirib ki, bu dostluq və qardaşlıq əlaqələri əsrlərdən bəridir davam edir. Hər iki dövlət ən çətin zamanlarda bir-birinə dəstək olub.
Oqtay Əsədov qeyd edib ki, XX əsrin sonlarında müstəqilliyini bərpa edən ölkələrimiz əlaqələrini yeni müstəviyə qaldırıb. Bu münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması çox sevindirici haldır. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bu münasibətlərin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, bugünədək ölkələrimiz arasında 108-dən çox ikitərəfli dövlət və hökumət sənədləri imzalanıb. Bu da Azərbaycan ilə Gürcüstan arasında siyasi dialoqun çox yüksək səviyyədə olduğunun göstəricisidir. Dövlətlərimizin ticarət əlaqələrindən söz açan Oqtay Əsədov 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 545 milyon dollardan çox olduğunu deyib. 2018-ci ilin yeddi ayı ərzində isə bu göstərici 392 milyon dollardan çoxdur.
Oqtay Əsədov qeyd edib ki, Azərbaycan və Gürcüstanın Avropanın enerji təhlükəsizliyində çox böyük rolu var. Hər iki ölkə regional layihələrin iştirakçısıdır. Milli Məclisin sədri hər iki dövlətin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, Bakı-Tbilisi–Qars dəmir yolu və digər regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıb. O, həmçinin SOCAR-ın Gürcüstandakı fəaliyyətinə də toxunub. Milli Məclisin sədri minə yaxın Azərbaycan şirkətinin Gürcüstanda, 300-ə yaxın Gürcüstan şirkətinin isə ölkəmizdə çalışdığını deyib.
Parlamentlərarası əlaqələrin məmnunluq doğurduğunu söyləyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini təqdirəlayiq hesab edib. O, eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsini yüksək qiymətləndirib.
Baş nazir Mamuka Baxtadze bildirib ki, Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığına görə fəxr edir. Qonaq qeyd edib ki, bizim əcdadlarımız bu əlaqələrin təməlini qoyub və bu dostluq əsrlər boyudur davam edir. Azərbaycan və Gürcüstan birlikdə tarixi əhəmiyyət daşıyan layihələri icra edib. Baş nazir deyib ki, iqtisadi potensialdan daha səmərəli istifadə üçün qarşıya müəyyən məqsədlər qoyulub.
Gürcüstanın parlamentlərarası əlaqələrin
inkişafına böyük əhəmiyyət
verdiyini söyləyən Mamuka
Baxtadze bu münasibətlərin
vacibliyini qeyd edib. Azərbaycan-Gürcüstan əməkdaşlığının
əhəmiyyətinə toxunan Baş nazir ölkələrimiz
arasında ticarət dövriyyəsinin həcminin daha da
artırılmasının vacibliyini xüsusi vurğulayıb. “Biz
Gürcüstanda olan azad ticarət rejimindən istifadə edərək
birgə müəssisələr, şirkətlər yarada bilərik”,- deyə Mamuka
Baxtadze söyləyib.
Azərbaycan.- 2018.- 31 avqust.- S.2.